Azərbaycanın iştirak etmədiyi İstanbul Beynəlxalq Kitab Festivalından REPORTAJ

Azərbaycanın iştirak etmədiyi  İstanbul Beynəlxalq Kitab Festivalından REPORTAJ
9 dekabr 2022
# 17:00

Kulis.az Rəvan Cavidin 39-cu İstanbul Beynəlxalq Kitab Festivalından reportajını təqdim edir.

“Beylikdüzü”ndə tramvaydan düşüb avtobus dayanacağına gedənə qədər İstanbulun böyüklüyünü, qələbəliyini və dünyanın mərkəzi ünvanına layiq olduğunu bir daha başa düşdüm. Dayanacaqda məni elə mənim qədər İstanbula nabələd olan, iki gündür ağzıaçıq meqapolisi müşahidə edən ukraynalı dostum gözləyirdi. İstanbul Beynəlxalq Kitab Festivalına İstanbuldan daha gözəl görünən ukraynalı bir xanımla getməyim də gözəl təsadüf idi. Onun sınıq-salxaq türkcəsinin müşayiəti ilə yol aldıq TÜYAP-ın nəhəng zallarına.

– Noolursunuz sırayla... Efendim, bekleyin ama, size kart vermemiz lazım... Durun, hanımefendi... – bir könüllü ucu-bucağı görünməyən insan selini idarə etməyə çalışırdı. Nafilə. Azərbaycanlılarda olduğu kimi türkiyəlilərdə də növbə mədəniyyəti və səbr çıraqla axtarılan şeydir.

Anna ilə (dostum) başqa bir girişə tərəf qaçdıq. Bizim fərqli qapıdan rahat keçdiyimizi görənlər indi də ora şığıdı. Özümü “The Wolking Dead” serialında hiss edirəm. Ta ki kitablarla dolu cənnətə düşənə qədər. Deyəsən, bu məşhur fraza Borxesindir. Ki, əgər cənnət varsa, ora mütləq kitabxanaya bənzəyən bir yerdir. Yanılıramsa, siz oxuya-oxuya ürəyinizdə düzəldin.

Birinci dəfə idi kitab ətrafında bu qədər adamın toplandığını görürdüm. Tələbələr, tələbə olmayan gənclər, yaşlılar, məktəblilər, turistlər kitab üçün İstanbulun o başından bu başına gəlirdilər. Naşirlər, yazıçılar, jurnalistlər, sahhafçılar (red. – kitabçılar), festival könüllüləri elə bir izdiham yaratmışdı ki, on dörd zalda ümumi on-on beş min adam olardı. Mənim kimi kitab almaqdan gözü doymayan nə qədər adam var idi.

Annaya da dedim, sizinlə də bölüşüm, İstanbulda bir həftə xərcləməyim üçün nəzərdə tutduğum pulun hamısını kitablara xərclədim və günün ikinci yarısı borc aldım. İndi mənim kimi nə qədər adam var idi orda. Görürdüm, hiss edirdim. Bir tələbənin iki əli də kitablarla dolu paketlər idi, amma gözü doymurdu. Yanından keçdiyi hər stenddə dayanırdı. Zalım qızı az qala Əbəlfəz kimi dişlərində də kitab paletləri daşıyacaqdı. Qızı Annaya örnək göstərdim. O da ironiya ilə ağzımın üstündən vurdu. Dediyi cümlənin tərcüməsi təxminən belə idi:

– Həə, o qədər mədəni bir adamdır ki, görməmişliyi saçından dabanına kimi tökülür...

Dostumun bu cümləsi ətrafında fırlanıb, bir az da düşünüb bədii-fəlsəfi esse yazmaq olar. Niyə adamların gözü doymur? Amma kitab festivalında görməmişlik etmək olar. Mədəniyyət haqqında düşünə-düşünə gedirdim ki, kimsə özünü mənə çırpd. Balaca uşaq idi, harasa qaçırdı. Sonra o uşağı Forest Qamp kimi ancaq qaçan gördüm.

Türkiyənin məşhur nəşriyyatları “Can”, “YKY”, “İletişim”, “İŞ Bankası”, “Sel”, “Kırmızı kedi” (ən sevdiyim və festivalda da ən xarizmatik görünən nəşriyyat), “Doğan” və başqa bu səviyyədə olanların stendlərinin qarşısı o qədər tünlük idi ki, iki metrdən zorla kitabları görürdün. Kitablar endirimli, stendlər yaraşıqlı, satıcılar gülərüz, mehriban.

Tarix və araşdırma kitabları ilə məşhur olan bir stendin qabağında bir gözüm maraqlı kitablar axtarırdı, bir gözüm də Annanı nəzarətdə saxlayırdı. Elçibəyin şəklini görüb gülümsədim. Həyatı və xarici siyasəti haqqında yazılmış bir kitab idi. Ondan yuxarıda isə Qaspıralının kitabları var idi. Bir az üstdə isə Atatürk və Ağaoğlu xatirələri var idi. Bir qoca Elçibəyin şəklinə uzun müddət baxdığımın fərqinə vardı:

– Azerbaycanlı mısın?

– Evet, amca, azerbaycanlıyım... Bu yaşta ne işin var burda? Torunlarını göndersene...

– Ben yaşlılar evinden geliyorum. Torunlarım varmı, yokmu, hiç bilmem. Varsa, sen yaşlardadır.

– Elçibeyi tanıyor musun?

– Eeee, Demirelin ona yaptığını, Erdoğan Aliyeve yapmadı, gördün mü? (Birinci Qarabağ müharibəsində Əbülfəz Elçibəylə Süleyman Demirel arasındakı helekopter dialoqunu nəzərdə tuturdu)

– Amca, Allahını seversen, beni karıştırma... – deyib güldüm. O da güldü. Bu yaşda kitab festivalına həvəslə gəlməyi xoşuma gəlmişdi.

Anna yanıma gəldi. Ona “Rusların Kafkasya ve Balkanlar siyaseti” kitabını göstərdim. Bu vaxt rus dilində danışa-danışa gələn iki tələbə də həmin kitabdan götürdü. Annanın baxışları buz baltası kimi onlara dəydi. Heç nə anlamırdılar. Elə bildim, bu dəqiqə qırğın başlayacaq. Anna ilə ordan uzaqlaşandan sonra beləcə də dedi:

– Oxusunlar, təzə Putin olsunlar!

– Qərəzli davranma, tanımırsan o qızları.

– Sən erməni-müsəlman davasından bəhs edən bir kitaba erməni ilə eyni vaxtda talib çıxsan, necə hiss edərsən?

– Bilmirəm...

Festivalın ən maraqlı zalları sahhafçılar olan zallar idi. Sahhaf sözünə ekvivalent bizdə “bukinist” işlənir. Amma deyim biləsiniz, bizim də lüğətimizdə var və eyni mənanı daşıyır. Sahhafçılar təkcə kitab satmırdı. Köhnə qəzetləri, jurnalları, valları, posterləri, məktubları, döş nişanlarını, köhnə pulları da satırdılar. Elə qiymətli kitablar, jurnallar var idi ki, cəmi 10 tl. Bizim pulla 1 manat.

Merlin Monronun məşhur posterinə baxıb bir tələbə yanındakına daha məlumatlı görünmək üçün mızıldandı:

– Bu şəklə görə o vaxt Osmanlının bir əsgəri ölüb.

– Bu şəklə görə yox, Merlin Manronun konserti ərəfəsində. Cibindən də bu şəkli tapıblar – yanındakı ondan daha məlumatlı çıxdı.

Ora-bura döyükə-döyükə Annadan hansı kitabı istədiyini soruşdum:

– Hansı kitabı alım sənə, gələn həftə ad günündür, hədiyyəm olsun.

– Bax, onu alaq...

“Ukrayna nağılları türk dilində”. Bu qızın şovinistliyi məni öldürəcək də. Bütün günü rusları söyür, “Taksim”də gəzəndə də rusca danışır.

Sahhafçılar cərgəsində Annanın dediyi oldu. Erməni bir müəllifin əsərini gördüm. Kitab belə adlanırdı: “1915. Erməni soyqırımı”. Kitabın arxasına baxdım. Hrant Dinkə həsr olunmuşdu. Heç nə demədən kitabı digərlərinin arxasına qoydum. Heç olmasa tapılana qədər adamlar görməsin deyə.

Elan olunur ki, bir uşaq itib. Fikirləşirəm ki, yüz faiz bayaq mənə çırpılan uşaqdı. Elə də olur. Polislər iki qolundan tutub çıxışda valideynini gözləyirdilər. Məncə, o uşağı TÜYAP-ın padvalından tapmışdılar, ya da binanın damından.

Yeri gəlmişkən, builki festivalda uşaq nəşriyyatlarına daha çox yer ayrılmışdı. Uşaqlara və onların mütaliə zövqlərinin artırılmasına hesablanmış sərgilər də təşkil olunmuşdu. Buna görə də, məktəblilər, azyaşlı uşaqlar orada olanların qırx-qırx beş faizini təşkil edirdi. Azərbaycandan da bircə nəşriyyatı gördüm, o da “Üç alma” uşaq kitabları nəşriyyatı.

Azərbaycan demişkən... Bu haqda çox yazdılar, mən də canlı şahid kimi yazım. Fəxri qonaq qismində dəvət olunan Azərbaycan nəşriyyatları festivalda iştirak etmirdilər. Səbəb, Mədəniyyət Nazirliyinin Türkiyənin bu dəvətindən imtina etməsi oldu.

Fəxri qonaq necə olur, indi deyim, nələr itirmişik, siz də təsəvvür edin:

Ən böyük ərazi bizim nəşriyyatlara veriləcəkdi. Stendlərimiz mərkəzdə, oxucuların rahat görə biləcəyi yerlərdə olacaqdı. Nəşriyyatlarımız festival çərçivəsində imza günləri, təqdimat saatları keçirə biləcəkdilər. Digərlərindən daha uzun, daha yaxşı yerdə. Biz isə istəmədik. Dedik ki, bizim nəşriyyatların təqdimata ehtiyacı yoxdur. Bizim yazıçılar üçün İstanbul balaca yerdi. Mədəniyyət Nazirliyinin kitaba, mədəniyyətə qarşı bu hörmətsizliyinə Azərbaycan Yazıçılar Birliyi də göz yumdu. Öz yazıçısını, şairini tanıtmaq istəmir. Birliyin üzvləri də daxil olmaqla bir çox yazıçı, şair dostumuzun festivala hazırlaşdıqlarını bilirdim. Amma olmadı. Əvvəlki festivallarda yenə dolma, xalça, “budilnik”, “ləzginka”, “drujba” haqqında kitablarımız üçün stendlər qurulurdu. İndi o da yox idi. Ölkədə ədəbi prosesləri, kitab industriyasını qurmaq istəyənləri görməzdən gəlirlər, ayrılan pulların hesab-uçotu aparılmır, Nazirlikdə yoxlamalar aparılır deyə bir nəfər də vəzifəli şəxs bu işi öhdəsinə götürüb diqqət mərkəzinə gəlmək istəmir.

1000-ə yaxın nəşriyyatın sırasında Azərbaycan nəşriyyatları yox idi. 350 mindən artıq kitabın içində Azərbaycan kitabı yox idi. 300-ə yaxın tədbirin heç biri Azərbaycana aid deyildi. 2000-dən çox yazıçının içində azərbaycanlı yox idi. Güldüyümüz, cahil dediyimiz ərəb ölkələri var, Azərbaycan yoxdur. Niyə? Çünki Mədəniyyət Nazirinin başı yoxlamalara qarışıb. Və yenidən bu qədər böyük təşkilatçılığın “uçotunu” verə bilməyəcək.

Bax belə. Bunları fikirləşə-fikirləşə dilxor oldum. Sonra yerdə oturub aldığı kitabları vərəqləyən uşaqları görüb sevindim. Bir əllərində sendviç, o biri əllərində kitab, gələcəyə də ümidli.

Dörd saat olmuşdu. Dostumla gəzmədiyimiz səkkiz zal qalmışdı hələ. Yorulub əldən düşdük. Dörd saat bəs etməmişdi bizə. Yenidən gələcəkdik. Fuar haqqında nə qədər şişirdilmiş söz yazsan, azdı. Çünki, doğrudan da, kitabların karnavalını yaratmışdılar.

Hər şey tapmaq olardı burda, hər şeydən zövq almaq olmurdu. Dini təbliğata qarşı olan mən festivadakı kobud təbliğatı görməzdən gələ bilirdimsə, deməli, təşkilatçılıq gözəl idi. Təhlükəsizlik də üst səviyyədə təmin edilmişdi.

Çıxışda iki qaraçı üstümüzə cumdu. Biri pul istədi, digəri isə zallara keçə bilmədiyini dedi. Fikrim dağıldı. Qaraçıya dedim ki, orda dilənmək olmaz, orda hamı kitab alır. Qaraçı da “mən də istəyirəm” deyib qaçdı. Bax belə olurmuş təbliğat. Belə olurmuş şölən. Yenidən tramvaya mindik. İstanbula baxa-baxa İstanbulu İstanbul edən yazıçını düşünürdüm. Pamuku... “Həyatımın ən xoşbəxt anıydı, bilmirdim...” Çantam dolu kitab, yanımda dostum, İstanbul. Cənnət varsa, ora kitabların olduğu yerdir, əminəm!

# 2303 dəfə oxunub

Müəllifin son yazıları

# # #