Kulis.az Vüsal Bağırlının "Persefonanın gətirdiyi bahar" yazısını təqdim edir.
Yaz gəlincə ağzım zəhər dadır. Gözlərim şiddətlə qaşınır. Elə bil qumu ovuclayıb bəbəklərimə doldurmusan. Boğazım, burnum qıcıqlanır, göynəyir, qaşınır. Gözlərimi qıyıb üz-gözümü qırışdırıram ki, metronun içində asqırmayım.
Metrodakı qadın ağzının kənarlarını büzərək acıqla məni süzür, onun yanında dayanmış uşaq qorxuyla mənə sarı boylanır. Sağ tərəfimdəki kişi hər ehtimala kənara çəkilir.
Qrip? Zökəm? Korona?
Əşi yox e, onlardan da betər. Allergiya.
Hər şey cəhənnəm, vaqonda kitab da oxuya bilmirəm. Başımı əyib, nəzərlərimi ağ səth üzərindəki qarışqa-şriftlərə yönəldən kimi hərflər bir-birinə qarışır, burun suyu durmadan axır. Yuvarlanır dərəaşağı. Lap zəhləmi tökür.
Bu dəm, diktorun səsi məni diksindirir: “Metroda burnu, gözü qızarmış, tez-tez asqırıb öskürən gördükdə tez məlumat verin. Belə şəxslərdən kənar durmağa çalışın.”.
Bəli, yaz gələr-gəlməz mənim qara günlərim başlayır. Orqanizmimdə qəribə, xoşagəlməz proseslər baş verir. Ürək döyüntüləri artır, ritm pozulur. Melanxolik əhvala köklənirəm. Özü də allergiyanı nə yaratsa yaxşıdır? Adi küknar tozu. Sarı-qırmızımtıl var e, külək qaldırıb ətrafa yayır, bax ondan.
Allergiya xirtdəyimdən elə yapışır, gəl görəsən. O, məni boğur, axırıma çıxır. Qeyri-bərabər və ədalətsiz mübarizədən sağ çıxmağa çalışıram. Müqavimət göstərirəm. Amma hara qədər?
***
Baharda Bakının qiyafəsi, əyni-başı, libası yenilənir. Onsuz da rəngsiz, solğun, tozlu şəhərin qışda bir az da bozlaşan, tünd çalara bürünən yeknəsəq, darıxdırıcı qiyafəsi fəsil dəyişər-dəyişməz təravətlənir, rəngdən rəngə düşür. Şəhər sanki, qapalı məkanda cərimə qorxusu altında taxdığı maskasını nəhayət çıxarıb atır, dirçəlir və dərindən sinə dolusu nəfəs alır.
Rütubət qoxulu Bakı küləyi iri, soyuq damlalı yaz yağışıyla islanmış torpağın iştah açan nəm ətrini ətrafa yayır. Belə hallarda üz-gözümü turşudub əllərimi üzümə tutur, küknar yarpaqlarının sarımtıl, küçələrin bozumtul tozunun gözümə, nəfəs yollarıma dolmasını əngəlləyirəm.
Get-gedə güc qüvvət toplayan fəsli-bahar isə çiyinlərimdən tutub məni var gücüylə silkələyir, xirtdəyimdən yapışıb axırıma çıxmağa səy göstərir. Mən inadla mübarizə aparır, birtərəfli, qeyri-bərabər döyüşdən sağ-salamat çıxmağa çalışıram. Gözlərim qızarır, şiddətlə qaşınır, ağzım acı dadır, boğazım göynəyir.
Yerin ürəyinə saplanmış xəncər dəstəyinə bənzəyən hündür mərtəbəli şüşə binanın mühafizəçisi mənə qəribə nəzərlərlə baxır:
- Noolub, halınız xarabdır, naxoşsunuz?
Danışa bilmirəm, etika xatirinə sualı cavabsız qoymamaq naminə gülümsünüb əl-qolumu yelləyirəm, başımla "yox, babatam” deyirəm.
***
Yunan mifologiyasına görə öz qızı gözəllər gözəli Persefonanı qaranlıq, ölü məkanın, yeraltı səltənətin sahibi Aidə ərə verən baş Allah Zevs bunu kimsəyə söyləmədən, xəlvəti edir. Hətta bu əməli arvadı Demetradan da gizlədir.
Öz qızını dəlicəsinə sevən ana izdivacdan xəbər tutunca dərddən başını itirir. O, “online” sifarişlə yenicə aldığı mavi “Decathlon” kurtkasını, “Pony” krossovkalarını, “Carhartt” cinslərini geyinir, bəzənib-düzənir və qızını axtarmağa yollanır.
Amma təəssüf ki, axtarışlar nəticə vermir. Qız tapılmır ki, tapılmır. Əvvəlcə "Google”, "Yahoo”, "Yandex” ələk-vələk edilir. Sonra sosial şəbəkələrə, “Facebook”, “İnstagram”, “Tvitter”ə baş vurulur. Daha sonra İnterpola sorğu göndərilir. Fəqət, nə duydum deyən var, nə gördüm-eşitdim söyləyən.
Beləliklə, Yerdəki bütün canlıların üzüntülü, cansıxıcı günləri başlayır. Ağaclar yamyaşıl yarpaqlarımı töküb lüm-lüt qalır. Güllər-çiçəklər solur, otlar saralır. Tarlalar, düzlər, bağ-bağçalar bardan-bəhərdən düşür. Həyat donur. Hüznlü zamanlar yetişir.
İşlərin pisləşdiyini görən Zevs Hermesi Aidin qapısına minnətçi salır. Xahiş edir ki, zalım hökmdar öz arvadını işıqlı dünyaya çıxmasına, hərdən anası ilə görüşməsinə icazə versin.
Aidin tiran Zevsin əleyhinə getməyə cəsarəti catmır və qızı bəzi şərtlərlə buraxmağa razı olur. Uzun ayrılığın ardından nəhayət, qızıyla görüşən Demetra həyəcandan ağlamağa başlayır. Ananın göz yaşları axaraq selə-suya dönür, yeri-göyü, torpağı isladır, hər tərəf canlanaraq yenidən yaşıl dona bürünür. Təbiət oyanır.
Şərtə görə, Persefona ilin üçdə ikisini anasıyla keçirməli, qalan üçdə birini isə ərinin yanına qayıtmalıdır. Beləcə, Persefona hər dəfə ər evindən çıxıb anasının yanına dönərkən özüylə baharı gətirir və hər tərəf gözəlləşir. Təravətlənir.
***
Yazın gəlişini çoxumuz səbirsizliklə gözləyirik. Lakin mən onu azacıq qıcıq və üzüntü hissiylə qarşılamağa məcburam. Yazın gəlişindən xoşlanmayan Aid ən azından yalnız deyil, onunla bərabər mən də yaz fəslini sevmirəm.
Yeraltı tanrıdan fərqli olaraq mənim baharı xoşlamamağımın əsas səbəbi fauna aləmində baş verən mürəkkəb oyanma, dirçəlmə prosesiylə bağlıdır.
Adətən şair-yazıçılar, yaradıcı insanlar yazda cuşa gəlir, baharın gəlişi ilə bir yazıb-yaratmaq eşqiylə alışıb yanırlar. İlin bu vaxtları ilham pərisi yaradıcı insanları dingildədir, qəfildən kəllə çarxa qalxır və heç cür aşağı düşmək istəmir.
Məndə isə tam əksinədir. Sözün əsl və birbaşa mənasında yaz fəsli dərin böhran keçirirəm. Depressiyaya düşür, nevroz oluram.