Qızına görə qurban verdiyi ən yaxın dostu – Oğuz Ayvaz

Qızına görə qurban verdiyi ən yaxın dostu – Oğuz Ayvaz
5 mart 2025
# 12:15

Kulis.az Oğuz Ayvazın "Qızına görə qurban verdiyi ən yaxın dostu" köşəsini təqdim edir.

Pandemiya günləri hamı evinə qapanmışdı. Küçələr boş, şəhər səssiz, insanlar qorxu və təşviş içində günlərini keçirirdilər. Qonşuluqda yaşayan bir qadın diqqətimi çəkmişdi. Adı Sona idi. O, tək yaşayırdı. Deyilənlərə görə, ərindən boşanmışdı, bir qızı vardı. Qızı illər əvvəl oxumaq üçün xaricə getmişdi. Anası övlad həsrətini qonşu qadınlarına danışa-danışa ovundururdu. Amma bu söhbətlər həsrətinin odunu soyutmur, əksinə, daha da alovlandırırdı. Hər cümləsinin sonunda bir nisgil vardı.

Sona səhər tezdən həyətə çıxar, ağacların dibini belləyər, quşlara dən səpərdi. Mənə elə gəlirdi ki, onun hamıdan tez oyanmağı, qızının bəlkə sürpriz edib gəlməyi istəyində idi. Hərdən pilləkəndə oturub saatlarla qarşıdakı küçəyə baxardı. Heç nə danışmaz, sadəcə, boşluğa zillənib qalardı.

Bir gün qadının həyətində balaca, bəmbəyaz tüklü, tez-tez mələyən bir quzu peyda oldu. Sona quzuya qarşı o qədər həssas davranırdı ki, sanki illər sonra tapdığı övladını qucaqlayırdı. Quzuya ad da qoymuşdu: Mələk. Hər gün həyət Mələyi çağıran ana nəvazişi ilə dolurdu:

"Mələk qızım, evə gəl."

"Mələk, uzağa getmə, yeməyin hazırdı."

Bu sözləri gündə, bəlkə də, 50 dəfə eşidirdim. Pandemiya günləri darıxdırıcı keçdiyindən özümə qəribə məşğuliyyət tapmışdım: pəncərədən Sonagilin həyətini izləmək və o qadının quzu ilə danışdıqlarını dinləmək. Həyət teatr səhnəsi, Sona isə ana obrazında fədakar aktrisa kimi görünürdü.

Həftələr keçdi. Mələk böyüdü, tükləri daha da sıxlaşdı, kökəldi. Artıq əvvəlki kimi tez-tez mələmirdi. Havalar yağışlı olanda Sona onu həyətə buraxmaz, evə salardı. Sona qoyunu daha çox sevirdi - təkliyini, qızına duyduğu sonsuz həsrəti Mələklə unutmağa çalışırdı.

Bir müddət sonra həyətdə Mələyi görmədim. Hər gün pəncərədən boylanırdım, amma ondan əsər-əlamət yox idi. Tamaşam yarımçıq qalmışdı. Hara yoxa çıxmışdılar? Bəlkə, gecə ilə gediblər? Suallara cavab tapa bilmirdim.

Uzun fasilədən sonra tamaşa qaldığı yerdən davam edirdi. Sonanı evdən çıxarkən gördüm. Saçları daranmamış, gözləri şişmişdi. Deyəsən, depressiyaya düşmüşdü. O gedəndən sonra marağımı saxlaya bilmədim. Gizlincə divarı aşdım, həyətə düşdüm. Pəncərə açıq idi. İçəri boylandım. Bir də nə görsəm, yaxşıdır? Mələk çarpayının ayağına bağlanmışdı. Məni görən kimi ürkək-ürkək mələməyə başladı.

Pandemiyanın sonu çatmışdı. İnsanlar küçələrə axışmış, həyat yenidən cana gəlmişdi. Bir bazar günü həyətə çıxanda qəfil kabab qoxusu burnuma dəydi. Tüstü havaya yayılır, gözlərimi yandırırdı. Sonagilin həyəti qızğın qonaqlıq yerinə çevrilmişdi. Qızı illər sonra evə qayıtmışdı. Sona sevinirdi. O qədər sevinirdi ki, ən yaxın dostu, tənhalığının yeganə təsəllisi olan Mələyi qurban vermişdi.

Həyətdən uzaqlaşanda qulaqlarımda sanki o məlum səslər yenidən səslənirdi:

"Mələk qızım, evə gəl..."

Bu dəfə isə Mələk geri dönməyəcəkdi...

# 3390 dəfə oxunub

Oxşar xəbərlər

"Devin Media" ilə bağlı yeni qalmaqal - Şikayətçilər vəsaitlərini geri tələb edir

"Devin Media" ilə bağlı yeni qalmaqal - Şikayətçilər vəsaitlərini geri tələb edir

12:15 18 avqust 2026
"The Odyssey"dən növbəti uğur –  Nə qədər gəlir əldə etdi?

"The Odyssey"dən növbəti uğur Nə qədər gəlir əldə etdi?

11:52 18 avqust 2026
Rəqs edən qadınları linçləyən şübhəli trol şəbəkəsi -  Dondurma şousu  kimləri narahat edir?

Rəqs edən qadınları linçləyən şübhəli trol şəbəkəsi - Dondurma şousu kimləri narahat edir?

11:10 18 avqust 2026
"Lion" sənədli filmi təqdim edildi

"Lion" sənədli filmi təqdim edildi

11:08 18 avqust 2026
Tbilisidə Azərbaycan və Gürcüstan rəssamlarının sərgisi təşkil olundu

Tbilisidə Azərbaycan və Gürcüstan rəssamlarının sərgisi təşkil olundu

10:20 18 avqust 2026
"Sevgi oyunları və həzz almaq yaxşı şeydir, amma..." - Onore de Balzakı niyə ittiham edirdilər?

"Sevgi oyunları və həzz almaq yaxşı şeydir, amma..." - Onore de Balzakı niyə ittiham edirdilər?

10:00 18 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər