Qırx il uzaqdan tanıdığım Adam - Nəriman Əbdülrəhmanlı

Qırx il uzaqdan tanıdığım Adam - Nəriman Əbdülrəhmanlı
23 may 2025
# 11:30

Kulis.az Nəriman Əbdülrəhmanlının "Muxtar Kazımoğlu: Yaddaşın və sözün siqləti" yazısını təqdim edir.

Görkəmli ədəbiyyatşünas, folklorşünas, mifoloq, filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü...

Güman ki, ədəbiyyatşünas olsaydım, yazıma onun bu titullarını sadalamaqla, monoqrafiyalarının, məqalə toplularının adını çəkməklə, çap olunmuş elmi əsərlərinin sayını göstərməklə, mükafatlarını, təltiflərini sıralamaqla başlayardım...

Amma taleyin gərdişindən akademik ədəbi portret yaratmaq qabiliyyətim yoxdur, qəhrəmanımın, olsa-olsa, sezə bildiyim portret cizgilərini essevarı biçimdə təqdim etmək iddiasındayam...

1. Qırx il uzaqdan tanıdığım Adam

Akademik Muxtar Kazımoğlunu, az qala, 50 ildi tanıyıram...

Bu müddətin, təxminən, 40 ilində də uzaqdan-uzağa “ünsiyyətimiz” olub: bir-birimizi ortaq dostlarımızın, xüsusilə də, unudulmaz Arif Əmrahoğlunun təqdimatlarından tanımışıq, qismətimizə düşən ötəri görüşlərimizdəsə aradakı məsafəni dəf eləyə bilməmişəm: məni o vaxtlar İmanov kimi tanıdığım Muxtarın hədsiz səmimiyyəti, nəzakəti, ciddiyyəti, özünəməxsus münasibət ölçü-biçiləri qorxudub...
Amma sonralar, hətta taleyin gərdişiylə simsar olduğumuzdan xəbər tutanda da aradakı “neytral zona”nı keçə bilmədim, ustad Musa Yaqubun təbiriylə desək, “Bir günah sənindir, bir günah mənim” həqiqətinə boyun əyməli oldum.

O illər ərzində Arif Əmrahoğlunun söylədiklərindən, özümün sezdiklərimdən Muxtar Kazımoğlunun insan, oxuduqlarımdan, eşitdiklərimdən, duyduqlarımdansa yaradıcı kimi yaddaşımda cızdığım portretinin ştrixlərini tamamlamaqda istifadə eləmişəm. Zəhmətsevərlik, işgüzarlıq, məqsədyönlülük, nizam-intizam, özünə də, başqalarına da hörmət, əxlaqi ölçüləri, mənəvi dəyərləri qorumaq – Muxtar Kazımoğlunun xarakterində ayırd elədiyim bu xüsusiyyətlərdi.

Sonralar öyrənmişəm ki, ailədə səkkiz uşaq - beş qardaş, üç bacı - olublar. Atası Kazım müəllim sovet-fin, sovet-alman müharibələrindən, od-alovun içindən sağ-salamat qayıdıb, bir müddət raykomda təlimatçı işləyib, başsız qalmış qardaş-bacısına da, cəbhədə həlak olan böyük qardaşının uşaqlarına da həyan olub, sonra uzun illər məktəb direktoru, ardınca müəllim kimi çalışıb, üstəlik, böyük külfətin ruzisini arıçılıqdan çıxarıb, bununla yanaşı, övladlarının təhsilinə də ciddi fikir verib - səkkiz uşaqdan yeddisi ali məktəbi, biri texnikumu bitirib.

Şübhəsiz, belə bir ailə məktəbi keçmiş Muxtar da həyat məktəbində qarşılaşdığı sınaqlardan da üzüağ çıxmalı idi...

2. Minillərin Yaddaşı

Haqqında Arif Əmrahoğlunun söylədiklərindən, oxuduğum yazılarından, eşitdiyim çıxışlarından Muxtar Kazımoğlunun həm də Yaddaş Adamı olduğunu yəqin eləmişdim...

Həm də o Yaddaş ancaq doğulub-böyüdüyü Şərur mahalı, Axura kəndi, ailələri, doğmaları, uşaqlıq, yeniyetməlik illəriylə bağlı deyil, minillərin o üzündən, unamadığı qatlarından gəlir...

Həmin Yaddaş elə başdan-binadan işıq, qoxu, səs kimi, Sözü də ayırır, əlçatmaz saxlancına yığır, Sözlə arasındakı bağı isə Anası qurur, onun qarşısında sehirli bir aləmin qapılarını açırdı. Sonralar bununla bağlı deyəcəkdi: “Uşaq vaxtı anamdan eşitdiyim nağıllar, yəqin ki, mənə təsirini göstərib. Amma bu təsiri yalnız nağılla məhdudlaşdırmaq istəməzdim. İstər nağıl danışanda, istərsə də adi söhbət eləyəndə, anam, eləcə də atam, əmim, əmcanım (yəni, əmim arvadı) və başqaları canlı “dil”lə danışardılar. O “dil”in nə qədər canlı, şəhd-şirəli olmasını adam sonralar – quru kitab dili ilə hər gün əlləşib-vuruşmağa başlayanda - başa düşür...”

O “dil”in sehri də Kazım müəllimin oğlu Muxtarın əlindən tutub, Bakı Dövlət Universitetinin fililogiya fakültəsinə gətirib, bu istəyi qarşısında heç atasının onu özünəməxsus məntiqlə hüquqşünas görmək arzusu da duruş gətirə bilməyib...

Sonralar da daim cibində dəftərçə olub, yayda kəndə gedəndə adamlardan eşitdiyi deyimləri, atalar sözünü, bayatıları o dəftərçəyə qeyd eləyib. Belə məqamlarda yenə də Yaddaş saxlancının ən etibarlı mənbəyi Anasının söyləmələri olub...

Vaxt yetişəndəsə Yaddaş saxlancının qapısını açıb, yatırını saf-çürük eləməyə başlayıb, nəticədə ədəbiyyatşünasılığımızla yanaşı, folklorşünaslığımız da bir-birindən dəyərli əsərlər qazanıb...

3. Yaddaşın poetikası

Tanıdığım ciddi, sanbalı sənət adamlarının, illah da nasir və ədəbiyyatşünasların böyük əksəriyyəti yaradıcılığa poetik axınla gəlib; ən azı, Kamal Abdullanın, Əsgər Rəsulovun, Arif Əmrahoğlunun, Arif Acaloğlunun... timsalında buna əminəm...

Görünür, bu da yaddaş kodumuzla bağlıdır: poeziya hər bir yaradıcı kəs üçün məkan formalaşdırır, o məkanı sahmana salır, sonra seçim haqqını özünə həvalə eləyib bir növ xeyir-dua verir. Düzdü, sonralar onların çox az qismi bu ovqatı şeir biçimində qoruyub saxlayır, amma poetik ab-hava və siqlət, əsasən, poeziyadankənar yaradıcılıqlarından aşıq-aşkar boy göstərir.

Muxtar Kazımoğlunun ədəbiyyatşünaslıq, folklorşünaslıq, mifologiyayla bağlı araşdırmalarını, portret yazılarını oxuyanda, şifahi nitqinin təhkiyəsiylə tanış oanda, ən azı, yeniyetməlik və gənclik çağlarında poetik axtarışlarla məşğul olduğuna əmindim. Müsahibələrinin birində deyirdi: “Atam riyaziyyat müəllimi olsa da ədəbiyyata böyük maraq göstərirdi. Qalın dəftəri vardı, cavan vaxtı həmin dəftərə şeirlərini yazmışdı. Xəlvətcə götürüb o şeirləri oxuyardım...”

Onun şeir yazması ilə bağlı gümanımı da mərhum yaxın dostu, görkəmli ədəbiyyatşünas-alim, AMEA-nın müxbir üzvü Kamran Əliyev təsdiqlədi, bir şeirindən söz açıb “sirrini faş elədi”. Sonralar özü də etiraf eləyəcəkdi: “Xəlil Rzanın o şeiri hərarətlə qarşılayıb tərifləməyi yaxşı yadımdadır: “Harda oluramsa, orda gündəliyim üçün qeydlər aparıram. Bu məclisdə o qeydlərdən biri belə oldu: “Bu gecə Muxtar bəy bizim hamımızı ötüb keçdi””. Xəlil Rza şeirdəki ulduz içib göylərlə təmasda olmaq məsələsi üzərində xüsusi dayandı, Nəsimini, Füzulini yada saldı. Beləcə, əksər ədəbiyyatçılar kimi, mən də cavan vaxtlarımda ara-sıra şeir yazmışam…”

Şübhəsiz, o poetik ovqat izsiz ötüb-keçmədi, Muxtar Kazımoğlunun doktorluq disstertasiyası və “Xalq gülüşünün poetikası” (2006) monoqrafiyasının, ədəbiyyatımız, folklorumuz, o cümlədən, mifologiyamızla bağlı sanballı araşdırmalarının, portret yazılarının başlıca cizgilərindən birinə çevrildi...

4. “Həqiqi alim” olmağın anatomiyası

Muxtar Kazımoğli universitetdə oxuyanda günlərini yola verməklə, semestrdən-semestrə əl-ayağa düşməklə keçirməyib, Mir Cəlal Paşayev, Muxtar Hüseynzadə, Fərhad Zeynalov, Səlim Cəfərov Yusif Seyidov, Firudin Hüseynov, Bəkir Nəbiyev, Qulu Xəlilov... kimi sanballı yaradıcı simalardan, ustad müəllimlərdən həqiqi dərs alıb, həm də onlardan, “həqiqi alim” olmağın anatomiyasını öyrənib...
Sonra özünəməxsus nizam-intizam və səbirlə elə doğma Şərurun Həmzəlli kəndində təyinat müddətini başa vurub, Nizami adına Ədəbiyyat İnstitunun aspiranturasını bitirib, elmi məqalələrini üzə çıxarıb, vaxtında – 1984-cü ildə - da “Müasir Azərbaycan nərsində psixologizm (60-70-ci illər)” mövzusunda dissertasiya müdafiə eləyib. 1991-ci ildə monoqrafiya kimi nəşr olunan o araşdırma təkcə nəsrdə psixologizmin ümumi səciyyəsini, bədii funksiyasını və inkişaf istiqamətini müəyyənləşdirmir, həm də yenilənmə dovrü Azərbaycan nəsrinin dolğun mənzərəsini yaradır. Həmin əsər, üstəlik, Muxtar Kazımoğlunun ciddi araşdırıcılara məxsus daha bir cəhətini – konseptual təfəkkür sahibi olduğunu - aşıq-aydın göstərdi.

Onun qismətinə 70-ci illərin axırı - 80-ci illərin əvvəllərində ədəbiyyatşünaslıq, dilçilik, türkologiya, folklorşünaslıq və mifologiyaya böyük potensialla, sonsuz şövqlə qədəm qoyan Aydın Məmmədov, Kamal Abdulla, Kamil Vəliyev, Vilayət Quliyev, Əsgər Rəsulov, Nizaməddin Şəmsizadə, Kamran Əliyev, Arif Əmrahoğlu, Arif Acaloğlu, Nizami Cəfərov... kimi sanballı elmi simalar arasında öz halal yerini tutmaq yazılmışdı.

Üstəlik, Muxtar Kazımoğliu həmin illərdə öz araşdırıcı üslubunu da müəyyənləşdirib, cilalamışdı. “Mir Cəlal müəllim deyərdi ki, “adam dilində yazın, adam dilində”, - sonralar xatırlayacaqdı. - Aspiranturada oxuyarkən ilk ciddi məqalələrimi yazanda “adam dili” deyəndə Mir Cəlal müəllimin nəyi nəzərdə tutduğunu daha dərindən başa düşdüm. O vaxt qələm yoldaşlarımın bəziləri qəliz cümlələr qurub özlərini savadlı adam kimi göstərmək istəyirdilər. Mən o cür yolla getməməyə çalışdım, ən mürəkkəb məsələləri də sadə dildə ifadə etmək istədim”.

5. Yaddaşın dərin qatlarına yolçuluq

Güman ki, Muxtar Kazımoğlu ilk ciddi araşdırmasındaca Yaddaşının qarşısıalınmaz təkanını duymuşdu – monoqrafiyanın son fəsli “Psixoloji nəsr və folklor” adlanır...

Heç şübhəsiz, Nizami adına Ədəbiyyat İnstiturunun mofologiya şöbəsində işləyən vaxt o təkan sayəsində də Anasının söyləmələrini yığdığı Yaddaş saxlancının qapısını açdı, söz yatırı köçürdüyü qeyd dəftərçələrini üzə çıxardı, Əfzələddin Əsgərlə birgə ipə-sapa düzüb “Yazıçı” nəşriyyatının baş redaktoru olanda “Bu yurd bayquşa qalmaz” (1995), AMEA Folklor İnstitutu Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi kimi çalışanda “Azərbaycan folkloru antologiyası” seriyasının “Zəngəzur folkloru” (2005) cildini nəşr etdirdi.

“Canlı danışıq dilinin bir gözəlliyi də arxaik qatları qoruyub saxlamasıdır, - sonralar deyəcəkdi. - Anamdan eşitdiyim iki ifadəni misal çəkmək istəyirəm: “Dilimə Tanrı qutu dəyməyib”. “Bir tikə yemək ye, ürəyində qut olsun”. Buradakı “qut” sözü yazılı abidələrimizdə, o cümlədən, “Dədə Qorqud” dastanında rast gəldiyimiz sözdür. Xalq danışıq dili tək mənə yox, sözlə az-çox bağlı olan hər bir kəsə öz təsirini göstərir”.

Muxtar Kazımolğlunun “Gülüşün arxaik kökləri” (2005), “Xalq gülüşünün poetikası” (2006) “Folklorda obrazın ikiləşməsi” (2011) kimi sanballı monoqrafiyaları da məhz Yaddaşın o izaholunmaz təkanı sayəsində araya-ərsəyə gəlib...

6. Elm təşkilatçılığı missiyası

Muxtar Kazımoğlu 2011-2024-cü illərdə AMEA Folklor İnstitutuna rəhbərlik eləyib, elm təşkilatçılığı missiyasının ağırlığını çiyinlərində daşıyıb, qısa müddət ərzində instituta akademik səviyyə qazandırmaq, Azərbaycan folklorşünaslığını ciddi elmi-konseptual axara salmaq üçün, sözün əsil mənasında, gecəsini gündüzünə qatıb...

O, “Folklorşünaslıq” ixtisası üzrə Dissertasiya və Folklor İnstitutu Elmi Şurasının sədri, folklorşünaslıq sahəsi üzrə Azərbaycanda nüfuzlu elmi məcmuə olan “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” jurnalının baş redaktoru kimi, təkcə təşkilatçı və rəhbər funksiyalarını yerinə yetirməklə qalmayıb, “Şərur folklor örnəkləri” (2016), “Gədəbəy folklor örnəkləri” (2016), Azərbaycan mədəniyyətinə böyük töhfə sayılan 10 cildlik “Qarabağ: folklor da bir tarixdir” (2012-2017) və 10 cildlik “Güney Azərbaycan folkoru” (2013-2020) toplularının layihə rəhbəri və tərtibçilərindən biri olub, folklorşünaslığın aktual problemləri ilə bağlı elmi forumlar təşkil edib, institut əməkdaşlarının sanballı elmi araşdırma aparmaları, nüfuzlu beynəlxalq elmi konfrans və simpoziumlarda iştirakı üçün bütün imkanlardan yararlanıb.

Fikrimizcə, onun bu dövrdə qələmə aldığı “Novruz bayramı: mifdən gələn motivlər”, “Aşıq Ələsgər: bir daha müəllif fərdiyyəti haqqında”, “Aşıq Ələsgər: bir daha şifahilik məsələsi haqqında” kimi məqalələri də məhz məlum mövzulara konseptual səciyyə qazandırmaq istəyindən doğulub.

Bu dövr həm də Muxtar Kazımoğlunun portret yaradıcılığı üçün də xarakterikdi. O, “Portretlər” (2013) toplusunda klassik və çağdaş söz ustaları Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Cəfər, İsa Həbibbəyli, Qəzənfər Paşayev, Nizami Cəfərovun elmi-ədəbi cəhətdən tutumlu portretlərini yaradıb, sonrakı illərdə bu silsiləni davam etdirib, nəticədə ortaya “Unudulmaz ədəbiyyatşünasın unudulması” (Əmin Abid), “Mifolinqvistikanın imkanları və postmodernist müxtəliflik” (Kamal Abdulla), “Birinci olmağın sevinci və ağrısı” (Nizaməddin Şəmsizdə), “Yeri görünən ədəbiyyatşünas” (Kamran Əliyev) “Onun folklor mücadiləsi” (Arif Acaloğlu), “Milli düşüncə və ədəbiyyat tarixçiliyi” (Bədirxan Əhmədli) kimi dolğun ədəbi portretlər çıxıb...

Unudulmaz aydınlarımız Arif Rəhimoğlu və Arif Acaloğludan miras qalan elmi irsin toplanıb nəşr edilməsi də məhz Muxtar Kazımoğlunun ziyalı təəssübkeşliyi sayəsində baş tutub...

7. Yaddaşa fasiləsiz qayıdış

Akademik Muxtar Kazımoğlu sanki öz araşdırmaları ilə folklorşünaslığımızın toxunduğu mövzularda da nizmasalma missiyasını davam etdirir. O, “Epos. Nəsr. Problemlər” (2012) toplusunda “Koroğlu” eposunun müxtəlif variantları əsasında nümunəvi mətnin tərtibi ilə bağlı atılan addımlar, yeni varianta duyulan zərurət, bu yönümdə başlıca kriteriyalar, “Sənət qayğıları” (2015) toplusunda xalq oyunları və meydan tamaşaları, “Söz haqqında söz” (2020) toplusunda dövlətçlik düşüncəsi və folklor, şifahi və yazılı ədəbiyyatda demonizm, Məmmədhüseyn Təhmasib və folklorumuzun ağrılı nöqtələri, “Şifahi sənət və yazılı sənət” (2025) monoqrafiyasında isə şifahi sənətin ritualla bağlılığı, mifoloji düşüncə və çağdaş əədəbiyyat arasındakı əlaqələr, folklor və yazılı ədəbiyyatda təhkiyə, zaman və məkan, üslub, qəhrəmanı təqdim etməyin fərqli yönləri, epik şeir və epos səsləşməsi kimi mövzulara toxunub, hər bir mövzu ilə də daha irimiqyaslı araşdırmalar üçün meydan açıb.

Akademik Muxtar Kazımoğlu həm də Kamal Abdullanın araşdırmaları ilə yeni mərhələyə qədəm qoymuş müasir qorqudşünaslıqda ciddi simalardan biri olduğunu sübuta yetirib. O, “Epos. Nəsr. Problemlər” toplusuna daxil elədiyi məqalələrində “Kitabi-Dədə Qorqud”da gülüş kultu və obrazın ikiləşməsi, ağıllı və dəli münasibəti üzərində qurulan oyun, Qorqud Atanın xalq yaradıcılığında yalnız müdrik ağsaqqal yox, həm də oyunbaz qismində təcəssümü, yalançı qəhrəman kimi konseptual məsələləri tədqiq edib. 2023-cü ildə akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü Rafiq Əliyevin birgə qələmə aldıqlları ““Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” konsepsiyasının hüdudlarını daha da genişləndirən Muxtar Kazımoğlu eyni dövrdə nəşr etdirdiyi “Epos qəhrəmanlarında qeyri-səlislik” tədqiqatına “Koroğlu” dastanını da cəlb eləyib, Lütfi Zadənin qeyri-səlis məntiqini Aristotelin formal məntiqi ilə müqayisədə araşdırıb. O, “Şifahi sənət və yazılı ədəbiyyat” (2024) toplusuna daxil elədiyi ““Dədə Qorqud” boylarında bəzi qaranlıq məqamlar”, “Kamal Abdullanın “Dansökülən”i” araşdırmaları ilə qorqudşünaslığa sanballı töhfələrini verib.

Muxtar Kazımoğlunun bu araşdırma yönlərinin hər biri, qeyd-şərtsiz, ayrıca bir monoqrafiya üçün yetərincə material verir və əminik ki, yaxın gələcəkdə belə araşdırmalar aparılacaq...

***

Hələ onun Yaddaş saxlancındakı Söz yatırı tükənməyib...

Hələ də öz Yoluyla bitib-tükənməyən Sözə doğru gedir...

Hələ də bəxtinə düşən məqamlarda Yaddaşın qarşısıalınmaz təkanını duyacaq və ortaya yeni-yeni sanballı əsərlər çıxaracaq...

May, 2025

# 135 dəfə oxunub

Oxşar xəbərlər

Keçmiş əri Naibə Allahverdiyevanı döydü - Həbs edildi

Keçmiş əri Naibə Allahverdiyevanı döydü - Həbs edildi

15:10 23 may 2025
“Farsca yazsan da, bu misralar türk ruhunu daşıyır” - Molla rejiminin ən çox qorxduğu azərbaycanlı kim idi?

“Farsca yazsan da, bu misralar türk ruhunu daşıyır” - Molla rejiminin ən çox qorxduğu azərbaycanlı kim idi?

15:00 23 may 2025
Tanınmış aktyor evində bıçaqlandı

Tanınmış aktyor evində bıçaqlandı

14:45 23 may 2025
Tarantinonun filmləri kitaba çevrilir

Tarantinonun filmləri kitaba çevrilir

14:05 23 may 2025
Azərbaycan “Kazan Forumu”nda iştirak edib

Azərbaycan “Kazan Forumu”nda iştirak edib

13:00 23 may 2025
AKİ Oskar qazanmış filmin təqdimatını keçirib

AKİ Oskar qazanmış filmin təqdimatını keçirib

12:20 23 may 2025
#
#
# # #