Qədim Azərbaycan memarlığının yorulmaz tədqiqatçısı

Qədim Azərbaycan memarlığının yorulmaz tədqiqatçısı
19 noyabr 2023
# 17:00

Bu gün görkəmli Azərbaycan memarı və tarixşünası Davud Axundovun anım günüdür.

Kulis.az Savalan Fərəcovun "Qədim Azərbaycan memarlığının yorulmaz tədqiqatçısı" yazısını təqdim edir.

Azərbaycan memarlığında iz qoyan görkəmli sənətkarlardan biri də Dövlət mükafatı laureatı, professor Davud Axundov olub. O, Azərbaycanın Qədim və Erkən Orta əsrlər dövrü memarlığına həsr etdiyi elmi əsərləri ilə memarlıq elmimizin inkişafına töhfələr bəxş edib.

Davud Axundov 14 fevral 1918-ci ildə Bakıda Azərbaycanın ilk diplomlu elektrik-mühəndisi olmuş, Belçika Lyej Kral Universitetini bitirmiş ziyalı Ağa Axundovun ailəsində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Memarlıq-inşaat fakültəsində təhsil alır. 1942-ci ildə layihəçi-memar kimi əmək fəaliyyətinə başlayır. Bakı, Sumqayıt, Ağdam, Mingəçevir və digər şəhərlərdə bir sıra yaşayış binalarının layihələrini işləyir. İşinə məsuliyyətlə yanaşan gənc memarın layihələri əsasında 1949-1963-cü illərdə Bakı, Krasnovodsk (Türkmənbaşı), Mahaçqala, Həştərxan və s. şəhərlərdə 100-dən artıq çoxmərtəbəli yaşayış evi, yataqxana, klub, sənaye binaları tikilir. Memarlıq sahəsində böyük təcrübə qazanan Davud Axundov 1963-cü ildə Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) dəvət olunur. 1968-ci ildə namizədlik (fəlsəfə doktoru), 1980-ci ildə elmlər doktorluğu dissertasiyaları müdafiə edir. 1970–2003-cü illərdə bu təhsil ocağının Memarlıq konstruksiyaları kafedrasının müəllimi olur. Bu müddət ərzində qədim Azərbaycan memarlığının nəzəri məsələlərinə dair diqqətəlayiq elmi əsərlər yazır.

Qədim Azərbaycan dövləti Qafqaz Albaniyasının bütpərəstlik və xristianlıq dövrü memarlığının ilk tədqiqatçısı kimi tanınan Davud Axundov memarlıqda bu istiqamətin əsasını qoyur. “Qədim və Orta əsrlər Azərbaycan memarlığı” (1986, rus dilində) adlı monoqrafiyasında Qafqaz Albaniyası dövründə memarlığın inkişaf mərhələlərini araşdırır. O daha sonra islamaqədərki və ondan sonrakı dövrün memarlıq abidələri ilə bağlı da araşdırmalar aparır və yeni elmi dəlillər ortaya qoyur.

Alim uzun müddət XII əsr abidəsi kimi təqdim edilən Bakıdakı Qız qalasının qədim tarixə malik olduğunu bildirir. Qalanın bizim eradan əvvəlki dövrlərə aid Mitra məbədi, yəni Günəş məbədi olması haqqındakı elmi dəlillərinə bir çox alim şübhə ilə yanaşır. Ancaq sonrakı araşdırmalar qalanın müdafiə məqsədilə tikilmədiyini, xarici mütəxəssislərin də qalanın təyinatı ilə bağlı rəyləri onun eramızdan əvvəlki dövrlərə aid od məbədi və ya rəsədxana olduğunu söyləməyə əsas verir. Görkəmli memarın qalanın funksiyası ilə bağlı yanaşması diqqəti xüsusilə cəlb edir. O bildirirdi ki, bu tikili gözətçi funksiyasını yerinə yetirə bilməz. Üstəlik müdafiə məqsədləri üçün də yararsızdır. Alim qalanın ön tərəfində yerləşən pəncərələri tədqiq edərkən belə qənaətə gəlir ki, əgər qala müdafiə funksiyasını yerinə yetirirdisə, o zaman onun pəncərələri dörd tərəfə baxmalı idi. Bu pəncərələr isə yalnız bir tərəfə yönəlib. Eyni zamanda kiçikölçülü pəncərələr hücumlardan müdafiə üçün əlverişli deyil.

Davud Axundovun nəzəriyyəsinə əsasən, Bakının simvolu olan Qız qalası, əslində, zərdüştlük məbədi və qədim rəsədxanadır. Bu fikir qalanın əvvəl qəbul olunmuş, tikilmə məqsədilə bağlı təsəvvürlərin tam əksi hesab edilir. Buna baxmayaraq, onun bu istiqamətdə apardığı araşdırmalar, irəli sürdüyü ideyalar qalanın tarixi barədə yeni yanaşmaların ortaya çıxmasına vəsilə olub.

Professor Davud Axundov gənc kadrların yetişməsində də qayğısını əsirgəməyib. Onun elmi rəhbərliyi altında 18 namizədlik və 1 doktorluq dissertasiyası müdafiə edilib. 1988-ci ildən ömrünün sonuna kimi Memarlıq və İnşaat Universitetində doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış Elmi şuranın sədri olub.

Əməyi yüksək qiymətləndirilən görkəmli alimə Azərbaycan memarlığının inkişafında xidmətlərinə görə 1990-cı ildə Dövlət mükafatı verilib. 1992-ci ildə Beynəlxalq Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvü seçilib. 2002-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib. Həmin il Prezidentin fərdi təqaüdünə layiq görülüb. Professor Davud Axundov 19 noyabr 2003-cü ildə vəfat edib.

# 1183 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #