Kulis.az Aytən Cavadovanın “Atalar sözlərinin mənşəyi” yazısını təqdim edir.
Elə bir xalq tapılmaz ki, onun folklorunda atalar sözləri və məsəllər olmasın. Bu nümunələr xalqın təfəkkür tərzini əks etdirir və onun dilini zənginləşdirir.
Gündəlik həyatımızda tez-tez atalar sözlərindən istifadə edirik.
Bəziləri, həqiqətən, lap yerinə düşür, bəzilərini isə eşidəndə özümüz də təəccüblənirik.
Sizinlə bir neçə atalar sözünü müzakirə etmək istərdim.
"Adamın adı çıxınca canı çıxsa yaxşıdır" - Adamın adı, yaxşılığa da çıxa bilər. Bu atalar sözü qüvvəyə qanun kimi minsə, gərək yer üzündə bəşəriyyətin büsbütün canı çıxsın.
"Adamın üzünə baxarlar, halın xəbər alarlar" - Bunu səmimiyyətin, düzlüyün dəbdə olduğu zamanlar üçün deyiblər. İndi varlı adam kasıbdan betər ağlaşma qopardır, kafir birisi imanlıdan daha artıq mömin görünür, əxlaqsızlar efirdən millətə əxlaq dərsi keçir.
"Axşamın xeyrindənsə, sabahın şəri yaxşıdır" - Amma əksər xeyir məclisləri axşam başlanır.
"Ayağını yorğanına görə uzat" - Bu cür fikirləri atalar sözü kimi sırımaqda davam etsək, hamı aza qane olacaq, çox uğrunda heç vaxt mübarizə aparmayacaq.
"Qız qalıb qızıla dönər" - Bir çoxları bunu deyib təsəlli tapır, amma elə deyil, hər şey vaxtında gözəldir.
"Dost dar gündə tanınar" - Əslində, dar gündə çoxları öz xeyirləri üçün sənə dayaq olarlar, amma çox az adam xoş gününə ürəkdən sevinər. Ona görə də mən deyərdim, dost xoş gündə tanınar.
"Həftə səkkiz, mən doqquz" - Maraqlıdır. Niyə "Həftə yeddi, mən səkkiz" yox?.
Son günlərdə bir neçə "Facebook" dostumun statusunda "Atalar üçdən deyib" deyimini gördüm. Buradakı üç, əslində, bildiyimiz üçlərdən deyil. Bəzi atalar sözü və məsəllər vardır ki, əsrlər keçdikcə, ilkin mənasını itirərək hazırda işlətdiyimiz şəklə düşüb. Filoloq olaraq onlardan bəzilərinin əsl variantını və izahını yazıram.
"Oğuznamələr"də bu misal "Atalar ucacan deyib" şəklində qeyd olunub. Misaldakı uc, qədim Göytürk dilində axır, son mənasını ifadə edir. Atalar ucacan deyib - "Bir işi başladınsa, axıra qədər get" mənasındadır.
"Yol böyüyün, su kiçiyin"
"Oğuznamələr"də bu misal "Yol uluqun, suç kiçiqin" şəklində işlənib. Qədim türk dilində yol ədəb-ərkan, yol göstərmək, hörmət; ulu/uluq – böyük, suç isə günah mənasını verir. Yəni kiçik günah iş tutsa da, böyük bağışlamalı, yol göstərməlidir. Qısası, böyüklər kiçiklərə fikir vermədən rahatlıqla suyu içə bilər.
"İlanın zəhləsi yarpızdan gedər, o da gəlib yuvasının ağzında bitər"
Mahmud Kaşğarinin "Divanü Lüğat-it-Türk" əsərində verilən izahdan məlum olur ki, buradakı yarpız bildiyimiz yarpız deyil, “yarbuz”dur. Yarbuz manqustadır. Manqusta isə ilanyeyən heyvandır. İfadədəki “bitmək” feili isə bəzən “durmaq” mənasında da işlənir: “Nə bitmisən gözümün qabağında?”.
Yəni ilanın yarpız bitkisi ilə heç bir şəxsi qərəzi yoxdur.
"Dost başa baxar, düşmən ayağa"
Burada baş və ayaq sözləri məcazi mənalarda işlənib. Məlumdur ki, gözlər qəlbin aynası hesab edilir. Misalda baş yuxarı, ayaq aşağı mənasını ifadə edir. Yəni burada ürəyində düşmənçilik olan şəxsin öz nəzərlərini qarşısındakından gizləmək üçün aşağı baxması ifadə olunub.
Atalar sözlərində bir-birinə zidd olan fikirlər də az deyil. Məsələn:
"Dostu olmayan yaxşı adam deyil”, dalınca da deyirlər ki, “Dostuna sirrini açma, çünki dostunun da dostu var"
"Ağac bar verəndə başını aşağı əyər" - "Ağac əyildi sındı, igid əyildi öldü"
"Bu günün işini sabaha qoyma" - "Tələsən təndirə düşər"
“Dəmiri isti-isti döyərlər” - “Axşamın xeyrindənsə, gündüzün şəri yaxşıdır”
"Öyrənməyin yaşı yoxdur" - "Qırxında öyrənən, gorunda çalar"
"Anasına bax qızını al, kənarına bax bezini al" - "Beş barmağın beşi də bir deyil"
"Palaza bürün, el ilə sürün" - "El üçün ağlayan göz kor olar"
Atalar sözlərinin tarixini, mənbəyini, ilkin mənasını bilməklə onların mahiyyətini dərk etmək olar.
Sizə bir tarixi fakt deyim: Qədimdə əkinçilər öz tarlalarında kiçik bir dairə cızır və həmin dairədə uzun müddət heç bir şey əkmirdilər ki, orada dayanıb taxılı biçmək mümkün olsun. Vaxt keçdikcə həmin dairədə nəsə əkmək istəsələr də, bitmirdi, çünki həmin əraziyə uzun müddət ağırlıq düşdüyündən torpaq öz gücünü itirirdi. Bu cür torpaq "Bəlgə" adlanırdı. Bu xüsusda belə bir atalar sözü yaranmışdı:
"Bəlgəni əkiblər, bitməyib", yəni qeyri-mümkün şeyi mümkün etmək olmaz. İndi çoxu bu misalı tamam başqa cür ifadə edir:
"Bəlkəni əkiblər, bitməyib"
Yaxud başqa bir misal: Hələ XVIII əsrdə Şah Qacarın hakimiyyəti dövründə şah öz elmi ilə öyünənlərə deyirdi:
"Çox öyünməyin, hər oxuyan Molla Pənah olmaz".
Bu isə ondan irəli gəlirdi ki, Şah Qacar Molla Pənah Vaqifin qoşma və gəraylılarını öz ordusuna bərabər tuturdu.
Balıqları çox sevən biri hər gün üç dəfə dənizin kənarına gələr, balıqlara çörək atarmış. Bu günlər illərlə davam edir.
Bir gün padşahın adamları şəhərə car çəkirlər ki, dəryaya çörək atan adam kimdirsə, saraya gəlsin.
Padşah həmin şəxsi qəbul edib deyir:
- Səyahətlərimin birində gəmi fəlakətə uğradı. İnsan yaşamayan bir cəzirəyə düşdüm. Sənin atdığın çörəklər həmin cəzirəyə gəlib mənə çatmasa idi, acından ölərdim.
Padşah bunları deyib həmin adamı dünya malından qane etdi. (Yaxşılıq elə, at dəryaya, balıq bilməsə, xaliq biləcək)
Eşşək nə bilir zər palan nədir. (Çoxu zəfəran bilir )
Yaxşı olardı ki, atalar sözlərinin çağdaş versiyasını da yaradaq.
Məsələn:
"Qozbeli aerobika düzəldər",
"Qadın yıxan evi heç bələdiyyə də yıxmaz",
“Ata çatanacan, eşşəyə min” atalar sözünün yeni versiyası “Mersedes”ə çatanacan, “Jiquli”yə min” şəklində işlədilsə dünya dağılmaz ki.
“Oxunu atıb, yayını gizlədir” atalar sözü “Gülləsini atıb, tüfəngini gizlədir” şəklində niyə olmasın ki?!