Kulis.az Gülyaz Əliyevanın "Ucuzluq" adlı yazısını təqdim edir.
Bakının "Neftçilər" metrosu yaxınlığındayam. Yas mərasiminə gedəsiyik.Yoldaşlarım hələ gəlib çıxmayıb. Odur ki, burada bir qədər dayanıb gözləməli oldum. Bu tərəflərdə heç olmamışdım. Maraqla ətrafıma göz gəzdirib baxdım. Burada həm bir-birindən təmtəraqlı bahalı mallar satılan mağazalar, həm də eləcə küçədə piştaxta üzərinə tökülərək satılan ucuzvari mallar diqqətimi çəkdi...
Səkkizinci kilometrin bazarı, el dili ilə desək, "Vosmoyun bazarı" deyilən yerə yaxın bu ərazidə gördüyüm mənzərə məni son dərəcə məyus etməklə yanaşı, dərin-dərin fikirlərə də qərq etdi. Fikrim "Ana Beyit" qəbiristanlığından tutmuş Nayman anayacan, juan-juanlardan tutmuş Danenbayacan, fars dilini başa keçirib saray dili, şeir dili edən, öz dilini bəyənməyən türk əsilli şahlara, xanlarımıza, türk dilini məişət dili hesab edib onda danışmağı ar bilən 20-ci əsr “obrozovonnı”larımızacan gəzib dolaşdı və nəhayət, gəlib 21-ci əsrə, müstəqil Azərbaycan Respublikasının paytaxtı Bakıya, oradan da "Neftçilər" metrostansiyası yaxınlığındakı "Vosmoyun bazarı"na çıxdı.
"Neftçilər" metrostansiyasına yaxın olan bu ərazidə gəzişərkən gördüyüm mənzərə: hegemonluq edən, yad dildə yazılan, diqqət çəkən al-əlvan lövhələr, bahalı mallar satılan zəngin mağazalar oldu... Özümü bir anlıq hansısa əcnəbi ölkədə hiss etdim... Bu zənginlik və parıltının içərisində
diqqətimi ən çox çəkən isə o oldu ki, dayandığım məkanda tək bir yerdə ana dili kəlməsinə rast gəldim ki, o da çox ucuz tutulmuşdu, olmasa, ondan yaxşı idi... Vallah... Ucuz tutulduğu üçün adı da halına yaraşırdı - "Ucuzluq"... Dəbdəbəli bəzədilmiş, geniş, işıqlı, yaraşıqlı, ikimərtəbəli məkanlar, onların rəngbərəng hərflərlə yazılmış əcnəbi dildə adları və bir küncə sığınmış, kimsəsiz təsiri bağışlayan öz dilimizdə solğun, yarısəhv, yarıdüz başlıqlar, alt yazılar onsuz da təlx olan ovqatımı bir az da təlx etdi. İkimərtəbəli binaların üzərində işıqlı hərflərlə yazılmış:
1. Lali
2. Miss Lady
miss lady butik women's fashion Butik
3. Shine accesserues
4. Maria Baku
5. La ToTo
6. Buji Moda
7. Kids Situ
8. İzabel
Ayaqqabı dünyası
9. X-Man X-Lady
10. Gurkan
11. Demirkan
12. Paulmark & Lady sharm
13. Las Veqas
14. Magrezza
15. Jasmin
16. Shoes
17. Enjoy
18. Soel
19. Shine accessories
20. Doneritto
21. Pumba Kids
və ... və aşağıda, qapı ağzında tək bircə dənə
adı ana dilində yazılmış məkan: "Ucuzluq"...
Yoldaşlarım gəlib çıxmaq bilmirdi. Fikir məni yenə öz cənginə alıb apardı...
Beynimdə yalnız bir söz saat əqrəbi kimi taqqıldayırdı. Ucuzluq... Ucuzluq...Ucuzluq...
Bu söz haqqında düşünməyə başladım. Ucuzluq düzəltmə isimdir. Ucuz sifətinə isim düzəldən -luq şəkilçisi artırmaqla düzəlib.
Ucuz sözünün mənası - az pula satılan, qiyməti aşağı olan, dəyəri baha olmayan deməkdir. "Ucuz ətin şorbası olmaz" məsəli də var dilimizdə. Ucuz sözü zərf mənasında da işlənir.
Malı ucuz alıb, baha satanlar;
Dəllaldır, onları cilovlayaq biz.
B.Vahabzadə.
"Ucuz"un məcazi zəhmətsiz, əziyyətsiz, asanlıqla əldə edilən başa gələn mənası da var.
Ucuz şöhrət.
De ki, üz döndərib məhəbbətimdən;
Ucuz şöhrətlərə əyilmərəm mən!
B.Vahabzadə.
Məcazi mənada: Heç bir qiyməti, dəyəri olmayan; dəyərsiz, əhəmiyyətsiz, boş, bayağı.
Nahaq söz od vurar qəlbə, fəqət haqq söz keçər daşdan;
Ucuz söz qan qaraldar ki, küsərsən dostla sirdaşdan.
S.Vurğun.
Ucuz olmaq məcazi mənada. qiymətdən düşmək, yüngül olmaq, hörmətdən düşmək, heysiyyətini, mənliyini itirmək.
Təmkini cünunə qılma təbdil;
Qızsan, ucuz olma, qədrini bil!
Füzuli.
Ucuz tutmaq əhəmiyyət verməmək, saymazlıq göstərmək, qiymətləndirməmək. Görəsən, vicdanı salırmı yada;
Eşqin mənasını ucuz tutanlar?!
S.Vurğun.
Hmm... Görəsən, vicdanı, Azərbaycan dilinin Dövlət dili olması haqqında qanunu salırmı yada
Ana dilimizi ucuz tutanlar?!
Bu düşüncələrlə gəzib dolaşıb, hərlənib-fırlanıb yenə üstünə "Ucuzluq" yazılmış mağazanın qarşısında dayanıram... Yadıma Firudun bəy Köçərlinin ürək yanğısı ilə yazdığı bu sözlər düşür: "Biz dilimizi bilmirik və bunda təqsir bizdədir, dilimizdə deyil. Fars və ərəbə meyil (oxu: həm də ingilisə) və rəğbətimiz o qədər çox olubdur ki, öz dilimizdə olan sözləri atıb əvəzinə əcnəbi dillərin qəliz ibarələrini və sözlərini götürmüşük və götürdüyümüz sözləri və ibarələri öz dilimizin şivəsinə uydurmayıb eyni halı ilə dilimizə qarışdırmışıq və nəqabil pinəçilər kimi əlimizə hər nə düşübsə, paltarımıza yamamışıq"...
Hmmm. Allah sənə rəhmət eləsin, Firudin bəy! Yazdıqlarını elə bil bu gün, şəhərimizə baxıb yazmısan!
Demək, belə..."Ucuzluq". Bu boyda ərazidə tək bircə yerdə ana dilində yazılmış məkan ola, onun da adı - "Ucuzluq"!
Öz yurdunda doğma ana dilini urvatsız etmək özü elə ucuzluq deyil, bəs nədir?! Dilimizə qarşı həqarət deyil, bəs nədir? Özünə, milli mənsubiyyətinə, xalqına, ana dilinə hörmətsizlik deyil, bəs nədir?
Çox acınacaqlı mənzərədir. Axı niyə bu qədər yad oldun, sanki gözümüz görə-görə hər an yadlaşırsan, hər döngəni, tinini əcnəbi yazılar bürüyüb sənin, Bakım?
Özümüzə yad olduqca da yadları başa çıxarırıq! Gözümüz görə-görə hər gün, hər saat, hər an dilimizdən uzaqlaşır, onu ayağa verir, "manqurt” laşırq. Bizim də "ağamızınkı kimi hörüyümüz olsun" (Ç.Aytmatov.”Əsrə bərabər gün”) istəyirik. Anamıza, dilimizə qənim kəsilirik...
Bakının küçələrini, elə Azərbaycanın hər bölgəsini, hər döngəsini, tinini, bazarını, dükanını əcnəbi yazılar bürüyüb. Düşünürəm... Yadıma fars dilini saray dili, şeir dili, türkcəmizi adi məişət dili sanan şahlarımızı, keçmişimizi topa tutan müasirlərimiz düşür. Bəs indi kim sizi məcbur edir dövlət dilini - ana dilini bu hala salasınız?!
Şəhərə öz uşaqları ilə gəzməyə çıxan, onu ətraf aləmlə tanış etmək istəyən sıravi vətəndaş övladına göstərməyə ana dilində bir kəlmə tapmır. Bu sizi heç ağrıtmır?! Uşağın gözü bir dənə də olsun ana dili kəlməsinə rast gəlmir və onun gözü gördüyünə alışır. Bu sizi heç düşündürmür?! Gördükləri də ya anlaşılmaz əcnəbidilli adlar, ya da qol-qabırğası qırılıb eybəcər hala salınmış, başqa əlifba ilə yazılmış: “Kral dönər”, “Yetim dönər”, “Avtoş dönər”, “Babat dönər”, “N-1 dönər”, “Peçat dönər”, “Əjdaha dönər”, “Talışın dönərı”, “Naxadu dönər”, “Bomba dönər”, “Dönərzadə” , “Dönər ət”, “Dönər toyuq”, italyanski “Doneritto”, “Çhaıkhor”, “Modachi”, “Qırğın dönər”, “Puşkin dönər”, “Robot dönər”, “Eksklüziv dönər”, “Limuzin dönər”, “Dönər evi”, “Sadə dönər”, “Dönər dobrıy”, “Dönər basdırma”, “Dönər lavaş” və s. kimi gülünc və bayağı adlar olur…Bu sizi heç utandırmır, ay bu işə cavabdeh olan kəslər?!
Dövlət dili olan ana dilimizi niyə belə ucuz tuturuq, görəsən?! "Vosmoy bazar"ına yaxın ərazidə dolaşa-dolaşa 3 il öncə Bakı küçələrini bir-bir, döngə-döngə gəzib, şəkillər çəkən obyekt və müəssisə adlarının linqivistik təhlilini aparan FADMM əməkdaşlarının yazılarını xatırladım... Onların araşdırmalarından belə məlum olmuşdu ki, Rəsulzadə küçəsində 42 obyektdən yalnız 2-də ana dilindən istifadə olunub. Haqverdiyev küçəsindəki 80%-dək əcnəbi dilli, hətta hansı dildə olması naməlum olan reklam və obyekt adları içərisində cəmi 4 yerdə ana dilindən istifadə olunub ki, onlar da aşağıdakılardır:
1. Telefon və kompüter aksesuarları
2. Sərfəli kafe
3. Paltarların Boyanması.
4. Dərzi Paltarların tikilməsi və təmiri.
O boyda küçədə öz dilimizdə ancaq bu sınıq-salxaq, orfoqrafik və leksik xətalarla “bəzənmiş” yazılara rast gəlmək adamın ürəyini ağrıdır. Azərbaycan prospektində reklam lövhələri, xidmət obyektlərinin adlarında ticarət, ictimai iaşə və digər xidmət obyektlərinin çəkilmiş fotolarında 61 fotodan cəmi 1-də Azərbaycan dilinə rast gəldik. Qalanlarında ya Azərbaycan dilindən istifadə edilməmiş, ya da sadəcə, bəzilərində “açıqdır”, “endirim” kimi sözlərə yer verilmişdir.
Bu ərazinin hansı xalqa məxsus olduğunu yazılara və dilinə əsasən müəyyən etmək olarmı?!
Bakının İstiqlaliyyət küçəsi və Nizami küçəsindən çəkilmiş 50-dək obyekt və müəssisə adları içərisində cəmi bir dənə ana dilində yazılmış obyekt adına rast gəldik ki, o da hansısa bir zirzəmidə yerləşən (ayaq altına yaxın yazılmış) yeməkxana adı: “Xəmir” idi.
Bu gün Bakı böyüyür, inkişaf edir, gözəlləşir. Bakıda müasir şəhərə lazım olan hər şey var. Uca, göydələn evlər, gözəl istirahət parkları, bulvar, zəngin restoranlar, mağazalar, klinikalar, və s. təkcə ana dilimizə sevgidən başqa!
Şəhərə çıxanda adam özünü vətəndə – Azərbaycanda yox, hansısa bir əcnəbi və ya savadsızlar məskəni olan bir ölkədəki kimi hiss edir. Çünki tək-tük öz dilimizdə yazı varsa, o da mütləq orfoqrafik cəhətdən səhv, kustar üsulla yazılmış, ucuz başa gələn lövhə olur. Dilimiz öz məkanlarımızın sahibi yox, öz yurdunda qonaq qiyafəsində, əcnəbi dillərin qarşısında gözüqıpıq təsiri bağışlayır...Elə bu ürəksıxıcı fikirlər məngənəsində boğulurdum ki, nəhayət, yoldaşlarım gəlib çıxdı... Biz yas yerinə gedirik... Yol boyu düşündükcə qəhər boğazıma tıxanır. Kimə və ya nəyə ağlayacağımı bilmirəm... Ölən insanamı, küçələrdə, reklam və obyekt adlarında can verməkdə olan dilimizəmi?! Gedə-gedə beynimdə ancaq B. Vahabzadənin:
“Bir vaxt rusca idi bütün reklamlar,
İndi ingiliscə dürtülür gözə.
İtin də dilinə hörmətimiz var,
Təkcə öz dilimiz yaramır bizə...” bəndi və bir də M.Füzulinin bu beyti başqa formada saat əqrəbi kimi çıqqıldayaraq dolanmaqdadır:
Təmkini cünunə qılma təbdil;
Ucuz olma, dilinin qədrin bil...