Öləcəyik, cənablar - Aytac Sahəd yazır...

Aytac Sahəd

Aytac Sahəd

9 dekabr 2021
# 09:55

Kulis.az Aytac Sahədin “Öləcəyik, cənablar!” adlı yazısını təqdim edir.

Markesin "Patriarxın payızı" əsərində bir yer var. Deməli, patriarxın özü yox, oxşarı ölür, hər kəs elə bilir ki, patriarx ölüb. Patriarx isə özü öz dəfnində (əslində, onun adı ilə dəfn edilən oxşarının dəfnində) iştirak edir və gördüyü mənzərədən dəhşətə gəlir.

Dünyaya meydan oxuyan bu qəhrəman elə zənn edir ki, o, ölsə, onsuz hər şey başqa cür olacaq. Ancaq o, zənn etdiyinin əksini görür. Görür ki, bir neçə şəxsdən savayı, onun ölümü heç kimin vecinə deyil. Bax, onda patriarx dəli olur, qəbul edə bilmir ki, onun ölümündən sonra da həyat qaldığı yerdən davam edir...

Əslində, bunu nəinki Markesin patriarxı, insanların bir çoxu qəbul etmir. Məsələn, elə siz. Heç ölümünüzü, ölümünüzdən sonra doğmalarınızın sizsiz necə yaşayacağını, həyatın necə olacağını düşünmüsünüzmü? Mən əminliklə deyə bilərəm ki, özünü heç kimə lazım hesab etməyən adam da elə bilir ki, o, öləndən sonra nəsə dəyişəcək. Amma dəyişmir. Həyat qaldığı yerdən davam edir. Bəlkə, ən doğmalar üzülür, bir müddət, ya da lap elə ömürlərinin axırına qədər bu acını hiss edir, amma bu acı ilə yaşamağın yolunu da tapırlar. Əlbəttə, doğmasının itkisinə dözməyib intihar edənlər də var. Mən bunu qəhrəmanlıq hesab eləmirəm, lakin mühakimə etməyə də ixtiyarım yoxdur. Hər kəsin həyatının ixtiyarı öz əlindədir. Bir sözlə, bu istisnaları çıxsaq, əksərən ölənlə ölmürlər. Hamı birtəhər yaşamağın yolunu tapır. Elə sənsiz yaşaya bilmərəm deyənlər də.

Lev Tolstoy "Anna Karenina" romanında Annanı öldürəndən sonra davam edən həyatı göstərməklə annasevərləri Annanı öldürməkdən daha çox incidir. Axı, Anna özünü öldürməklə Vronskiyə dərs vermək istəyirdi. Sanki Tolstoy Annasız həyatı təsvir etməklə ondan ikinci dəfə intiqam alır. Ümumiyyətlə, ədəbiyyatda da, kinoda da belə məqamlar çoxdur. Götürək elə "Ölsəm, bağışla" filmində müharibədən neçə ilə sonra qayıdıb onu ölmüş bilən sevgilisini məzəmmət edən Yusifi. Yusif də qəbul edə bilmirdi ki, sevgilisi onun ölümünü bu qədər tez qəbul edib həyatına qaldığı yerdən davam edir.

Həyatda biz Yusifdən də, Annadan da daha təsirli nümunələr görürük bəzən hətta bunu yaşayırıq da. Yoxluq təkcə ölümlə olmur axı. Bir dəfə bir dostum danışırdı ki, səhərdən axşama qədər işləyib canını qoyduğu işi tərk edəndən sonra elə düşünürmüş ki, işdə onsuz bacara bilməyəcəklər. Beş-altı ay köhnə iş yerindən xəbər almaması onu narahat edir və o, içindəki marağın səsi ilə yollanır elə köhnə iş yerinə. Orda öz yerinə gələn təzə işçini görəndə başa düşür ki, o, işdən çıxandan sonra dünya dağılmayıb. Bir tərəfdən bu həqiqəti anladığı üçün sevinir, bir tərəfdən də, o iş üçün bir işçidən artıq etdikləri üçün pis olur. Hələ bunun insana əmək verib peşman olanı da var. O, daha ağır olmalı.

Bəli, bunu qəbul etmək asan deyil, ancaq qəbul edəndən sonra gətirdiyi rahatlıq duyğusu möhtəşəmdir. Bir yerdə təxminən belə bir cümlə oxumuşdum: "Öləndən sonra nə qədər sürətlə unudulacağınızı bilsəydiniz, başqalarının sevgisini qazanmaq üçün bir dəqiqənizi belə sərf etməzdiniz".

O qədər haqlı və doğru fikirdir ki. Harada başqaları üçün yaşayan, eqosunu bununla təmin edən, sanki hamıya özünü sevdirmək kimi bir məsuliyyəti olduğunu düşünən insan görsəm, bu cümləni qulağına pıçıldamaq istəyirəm. Bəli, cənablar, öləcəyik, hamımız öləcəyik. Uzağı ən yaxınlarımız üç-beş gün ağlayacaq, uzaqlarımız yas mərasimimizdə qeybət qıracaq, məzarımızın üstündə alaq otları bitəcək. Bir sözlə, torpaq olub gedəcəyik. Bunu hamımız bilirik, ancaq bir çoxumuza ölüm o qədər uzaq gəlir ki, doyunca yaşamaq da yadımızdan çıxır. Ən əsası da özümüz üçün yaşamaq yadımızdan çıxır. Biz öləndə isə yaşamadan yaşanan illərə ömür deyib yazırlar başdaşına.

# 3887 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #