O rejissorun hamilə arvadı niyə öldürüldü? - Sevda Sultanova yazır...

Sevda Sultanova

Sevda Sultanova

21 yanvar 2022
# 10:55

Əlixan Rəcəbovun “Sonuncu şam yeməyi” filminin dindarların qəzəbinə tuş gəlməsi, linçlənməsi hadisəsi yadıma dünya kinosunda yaşanmış buna oxşar vəziyyətləri yada saldı. Təbii ki, Rəcəbovun bu istedadsız filmini dünya kinosu nümunələri ilə müqayisə etmirəm. Sadəcə, dindarların filmə münasibəti nəticəsində meydana gəlmiş situasiyanı nəzərdə tuturam. Və daha vacibi, aşağıda qeyd edəcəyim filmlərin müəllifləri əsərlərinə görə kimdənsə üzr istəməyiblər. Çünki peşəkardılar, sənətin mahiyyətini, nə çəkdiklərini və niyə çəkdiklərini bilirdilər.

Dünya kinosunun ikonik filmlərindən biri, danimarkalı rejissor Karl Dreyerin “Janna Darkın iztirabları”nı (1928) katolik kilsəsi küfr sayırdı. Səbəb o idi ki, Janna Dark burda əzabçəkən müqəddəs kimi göstərilir. 1920-ci illərdə Parisin baş yepiskopunun tələbi ilə film ekranlara qısaldılmış versiyada çıxıb.

Federiko Fellininin yaradıcılığının mühüm əsərlərindən biri sayılan “Şirin həyat” (1960) rejissorun sözlərylə desək, həyatın sehrli anlardan ibarət olduğunu göstərir və “sən o anı şirin şərab kimi içmək istəyirsən”. Kilsəni qəzəbləndirən isə İsa Məsihin heykəlinin vertolyotla daşınması, striptiz səhnələriydi. Vatikan filmə yasaq qoymağı tələb etdi və “Şirin həyat” İtaliyada qadağan olundu. Premyera zamanı isə tamaşaçılardan biri Fellininin üzünə tüpürmüşdü. Kannda “Qızıl palma budağı” alan film üzərindən sonralar yasaq götürüldü.

Polyak rejissoru Eji Kavaleroviçin “Mələklərin anası Coanna” (1961) filmində hadisələr XVII əsrdə qadın monastrında baş verir. Monastrın rəhbəri Coanna ananı iblislər rahat buraxmır. Yalnız qurbanvermə aktından sonra qadın xilas olur. Süjetin əsasında real hadisələr dayanır.

Film Polşa katolik kilsəsi tərəfindən dinsiz, allahsız əsər kimi qəbul edilərək, qadağan olunmuş filmlər siyahısına salındı. Rejissor özü isə dindarlar tərəfindən təqiblərə məruz qaldı. Kann festivalında film xüsusi mükafata layiq görülüb.

Roman Polanskinin “Rozmarinin uşağı” (1968) filmində şeytani qüvvələrin fəaliyyəti, final səhnəsində iblisin qələbə çalması kilsənin qəzəbinə tuş gəlmişdi və Vatikan əsəri tənqid eləmişdi. Filmin nümayişindən sonra isə Polanskin hamilə arvadı Şeron Teyt Çarlz Mensonun sektası tərəfindən qətlə yetirilmişdi.

Uilyam Fridkinin “Ekzorsist” (1973) mistik filmində qəhrəmanın çarmıxla masturbasiyası, iblisin gücünün təsviri və s. səhnələr dini qurumların etirazlarına səbəb olmuşdu, onlar istehsalçılardan küfr saydıqları epizodların kəsilməsini tələb etmişdilər.

Kevin Smitin “Doqma” (1999) filmində mələklərin cinsi orqanlarının olmamasının vurğulanması, Allah obrazının müğənni Alanis Morissett tərəfindən ifası inanclı insanları hiddətləndirmişdi. Studiyanın qapısı ağzında filmin yaradıcı heyətinə qarşı etiraz mitinqi təşkil edildi və filmin boykot olunması çağırışları səsləndi. Kevin Smitin cavabı gözlənilməz oldu: o, rejissor kimliyini bildirmədən etirazçılara qoşuldu, kütlənin arasında dayanaraq ünvanına təhqir səslənən plakatları tutdu və başqa ad altında özünə qarşı qəzəbi ifadə edən müsahibə verdi.

İrland rejissoru Piter Mallanın İrlandiya, katolik kilsə tarixinin utancverici səhifələrindən birini təsvir edən “Məcdəlli Məryəmin bacıları” (2002) XX əsrin 60-cı illərin İrlandiyasından danışır. Əsas mövzu “Məcdəlli Məryəm sığınacağı”na yerləşdirilən qadınlara qarşı rahibələrin zorakılığıdır. Vatikan isə kilsə əməkdaşlarının adını ləkələdiyi üçün filmi lənətləmişdi.

“Mən yalançı və riyakaram. Hər şeydən qorxuram. Qadın görəndə onu arzulasam da Tanrı naminə ondan imtina edirəm. Mən oğurluq etmirəm, qan tökmürəm, ona görə yox ki, şirniklənmirəm, ona görə ki, qorxuram. Sənə, bütün dünyaya, Tanrıya qarşı üsyan etmək istəyirəm. Amma qorxuram. Bilmək istəyirsən, anam və atam kimdir? Bilmək istəyirsən, mənim Tanrım kimdir? Qorxu”.

Bu sitat dünya kinosunun usta rejissorlarından Martin Skorsezenin yunan yazıçısı Nikos Kazandzakisin romanı əsasında ekranlaşdırdığı “İsa Məsihin son tamahı” (1988) dramındandır.

Filmdə İsa romalıların hakimiyyətinə qarşı çıxanlar üçün çarmıx hazırlayır, aşıq olduğu Məcdəlli Məryəmin müştərilərlə intim münasibətlərini müşahidə edir və əsərdə İudanın tam müsbət obrazı verilir və.s.

Filmə görə rejissora qarşı etiraz aksiyaları keçirilib, radikal xristianlar bəzi kinoteatrlardan filmin surətini oğurlayıblar. Bir neçə xristian təşkilatı filmin istehsalçısı Universal kompaniyasından neqativləri almağa cəhd göstərib. Onlarda qəzəb doğuran məqamlardan biri də mənfi rollar ifaçısı kimi tanınan Uillem Defonun İsa Məsihin rolunu oynaması idi.

# 3211 dəfə oxunub

Oxşar xəbərlər

"Hazır sistemi ələ keçirirlər, ancaq idarə edə bilmirlər" - Yalçın İslamzadə

"Hazır sistemi ələ keçirirlər, ancaq idarə edə bilmirlər" - Yalçın İslamzadə

09:20 2 iyul 2025
Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

09:00 2 iyul 2025
İTV Kənan MM-in layihəsini niyə qəbul etməyib? - Sevda Sultanova

İTV Kənan MM-in layihəsini niyə qəbul etməyib? - Sevda Sultanova

17:51 1 iyul 2025
Türkiyədə yaşayan azərbaycanlı rəssam dünyasını dəyişib

Türkiyədə yaşayan azərbaycanlı rəssam dünyasını dəyişib

17:33 1 iyul 2025
Rəsmi Bakıdan Şvıdkoya cavab

Rəsmi Bakıdan Şvıdkoya cavab

17:14 1 iyul 2025
175 ildir dəyişməyən siyasət - Çarın Şuşa həbsxanasına yarıçılpaq atdığı qadın kim idi?

175 ildir dəyişməyən siyasət - Çarın Şuşa həbsxanasına yarıçılpaq atdığı qadın kim idi?

16:42 1 iyul 2025
#
#
# # #