Mövludun intihardan əvvəl yazdığı o mesaj

Mövlud Mövlud, yazar

Mövlud Mövlud, yazar

16 dekabr 2021
# 15:12

Kulis.az Orxan Cuvarlının “Susuzluqdan qırılanlar” yazısını təqdim edir.

"Göy siçan, mənə su ver, yoxsa susuzluqdan qırılacağıq”.

Ayxan Ayvazın Nərmin Kamalla müsahibəsində olan bu cümləni oxuduğum andan ürəyim sıxıldı, canıma üşütmə gəldi.

Mərhum yazar Mövlud Mövludun hisslər bəslədiyi Nərmin Kamala son mesajıdır.

Mən Mövludun intihar xəbərini eşidəndə Antalyada idim.

Dərsdə xəbəri oxuyanda əlim-ayağım buz kəsdi, xəbər lentini yenilədim, cümlələrə təkrar-təkrar baxdım. Axı adam belə xəbərlərə inanmaq istəmir.

Mövludu qiyabi tanısam da, erkən yaşlarından ədəbi mühitdə olduğundan xəbərdar idim. Həmin an oxuduğum bir neçə cümlə onun 27 illik həyatının sonluğu idi və mən ən çox buna kədərlənirdim.

O cümlələrdən biri heç yadımdan çıxmır: “Mühafizəçilər onun nəşi aparıldıqdan sonra cibindən düşmüş 55 qəpiyi, alışqanı və açarı götürüb, gözətçi budkasına təhvil veriblər”. 55 qəpik məni güllə kimi dəlib keçdi. O vaxtdan 50 qəpiklik görəndə duruxuram, susuram.

Daha sonra sosial şəbəkələrə baxdım, yaxınlarının paylaşımları, hadisə yerindən şəkillər qəbul etmək istəmədiyim bu xəbərin həqiqiliyi barədə şübhə yeri qoymadı.

Həmin şəkillərdən birini hələ də xatırlayıram. Mövlud intihar etməmişdən qabaq kirayə yaşadığı mənzilin qapısına kağızdan hazırlanmış ürək fiquru yapışdırmışdı. Bayaq oxuduğum cümlələrdən sonra bu şəkillər də içimdən sazaq kimi keçdi.

Sonralar da Mövlud barədə az yazılmadı. Xalq yazıçısı Kamal Abdulla onun intiharı haqqında "On yeddi mərtəbə bəlkə də on yeddi saniyə deməkdir" kimi kədərli bir cümlə işlətmişdi.

Elnur Astanbəylinin bu üsyankar misraları hələ də yadımdan çıxmır:

"Adam da o hündürrükdən

Hoppanarmı, gözü dönmüş..."

Sonralar Mövludun azsaylı hekayələrindən biri olan "Qara bayram"ı oxudum.

Təkcə bu hekayə onun yazıçı imkanlarını açmağa bəs edir. Bu hekayənin texniki parametrləri, dili, üslubu ilə tanış olanda Mövludun ədəbiyyatımızın gələcəyi adına ciddi itki olduğunu anlamışdım.

Mən indi Mövludun intihar etdiyi yaşdayam. Həyata bu yaşın eynəkləri arxasından baxanda intihar etmək dəlisovluq kimi görünür.

Amma mən Mövludun içində qopan tufanları, üzləşdiyi haqsızlıqları təsəvvür etməyə çalışıram.

Kim bilir, o bu addımı neçə dəfə ölçüb-biçmişdi, onu o binanın on yeddinci mərtəbəsinə hansı ruhi çək-çevirlər çıxarmışdı?

Dəqiq bildiyim isə hələ də göy siçanların adda-budda göründüyüdür. Arabir biz də onlar kimi başımızı çıxarıb bir udum su istəyirik.

İndi ədəbiyyat ucsuz-bucaqsız bir səhraya bənzəyir.

İndi burada bir vahə tapmaq hər oğulun işi deyil.

# 9291 dəfə oxunub

Oxşar xəbərlər

"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

18:46 6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

16:27 6 noyabr 2026
“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

15:58 6 noyabr 2026
Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər