Mirzə Cəlilin şəpitlərini geyinən kişi, müxbirimizi pərt edən uşaq – Heç kimin ölmədiyi qəbiristanlıqdan reportaj 

I Fəxri Xiyaban

I Fəxri Xiyaban

8 dekabr 2021
# 09:00

Kulis.az Vüqar Babazadənin Fəxri Xiyabandan reportajını təqdim edir.

Fəxri Xiyaban...

İçəri ilk addımımı atmağımla, istər-istəməz özümü yığışdırıram. Bu təxminən ona bənzəyir ki, hörmət etdiyin adamın yanında, pencəyinin düymələrini vurursan. "Xiyaban" sözünün özü belə insanı vəcdə gətirir.

Zəruri haşiyəyə çıxmaq istəyirəm. Laçın vaxtlarımda bir şeir kitabı çap etmək istəyirdim. Ortada şeir-meir yox idi, amma qeybanədən bir səs mənə demişdi ki, kitabın adını “ümid xiyabanı” qoyarsan. Sonradan yaxşı oldu ki, elə şeylərin başını buraxıb, şeir-zad yazmadım. Amma, adamın allahı var, ad qəşəng addır. Gənc şairlərdən kim götürmək istəsə, halal xoşu.

Burda elə bir atmosfer var ki, həm qürur duyursan, həm yaşadığın, var olduğun üçün utanırsan. Necə deyərlər, xəcalət çəkirsən. İnsan necə yaşadığı üçün utanar?

İçəri daxil olarkən gözə sataşan ilk heykəl Rəşid Behbudovun heykəli olur. Böyük hərflərlə yazılıb. Rəşid Məcid oğlu Behbudov.
Rəşid Məcid hissəsini görən kimi, elə bildim, iraq-iraq, allah eləməsin bu qəbir Rəşad Məcidindir. Məni tok vurdu ki, ay dili-bidad Rəşad Məcid haçan getdi? Sonradan Rəşidi gördüm, ürəyim sakitləşdi.
O, əllərini açaraq məğrur duruşu ilə dayanmışdı. Sanki indicə bu daş heykəl canlanacaq və birdən oxumağa başlayacaq.

"Gedər, ay qız, bu gözəllik,
Sənə də qalmaz..."

Vaqif Səmədoğlunun qeyri-adi məzarı insanı bərk darıxdırır və kədərləndirir. Misralarını məzarına yazıb, yanına bir cüt ayaqqabı qoyublar. Ayaqqabılar çox xoşuma gəldi. Əynimdəki ayaqqabılar köhnəlmişdi, fikirləşmişdim ki maaşda özümə təzəsini alaram, maaşı da üç-dörd günə yedim. Bu ay da imkanım olmadı.

İstədim ki, bu gözəl qara ayaqqabıları geyinib, gedim. Reportaj yazmağa gəldiyim yerdən, bir dənə ayaqqabı qabağa düşüm. Amma əl vuranda gördüm ki, ayaqqabılar daşdandır. Başa düşdüm ki, bu ayaqqabılar daşdan yox, həqiqi ayaqqabı olsaydı, onları çoxdan oğurlayıb aparmışdılar.


Cəlil Məmmədquluzadənin məzarının önünə gələndə isə bir cüt hamam şəpiti gördüm. Elə bildim ki, bunlar da Mirzə Cəlilin şəpitləridir. Çox təsirlənib, onları əlimə götürdüm. Bu anda gördüm ki, xiyabanın yaşıllaşdırma işçilərindən biri qaça-qaça gəlir. Yanıma çatanda dedi ki, “ay qardaş, neynirsən, bunlar mənim şəpitlərimdir. Ayağımı yumağa getmişdim. Ver görüm bura!”. Onun şəpitlərini geri qaytarıb yoluma davam etdim.

Gəzə-gəzə gəlib çıxdım xiyabanın Xalq artistləri olan tərəfə. Bu tərəfdə balaca bir uşaqla anası və mənim yaşlarımda olan iki xanım vardı. Mən yalandan üzümə ziyalı sifəti verib, özümü elə aparırdım ki, guya həftə səkkiz mən doqquz xiyabandayam. Azərbaycanın ən görkəmli adamlarını unutmuram, onları hər gün ziyarət edirəm. Hətta qıraqdan baxan olsa, elə bilərdi ki, mən burda kiminsə nəvəsiyəm. Bu anda balaca uşaq mənə yaxınlaşıb soruşdu:

- Əmi, bu kimdir? Nəyə baxırsan?

Açığı, kimin qəbrinin yanında dayandığımı bilmirdim. Sadəcə özümü qızlara göstərməyə çalışırdım. Bu sualı qızlar da eşidib, mənim cavabımı gözləyirdilər. İstədim deyəm ki, “ay bala, sənin fəxri xiyaban yaşındı? Get planşetində oyun oyna da!”. Amma bunu desəydim qızların gözündən düşəcəkdim. Ona görə də ziyalı ədamı pozmadan qəbirin üstünə baxdım.

Gördüm ki, qəbirin üstündə ad yoxdur, ancaq doğum tarixi var. Hər kəs gərginləşib, mənim cavabımı gözləyirdi. Bu anda baş redaktorumdan zəng gəldi. İlk dəfə idi ki, onun zəngini görüb sevindim. Ağlıma gəlməzdi ki, baş redaktorumun zəngindən belə xoşbəxt ola bilərəm. Telefonu açıb “alo” demişdim ki, dəstəyin o biri tərəfindən üstümə qışqırdı:

- Hansı cəhənnəmdə qaldın?! Tez ol gəl çıx daha!

Bir az onunla danışıb yeriyə-yeriyə oradan uzaqlaşdım.


Bir az irəlidə yaşıllaşdırma təsərrüfat birliyinin yaşlı işçiləri gözümə dəydi. Onlar ağacları suvarır, otları səliqəyə salırdılar. Birini qırmağıma keçirib, soruşdum:

- Fəxri xiyabanda işləmək necə hissdir?

Sualından karıxmış işçi cavab verdi:

- Nə hiss ay, oğul? Görmürsən, bir tikə çörəyimi qazanıram.

- Necə yəni? Şair, yazıçıların qəbirlərini təmizləmək gözəl iş olmalıdır axı”.

- Əşi yeri get burdan, sən Allah. – deyib çox yerində, dəqiq bir cavabla payımı verdi.
Ümumiyyətlə, səhərdən burada ancaq utanıb, yerə girməkdən başqa bir iş görmürəm. Ortada reportaj filan da yoxdur.

Bu anda bir tanışımdan mesaj gəldi. Mesajı açıb gördüm ki, bu tanışım yüz manat borc istəyir. Təmiz dilxor oldum. Mesaja girib cavab vermədim. Amma bildim ki, bundan qaça bilməyəcəyəm, gec-tez onunla üzləşməliyəm.

Fikrət Qocanın məzarını görəndə ürəyim sıxıldı. Xüsusilə onun hələ başdaşı qoyulmayan hissəsinə bərk kədərləndim. Eeh, ay Qoca. Payız gəldi də, getdi də. Sən də getdin, yağışlar da yağdı...
Onun məzarının yanında bir pişik oturmuşdu. Pişiyi bir az sığallayıb, cod tüklərini oxşadım.

O qədər gəzmişdim ki, yorulub əldən düşmüşdüm. Oturub, hər şeyin başını buraxıb, ləzzətlə bir siqaret çəkmək istəyirdim. Yavaş-yavaş aşağı düşüb, xiyabanı tərk etdim.

# 2615 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
#
#
# # #