Mən tələsmirəm - Fəxri Uğurlu yazır...

Fəxri Uğurlu, yazıçı-tənqidçi

Fəxri Uğurlu, yazıçı-tənqidçi

18 oktyabr 2022
# 13:20

Kulis.az Fəxri Uğurlunun "Dünya poeziyasının qızıl fonduna layiq bir şeir haqqında" adlı yeni yazısını təqdim edir.

Səməd Vurğun “Mən tələsmirəm” şeirini 1954-cü ildə yazıb. Onda şair ölümcül xəstəliyə mübtəla olduğunu hələ bilmirdi, xərçəng özünü hələ büruzə verməmişdi. Verməsə də, o özünün misilsiz fəhmiylə fələyin qara siyahısına düşdüyünü duymuşdu. Duymasaydı, belə bir şeir də yaranmazdı.

“Mən tələsmirəm” şeiri nirvana ovqatında yazılıb. Təsadüfə bax ki, 1955-ci ilin oktyabr ayında şairin Vyetnama səfərini yarımçıq qoyan xəstəliyi onun səmtini daosizmin, çan-buddizmin vətəni Çinə salmışdı. Daonun, Buddanın ruhu kosmik dinclik arzusunda olan şairi əbədi rahatlığa uğurlamaq üçün dərgahına çağırmışdı.

Zamanın sahilinə çıxmaq, həyata uzaq bir gözətçi məntəqəsindən seyirçi nəzəriylə baxmaq, ömrün axışını dayandırmaq, sükunət nöqtəsində Budda səbriylə bardaş qurmaq - “Mən tələsmirəm” şeirində yorğun Səməd Vurğunun can atdığı məqam budur. Bu məqama yetişəndə insan doğrudan da heç yana, heç yerə tələsmir, əbədiyyət deyilən bir anın sonsuz dərinliyinə baş vurub, həyatın mənasız qaçdı-qovdusunu, sonu puç olan ehtirasların öləziyən közərtisini, irili-xırdalı hər canlının bağrını yaran qorxuların yalançı atəşfəşanlığını mərhəmətli bir təbəssümlə, sevincə bükülü kədərlə izləyir.

“Mən tələsmirəm” şairin dünyanın ətəyindən sallaşıb vaxtın əqrəblərini əyləmək (illər sonra Səmədin Vaqif oğlu belə yazacaq: “Saxlayın yer kürəsini, mən düşmək istəyirəm...”), məşhur bir mahnıda deyildiyi kimi, fələyin təkərinə çomaq soxmaq cəhdidir. Bu, Mefistofelin Fausta vəd elədiyi o bir anı - bir müqəddəs, bir ali, bir misilsiz anı əbədiyyətə köçürmək cəhdidir:

Uzadaq ömrünü hər bir anın da,
Yel kimi keçməsin vaxt üstümüzdən...

Qədim Çin müdriki Lao Tzunun yaratdığı Dao təlimindən təqribən bir əsr sonra onun hind qiyafəsinə bürünmüş versiyası - buddizm fəlsəfəsi ölkəyə ayaq açdı. Özünü ali irq sayan çin xalqı yuxarıdan aşağı baxdığı hind qövmünün mənəvi məhsulu olan bir təlimi müqavimətlə qarşıladı. Onda buddist rahiblər belə bir əfsanə uydurdular: guya Dao kitablarını gömrükçülərə verib tərki-dünya olandan sonra gedib Hindistana çıxıbmış, orada öz məktəbini yaradıbmış, Budda deyilən peyğəmbər də bir özgəsi deyil, elə o məktəbin yetirməsidir.

Hər iki təlimin başlıca hədəfi əksliklərin vəhdətini aradan qaldırıb sükunət nöqtəsini tapmaqdır. Daosizm, ondan da ötə buddizm dünya fikir tarixində zahidliyin zirvəsidir.

Koordinat xəttini gözümüzün önünə gətirək: sıfır nöqtəsini nirvana, sükunət məqamına bənzətsək, ondan sağda müsbət rəqəmlər (müsbət emosiyalar, ehtiraslar), ondan solda mənfi rəqəmlər (mənfi emosiyalar, qorxular) sıralanır. Müsbət rəqəmlər özlərinin mənfi variantlarını doğurduğu kimi, müsbət emosiyalar da mənfi emosiyaları - ehtiraslar qorxuları doğurur (yaxud da tərsinə). Balzak da “Şaqren dərisi” romanında magik əşyalar satan müdrik qocanın dilindən deyirdi ki, bizim ağrı-acılarımız həddini aşmış ehtiraslarımızdan başqa bir şey deyil.

Demirəm məst olub dünyadan keçək,
Deyirəm mehriban düşüncələrin
İsti qucağında qızınaq bir az...

Kədər sevincin, qəm şadlığın astar üzüdür, biri o birindən törəyir, birini cilovlasan o biri də aradan qalxacaq - necə ki, hər bir rəqəmi öz mənfisiylə toplayanda nəticə sıfır eləyir. Dao da, Budda da insanı koordinat xəttinin hər iki ucqarından sıfır nöqtəsinə, sakitlik, rahatlıq məqamına, arxayınlıq məbədinə çağırır. Səməd Vurğun adını çəkdiyim təlimlərlə bəlkə də maraqlanmayıb, bununla belə onun böyük ilhamı yel atının qanadlarında şairi ali həqiqətlərlə müjdələyib:

Sellərdən, sulardan yeyin axsam da,
Şimşəklə yanaşı göydə çaxsam da,
Nə şadlıq səyirtsin atını, nə qəm,
Heç yana, heç yerə mən tələsmirəm!

Ziqmund Freyd “Ləzzət prinsipinin astar üzü” adlı traktatında yazırdı ki, həzz almağa dartınan canlı orqanizm şüursuz şəkildə öz ölümünə can atır, çünki istənilən həzzin son həddi o həzzin, ləzzətin öldürülməsinə aparıb çıxarır. Başqa misallar çəkmək istəmirəm, həddindən artıq yeyən adamın yeməkdən iyrənməsi, peşmanlıq hissi keçirməsi uşağa da, böyüyə də tanış haldır. Ehtirasları doyurmaqla, nəfsi razı salmaqla xoşbəxtliyə çatmaq istəyi illüziyadır, xam xəyaldır. Bütün dünyanı öz tamahına yedirtsən belə o xoşbəxtlik gəlib çıxmayacaq, necə ki, Səməd Vurğun gəldi-gedər duyğulardan ilham ala bilmir:

Ürək tərpənməyir ötərgi səsdən,
Nə çıxar bir anlıq yanan həvəsdən?..

Zaman, məkan, hərəkət - insan bu “Bermud üçbucağı”nda əsir-yesirdir, dustaqdır. Tələskənlik, qaçhaqaç, qovhaqov bəşər övladını fələk arabasına, şeytan fəhləsinə döndərib. İnsan özünə dalmağa, təbiətlə ünsiyyətə hər saat macal tapmır, sivilizasiya onun taleyinə özü sərəncam verir. Bizi gerçəkdən xoşbəxt eləyəsi anların yanından çox vaxt yel kimi ötüb keçirik, sonra ha soraqlasaq da, həmin anları tapmırıq:

Sən də, ovçu dostum, tələsmə sən də,
Bu qəlbi dağları qoy asta aşaq.
O çay yanındakı yaşıl çəməndə
Asta addımlayıb ağır dolaşaq.
Hər gülə, çiçəyə salam verməsəm,
Xoş üz göstərməsəm, xoş üz görməsəm,
Nanələr, reyhanlar inciyər məndən,
Güllərin yarpağı tökülər dən-dən...
Odur ki, yel olub çöldə əsmirəm,
Heç yana, heç yerə mən tələsmirəm!

Şair təbiətli, poetik təfəkkürlü insan üçün buddistlərin nirvana, stoiklərin apatiya, epikürçülərin ataraksiya adlandırdığı ideal vəziyyət - ruhun sükunət halı həm kamilliyin, həm də xoşbəxtliyin zirvəsidir. Gözündən maya örtüyünü götürən kamil fərd baxışıyla kainatı dəyişir, dünyanı, təbiəti də öz halına salmağa, öz məqamına gətirməyə çalışır:

Bulud tez keçməsin başımın üstdən,
Çay da yavaş axsın... sular boyunca
Baxım hər zərrəyə, baxım doyunca...

İnsanın ali ruhani dincliyə, ali sükunətə can atması, zamanı tutub saxlamağa çalışması çox təbiidir, çünki zaman insanın, nəinki insanın, yer üzündə canlı-cansız nə varsa hamısının qatilidir. Odur ki, bəşər övladı şüurunu işə saldığı ilk gündən zamanın əli çatmayan, fələyin hökmü yetməyən bir məqama çəkilməyi arzulayıb:

Qoy dünya böyüsün, zaman uzansın,
Bir günün ərzində aylarla yansın
Al günəş gözündən nur yağa-yağa...

Bir buddist rahibdən soruşurlar: “Nirvanaya çatandan sonra Buddanın aqibəti necə oldu?” Rahib cavab verir: “Bu, ona bənzəyir ki, şam sönəndən sonra onun alovunun hara qeyb olduğunu soruşasan...”

Təkamül özü də dincliyə can atır, öz odunda bişən, öz soyuğunda donan kainat özü də rahatlıq axtarır.

Əgər bir arı bir quşdan, bir quş bir atdan, bir at da bir adamdan qat-qat sürətli hərəkət eləyirsə, demək, təkamülün səmti sükunətə doğrudur.

Bir qarışqa bir fildən, bir fil də bir adamdan qat-qat güclüdürsə, demək, varlığın yönü ən böyük güc olan gücsüzlüyə sarıdır.

Bir sərçə bir aslandan, bir aslan da adamdan qat-qat çox yeyirsə, demək, inkişafın ən yuxarı pilləsində insanı gözütox, saf, doyumlu aclıq gözləyir.

Bir kəpənək bir qarğadan, bir qarğa bir qurddan, bir qurd da bir adamdan qat-qat çox yaşayırsa, demək, ölümlü həyatın yönü həyat dolu bir ölümə doğrudur.

İnsan əbədi, ölümsüz, ağrısız bir dünya arzulamaqda haqlıdır. Hələlik elm bu bəşəri diləkləri tam gerçəkləşdirə bilməsə də, poeziya, fəlsəfə insanın dünyadan, təbiətdən asılılığını azaltmaq, ruhani azadlığa can atan fərdə mikromühit yaratmaq uğrunda əlindən gələni əsirgəmir. Səməd Vurğunun dünya poeziyasının qızıl fonduna salınmağa layiq “Mən tələsmirəm” şeiri də bu yöndə ən parlaq, ən gözəl, ən səmimi cəhdlərdən biridir:

Qoy uzansın gecə, geciksin səhər,
Yuxuya getməsin məclisdəkilər -
Mənim söhbətimdən yorulmaq olmaz...

Əlahəzrət Tarix, bəşəri təcrübə min yol sübuta yetirib ki, şairlərin diləyi gec-tez çin çıxır. Dirilik suyuna təşnə Səməd Vurğunun əbədi həyat arzusu da bir gün elmin qüdrətiylə gerçək olacaq. Bəlkə o həyat çeşməsindən şairin də payına bir damla düşəcək. Bu xəyalları mənə ədalət hissi diktə eləyir - əlbəttə, sinəsi dolu, qəlbi işıqlı, yaşamaq eşqi coşub-daşan bir şairin cavan yaşında Əzrayılın toruna düşməsi həyatın böyük ədalətsizliyidir. Şeirin son misraları da bilmirsən zalım fələyə yalvarışdırmı, yoxsa qələmə sərəncam verməkdir. Hər nədirsə, zamana, ölümə, ölümlü həyata üsyan, xam at kimi baş götürüb gedən zamanı cilovlamaq cəhdidir:

Ömrün kitabını tamamlamağa
Çox da can atmasın əlimdə qələm,
Mən tələsmirəm,
Mən tələsmirəm!

/yeniazerbaycan.com/

# 2240 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #