Mən necə dəli oldum? - Vüqar yazır...

Vüqar Babazadə, yazar

Vüqar Babazadə, yazar

14 iyul 2022
# 12:40

Kulis.az Vüqar Babazadənin “Dəlilik ətrafında” adlı yazısını təqdim edir.

Bir gün yasda qoca kişi molladan soruşur:
– Ay molla, qüsul necə alınır?
Molla cavab verir:
– Bunu ən yaxşısı gəl sənə hərəkətlərlə göstərim ki, yadından çıxmasın. Çadırın ortasına təşrif buyur, qoy hər kəs görsün, bilməyənlər də sənə baxıb öyrənsinlər.
Kişi gəlir çadırın düz ortasına. Molla ona deyir:
– Əllərini qaldır yuxarı, gətir başının ortasında birləşdir. Bu hərəkəti bir neçə dəfə təkrar elə.
Kişi mollanın dediyi kimi edir. Bir də görür ki, yasdakı adamlar buna gülürlər. Molla da bunu aldadıbmış. Sən demə, ona göstərdiyi hərəkət “kül sənin kişi başına” hərəkəti imiş. Yəni ki, bu yaşa qədər qüsul almağı bilmirsənsə, kül sənin başına, bundan sonra öyrənməyə heç gərək yoxdur.

Hikmətli məsəl


Mən, deyəsən, dəli olmuşam. Əgər bu yazını həqiqi dəlilərdən kimsə oxuyarsa, mənə desin ki, dəliliyin ilk qığılcımları nələrdir? Baş gicəllənməsi, ürək bulanması, hər şeyə tez əsəbiləşmə, qeybdən cürbəcür səslər eşitmək və s. Özümə görə həddindən artıq narahatam.

Necə dəli olduğumu başa düşməyimin tarixçəsini sizə izah etməyə çalışacağam.

Deməli, mən necə dəli oldum? (Yeri gəlmişkən, Martin Pajın – “Mən necə idiot oldum” əsərini oxumağınızı da tövsiyə edirəm. Hətta kitabı mən korrektə etmişəm. Yəni hərf səhvlərini düzəltmişəm. Kitabın ikinci səhifəsində, solda balaca hərflərlə yazılıb: Korrektor – Vüqar Babazadə)

1-ci hadisə

Bu yaxınlarda avtobusda idim. Baku Bus-da. O avtobuslar da, yəqin ki, hamı bilir, bütün dayanacaqlarda saxlayır. Ola bilər ki, hansısa dayanacaqda saxlamasın, onda da təpiklə-filan saxlatdırırlar. Dayanacağa çatanda bir oğlan qapının yanında dayanmışdı. Avtobus artıq sağa verib saxlayırdı ki, oğlan dedi:

– Astanovkada saxlayarsan da.

O, bunu niyə dedi bilmirəm. Amma mən bu sözdən sonra bir az dəli oldum.

2-ci hadisə

Axşam manatlıq taksidə evə gedirdim. Sürücü cavan oğlan idi. Onun haqqında bir az danışsam pis olmaz.

Qara saçlı, çolkalı, küt baxışları vardı. Makasin geyinmişdi, özünü qəribə aparırdı. (Ümumiyyətlə, manatlıq taksidən istifadə edən adamlara bir məsləhət verim. Çalışın cavan, vid-fasonundan “oğru yolu” tökülən adamların maşınına minməyin. Həm çox bərk sürürlər, həm də adamın başına min dənə oyun aça bilərlər. Qərəz, yaşlı day-daylarla gedib-gəlin)

Maşına oturan kimi peşman oldum. Arxada məndən başqa iki oğlan var idi. Qabaqda isə bir qız oturmuşdu. Maşına minəndə dedim ki:
– Qaqa 20 manata xırdan olacaq? (elə belə də dedim)
O çönüb mənə nə cavab versə yaxşıdır? Həyasızlığın, bəlkə də, nə bilim hansı səviyyəsidir. Çönüb mənə irişə-irişə dedi ki:
– 20 manat xırdadı da, qaqaşş.

Mən onun sifətinə baxdım. Onun başının yuxarısını kəsib içinə baxsan, görərsən ki, içi bom-boşdur. Başının içində nazik bir ip var. Bu ip onun qulaqlarını yuxarıda saxlayır, vəssalam. (Buranı Seymur Baycanın bir yazısından oğurlamışam. O, naqil yazmışdı, mən ip yazdım)

Lənət şeytana deyib, oturdum maşına. İndi bu oğlan özünü elə aparır ki, guya Taksi filmindəki Danieldir (Sami Naseri). Tez-tez “skorus” dəyişir, nə bilim qəribə-qəribə mahnılar qoyur. Özü də saatda 120 km/s-zad gedirik. Bu da özünü qabaqda oturan qıza göstərir. Telefonu gah yalandan qulağına qoyur, gah əsəbiləşir atır, gah hansısa maşın sürücüsünə əsəbiləşir, gah mahnıya tam səs xod verir. Belə bir vəziyyətdir. Elə bilir ki, hər kəsi düşürdəndən sonra qız buna deyəcək:

– Oy da, sən nə gözəl manatlıq taksi şoferisən? Mən bir manata ömrümdə belə gözəl hisslər keçirməmişdim. Sən qəhrəmansan. Necə bərkdən sürürdün maşını, mahnılara necə xod verirdin, vay-vay-vay. Mən, deyəsən, səni sevirəm.

Qərəz, ən tez mən düşəcəkdim. Gəldim düşən yerdə məlum oldu ki, bunun xırdası yoxdur. Deyirəm ki, ay qaqaş, mən sənə dedim axı, xırdan var? İndi bu çölü-biyabanda mən sənə hardan bir manat tapım?

Bu mənə nə desə yaxşıdır? Hirsimdən əməlli-başlı dəli oldum. Dedi ki:

– Qaqaş, yoxdu, qoy qalıb da. Sənin bir manatına qalmamışam ki.

Vay-vay-vay. Axırda xırdalayıb gətirdim bir manatını verdim, rədd olub getdi.

Amma mən artıq dəli olmuşdum.

***

Çağın xəstəliyi hər kəsin hər şeyi bilməyidir. Misalçün, mən sovet dövründə nəsə yazsaydım Əlinin, Vəlinin və yaxud Pirvəlinin mənim haqqımda nə danışdıqlarını bilməyəcəkdim. Amma açırsan sosial medianı tanımadığın bir adam başlayır ki, Vüqar səviyyəsizdir, Vüqar psevdo-intellektualdır-filan. Bu cür şeylər də adamı bir az dəli edir.

***

Acun Ilıcalının keçmiş arvadı Şeyma Subaşı öz kitabında yazır ki, mənim 3 milyon izləyicim olmasına baxmayın, başqa 3 milyon da gizli-gizli izləyir. İndi Şeymanın sözü olmasın, yazılarımı gizli-gizli oxuyan adamlar, zəhmət olmasa gizli-gizli oxumasınlar.

Hazırda Feysbukda 390 izləyicim var. Gəlin əl-ələ verib, onu 1000 edək. Şöhrətin zirvələrini yavaş-yavaş dırmanım. Gedib zir-zibili izləyirsiz. Bunu indidən belə edirəm ki, bir kütləm olsun, sabah biri gün roman çıxaracam, onu sizə sata bilim.

# 2620 dəfə oxunub

Oxşar xəbərlər

Elza Seyidcahan:  “Şeirlərim dərsliklərə düşür, kitablarım hamısı alınıb”

Elza Seyidcahan: “Şeirlərim dərsliklərə düşür, kitablarım hamısı alınıb”

12:23 22 noyabr 2024
Cennifer Lopesin yeni sevgilisi

Cennifer Lopesin yeni sevgilisi

10:53 22 noyabr 2024
Tanınmış xanəndə vəfat etdi

Tanınmış xanəndə vəfat etdi

10:10 22 noyabr 2024
Bu televiziya kanalları ilə bağlı tədbir görüldü

Bu televiziya kanalları ilə bağlı tədbir görüldü

09:27 22 noyabr 2024
Daha bir serial final edir

Daha bir serial final edir

09:19 22 noyabr 2024
"Vətəndaş A"nın səs rejissoru:  "Çıxarılan o səhnələrə rejissora etiraz edəcək qədər heyfim gəlir" - Müsahibə

"Vətəndaş A"nın səs rejissoru: "Çıxarılan o səhnələrə rejissora etiraz edəcək qədər heyfim gəlir" - Müsahibə

09:00 22 noyabr 2024
#
#
# # #