Kül o kişinin başına ki...

Kül o kişinin başına ki...
1 dekabr 2021
# 14:20

Kulis.az Vüqar Babazadənin "Bir gəncin manifesti" adlı yazısını təqdim edir.

Hava yağışlı, qanım qara, vaxtım da az olduğu üçün yazıya birbaşa, müqəddiməsiz filansız daxil olacağam. Üstəlik baş redaktorum da az qala başımdan tutub, silkələyə-silkələyə deyir ki, “material gətir, yazı yaz, işləmirsən...”. Həyat çox çətindir, dostlar. Üstəlik 21 yaşınız varsa və bir qısmat çörəkpulu qazanmaq məcburiyyətindəsizsə...

Təcrübə hər zaman pis-yaxşı paylaşılmalıdır deyə düşünürəm. Bunun üçün də bu gün sizə qızların özlərini hesab gəldikdən sonra sudurqa tutan adamlar kimi aparmalarını, hesabı həmişə kişi cinsinə mənsub olan adamların ödəməsindən danışacağam.

Qafqaz elə bir yerdir ki, burda daş dövründən bəri patriarxal cəmiyyət mövcuddur. Bəzən fikirləşirəm ki, hətta ibtidai icma quruluşu vaxtlarından bəri heç nə dəyişməyib. Qafqazda yaşayan ilk Homo-sapiens kişilər səhər mağaradan çıxıb, mamont filan ovlamağa gedirmişlər. Qadınlar da boş-bekar qalırmışlar. Boş-bekar qalan qadınlar danışmağı, qeybət etməyi, kişinin beynini xaraba eləməyi kəşf edirlər. Üstəlik, onlara deyəndə ki, “mən bu gün bir dənə mamont ovlamışam, bəs sən neynəmisən?” Qayıdıb deyəcək ki, “gözün çıxsın, neynəyəcəm, odu-alovu filan gözləmişəm, mağaranı silib-süpürmüşəm”. İlahi, heç nə dəyişməyib. Heç nə. Köhnə hamam, köhnə tas.

Kişi ta qədimdən böyük qüvvə olub. Xüsusən Qafqaz xalqları arasında. Hamımızın bildiyi, daim bizə misal çəkilən bir hekayə var. İmkan düşüb, bunu tez-bazar tirajlayım. Ona görə tez-bazar ki, baş redaktorum getdikcə hirslənir.

Bu hekayə Şeyx Şamillə bağlıdır. Belə deyirlər ki, Şeyx Şamil çadıra girəndə, əvvəlcə anası, sonra həyat yoldaşı, bir sözlə çadırda nə qədər qadın varsa, ayağa dururmuş. Guya kişi gərək Şeyx Şamil kimi olsun. İçəri girəndə bütün qadın xeylaxları onu görüb ayağa dursun. Hətta bir dəfə molla mənə məsləhət gördü ki, evlənəndən sonra ilk gün sənə yoldaşın çay gətirsə, yalandan çayı dağıt, götür stəkanı vur divara. Özünü bir az kontuziyalı apar ki, səndən qorxsunlar. Qərəz, bu söhbətləri daha uzatmayacağam, nə Şeyx Şamilgilin hələ çadır təfəkküründə olmasından, nə mənim niyə molla yanına getməyimdən danışacağam.

Bunları ona görə yazdım ki, bizdə bineyi-qədimdən yaranan çadır təfəkkürlü fikirlər və bizə uşaqlıqdan yeridilən “kişi” anlayışı bu söhbətlərin kökündə durur. Düzdür mənim atam-anam heç vaxt deməyib ki, “ay bala, qızla haradasa oturanda hesabı həmişə sən verərsən”.

Bu fikir ona görə formalaşıb ki, kişi həmişə qazanıb-gətirən olmalıdır. Mənim rəhmətlik nənəm həmişə deyərdi ki, “kişi gərək qapını ayağı ilə açsın. Kül o kişinin başına ki, qapını ayağı ilə açmır”. Mən bu söhbəti illərlə yanlış anlayıb, bir müddət qapını ayağımla açmağa çalışdım. Karateyə-tekvondoya getdim ki, ayağımı daha yaxşı istifadə edim. Qapını rahat aça bilim ki, əsl kişi olum. Sonradan öyrəndim ki, tuturmuş sən demə nənəm, “qapını ayağı ilə açan kişi” deyəndə “evə əlidolu gələn kişi”ni nəzərdə.

Bütün bunlar “kişi” təfəkkürünün nəticəsidir ki, kafe-restoranda hesabı həmişə kişilər ödəyir. Artıq bu söhbətə son verməyin vaxtıdır. Yazıq oğlan bir həftə əvvəl qızla zülüm-zillətlə bir görüş təyin etməyə nail olur. Və həmin bir həftə ərzində ağız açmadığı adam qalmır ki, beş-on manat pul tapıb qızla görüşməyə getsin. Bu qədər əziyyətin qarşılığında bəs qız nə edir? Heç nə. Dodaqlarını uzadıb, “müüüüü” səsi çıxarırmış kimi edir, şəkil çəkdirir, özünü qoyur naza. Mən belə şeylərə dözə bilmirəm. Bu, həqiqətən, bir gəncin manifestidir. Oğlanın minbir əziyyətlə tapdığı 20-30 manat pul tapmağı qarşılığında özünü qaldırıb dağ başına qoyan qız görəndə istəyirəm gedib qıza deyəm ki, “bir mənə bax görüm, ay qız. Sən kimsən ki, özünü belə aparırsan? Bu tifil, yetim oğlanın səndən nəyi əskikdir?

Qızlar artıq hesabı bölüşməldirilər. Oğlanı başa düşmək lazımdır. Özünü oğlanın yerinə qoyub, onu anlamaq, hiss etmək lazımdır. Biz dəmirdən deyilik. Ətdən və qandan ibarətik. Pulumuz olmaya bilər, ki, əsasən, olmur. Restorana gedəndə normal, münasib qiymətləri olan yer seçin. Ən bahalı yeməyi yeyib, hesabı oğlana itələməyin.

Bahalı yerlərə getməyi, bahalı paltarlar geyinməyi, dəbdəbəli həyat tərzi sürməyi hamı istəyir. Amma gərək ayağını yorğanına görə uzadasan. Birlikdə olduğun insanın büdcəsini, onun çəkisini bilib, elə davranasan. Özünü maymaq, sarsaq, debil kimi aparmayasan. Pul hər qapını açır, amma hər qapını bağlamır. Bir az gözütox olmaq lazımdır. Üstəlik, əl-ələ verib sevdiyin insanla birlikdə hər şeyi, xəyallarınızdakı həyatı yaşamaq üçün dirənib, mübarizə aparmaq olar.

Bir sevgilim ovaxtlar təzə-təzə tanış olanda ilk başlardan mənə deyirdi ki, “mən sənlə soğan çörək də yeyərəm, təki bir yerdə sevgi ilə yaşayaq. Amma bir müddət keçəndən sonra o məndən ayrıldı və səhərisi gün instagramda saxta hesabla onu izləyəndə gördüm ki, “Qalenwagen”i olan oğlanla teleqüllədə oturub yemək yeyir.

Həyat belədir, əziz dostlarım. Pul və iqtidarla hər şeyi etmək olar. Üstəlik, qızların əksəriyyətinin qibləgahı ərə getmək, ər çörəyi yemək olan bir cəmiyyətdə yaşayırıqsa. Pulun varsa, sənin heç bir eybin danışılmayacaq. Pulun varsa, qadını döyə bilərsən, Pulun varsa, hətta qadınları öldürə bilərsən, istədiyin qadını əldə edə bilərsən.

# 3370 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
#
#
# # #