Keçmiş sevgililərinə qarğış yağdıran qızlar, səhnəyə dırmaşan pərəstişkarlar – Ramiz Rövşənlə görüşdən reportaj

Keçmiş sevgililərinə qarğış yağdıran qızlar, səhnəyə dırmaşan pərəstişkarlar – Ramiz Rövşənlə görüşdən reportaj
22 aprel 2022
# 17:00

Kulis.az Rəvan Cavidin Xalq şairi Ramiz Rövşənlə Azərbaycan Dillər Universitetində keçirilən görüşdən yazdığı reportajı təqdim edir.

Universitet tədbirlərində nadir hallarda görünən bir anşlaq var idi: akt zalı dolmuşdu, adamlar ayaqüstü şairi gözləyirdi. Mən deyim 300 nəfər, siz deyin 400. Əməllicə anşlaq.

Tez ön sıralardan birini press kartımın hesabına tutdum. Hamı kimi oturub şairi gözləyirdim ki, bir də gördüm Nihat Pir yanında bir xanımla zalın düz ortasına zühur elədi. Elə mənim kimi o da həm həyatda, həm də zalda özünə yer tapa bilmirdi. Özü də o, bu həyatdan da, zaldan da iki nəfərlik yer istəyirdi. APA-nın mikrofonunun hesabına məndən arxa sırada əyləşdilər. Gözüm ora-bura qaçan adamlara baxanda qulaqlarım Nihatın səsindən Ramiz Rövşənin şeirini eşitdi.

“Nə var Allahdan yuxarı...”

Yanındakı xanım da qayıdıb “ağzından vurdu”:

“Elə demə, günahdır!”

Nihat tədbirdə əbədi sükuta qərq olmuş kimi oturdu. Uzaqdan baxsaydınız, deyərdiniz ki, klassiklərin ölüvay kopyasıdı.

Bir az da keçdi. Getdikcə şairin sevənlərinin sayı artırdı. Başımın üstündə bir topa tələbə qız həyəcanla Ramiz Rövşəni gözləyirdi (qalxıb heç birinə yer vermədim, çünki xanımlar arasında ayrı-seçkilik salmaq ayıbdır).

Kulisdən səs-küy gəldi, tappıltı səsi guppultu səsinə qədər level keçdi. Hiss etdim ki, Ramiz Rövşən gəlir. Amma zənnim məni həmişəki kimi aldatdı. Kulisdəki Ramiz Rövşən yox, operator imiş (kabel ayaqlarına dolaşırmış).

Deyilən vaxtdan bir neçə dəqiqə keçmişdi. Xalq şairi Ramiz Rövşən universitetin rektoru, Xalq yazıçısı Kamal Abdulla ilə zalın əsas qapısından (kulisdən yox) səhnəyə tərəf ağır-ağır addımladılar. Hamı da ayaqüstü şairin gəlişini alqışlayırdı. Adamların səmimi sevgisi onun özünü də sevindirirdi.

Tədbir Kamal Abdullanın moderatorluğu altında elə onun sözləri ilə başladı. Şairlə bir xeyli xatirələrini danışırdı.

"Mən birinci kursda oxuyanda Ramiz beşinci kursda oxuyurdu. O vaxtlardan tanışıq. Mən də şeir yazırdım. Bir dəfə mənə dedilər ki, niyə universitetdən sonra şeir yazmırsan? Dedim, çünki orda Ramiz var".

Şair akademikin sözünə mötərizə açır:

“Bunu təkcə Kamal demir, çox tanışım var, – professor, akademik, vəzifədə işləyənlər, – onlar da deyir ki, Ramizdən sonra şeir yazmadıq. Mən də bir dəfə dedim ki, kaş mənə də xəbər edərdiniz, mən də yazmazdım”.

Hamı gülüşür.

Zaldakı adamların kefini tələbələrdən biri pozur. Gitarada Ramiz Rövşənin “Bağışla” şeirinə bəstələnmiş məşhur mahnını ifa edir. Çönüb Nihada baxıram. Görürəm ki, taleyindəki bütün günahlara görə yanındakı xanımdan üzr istəyir. Başımın üstündəki bir topa tələbə qızlar keçmiş sevgililərinə qarğış yağdırır. Saçını yaşıla boyamış birinin dillərindən çıxdı bu sözlər:

“Allah öldürsün onu! O da “bağışla” deyib getmişdi. Sonra da arsız-arsız zəng eləmişdi ki, 20-30 manat pul at mənə”.

Tədbirin planına uyğun hamının “ay daa, Əsgər müəllim danışdısa, çətin bitirə...” şikayətlərinin ünvanı olan professor Əsgər müəllim (tanımadığım üçün həmkarlarının ona etdiyi xitabı oğurlayıram) səhnəyə çıxdı. Kamal Abdulla da hamının etdiyi şikayəti elədi:

“Əsgər müəllim, tədbir sizin deyil haa...”

Əsgər müəllim başladı, nə başladı. Əvvəlcə Ramiz Rövşənin “Ayrılıq” şeirinə tələbələri üçün yazdığı nəzirəni oxudu. Çox duzsuz zarafatlar olduğu üçün yazıb sizin də kefinizi qaçırmıram.

Daha sonra Ramiz Rövşən yaradıcılığı ilə Nüsrət Kəsəmənli yaradıcılığı arasında paralellər qurub Bəxtiyar Vahabzadə yaradıcılığına perpendikulyar gedişlər elədi. On dəqiqə keçmişdi. Əsgər müəllim isə fransız ədəbiyyatı və Ramiz Rövşən yaradıcılığı arasındakı metafizik qanunauyğunluqları axtarırdı. Artıq zaldan səs-küy gəlirdi. Adamlar Əsgər müəllimi dinləmək istəmirdi. O isə öz çıxışının finalını alman poeziyası və Ramiz Rövşən yaradıcılığının oxşarlıqları tezisi ilə yekunlaşdırırdı. 20 dəqiqə keçmişdi. Mən saytın kompüter arxasında oturan əməkdaşları ilə yazışırdım, Nihat yatmışdı, yanındakı xanım isə mikrofonla oynayırdı. Nəhayət, bitdi.

Səhnəyə şairin şeirini səsləndirmək üçün bir tələbə xanım çıxdı. Dillər əzbəri olan “Ayrılıq” şeirini özünəməxsus ifa edib şairin də “sağ ol”unu aldı. Ramiz Rövşən bu ifaya da bir mötərizə açdı:

“Bir dəfə bir xanım mənim bu şeirimi səsləndirirdi. Yeri gəlmişkən, şeirin adı “Səhv” idi. Sonradan dəyişib “Ayrılıq” elədim. Nəysə... Xanım şeirin “qızımsan, anamsan, nənəmsən” hissəsində “əmimsən, dayımsan, babamsan” dedi. O özünə uyğun ifa eləmişdi. Bu qızımız isə şeiri olduğu kimi oxudu. Çox sağ olsun”.

Əsgər müəllim yerində qurcalanırdı, çox güman hələ də Ramiz Rövşənin şeirində və Məmməd Arazın poeziyasında ziddiyyətli məqamları araşdırmağı davam etdirirdi.

Bir-iki buna bənzər çıxışlardan sonra nəhayət ki, Ramiz Rövşənə söz verildi. Ramiz müəllimi dinləməyə gələnlər sevinirdi. Başımın üstündə dayanan yaşıl saçlı qızın isə şikayətləri bitmirdi:

“Sənə dedim də, hazırlaşaq biz də şeir oxuyaq”.

Kamal Abdulla Ramiz Rövşənin ədəbiyyatımıza gətirdiyi bağışlamaq motivindən danışanda şairin özü illərlə yadımdan çıxmayacaq sözləri astadan dedi:

“Poeziya bəraətdir, ittiham deyil. Ona görə, şair həmişə öz günahlarını və digərlərinin səhvlərini bağışlamalı və onları daim etiraf etməkdən çəkinməməlidir. Poeziyanın birinci işi budur. Bilirsiniz, dünya bir nöqtənin partlamasından yarandı. İndi poeziya bütün dünyanı həmin o bir nöqtəyə sığışdırmağa çalışır. Mən şeirlərimdə nə qədər ölümdən bəhs etsəm də, nikbinəm. Adamları bağışlamalıyıq, elə özümüzü də”.

Ramiz Rövşən fəlsəfədən, poeziyadan və həqiqi dəyərlərdən danışırdı. Ara-sıra öz şeirlərini oxuyur, zalda oturanlardan alqış payını alıb söhbətinə davam edirdi. Hə, onu da öyrəndik ki, Ramiz Rövşənin ən sevdiyi filosoflar Şopenhaur, Kierkeqard və Nitsşedir. Tez-tez Kantdan və Hegeldən sitatlar çəkən şairimiz yavaş-yavaş yaradıcılığının əsas kartlarını açırdı. Bunu düşünüb Nihata tərəf çöndüm. Yanındakı xanımın saçlarına baxıb deyinirdi:

“Təpədən dırnağa hirs içindəyəm...”

Poeziyanın önəmi haqqında dəyərli fikirlər danışırdı şair. Hamı susub şairin danışdıqlarına qulaq asır, onun səmimi söhbətindən həzz alırdılar. Yaşıl saçlı qız isə niyə daha əvvəl Ramiz Rövşənlə görüşə bilməməyindən şikayətlənirdi.

Tədbirin sual-cavab hissəsinə gəlib çatdıq. Zalda oturanlar bir-bir şairə suallar verirdi. Suallardan ən yaxşılarını seçib reportaja əlavə edirəm.

Sual 1: Naməlum bir oğlan: Dünyaya ikicə misrayla müraciət etsəydiniz, hansı misraları deyərdiniz?

Ramiz Rövşən: Bir dəfə bir qadın məndən soruşdu ki, Allaha bir şey desəydiniz, nə deyərdiniz. Mən də qayıtdım ki, madam ki Allahdan soruşacam, sənə niyə deyirəm ki (gülür). İndi dünyaya da nə demək lazım olduğunu bilmirəm. Amma mənə elə gəlir ki, bu dünyada hamı xoşbəxtliyin qədrini bilməlidir, xoşbəxtliyi axtarmalıdır. Heç vaxt mənfi şeylərlə həyatımıza qırmızı işıq yandırmamalıyıq. Bircə kəlmə deyərdim ona görə də: bəlkə də, xoşbəxtik, xəbərimiz yox...

Sual 2: Naməlum bir qız: Ramiz Rövşən həyata ikinci dəfə gəlsəydi, şairliyi yox, hansı peşəni seçərdi?

Ramiz Rövşən: Mən müəllim olardım.

Sual 3: Naməlum bir oğlan: İllər sonra Ramiz Rövşən deyəndə hansı əsərlər yada düşəcək?

Ramiz Rövşən kitabları imzaladığı üçün Kamal Abdulla onun yerinin cavab verdi: Bütün şeirləri ilə...

Sual 4: Naməlum bir Nihat Pir: Ramiz müəllim, mənə niyə müsahibə vermirsiniz?

Ramiz Rövşən: Sən tək deyilsən, bala. Nə qədər müsahibə almaq istəyən var. May ayından etibarən bütün müsahibə sözlərimi tutacam.

Nihatdan sonra səslənən suallar monotonluğu ilə seçildiyi üçün məni də yuxu tutdu. Yuxuda işdən qovulduğumu görüb tez diksindim. Tədbirin sonları idi. Bədii, fəlsəfi, kifayət qədər də sanballı tədbirin həzzini yaşayırdım. Artıq adamlar səhnəyə dırmaşırdı. Kimi şəkil çəkdirmək üçün, kimi imza almaq üçün, kimi də sadəcə ürək sözlərini demək üçün. Tünd bir qələbəliyin içindən özümü güc-bəla ilə çəkib çıxardım. Yaşıl saçlı qız da bir bəylə deyə-gülə zaldan çıxıb gözdən itdi.

İsti bir tərəfdən, reportaj yazmaq üçün tələsdiyim saniyələr bir tərəfdən, məişət problemləri də bir tərəfdən canımı sıxanda pıçıldadım:

“Neynəyək ayrıca şəhərimiz yox...”

# 2674 dəfə oxunub

Oxşar xəbərlər

Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
Füzuli Hüseynov niyə filmlərdə çəkilmir?

Füzuli Hüseynov niyə filmlərdə çəkilmir?

14:26 22 noyabr 2024
#
#
# # #