İtburnu - Azər Musaoğlu

Azər Musaoğlu

Azər Musaoğlu

30 noyabr 2022
# 19:30

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Azər Musaoğlunun "İtburnu" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

İtburnu

Onu birinci dəfə məhlədə itburnu satanda görmüşdüm. Arıq, qarayağız oğlan idi. Olardı 14-15 yaşı. Qışı-yayı, demək olar ki, eyni paltarda gəzirdi: ayaqları qatlanmış qara enli şalvar, üzərində marallar və yolkalar şəkli olan qırmızı hörmə jaket, rəngi sürtülmüş, dabanları yeyişmiş qara ayaqqabılar və üzərində siyasi partiyanın loqosu olan uzun günlüklü göy kepka – hamısı da əyninə böyük idi. İçi itburnu ilə dolu vedrəsi də çəlimsiz bədəni ilə uyğun gəlmirdi. Yaşından böyük olan dərdini-sərini bu böyük vedrəyə yükləyib bir çiyni aşağı küçə-küçə, məhlə-məhlə gəzərək “itburnu, itburnu” deyə çığırırdı. İtburnunun və uşaq əməyinin nə olduğunu bilməyən onun sevimli itini və ya pişiyini çağırmasını düşünərdi. Daha çox yaşlı qadınlara yaxınlaşıb məhsulunu tərif və təklif edən bu itburnu satan oğlan (məhlədə hamı onu “İtburnu” çağırırdı) bir-iki dəfə də mənə yaxınlaşmışdı. Mənsə onu görmürmüş kimi həmişə yanından sürətlə adlayıb keçmişdim.

Ən azı həftədə bir dəfə məhlədə görünən İtburnunu ya məhlənin itləri qovurdular, ya da beş litrlik günəbaxan yağı qablarına daş doldurub qapı düzəldərək futbol oynayan məhlə uşaqları. Məhlənin qadınları həyətdə olanda nə itlər, nə də uşaqlar İtburnuna toxunmurdular. O da itlərə və oğlanlara acıq verirmiş kimi daha bərkdən “itburnu” deyə qışqırır, qadınlara yaxınlaşıb itburnunun böyrəklərə, mədəyə, ürəyə faydaları haqqında təcrübəli bir həkim kimi məruzə edirdi.


Bir dəfə evə qayıdanda binanın girişində yerə dağılmış xeyli itburnu gördüm. Sonra süpürgəçi qadın məhlə uşaqlarının dünən itburnu satan oğlanın vedrəsini təpiklə vurub dağıtdıqlarını dedi. Qadın tox qırmızı itburnuları süpürgəsi ilə bir yerə toplayaraq itburnulara heyfi, oğlana yazığı gəlir, məhlə uşaqlarına da deyinirdi. Mənsə süpürgəçini eşitmirəmmiş kimi yanından keçib pilləkanları tez yuxarı qalxdım.


Onu ikinci dəfə uroloji xəstəxananın həyətində gördüm, itburnu ilə dolu vedrəsi də əlində idi. Məni görsə də yaxınlaşmadı. Baxışlarından gördüyünü yaddaşına köçürdüyü görsənirdi. Elə bil, nə vaxtsa lazım olacaq deyə məni uroloji xəstəxananın fonunda fotoaparat gözləri ilə çəkib yaddaşının yaşadığım məhləyə aid faylına yerləşdirirdi.


Bir həftə sonra məni məhlədə görən kimi yaxınlaşdı. Elə bil səhər o başdan oturub məni gözləyirmiş. Mənə sarı gəldiyini görüb cəld maşından düşüb binaya qalxmaq istəyirdim ki, arxamca “əmi, əmi, dayan” deyə çağırdı. İstəməsəm də dayandım. Qaçaraq yanıma gəldi, çoxdanın tanışı və böyüklər kimi əl uzadıb salam verdi. Əli buz kimi idi. Payızın soyuğunu canında daşıyırdı. Arıq, üzərində qaysaqlamış cızıq izləri olan əlindəki soyuğun mənim əlimə keçərək canıma yayılmasına imkan verməyib, ürəyimdəki istini onun ovcumun içindəki əlinə ötürərək isitmək istədim deyə əlini buraxmadım. O da bunu hiss edərək əlini çəkmədi.

– Üşümüsən ki... Xəstələnərsən axı...
– Sizi gözləyirdim.
– Çoxdan?
– Səhər saat 10-dan.
– Niyə gözləyirdin ki?
– Əmi, sizi böyrək xəstəxanasında gördüm. Böyrəyiniz ağrıyır?..
– Sənə nə lazımdır? Get evinə, belə soyuqda küçələrdə gəzmək olmaz, xəstələnərsən. Atan-anan səni niyə küçələrə buraxır?

Ürəyimin, bəlkə də, əlimin istisi ilə isinmiş əlini ovcumdan tez çəkib qaçaraq aralandı məndən, skamyanın yanına qoyduğu vedrəsini də götürüb getdi. Yolu keçib xeyli uzaqlaşmışdı ki, hələ də durub ona baxdığımı görüb qışqırdı: “Mənim atam-anam yoxdur”. Yoldan keçən avtobus aramıza girdi. Avtobus yox olanda o da yox olmuşdu artıq.

Üçüncü mərtəbəyə qalxıb isti evə girəndə də, isti qarşılananda da, yoldaşım süfrəyə isti yeməklər düzəndə də, isti çay içəndə də, uşaqlarımın isti yerlərində qayğısız mışıl-mışıl yatmalarına baxanda da, isti çarpayıma uzananda da İtburnunu fikirləşdim. Onun əlinin soyuğu hələ də ovcumun içində idi, əlimi yorğanın altına soxsam da ovcumun içi qızmırdı. Belə çıxır ki, onun balaca əlini qızdıra bilməmişdim. Onun üşüməsinin, buz kimi olmasının səbəbkarı da mən idim. İtburnu məni səkkiz saat payızın soyuğunda gözləyib, mənə nəsə demək istəyirdi, mənsə əvəzində onunla kobud davrandım, əlini, qəlbini isitmək əvəzinə ona qarşı soyuq olaraq daha da üşütdüm onu. Gərək evə dəvət edəydim, ya da hansısa bir kafeyə, restorana aparıb isti yemək, çay sifariş verəydim, dərdini öyrənəydim, harada, necə yaşaması ilə maraqlanaydım...

İtburnu haqqında fikirlər yuxumu qaçırmışdı. Səhərə yaxın yenə böyrəklərimin ağrısı tutdu. Bu daş nə zəhrimardır ki, bunu həkimlər sala bilmirlər, əməliyyat olunmalısan deyirlər. Mənim əməliyyatlıq halımmı var axı. Daş hara, böyrək hara. Dünya-aləmin daşla dolu olması azmış kimi, hələ gəlib böyrəklərə də giriblər. İlahi, bu necə ağrıdır, bu ağrıdansa o daşı böyrəyimə yox, başıma salaydın biryolluq...

Səhər güzgüdə özümü tanımadım, ağrıdan və yuxusuzluqdan rəngim ağarmış, gözlərimin altı yanmışdı. Belə getsə uroloji xəstəxanaya hələ çox gedəsi olacam, çox dərmanlar içəcəm. Çoxdandır bu cür ağrılar olmurdu. Deyəsən, İtburnunun əlində buz kəsilmiş soyuq mənim böyrəklərimə keçmişdi. Yetimin qəlbini qırmışdım və buna görə çox narahat idim. Onu axtarmalı, tapmalı və onun mənə nə demək istədiyini öyrənməliyəm, ona əlimdən gələn köməyi etməliyəm.

Sonra İtburnunu çox axtardım, küçələri, məhlələri maşınla dolaşdım, xəstəxanaların qarşısında saatlarla gözlədim, itburnu satdığı adamlardan soruşdum onu. Elə bil onu son dəfə gördüyüm gün aramıza girən o avtobus götürüb aparmışdı. Ağlıma yüz cür fikir gəlirdi: Allah eləməsin, bəlkə maşın vurub onu, bəlkə döyüb öldürüblər, bəlkə itlər parçalayıb, bəlkə tutub həbsə atıblar... İtburnunu bir ilə yaxın axtarsam da tapa bilmədim.
Onu üçüncü dəfə aptekdə gördüm. Marallı və yolkalı qırmızı jaketindən tanıdım. Bir az arıqlamış və boyu uzanmışdı. Üzündə ağır fiziki işdə işləyən insanın yorğunluğu var idi. Satıcıdan “Parasetamol” istədi. Dərmanları alıb aptekdən çıxanda “İtburnu” deyə çağırdım. Mənə diqqətlə baxmasından anladım ki, əvvəl tanımadı. Böyrəklərimdəki daş məni elə vəziyyətə salmışdır ki, güzgüdə özüm-özümü zorla tanıyırdım. Onu yenə itirəcəyimdən qorxaraq tez yaxınlaşıb salam verib əl uzatdım. Əli yenə soyuq idi.

– Bağışla, adını bilmirəm, ona görə “İtburnu” çağırdım... Necəsən? Haralardasan? Daha məhləyə də gəlmirsən, xəstəxanalara da getmirsən. İtburnu gətirmirsən daha...

Sakitcə durub üzümə baxırdı. Mənsə bu bir ildə onun haqqında özümə verdiyim sualları indi cavabını gözləmədən onun özünə verirdim. Əzbərdən şeir söyləyən şagird şeiri bitirdikdən sonra susaraq müəllimin üzünə necə baxırsa, mən də əzbərlədiyim sualları bitirdikdən sonra susub İtburnunun üzünə elə baxdım.

– Sizin böyrəyiniz ağrıyır?..

Bir ildi bu sualı gözləyirdim. Bir ildi İtburnunu axtarırdım ki, mənə bu sualı yenidən versin. Bir ildi bu suala cavab vermək üçün gözləmişdim. İlahi, bu nə axmaqlıqdır, bu nə mazoxizmdir. Kimə desəm gülər, bəlkə, sən də indi gülürsən mənə, əziz oxucu. Amma İtburnunun sualını eşidəndə onunla bir ildi aramızda qırılan əlaqə yenidən yarandı, yenidən içimdə bir sevinc, istilik hiss elədim. Bu istiliyin böyrəklərimə də yayıldığını duydum, bu sevinc dodaqlarımda təbəssüm oldu və bu suala “Hə, ağrıyır” deyə tələsik cavab verə bildiyim üçün sevinirdim. Böyrəklərinin ağrımasını sevinərək deyən dünyada ilk dəli mən idim yəqin ki?..

– Hə, ağrıyır. Böyrəklərim ikisi də ağrıyır. Həyatımı burnumdan gətiriblər. Elə möhkəm ağrıyır ki, yata bilmirəm, uzana bilmirəm yerimə, yediyimi-içdiyimi bilmirəm, işləyə bilmirəm, dərman içməkdən bezmişəm...

– Sizə itburnu lazımdır. O böyrəklərinizi sağaldacaq, yenidən ağrısız yaşayacaqsınız... Amma mən daha itburnu satmıram. Bağışlayın, bacım xəstədir, ona dərman aparasıyam, hərarəti var, tələsirəm. Yoxsa sizi aparardım itburnu olan yerə.

– Hərarəti... Harada qalırsan? Otur maşına mən səni apararam.
İtburnu razılaşmasa da onu israrla maşına oturmağa razı sala bildim.
Şəhərin kənarında, kiçik qəsəbədə bir otaq, bir mətbəxtdən ibarət kərpicdən tikilmiş daxmada yeddi yaşlı bacısıyla yaşayırdı. Evin hasarını itburnu və yemişan kolları əvəz edirdi.

Biz daxmaya daxil olanda bacısı dəmir çarpayıda uzanmışdı. İçəridə eyni çarpayıdan bir dənə yenə vardı; yemək yemək üçün bir stol, iki kətil, bir köhnə dolab, odun sobası otağı daraltmışdı. Bacısı bizi görüb qalxmaq istəyirdi ki, İtburnu qoymadı. Bacısına dərman və su verib çarpayının kənarında oturdu. Mənə də oturmaq təklif elədi. Kətillərdən birində əyləşdim. Qızı xəstəxanaya aparmağa razılaşmadı. “Adi soyuqdəymədi, dərman istisini salacaq, itburnu çayı da bir günə ayağa qaldıracaq”, – dedi. Sonra odun sobasının üstündə lüləyi buxarlanan çaydandan stəkana itburnu çayı süzüb mənə uzatdı.

– İçin bunu. Sizin dərmanınız aptekdə deyil, meşədədi. Sabah vaxtınız varsa gəlin sizi aparım ora, indi itburnu yığmağın əsl vaxtıdır. Bir aya sapsağlam olacaqsınız. Söz verirəm.

Sonra mənə özü haqqında danışdı. Valideynləri bankdan aqro kredit götürərək torpaq sahəsi almış və fəsillərə uyğun olaraq müxtəlif meyvə-tərəvəz becərərək dolanırlarmış. Bir neçə ilə əzmlə çalışaraq krediti qaytara bilmişlər və torpaq sahəsi də özlərinə qalmışdır. Sonra kirayələrdən yığılmaq üçün bu daxmanı almışlar. Uşaqları da şəhər məktəbinə qoymuşlar. Boş vaxtlarında meşədən itburnu, böyürtkən, zoğal, köbələk və digər meşə nemətlərini yığıb şəhərdə satan valideynlər çox vaxt uşaqları da özləri ilə götürərdilər.
Günəşli payız günlərindən birində yenə meşəyə yollanan valideynləri minaya düşərək dünyalarını dəyişirlər. Uşaqlar çox sarsıntı keçirir. Həyata yenicə başlamışdılar ki, hər şey alt-üst olur. Əmiləri onları kəndə aparmaq istəsələr də İtburnu buna razı olmur. Nə özü gedir, nə də bacısını buraxır. Bacı-qardaş ata-anasının qabarlı əlləri ilə qazanaraq aldıqları daxmada tək yaşayırlar. Valideynlərinin əkdiyi ərik, gilənar, gilas, xurma ağaclarının meyvlələrini sataraq bir qarnı ac, bir qarnı tox dolanırlar. Sonra əmiləri gizlindən, rüşvətdən-zaddan verərək torpaq sahəsini öz adlarına keçirib satırlar, pulunu da öz aralarında bölürlər.
Yetimlərin qara günləri bundan sonra başlayır. İtburnu məktəbə getmir. Bacısının oxuması üçün isə meşədən itburnu, böyürtkən yığaraq şəhərdə satır, gecə-gündüz bazarlarda yük daşıyır, tikintidə ustalara kömək edir...

– Bizi qohumlardan heç kəs itirib-axtarmadı. Əmilərimi bir neçə dəfə bazarda gördüm, hər dəfə də üzlərini çevirib yan keçdilər, guya məni heç tanımadılar.

O torpaq sahəsinə atam-anam çox zəhmət qoymuşdu, öz alın tərləri ilə suvarmışdılar hər ağacı. Hətta, ağaclara insan adları vermişdilər. Ağacları adları ilə tanıyırdılar, salamlaşır, danışırdılar ağaclarla canlı adamlar kimi. Çox sevirdilər o bağı... – deyib üzünü məndən çevirdi ki, yaşla dolmuş gözlərini görməyim.

Bir neçə dəqiqəlik sükutdan sonra durub bacısının alnını soyuq əli ilə yoxladı, qız yatmışdı.

– İstisi yoxdu, şükür! – deyib sönməkdə olan dəmir sobaya odun qoydu. Mən “çıxaq” deyib daxmadan çıxdım, arxamca o da çıxdı. Şər qarışırdı. Götürmək istəməsə də ona bir az pul verib sağollaşdım. Sabah tezdən onu buradan götürüb itburnu yığmaq üçün meşəyə gedəcəkdik. Dediyinə görə, itburnunu gərək tezdən şehli-şehli yığasan.

Səhər oğlumun isti gödəkcələrindən birini götürüb, mağazadan bəzi şeylər alıb İtburnunun daxmasına yollandım. Maşını evin qarşısında saxlamışdım ki, əlində vedrəsi daxmadan çıxdı.

Bilirdim ki, götürən deyil, onunla salamlaşaraq, bacısının halını soruşaraq ərzaqla dolu torbanı daxmaya aparıb qoydum. Dediyinə görə, qız özünü yaxşı hiss edirdi deyə məktəbdən qalmayıb. Gödəkcəni verib “geyin” dedim. Mənim də inad edəcəyimi bilib heç nə demədən gödəkcəni geyindi. Maşına oturub meşəyə yollandıq.

Meşədə onun dediyi yerdə maşını saxlayıb düşəndə meşənin sehrli gözəlliyi, ağacların sarı, qırmızı, yaşıl rəngə boyanmış yarpaqlarının ecazkarlığı, havanın təravəti, nəm çürüntülərin qoxusu məni öz tilsiminə saldı, gözlərimi oxşayan bu payız mənzərəsinə saatlarla baxmağa hazır idim. Yamyaşıl payız otlarının şehi ayaqqabılarımı islatmışdı. Əyilib ayaqlanmış otun qoxusunu çiyərlərimə çəkdim. Bu, həqiqətən də şəfaverici idi.

İtburnu vedrəni yarıya qədər doldurmuşdu artıq. Yarpaqları tökülmüş lüt itburnu kollarının üstü yetişmiş tünd qırmızı uzunsov meyvələrlə dolu idi.

Təbiətin bu gözəlliyindən zövq alaraq sükutu pozmadan vedrəni doldurub maşına oturduq.

İtburnu çayını dəmləməyi və gündə nə qədər içməli olduğumu mənə o öyrətdi. Özüm də hiss edirdim ki, böyrəklərimdəki ağrılar getdikcə azalır. Bir neçə ay sonra ağrılar yox oldu. Yenidən müayinə olunanda həkim böyrəklərimdəki daşların əriyib düşdüyünü, böyrəklərimin tərtəmiz olduğunu dedi. İtburnu düz deyirmiş, mənim dərmanım meşədə imiş. İndi süfrəmizdən itburnu çayı, mətbəxtdən itburnu çayının turşməzə qoxusu əskik olmur.
Sonra onunla tez-tez görüşürdük. Bacı-qardaşı tez-tez evə dəvət edir, özümüz də onların balaca, isti komalarına tez-tez baş çəkirdik. İtburnunu dostlardan xahiş edərək yüngül işə düzəltdik, bacısının təhsili üçün isə əlimizdən gələni edirdik.

Mən işlərimlə və uşaqların təhsili ilə əlaqədar ailəmlə birlikdə Türkiyəyə köçəsi oldum. Gedəndə evin açarını İtburnuna vermişdim, öz evin kimi bax, yaşa, qoru demişdim. O isə təkcə mənim üç otaqlı mənzilimi yox, bütöv Vətəni qorumuşdu – qanı, canı bahasına.

Türkiyədə olanda onunla tez-tez vatsap vasitəsilə əlaqə saxlayırdıq. Səfərbərlik elan olunan kimi könüllü olaraq müharibəyə getmək üçün qeydiyyatdan keçdiyini dedi. Onu yolundan döndərmək üçün artıq gec idi. Bir ay sonra bacısı telefonda nəfəsi kəsilə-kəsilə onun şəhid olduğunu dedi. Bu xəbər bizi çox sarsıtdı. Qızı bu ağır gündə tək qoymamaq üçün tez Vətənə dönməliydik. Quru sərhədlər hələ bağlı idi, sənədlərimiz qaydasında olmadığına görə səfərimiz iki ay gecikdi. Onu yenidən itirmək istəmirdim. Amma təəssüf ki, bu dəfə aramıza girən ölüm adlı avtobus onu həmişəlik aparmışdı.
Onu sonuncu dəfə qəbiristanlıqda, əynində əsgər paltarı, əlində avtomat ayaqüstə duraraq qara mərmər daşdan mənə tərəf baxan gördüm. Özümlə götürdüyüm itburnu kolunun pöhrəsini məzarı üstündəki torpağa basdırdım. Cəbrayıl soyuq mərmərdən mənə və tumurcuqları göyərmiş körpə itburnu koluna baxaraq gülümsəyirdi.

# 2398 dəfə oxunub

Oxşar xəbərlər

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
# # #