Kulis.az Quba Qızlar Seminariyasının direktoru, Stalin repressiyalarının qurbanı Sənubər Eyyubova haqqında maraqlı faktları təqdim edir.
Sənubər Eyyubova 1905-ci ildə Qazax bölgəsinin Dağ Kəsəmən kəndində anadan olub. 1920-ci ildə ali təhsil almaq üçün Bakıya gəlib və 1924-cü ildə 16 nəfər gənc qızla birlikdə Azərbaycan Ali Pedaqoji Qadın İnstitutunu bitirib.
***
İnstitutu bitirdikdən sonra onu təyinatla Qubaya göndəriblər. O, burada dörd il Quba Qızlar Seminariyasına rəhbərlik edib. Seminariyanı bitirən qızlar ölkənin müxtəlif yerlərinə müəllim işləməyə göndərilirdilər. Sənubər xanımın səyi ilə Qubada qadınlar klubu da açılıb.
Quba Qızlar Seminariyasına rəhbərlik etdiyi zaman qızların təhsilinə, təlim-tərbiyə işlərinə ciddi yanaşırdı. Özü isə təbiət dərslərini tədris edirdi. Bu zaman o, qubalıların sevimlisinə çevrilmişdir. Qubada doğulan qızlara “Sənubər” adının verilməsi ona olan hörmətin ifadəsi idi.
***
O, 1928-ci ildə Qubanın prokuroru Mehdi Məhərrəmovla ailə qurub. Sonra ailə Bakıya köçüb. Mehdi Məhərrəmov Respublika prokurorunun müavini, Sənubər Əyyubova isə maarif komissarlığında şöbə müdiri vəzifələrində işləyiblər. 1935-ci ildə Səbinə Əyyubova indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-coğrafiya fakültəsinin dekanı təyin edilib.
***
1937-ci ilin yayında pedaqoji institutun tələbələri üçün Şuşada təkmilləşdirmə kursları təşkil edilib. Sənubər xanım da uşaqlarını götürüb Şuşaya gedib. Bir neçə gündən sonra o həbs olunub. Heç bir seçimi qalmadığına görə, o, azyaşlı övladlarını dayəyə verib və deyib ki, onları nənələrinin yanına aparsın. Həyat yoldaşının da həbs olunduğunu həbsxanada öyrənib.
***
Sənubər xanımın bacısı qızı Ruhəngiz Fətullayeva hadisə haqqında bunları deyib:
“…1937-ci ilin yayında pedaqoji institutun tələbələri üçün Şuşada təkmilləşdirmə kursları təşkil edirlər. Xalam da uşaqlarını götürüb oraya gedir. Günlərin birində onun qaldığı otağın qapısı döyülür və iki nəfər içəri girir. Nisbətən yaşlı olanı cibindən bir kağız çıxarıb xalama göstərir. Bu, həbs olunmaq üçün sanksiya idi”.
***
Ərinə qarşı ifadə versin deyə işgəncələrə məruz qalıb. NKVD-nin komissarı Yejovun əmri ilə ərlərini ifşa edən, onlar haqqında hakimiyyət orqanlarına məlumat verən xanımlar cəzadan azad edilirdilər. Buna baxmayaraq, o, həyat yoldaşına qarşı heç bir ifadə verməyib. Ona çoxlu işgəncələr versələr də, heç bir qondarma ittihamı qəbul etdirə bilməyiblər.
***
Həyat yoldaşı Mehdi Məhərrəmov həbsxanada güllələnib, Sənubər isə “xalq düşməni”nin həyat yoldaşı kimi Qazaxıstanın “ALJİR” düşərgəsinə sürgün edilib.
Burada o Xainləri Qadınlarının Akmola Düşərgəsinə məhkum edilib.
Sənubər xanım 7 il həbs düşərgəsində dözülməz şərtlər altında yaşayıb. Hər cür zülmə və işgəncəyə dözüb.
ALJİR- Akmola siyasi repressiya qurbanları düşərgəsində 44 azərbaycanlı qadın sürgün həyatı yaşayıb
***
O, 20 iyul 1945-ci ildə azadlığa buraxılıb. Övladlarına qovuşan Sənubər xanım ilk fürsətdə ataları haqqında həqiqətləri onlara deyib.
Bəraət alana qədər Kürdəmirdə, Şamaxıda baytar işləyib. Övladlarının hər ikisinə ali təhsil verib. 1956-cı ildə bir çox günahsız repressiya olunmuş şəxs kimi ona və ərinə də bəraət verilib. Bakıda yaşamaq hüququ bərpa edilib. Və o, Bakıya qayıdaraq pedaqoji fəaliyyətinə davam edib.
Bir müddər BDU-da prorektor vəzifəsində işləyib. 1967-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilib. 1970-ci ildə, 65 yaşında dünyasını dəyişib.
***
O, məşhur inqilabçı-bolşevik, xalq arasında Sarı Şəmistan adı ilə tanınan Şəmistan Eyyubov Sənubər Eyyubovanın əmisi oğludur.
Sarı Şəmistan uzaqgörənliyi və mərdliyi ilə xalqın rəğbətini qazanmışdı. Ancaq bu rəğbət yuxarı dairələrdə təhdid kimi qəbul edilirdi.
SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının səyyar sessiyası onu əksinqilabçı-trotskiçi və millətçi elan edib, güllələnməyə məhkum edib. 1937-ci il yanvarın 5-dən 6-a keçən gecə Şəmistan Əyyubovu güllələyirlər. Güllələndikdən sonra Pəri xanım Abdulla qızı Əyyubova (Vəkilova) (Səməd Vurğunun qohumlarındandır) "vətən xaini"nin həyat yoldaşı kimi cəzasını İslah Əmək Düşərgəsində çəkməklə SSRİ XDİK-nin 1938-ci il 9 aprel tarixli qərarı ilə 8 il müddətində azadlıqdan məhrum edilib.
Dörd uşaq anası Pəri xanım Mordoviyaya sürgün olunub. Böyük oğlu 15 yaşlı Mahmud həbs edilərək Bayıl həbsxanasına salınıb. 11 yaşlı İsmayıl, 14 yaşlı Gülzar və 13 yaşlı Ədiləni isə Şüvəlandakı "bezprizorniklər" saxlanan koloniyaya göndəriblər.