Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.
Bu dəfə dəvənin dəlləklik etdiyi köhnə hamamda baş verənlərdən yazacağam.
Tfu! Səhv anlaşılmasın, yazıya girişmək üçün əlimə tüpürürəm!
Bu yaxınlarda Bakıda orta məktəblərin birində yuxarı sinif şagirdləri ilə görüşümüz olacaqdı. Sonda belə bir xəbər gəldi ki, məktəbin direktoru görüşə icazə verməyib və qadağasını bununla izah edib ki, o, yəni mən azad ruhlu adamam, məktəblilərə "pis-pis şeylər” danışa bilərəm.
Azərbaycanda "azad ruhlu adam” demək "tərbiyəsiz adam” deməkdir. Sovet totalitarizminin yuva qurduğu beyinlərimiz azadlığı hələ də tərbiyə qıtlığı kimi dəyərləndirməkdə. Müstəqil ölkə üçün müstəqil düşüncəli vətəndaş yetişdirməli olan məktəblərimiz "azad ruhu” öz sinif otaqlarına buraxmaq istəmir. "Azad ruh” cənnət alması kimi bir şeydir, onu dadmaq qadağandır. Halbuki bu gün istənilən orta məktəb şagirdi əlindəki telefonla yiyələndiyi pornoqrafik bilgilərlə öz müəllimlərinə "master-klass” keçər.
"Azad ruh”un tərbiyəsizlik kimi dəyərləndirilməsi yeni və milli baxış deyil. XIX əsrdə modern düşüncə və həyat tərzinə can atan, şablonlaşmış, dünya malından başqa bir dərdi olmayan burjua əxlaqından xilas yolları axtaran Avropa gəncliyi də "tərbiyəsizlik” damğası ilə məhkəmələrə çəkilirdi. "Azad ruhlu” şairlər, filosoflar, rəssamlar daş-qalaq edilirdi.
Bu gün Azərbaycanda sovetlərdən qalan pis-yaxşı "milli burjua” var, amma burjua dəyərləri yoxdur. Çünki adına "milli burjua” dediyimiz zümrə büdcə hesabına, daha doğrusu, budcə pişikliyi hesabına burjualaşıblar. Onları burjuaya çevirən səbəblərin özü burjua əxlaqına ziddir. Onlar üçün ictimai dəyər protokol qaydalarıdır. Protokol qaydalarına uymayan hər bir davranış tərbiyəsizlikdir, əxlaqsızlıqdır, vətən xainliyidir. Bu protokol qaydalarına görə, məsələn, jurnalsit mikrofonu müsahibinin ağzına soxmamalıdır, həm də müsahibi könüllü olaraq suala arxasını çeviribsə.
Və bu gün həmin qoca burjua, daha doğrusu, büdcə pişikliyi hesabına burjualaşmış sovet proletar nəsli gəncləri tərbiyəsizlikdə ittiham edir. Halbuki cəmiyyətimizdə çatışmayan şey tərbiyə deyil, əxlaqdır və çox vaxt ictimai əxlaqa pis vərdişlər ailə tərbiyəsi vasitəsi ilə daxil olur. Şeyx Nəsrullah tərbiyəli, amma əxlaqsız idi. Tərbiyə qazanılan vərdişdir, əxlaq ötürülən. Çox vaxt hətta tərbiyə əxlaqın pozulması ilə nəticələnir. Qadınlara qıfıllı dəmir alt paltarları, oğlan uşaqlarına yekə kişi olana qədər qız yupkaları geyinməyi əmr edən kraliça Viktoriyanın cəmiyyəti tərbiyələndirmək iddiası bütün İngiltərəni "əxlaqsızlıq yuvası”na çevirmişdi. Əliçubuqlu sovet tərbiyə sistemi "üstü bəzək, altı təzək” insan tipi yetişdirdi. Bu insan tipinə görə, kitabda "qayırmaq” sözü yazmaq olmazdı, amma bu kitabın nəşrinə büdcədən ayrılan pulu mənimsəmək olardı. Şahidi olduğum üçün qeyd edirəm bunu. Sovet sistemi hər nə qədər kollektiv yaşayışa önəm versə də sovet tərbiyəsi sovet insanını kollektiv rifahın oğrusu kimi yetişdirirdi. Bu gün də sağ qalan sovet insanları olduqları hər yerdə kollektiv rifahdan, ümumi olandan oğurlamaqla məşğuldurlar. Cəmiyyətin bədbəxtliyi üzərində öz xoşbəxtliklərini qurublar. Kimisi elmin, kimisi ədəbiyyatın, kimisi mətbuatın xarabalıqları üzərində öz malikanəsini ucaldıb.
Etika davranışın şəkli və formasıdırsa, əxlaq davranışın məzmunudur, tərbiyə isə bu ikisi arasındakı əlaqənin eqo tərəfindən fərdə tətbiqidir. Əxlaq daha çox bəşəri olanı təmsil edir, tərbiyə və etika milli, ideoloji olanı.
Qərb bunu başa düşdü və sosial ölçü kimi tərbiyəni və ailəni seçmədi, əxlaqı və cəmiyyəti seçdi. Biz isə mədəni norma kimi əxlaqı deyil, tərbiyəni, sosial ölçü kimi cəmiyyəti deyil, ailəni seçdik. Ona görə Qərbdə cəmiyyətin xoşbəxtliyi önəmlidir, bizdə ailənin. Ailəcanlılığımızın səbəbi isə sevgi zad deyil, müstəmləkə siyasətinin nəticəsdir. Mən bunu "Tarix və Tale” romanında izah etməyə çalışmışam. Azadlıq istəyinə görə fərdin özünü cəzalandıran islam şəriətindən fərqli olaraq kommunist şəriəti ailəni cəzalandırırdı. Şairin özünü güllələyirdilər, arvad-uşağını isə sürgün edirdilər, acından öldürürdülər. Sünnət olunmaqdan imtina etdiyinə görə ərəblər Afşini edam etdilər, amma qohum-əqrabasına dəymədilər. Bu müstəmləkə instinkti bizə deyir ki, sizin fərdi bədbəxtliyiniz ailənizi də zibilə salacaq, ona görə ailəvi xoşbəxtliyimizi təmin edən hər bir əxlaqsızlığa razı oluruq. Çünki bu fərdi xoşbəxtlikdən dünyadan köçən atamıza da pay düşür, dünyaya gətirdiyimiz oğlumuza, qızımıza da.
Bu artıq milli şüur məsələsidir.
Gənclərimiz isə ona görə "tərbiyəsiz”dirlər ki, onlar hələ bu milli şüurun zərbələrini dadmayıblar. Onlar ömürlərinin ən əxlaqlı dövrünü yaşayırlar. Qocaldıqca, arvad-uşaq sahibi olduqca özləri də bu əxlaqdan könüllü imtina edəcəklər. Əxlaqdan uzaqlaşdıqca tərbiyələnəcəklər. Çünki həmişə belə olub; gənclərimiz ictimai əxlaqa üstünlük veriblər, qocalarımız ailə tərbiyəsinə.
Müharibədə qələbəmizi təmin edən də bu gəncliyin tərbiyəli deyil, əxlaqlı olması idi. Tərbiyəli gəncliyimiz çoxdan müharibəyə yararsız olduqlarına sənədləşdirmişilər.
/qaynar.info/