Fuad Poladovun qızı: “Son günlər hətta doğma bacısını da evinə buraxmadı” – Müsahibə

Fuad Poladovun qızı:  “Son günlər hətta doğma bacısını da evinə buraxmadı” – Müsahibə
13 fevral 2023
# 09:00

Kulis.az "Skafandrlı adam" kitabına istinadla Fuad Poladovun qızı Fəridə Poladova ilə müsahibəni təqdim edir.

– Fəridə xanım, ananız da, Ağarəhim də dedi ki, ailənizdə Fuad müəllimə ən çox siz oxşayırsınız – həm zahirən, həm də xasiyyətcə. Necə fikirləşirsiniz, doğrudan, belədir?

– Oxşamaq barədə deyə bilmərəm, amma bizim öz yaxınlığımız var idi. Görünməsə belə... Çünki o heç kimlə danışan, sıx yaxınlıq quran insan deyildi. Evdə uşaqlarına qarşı da beləydi. Amma bizim sanki özəl bir bağlılığımız vardı. Bir-birimizi çox tez, sözsüz başa düşürdük.

– Bu necə bir şeydi? Adətən ən sərt atalar belə qızlarına qarşı daha mehriban olurlar, ən azından, müəyyən yaşa qədər. Sizin yaxınlığınız da beləydi, yoxsa daha fərqli bir bağı nəzərdə tutursunuz?

– Fərqliydi. Çünki, dediyim kimi, oxşamaq, öpmək, qucaqlamaq, bizim atamızda belə şeylər yox idi. Ancaq çox uzun müddətə ezamiyyətə gedəndə bizi öpüb qucaqlayıb qapıdan çıxırdı və bir də qayıdanda qucaqlayırdı.

– Necə qucaqlayırdı? Bərk, yoxsa yüngülvari?

– Gedəndə yüngülvari. Qayıdanda daha bərk qucaqlayırdı. O, hisslərini başqa cür ifadə eləyirdi. Məsələn, baxışları ilə. Mən həmişə anama da, qardaşıma da deyirəm ki, həyatda nəyə nail olmuşamsa, onun baxışları üçün nail olmuşam, o mənə elə baxsın deyə.

– Necə baxırdı?

– Fəxrlə “Fəridəm, qızım!" deyən baxışları vardı. O baxışları, arxamızda dayanmağı... Biz həmişə bilirdik ki, arxamızda papa var, heç nədən qorxmurduq. Hərdən fikirləşirəm ki, o sağ olanda mən nə balaca ikən, nə də böyüyəndən sonra heç nədən qorxmamışam. Hətta ölümdən də. Bilirdim ki, papa var. İzah olunası hiss deyil bu.

– Fuad müəllim qapalı, hisslərini göstərməyən insan idi. Yəni anladığım qədərilə, "qorxma, qızım, mən varam, səni çox istəyirəm" filan kimi sözlər deməyib. Bəs hardan bilirdiniz ki, ona həmişə güvənə bilərsiniz?

– Qətiyyən deməyib. Bizim maraqlı münasibətimiz vardı. Mən bilirdim ki, heç kim xətrimə dəyə bilməz; onun sevgisini həmişə çox aydın hiss eləmişəm. Düzdü, heç vaxt "səni çox sevirəm" deməyib, amma baxışları... Mən də, qardaşım da... Məsələn, biz yüngülvari soyuqlayanda, xəstələnəndə kişi ağlını itirirdi, çox narahat olurdu.

– Heç olub ki, məktəbdə, küçədə kiminləsə dalaşasınız, sonra gəlib ona şikayət eləyəsiniz?

– Hə, olub. Əslində, mən sakit, necə deyərlər, düzgün uşaq olmuşam, həmişə onun standartlarına, onun istəklərinə layiq olmaq üçün özümə, dərslərimə çox fikir vermişəm. Onun o baxışlarını qazanmağa çalışmışam. Bilmirəm, yəqin, psixologiyada bütün bunların izahı var.

– Ona sizi incidən uşaqlardan şikayət eləyəndə nə deyirdi?

– Belə şey bircə dəfə olub. Bir oğlan vardı məktəbdə, mənə nəsə demişdi, indi tam xatırlamıram, ibtidai sinifdəydik. Bizim məktəb evə çox yaxın idi. O qədər yaxın idi ki, bir dəfə ayaqqabı geyinməyi unutmuşdum, ev başmaqları ilə getmişdim dərsə. Həmin gün də qaça-qaça gəlmişdim üstünə. Gəldi məktəbə, sinfin qarşısında həmin uşağın başını sığalladı, dedi ki, mən bilirəm, sən elə oğlan deyilsən, yaxşı oğlansan, belə şey deməzsən. Gəlib hamının yanında o uşağa "sən belə oğlan deyilsən" dediyinə görə mən də bir az pərt oldum.

– Əks psixologiya tətbiq eləyib.

– Hə. Ondan sonra elə bir şey olmayıb ki, gəlim, kimdənsə, nədənsə şikayət eləyim.

– Ananız deyəndə ki, Fəridə xasiyyətcə ona daha çox oxşayır, düşündüm ki, bəlkə, siz onu hər kəsdən daha yaxşı anlayarsınız. O niyə o qədər qapalı idi, niyə özünü gizlədirdi?

– Hərdən mən də özümə bu sualları verirəm. Bilirsiniz, biz onun keçmişi - 40 yaşına qədər olanlar barədə çox şey bilmirik. Bildiklərimizi də elə onun müsahibələrindən öyrənmişik. O qədər qapalı insan idi! Kim bilir, bəlkə də, o vaxtlar kimsə ona çox ağır zərbə vurub? Dostlarından, yaxınlarından kimsə... və ondan sonra belə olmağı seçib. Biz ondan bu barədə soruşanda heç vaxt danışmazdı öz keçmişindən.

– Məsələn, bir ailə məclisidi, deyib-gülürsünüz, hər kəs uşaqlığından, gəncliyindən, tələbəliyindən bir xatirəsini danışır. Belə anlarda da heç nə danışmırdı?

– Belə də... standart şeylər. Elə bir şey desin ki, sən maraqlı nəsə öyrənəsən, suallar verəsən, yox, belə şeylər danışmazdı. O nəyi danışıb nəyi danışmayacağını çox yaxşı bilirdi. Yadımdadı ki, bir dəfə, deyəsən, yaxınlarımızdan kiminsə ad günündən gəlmişdik, bir az içmişdi. Hamımız otaqdaydıq papa, mama, mən və qardaşım. Nəsə danışdı. Nə olduğunu söyləməyəcəm, amma gəncliyində baş vermiş çox maraqlı bir əhvalat danışdı. Ertəsi gün "papa, dünən sən belə bir şey danışdın, o barədə bir şey soruşmaq istəyirəm" deyəndə... o anda üzümüzə elə baxdı ki! Baxışları ilə "Sizin başınız xarabdı? Mən sizə elə bir şey danışmamışam!" dedi. Bu elə bir baxış idi ki, hamımız özümüzü dəli kimi hiss elədik, fikirləşdik ki, bəlkə, kollektiv şəkildə yuxuda görmüşük bunu? Elə o cür baxa-baxa əlavə elədi ki, gedin, işinizlə məşğul olun. Üçümüz də döndük və getdik işimizlə məşğul olmağa. Yəni o işini, söhbətini bilən insan idi. Belə baxanda hər şeyi açıb-tökməyi nəyə yarayardı? Ancaq insanların marağını söndürərdi. Məncə, onun sənəti ilə eləmək istədiklərinə, vermək istədiyi mesajlara bunun heç bir təsiri olmayacaqdı. Sadəcə insanların marağını təmin eləyəcəkdi.

– Ananıza qarşı qısqanc olubmuş. Bəs sizə qarşı?

– Həmçinin. Yadımdadı, mama danışırdı ki, mənə elçi gələcəyini öyrəndiyi gün papa gecə səhərə qədər yatmayıb siqaret çəkibmiş.

– Elçilik necə keçmişdi?

– Maraqlı keçmişdi. Əslində, elçilər gedəndən sonra mənə dedi ki, sakitləşdim, düşünülmüş bir addım atdığını başa düşdüm. Çünki mən çox tez, iyirmi bir yaşımda ailə qurmuşam. O belə tez gözləmirdi.

– Nişanlınızla ilk dəfə elçilikdə tanış olmuşdu?

– Hə, orda tanış olmuşdu. Sonra mənə dedi ki, onu görəndən, söhbət eləyəndən sonra bir az rahatlaşdım. Elçilikdə qayınanam bir söz işlətdi. Dedi ki, biz artıq oğlumuzun böyüdüyünü, ailə qurmağa hazır olduğunu başa düşmüşük. Papa da qayıtdı ki, amma biz hələ başa düşməmişik. Onlar da çıxıb gedəndə anlamadılar ki, bu, hə idi, ya yox. Bir-iki dəfə gəlib gedəndən sonra razılığını aldılar.

– Fuad müəllimin tamaşalarına gedirdiniz?

– Gedirdik.

– Ən çox hansı rolunu xoşlayırdınız?

– Teatr Xadimləri İttifaqında oynadığı bir tamaşa vardı adı "Növbəti" idi. O tamaşanı çox xoşlayıram, bircə dəfə baxmışam, amma yadımdan çıxmır. Qocalar evində olan 2 iki yaşlı aktyordan bəhs eləyirdi. Onlardan birini papa oynayırdı, tərəf müqabili isə Rafiq Əliyev idi. Yadımdadı ki, çox təsir eləmişdi mənə. Sonralar çalışdım, onun videoyazısını tapım, təəssüf ki, tapa bilmədim. İttifaqdan dedilər ki, ola bilsin, rejissorun özündə var. Tamaşanı səhnələşdirən rejissoru Ələkbər Tağızadəni Moskvadan dəvət eləmişdilər, İttifaqda “Kaktus çiçəyi” və "Növbəti” tamaşalarını qoyub sonra getmişdi. Onunla da əlaqə qura bilmədim. Hə, bax bir o tamaşanı çox sevirdim, bir də "Şah Qacar". "Qacar"a neçə dəfə getmişəm. Əslində, həmişə deyirdi ki, nəyinizə lazımdı, gəlməyin. Amma biz onu dinləmirdik.

– Sonra fikirlərinizi deyirdiniz?

– Özü soruşurdu həmişə və çox maraqla dinləyirdi.

– Tənqid elədiyiniz nə isə olubmu?

– İndi yadımda deyil, yəqin, olub. Amma, əminəm ki, Ağarəhim tənqid eləməsəydi, olmazdı. Ola bilsin, mən fikirləşmişəm ki, indi heç nə deməyim, premyera günü əhvalını pozmayım. Amma Ağarəhim deməmiş olmaz.

– Sizin ixtisasınız nədir?

– İki ixtisasım var. İqtisadçı və insan resurslarının idarəsi.

– Heç incəsənətlə məşğul olmaq istəməmisiniz?

– Üç, ya dörd yaşımda bir dəfə demişdim ki, papa, mən aktrisa olmaq istəyirəm. O vaxt çox balaca olmağıma baxmayaraq, nədənsə həmin gün çox aydın yadımdadı. Köhnə evimizdə papa qonaq otağı ilə şüşəbəndin arasında bizim üçün turnik asmışdı. Mən həmin turnikdən sallanırdım. Bizdə evdə qəşəng açıqcalar vardı. Hər birində hansısa xarici aktrisanın şəkli və haqqında kiçik məlumat olurdu. Çox gözəl qadınlar idilər. Mən də turnikdən sallanırdım, arada düşüb həmin açıqcalara baxırdım. Onlara baxa-baxa dedim ki, papa, mən də aktrisa olmaq istəyirəm. Papa televizora baxırdı. Çevrildi. Onun bir baxışı vardı. Daha doğrusu, baxışlar silsiləsindən biri... baxdı və dedi ki, çox böyük səhv eləyirsən. Onunla da bitdi. Amma deyim ki, mənim incəsənətlə bağlı heç bir istedadım yoxdu. Ona görə də sonralar bir də bu məsələyə qayıtmadım.

– Evdə birlikdə filmlərə və s. baxırdınız?

– Ümumiyyətlə, papa televizora çox baxırdı. Evdə olanda sevimli yeri televizorun qarşısıydı. Köhnə evimizdə mətbəxi miz yox idi, amma yeni evdə ən xoşladığı yer mətbəx idi. Orda divan da vardı. Özü çay dəmləyirdi, otururdu divanda və televizora baxırdı.

– Dəmlədiyi çayı da özündən başqa heç kimə süzmürmüş.

– Hə. Biz ona süzəndə də bəyənmirdi. Gah deyirdi, açıq süzürsünüz, gah başqa şey. Filmlərə çox baxırdı, bizimlə birlikdə izləməyi də xoşlayırdı. Sonra fikirlərimizi bölüşürdük. Amma öz filmlərinə baxmağı sevmirdi. Heç vaxt birlikdə baxmamışıq, özünü də baxan görməmişik. Bəlkə, tək baxırmış, bilmirəm. Artıq özünü pis hiss eləməyə başlayanda bir filmi çıxmışdı. Kommersiya filmiydi. Ona baxmağı təklif elədim, dedi ki, yox, man diski götürmüşəm, tək baxacam.

– Sizə elə gəlmir ki, o, xəstəliyə lap başdan təslim olmuşdu? Ola bilsin, diaqnozu məlum olduğuna görəymiş. Adətən insanlar ən çarəsiz zamanlarda həyata daha çox sarılırlar.

– Eləydi. Xüsusən ilk vaxtlar. İlk vaxtlar deyəndə ki, həmin müddət o qədər də uzun olmadı: diaqnoz qoyulan- dan mayın beşinə qədər - heç bir il çəkmədi. Əvvəllər çox təslim olmuş kimiydi. Mənə elə gəlir ki, xəstəlik onu an hassas yerindən vurmuşdu - səsindən. O bilirdi ki, bir də heç vaxt səhnəyə qayıda bilməyəcək. Hətta ömrünü bir neçə il uzatsalar belə... Məncə, mübarizə aparmamağının səbəbi bu idi; yaşamaq üçün səbəb görmürdü. Buna görə ağır söhbətlərimiz olmuşdu, çünki təslim olmağı mənə çox təsir eləmişdi. Bir tərəfdən onu başa düşürdüm, digər tərəfdən çox pis təsir eləyirdi. Düşünürdüm ki, bəyəm onun yaşamaq üçün elə bircə səbəbi varmış? Ancaq bizim söhbətlərdən sonra çox dəyişdi.

Xaricə getməyə, alternativ terapiya almağa razılıq verdi. Sonralar müsahibələrin dən birində mən həmin müsahibəni o rəhmətə gedəndən sonra oxudum demişdi ki, mən nəvəmi məktəbə aparmaq istəyirəm. Bu mənim sözlərim idi. Ona qınaq gətirmişdim, demişdim ki, sən nəvəni məktəbə aparmalısan. Bu mesajın ona çatması, sonra özünün də dilinə gətirməsi mənim üçün çox böyük məna daşıyırdı. Həmin söhbətlərimizdən sonra onun xəstəliyə münasibəti bir az dəyişdi, ümidi yarandı. Ancaq son bir neçə ayda artıq özü də başa düşürdü ki, məsələ hara gedir. Son günlərdə hətta doğma bacısını da evinə buraxmadı. Heç kimin onu görməyini istəmirdi. Detallara çox varmaq istəməzdim, özünüz bilirsiniz də... Həm də bunları təsvir eləmək çox çətindi.

– Siz zahirən də Fuad müəllimə çox oxşayırsınız.

– Saçımı qırxsam, demək olar ki, onun hayatını bir də yaşaya bilərəm.

– Bu, yaxşıdı?

– Zahirən ona bu qədər oxşamaq çox yaxşıdı. Həmişə bunu özümə fəxr bilmişəm. Hərdən kiminləsə təzə tanış olanda deyir ki, sizi kiməsə oxşadıram. Sonra başa düşəndə "Aaa!" eləyirlər. Kişiyə bənzədilmək adama maraqlı gəlir. Amma heç vaxt buna görə heyifsilənməmişəm, kompleks keçirməmişəm. Anamı görmüsünüz, çox gözəl qadındı. Cavanlıqda da çox gözəl olub. Ancaq ona da demişəm ki, sənə yox, atama oxşadığıma görə xoşbəxtəm. Bu mənim sanki vizit kartımdı.

– Etiraf eləyim ki, biz Fuad müəllimlə danışanda sizinlə görüşmək istədiyimi demişdim, qəti etiraz eləmişdi. Hətta, məncə, teatrdan, qrim otağından çıxmaq istəməməsinin səbəbi də bu idi. O istəyirdi ki, mən də ordan kənara çıxmayım.

– Həmişə özünə qapanırdı, özü özüylə çox söhbət eləyirdi. Səhərlər tez qalxanda onun özü ilə söhbətlərini eşidə bilərdin. Ayla danışan bir insan idi. Uşaqlıqda hər il yayda bizi Pirşağıda bir bağa aparırdı. Gecələr dənizdən qayıdanda özü qabaqda tək gedirdi, ayla söhbət eləyirdi. Təsəvvür eləyin: ailəsi - üç nəfər onun ardınca gəlir, o isə dönüb ailəsi ilə söhbət eləmir, ayla danışır. Çox introvert insan idi və bu onun komfort zonasıydı. Qəribə olan odur ki, o, obraz deyildi. Yəni bizi ona görə gizlətmirdi ki, nələrisə bilirik, danışacağıq və hamı Fuad Poladovun, əslində, belə yox, elə insan olduğunu anlayacaq.

O necǝydisə, eləydi. Mənə elə gəlir ki, ən dəyərlisi də elə budu. Məsələn, adətən ciddi olmağına baxmayaraq, hərdən elə qaqqanaq çəkirdi ki, bir anlıq təəccüblənirdin. Amma o elə təbii gülüş, elə təbii hal idi ki! O da papaydı. Başını arxaya atıb ürəkdən gülən adam da papaydı, adətən qaşqabaqlı olan adam da papaydı. Hamısı o idi, özü idi. Heç vaxt fərqli görünmək istəmirdi. Mənim oğlumla - Suadla həmişə o ki var gülürdü, onun hər şıltaqlığına dözürdü. Düzdü, onda Suad balacaydı. Suadın ikinci ad günündə artıq diaqnozunu bilirdik, heç kimin əhvalı yaxşı deyildi. Atamın yanına aparmışdım onu, elə orda öz aramızda qeyd elədik. Axıra qədər nə qədər ki ayağa dura bilirdi - onun üçün dururdu. Haçan ki dura bilmədi, dedi, gətirmə, dura bilmirəm.

– Ata deyəndə ən birinci yadınıza nə düşür?

– Papa.

– Hə, papa deyəndə...

– Qoxusu yadıma düşür. Odekalonunun qoxusu.

– Bəsdi bu qədər.

# 8014 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
İlon Mask tarixə düşdü

İlon Mask tarixə düşdü

12:00 12 dekabr 2024
Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

11:15 12 dekabr 2024
Xalq artisti:  "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

Xalq artisti: "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

10:21 12 dekabr 2024
"Təcili yardım"ın aktyoru vəfat etdi

"Təcili yardım"ın aktyoru vəfat etdi

09:50 12 dekabr 2024
# # #