Fərid Hüseyn: “Füzulinin oxucusu yoxdur” – Müsahibə

Fərid Hüseyn, şair

Fərid Hüseyn, şair

29 aprel 2022
# 09:00

Xəbər verdiyimiz kimi, ötən ay şair Fərid Hüseyn İraqda keçirilən IX Beynəlxalq Babil Mədəniyyət və İncəsənət Festivalında ölkəmizi təmsil edib. Kulis.az həmin festivalla bağlı Fərid Hüseynlə müsahibəni təqdim edir.

– Əvvəlcə, festival haqqında məlumat verərdin...

– Babil Mədəniyyət və İncəsənət Festivalı təkcə beynəlxalq ədəbiyyat tədbiri deyil, bütövlükdə uluslararası sənət toplantısıdır. Bu festivala dünyanın tanınmış rejissorları, şairləri, yazıçıları, sənət tənqidçiləri, mədəniyyət adamları, müğənniləri və ifaçıları qatılır. Poeziya festivalın ümumi panellərindən biridir. Məsələn, səhnəyə bir müğənni çıxır, sonra bir şair şeir deyir, sonra da hansısa sənət tənqidçisi mühazirə oxuyur. Çıxışlar bu şəkildə davam edir. Beləcə Babil bir neçə gün ərzində əsl sənət meydanına çevrilir. Festivalın şüarı isə “hamımız babilliyik!”dir.

– Bu şüar hardan qaynaqlanır?

– Babil dünyanın beşiklərindən biri sayılır. Hamımız bu dünyanın sakinləriyik. Anlasaq ki, dünyanın hər yeri bizim vətənimizdir, onda bunca qan-qada olmaz. Biz həmdünyalıyıq. Bir az səthi fikirləşəndə həmyerli səviyyəsinə enirik, sonra şəcərəbaza çevrilirik, nəhayətdə dostbaza, maraq məftununa dönürük. Beləcə kiçilə-kiçilə vahid dünyanı unuduruq. Həmin şüar da dərin qatda bu məsələyə – daim bir dünyanın övladı olmağı xatırlamağımıza yönəlib.

– Festivalda daha çox Şərq ölkələrinin nümayəndələri iştirak edirdi, yoxsa Qərb?

– Həm Şərq, həm də Qərbdən gələn söz adamlarının qatıldığı bu festivalda, Amerika, Almaniya, Fransa, Suriya, Türkiyə, Misir, İran və onlarla başqa ölkədən təmsilçilər iştirak edirdilər. Festivalın heyəti çox rəngarəng və maraqlı insanlardan təşkil olunmuşdu.

– Şərq və Qərb sənətkarlarının əsas fərqi nədir?

– İndi bir sıra Şərq ölkələri dünyaya sübut eləməyə çalışır ki, daha biz qorxulu deyilik. Avropalılar bir çox hallarda şərqə təhlükə mənbəyi kimi baxırlar. Biz tədbir günlərində Babil Qısa Filmlər Festivalında da iştirak edib yeni ekran əsərlərini izlədik. “Anjelinaya demə!” filmi çox xüsusilə məzmunlu idi. O ekran işi Mosul hadisələrindən bəhs edirdi. Həmin filmə baxanda aydın başa düşürsən ki, ötən illərdə yaşadıqları acılar iraqlılara elə mövzular verib ki, elə onları telefonunla belə çəkib dünyanı mat qoya bilərlər.
İnanıram ki, Şərqin bundansonrakı inkişafı sürətli olacaq. Şərq danışmağı sevir, amma ürəyində. Dünyanın qəlbi Şərqdir, dili Qərb. Dil diktə deməkdir, ona görə də bu gün diktə edənin sözü keçir. Məhz bu amilə görə dünya ədəbiyyatı dedikdə qeyri-ixtiyarı Qərbi Avropa ədəbiyyatını nəzərdə tuturuq.

– Bəs sən orda nə yazdın?

– “Kərbəla gündəliyi” və “Təftişnamə” adlı silsilə şeirlər yazdım. “Təftişnamə”ni yazmağıma səbəb çoxsaylı polis postlarındakı bezdirici yoxlamalar oldu. Maşınların ətrafında K-9 itləri (xüsusi təyinatlı itlər – red.) fırlanırdı. Orada ilk müşahidələrimdən biri o oldu ki, daha itlər də bu yoxlamalardan, təftişdən beziblər. Axtarışa ərinirlər. Axı nə qədər bomba axtarmaq, silah aramaq olar? O itlər, bəlkə də, başqa itlərindən daha ləziz yeməklər yeyir, daha təmiz yerdə yatırlar. Amma rahat yaşaya bilmirlər. Bu da təbiidir, tapşırıqların məsuliyyət artdıqca rahatlıq əldən gedir.

– Festivalın səncə, ən önəmli cəhəti nə idi?

– Bu gün ədəbiyyatla mədəniyyət sahələri arasındakı yaradıcı əlaqə itib. Biz söz adamları məcburuq ki, müasir dövrlə bağlı yaxşı musiqiləri, filmləri, əsərləri özümüz axtarıb tapaq. Babil festivalında isə bizim axtardığımız dəyərli musiqilər, filmlər, sənət söhbətləri, fikir mübadilələri bolluca idi. Məşhur ərəb şairi Adonis də bu festivalın məruzəçilərindən biri idi. Bizim dinləmək istədiyimiz, axtardığım musiqiçilər də ora “təşrif gətirmişdi”. Festivalda çoxlarının ilk dəfə gördüyü musiqi alətlərində gözəl ifalar dinlədik, nabələd olduğumuz səsləri duyduq. Sanki ayrı düşmüş sənətlər bir festival daxilində birləşmişdi.

– Oralar bir az da travmalı yerlərdi...

– Bəli, orada kimi dindirirsən məlum olub ki, əzizlərini, doğmalarını itirib. Mən İraqdan əvvəllər də bəzi qələm adamlarını tanıyırdım. Məsələn, məşhur şair Kazım Xəncəri. Onu ilk dəfə İstanbulda şeir festivalında görəndə fikir verdim ki, fasiləsiz içir. Bir gün festivalda ondan niyə belə təşnəliklə içdiyinin səbəbini soruşdum. Dedi ki, bir hekayəm var, get onu oxu, bilərsən. Oxudum əsəri. Hekayədən anladım ki, sən demə, qardaşı müharibədə ölüb. Bir gün polislər zəng edib ki, qardaşının sümüklərini tapmışıq. O gedib sümükləri torbaya yığıb evə gətirib. Avtobusda qardaşının yerinə də pul ödəyib. Hekayəsində yazır ki, həmişə qardaşım mənim yerimə pul verərdi, indi mən onun əvəzinə ödədim. Bu cür talelər yaşayan insanlara orada hər addımda rast gəlmək olur.

– Oralar təhlükəlidir?

– Bağdada gələndə çox adam mənə deyirdi ki, getmə, təhlükəlidir. Getməzdən öncə İraqdakı Azərbaycan səfirliyin işçiləri ilə əlaqə saxladım və onlardan məsləhətlər alaraq səfərə yollandım.

– Səncə, indi bizim ədəbiyyat Şərqə, yoxsa Qərbə hansına daha yaxındır?

– Bizim indiki şeir üslubu Qərbə yaxındır. Artıq mövzularımız da qərb dəbindədir. Ancaq poeziyada bu tendensiya özünü bu çox vaxt təqlid kimi büruzə verir. Mərhələli yaradıcılıq yolu keçən şairlərimiz azdır. Məsələn, Adonisin özü fərqli yaradıcılıq mərhələlərdən keçib. Bizim bəzi şairlərimizin “Seçilmiş əsərlər”inə baxanda görürsən ki, orada şairi keçdiyi yaradıcı mərhələlər yoxdu, sadəcə bütün “olan-qalanı” bir yerə cəm atıb. Ümumiyyətlə, qrafomanlar öz mətnlərini saf-çürük edə bilmirlər. Ona görə də həmişə bütün irslərini nəşr etdirməyə maraqlı olurlar. Yaxud yaşı ilə bərabər şeir mövzuları da dəyişən şairlərimiz azdır. Dünyada ən maraqlı şairlər yaşı ilə mövzuları paralel dəyişən şairlərdi. Adonis də elələrindənir. Məsələn, o qürbətin elə bir halını yazıb ki, sən o qürbəti hər yerdə hiss edə bilirsən. O şeirlərində qürbəti məkan kimi yox, ovqat kimi realizə edib. Şair şeirlərində istedadının konvertasiya edir, o, özünü heçə də döndərə bilər, eyni zamanda baha da qiymətləndirmək gücündədir. Bizim bir sıra şairlərin əksəriyyətinin burnu əksərən bir nəfər üçün göynəyir. Həmin o bir nəfər də o qədər mücərrəd varlıqdır ki, oxucular onun timsalında öz ruhi vəziyyətlərini tapa bilmir.

– Səni festivala kim dəvət etmişdi?

– Ötən il XIII İstanbul Şeir Festivalında “Yalan bayramı” adlı şeirimi oxumuşdum. Babil Festivalının rəhbəri o şeiri çox sevdi və sonra yazdıqlarımla maraqlandı. Son vaxtlar şeirlərimin səs sırasına xüsusi diqqət edirəm. İnsanları nostaljiyə səslə daha tez qaytarmaq olur. Dünyada performans poeziyası durmadan inkişaf edir. Şairlər şeirlərini həm də teatrlaşdırırlar. Bilirəm, şair aktyor deyil, amma şeirləri oxucuya daha yaxşı çatdırmaq lazımdır.

– İstəyərdim Kərbəla ziyarətindən danışasan.

– Kərbəlada imamlarımızın və Məhəmməd Füzulinin qəbrini ziyarət elədim. Füzulinin qəbrinin yerini 10-15 nəfərdən soruşdum, heç biri tanımadı. Telefonumda məzarın şəkli var idi. Orda bir nəfər su satana o şəkli göstərdim, o saat məzarın yerini nişan verdi. Dahi şairi məzarını ziyarət etdim. Füzuli başqa yerdə dəfn olunsaydı, onun məzarı bunca unudulmazdı. Amma kölgədə qalanda da təki İmam Hüseyn kimi bir müqəddəs insanın kölgəsində qalasan.

– Kərbəlada ab-hava necədir?

– Kərbəlada böyük bir şeir ruhu var. O məlum qətldən öncə İmam Hüseyn Fərəqzad adlı bir şairə rast gəlir. Soruşur ki, Kərbəlada vəziyyət necədir? Şair söyləyib ki, səni Kərbəlaya çağıranlar qılıncı ilə Yezidin, qəlbləri ilə sənin yanındadırlar. Kərbəlada hələ də vəziyyət oxşardı. Ora alver ünvanı kimi baxanların bəziləri əməlləri ilə Yezidin, dilləri ilə haqqın yanındadırlar. Görünür, şair Fərəqzad həm də əsrlər sonranın proqnozunu verə bilən adamdır. Ümumiyyətlə, dillərindən Allah düşməyib əməllərindən şeytanlıq yağanlar haqqında İmam Əli dəqiq diaqnoz qoyub: “Din ancaq onların dilinin ucundadır”.

– Füzulinin unudulmağı sənə necə təsir elədi?

– Füzuli, əslində, heç zaman çox tanınan şair olmayıb. Çünki orta əsrlərin o çağ üçün məlum bir əqidəsində yazıb-yaradıb. Həm də Füzulinin siyasi baxımından bəxti gətirməyib. Nizaminin yaradıcılığının arxasında öz dövründə siyasət dayanırdı, sonrakı dövrlərdə də, məsələn, Sovet İmperiyasının zamanında da başqa bir siyasi düşüncə Nizami Gəncəvinin yaradıcılığını xalqa tanıtdırdı. Nizami Gəncəvi bir növ siyasiləşmiş şairdir. Nəsimi də ideologiya, təriqət şairi idi. Ona görə daha məşhur idi. Füzulinin ideologiyası dövlətçilik təfəkkürü ilə tam uyğun deyil. Ona görə hər zaman onun yaradıcılığının arxasında oxucuları yox, həmdərdləri dayanıb. Belə deyək, Füzulinin oxucusu yoxdur, həmdərdi var.

– Biz Nizami Gəncəvini daha çox tanımaqla daha dərindən anlayırıq, yoxsa?

– Sovet dövründə Nizami Gəncəvinin əsərlərindən fikirlərə çıxarış edərək onları aforizm kimi məşhurlaşdırırdılar. Sonradan da bu meyl şiddətləndi. Həmin məşhur fikirlər dahi Nizaminin ideyalarının səhv qavramağımızı sürətləndirdi, çünki böyük bir mənzum əsərin hansısa fəslinin içərisindən bir fikri çıxaranda özək düşüncə kontekstdən uzaqlaşır. Məsələn:

Şeirdən ucalıq umma dünyada,
Çünki Nizami ilə qurtardı o da.

Bu beytin misal çəkildiyi əksər mətndə Nizaminin demək istədiyi əsas fikir təhrif olunur. Ümumiyyətlə, kor-koranəliyin hər yerdən bayraq qaldırdığı mühitlərdə şairin yaradıcılığına müraciətlər artdıqca onun yazdıqlarının yanlış yozumları da çoxalır. Belə hallarla rastlaşanda, yaxud müqəddəs beytləri “kirli vicdanların uzun dillərindən” eşidəndə qeyri-ixtiyari deyirsən: Xoş “dinməz-söyləməz” unudulan sözlərin halına. Xoş ruhundan uzaq adamların ağzına saqqız olmayan, hansısa əl yazmada hər kəsdən xəbərsiz rahatca “uyuyan” əbədi yaşarlara...

# 2432 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

17:00 24 aprel 2024
Al Paçinonun tərəf müqabili açıqlandı

Al Paçinonun tərəf müqabili açıqlandı

16:30 24 aprel 2024
Yeni qərar - Azərbaycanda "sürətli musiqi" qadağan oluna bilərmi?

Yeni qərar - Azərbaycanda "sürətli musiqi" qadağan oluna bilərmi?

14:30 24 aprel 2024
Filmimiz Kann Festivalının müsabiqəsinə seçildi

Filmimiz Kann Festivalının müsabiqəsinə seçildi

14:00 24 aprel 2024
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

13:30 24 aprel 2024
# # #