Faciə və qəhrəman

Faciə və qəhrəman
14 aprel 2024
# 15:00

Kulis.az Elnarə Akimovanın "Faciə qəhrəman - Seyid Hüseyn" yazısını təqdim edir.

Seyid Hüseyn XX əsr Azərbaycan nəsrinin və ədəbi-tənqidi fikrinin yetirdiyi seçilmiş şəxsiyyətlərdən biridir. Taleyi zamanın dolambaclarında əriyib yox olan, böyük istedadını canı qədər sevdiyi xalqın və millətin istiqlalı yolunda sərf etməyə imkanı yetməyən, bütün varlığını milli şüuurn formalaşmasına, ictimai-mədəni inkişafa təkan verilməsinə sərf etmək etmək istərkən amansız reallıqlara boyun əyməyə məcbur edilmiş yazıçı, tənqidçi, publisist... Hekayələrində dövrünün kəskin problemlərinə toxunan, ədəbi-tənqidi məqalələrində ədəbiyyatımızın çoxcəhətli yaradıcılıq problemlərini əks etdirən yazıçının irsi əhəmiyyətini bu gün də qoruyub saxlayan qiymətli mənbədir.

Qızı Qumral Sadıqzadə atası haqda yazdığı kitabı belə adlandırıb: "Son mənzili Xəzər oldu". Amma əsl gerçəklik tarixdən görünən gerçəklikdir. Və bu tarixin, bir əsr sonranın dəyişən dəyərləri və meyarları müstəvisindən baxanda faciə qəhrəmanlarının taleyi başqa dərinlikdə görünür. Bu dərinliyin adı əbədiyyətdir. Son mənzili əbədiyyət olan Seyid Hüseynin ömür mətni bu gün də haqqında danışmağa rəvac verirsə, deməli, hər şey taleyin deyil, tarixin qoyduğu nöqtə ilə tamamlanır.

"Biz, Seyid Hüseyndən xalq düşmənləri, müsavatçıları və millətçiləri daha kəskin ifşa edəcək bədii və qüvvətli əsərlər gözləyirik. Seyid Hüseyn belə əsərləri yarada bilər".

Seyid Hüseyn yaradıcı şəxs olaraq milli ədəbiyyatımızın zənginləşməsi üçün bütün potensialından yararlanmağa çalışmışdır. Ancaq Azərbaycan ədəbiyyatının bir çox görkəmli xadimi kimi repressiya dalğası ondan və ailəsindən yan keçməmişdir. 1936-cı ildə Yazıçılar İttifaqının üzvlüyündən çıxarılmış Seyid Hüseynin əsərlərinə siyasi rəng qataraq adına "xalq düşməni" damğası vurulmuş, onu gizli fəaliyyət göstərən əks-inqilabi burjua-millətçi təşkilatının üzvü kimi ittiham etmişlər. Yazıçı 1937-ci il iyulun 15-də Şüvəlandakı bağında həbs olunmuş, ən ağır cəzaya - güllələnməyə məhkum edilmişdir. Uzun sürən əzablı işgəncələrdən sonra, 1938-ci ilin əvvəllərində rejimin çıxardığı hökm yerinə yetirilmişdir.

Seyid Hüseyn Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər Müsavat Partiyasının üzvü kimi fəaliyyət göstərmişdir. Sovet hakimiyyəti qurulandan sonra o, formal olaraq Müsavat Partiyasından ayrılsa da, özünün əks-millətçilik ideologiyasını qoruyub-saxlamış, azərbaycançılıq ideallarına sadiq qalmışdır. Yazıçının ölümünü tezləşdirən əsas səbəblərdən biri, zənnimcə bununla əlaqədardır. Çünki 1920-ci illərdə qurulan sovet dövlətçiliyinin ilkin amalı ədəbiyyatı öz ideoloji prinsiplərinə tabe tutmaq, "yeni cəmiyyət, yeni ədəbiyyat quruculuğu" proseslərinə təkan vermək idi. Bu xüsusda nəzərdə tutulan, planlaşdırılan əsas ideya yüklü məsələlərdən biri xalqı milli-mənəvi bazadan məhrum etmək, onu milli heysiyyat və mənlik duyğusundan uzaqlaşdırmaq idi. Bu işin sürətlənməsinə kömək edə biləcək əsas şərtlərdən biri də Azərbaycançılıq ideallarının formalaşmasında müstəsna rolu olan Musavatçılara divan tutmaq, onlarla əlaqədə olanları milli-ictimai düşüncədən yox etmək məqsədi güdürdü. Həmin illərdə sənətkardan tələb olunan ideoloji tələbləri Seyfulla Şamilovun "Kommunist" qəzetinin 12 mart 1937-ci il sayında çap olunan "Ədəbiyyatda bolşevizm ideyalığı uğrunda" adlı məqaləsi aydın göstərir. Məqalədə Seyid Hüseynlə bağlı fikirlərə diqqət edək: "Seyid Hüseyn özünün mürtəce keçmişini və müsavatla əlaqəsini daha kəskin bir sürətdə ifşa etmək üçün indiyədək yazmış olduğu az-çox dəyərli hekayələrdən sonra özünü bir qədər doğrultmağa çalışır. Xüsusən, onun son zamanlarda böyük Stalin Konstitusiyası ilə əlaqədar olaraq yazmış olduğu hekayələri Seyid Hüseyn və onun yaradıcılığını Əhməd Cavadlardan və Yusif Vəzirlərdən müəyyən dərəcədə ayırır. Görünür ki, Seyid Hüseyn sovet ədəbiyyatının ona vermiş olduğu imkanları doğrultmaq fikrindədir. Lakin biz, Seyid Hüseyndən xalq düşmənləri, müsavatçıları və millətçiləri daha kəskin ifşa edəcək bədii və qüvvətli əsərlər gözləyirik. Seyid Hüseyn belə əsərləri yarada bilər. Bu, onun yenidən qurulması üçün su və hava kimi lazımdır".

Bu, bir əsr öncə insanının yaşadığı gerçəklər sırası, zamanın əsl sənətkarların qismətinə yazdığı fəci tale idi. Seyid Hüseyn də bu faciə qəhrəmanlarından biri... Düzdür, o, rejimin tələbləri səviyyəsində hekayələr ortaya qoydu, bəzən mövqeyinin dəyişdiyini çılpaqcasına göstərmək üçün bədiilik məziyyətlərinə belə lazımınca diqqət yetirmədi. Fəqət öz həmkarlarını ifşa etmək işinə imzasını atmadı, ona görə repressiya dalğasından salamat ötüşüb, özünü lazımı dərəcədə "doğrulda" bilmədi. Görünür, içindəki müstəqillik, hürr duyğusunun, musavat havasının yoxa çıxmasına rejimi inandırmağa müvəffəq olmadı.

Ədəbiyyatımızdakı İsmailiyyə abidəsinin memarı

Bədii düşüncəmizdə Seyid Hüseynə qədər erməni vəhşiliyinə verilən qiymətin bəzi örnəkləri məlumdur. Məmməd Səid Ordubadinin "Qanlı sənələr", Mir Möhsün Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası" əsərləri və s. Tarixin bir parçasına çevrilmiş bu əsərlərdə törədilən faciə o qədər tükürpədici və amansız hadisələrlə zəngindir ki, bəlkə də yazıçı təxəyyülünə yer qalmır. Bu xüsusda icra edilən vandalizm aktına, XX əsrin əvvəllərində ədəbiyyatımızda ermənilərin törətdiyi İsmailiyyə vəhşətinə verdiyi ilk bədii qiymətin müəllifi Seyid Hüseyn olur. Ümumiyyətlə, Seyid Hüseynin bədii nəsri XX əsrin əvvəllərinin reallığını dürüst əks etdirir. Xalqın cəhalət içində boğulması, avamlıq, öz hüquqlarını bilməmək səbəbindən məruz qaldığı zalımlıqlar, insanların şəriət qanunları ilə aldadılması, dini fanatiklərin təlqin elədikləri cənnət-cəhənnəm xofu bu əsərlərdə bütün təfərrüatı və çılpaqlığı ilə ortaya qoyulur. Bu xüsusiyyətlər o dövrün bir çox yazıçılarının əsərlərində qabarır, xüsusilə Y.V.Çəmənzəminli, B.Talıblı, Qantəmir, H.Sanılı, C.Cabbarlı kimi yazıçıların mətnlərində bütün kəskinliyi ilə üzə çıxırdı. Adı çəkilən sənətkarların yaradıcılığını birləşdirən ümumi mövzular əsasən üç istiqamətdə meydana qoyulurdu: maarifçilik məsələləri, qadın azadlığı problemi, şəriət qanunlarının tənqidi. Seyid Hüseyn nəsrində həmin problemlər demək olar ki, davamlı şəkildə əksini tapmış, vətəndaşlıq qayəsi ilə işıqlandırılmışdır.

XX əsrin əvvəllərində milli-ictimai şüuru düşündürən məsələlərdən biri erməni daşnaklarının Bakıda törətdikləri vandalizm, mədəniyyət abidələrimizin məhv edilməsi, vəhşicəsinə dağıdılması idi. Dövrün aydınlarının - Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Üzeyir bəy Hacıbəyli, Mirzəbala Məmmədzadə, Seyid Hüseyn, Abdulla Şaiqin bədii-publisist yazılarında həmin məsələ böyük ürək ağrısı ilə təcəssüm etdirilirdi. 1919-cu ildə İsmailiyyə binasının (indiki Elmlər Akademiyası) yandırılması erməni vandalizminin ən böyük, miqyaslı nümunəsi oldu. Bu müdhiş olay bədii-ictimai fikirdə təlatüm yaratmış, qələm adamları həmin vəhşiliyi kəskin şəkildə pisləmişdilər. Azərbaycanlılara qarşı hazırlanan bu qəsdin üstünü açmaq üçün Seyid Hüseyn "Həzin bir xatirə İsmailiyyə" hekayəsini yazmışdır. Dərin lirizmi, güclü publisistik ruhu ilə seçilən bu hekayədə İsmailiyyənin həqiqi bədii səlnaməsi yaradılmış, onun milli istiqlal məfkurəsində oynadığı rol əks olunmuşdur. Vətəndaş yazıçıya görə, binanın xalq qarşısındakı bir-birindən dəyərli xidmətlərindən ən qiymətlisi onun siyasi cərəyanlar meydanına çevrilərək xalqın milli-mənəvi tarixində əvəzsiz rol oynamasıdır. Seyid Hüseyn İsmailiyyəni xalqın, millətin müqəddəs və toxunulmaz məbədi sayır, azadlıq və istiqlal rəmzi kimi dəyərləndirirdi. Hekayənin sonluğu dərin vətəndaş narahatlığı ilə süslənmiş bu notlarla bitirdi: "Ey bakılı qardaş, ey azərbaycanlı vətəndaş, niyə dayanıb baxıyorsan? Coş! İsmailiyyənin, hər vaxt böyük salonunda öz gələcəyin üçün gün ağladığın İsmailiyyənin qarşısına gəl. Onu səndən ayırırlar. Onu lüzumsuz bir meyit kimi dəfn ediyorlar. Həm də sənin gözünün qabağında dəfn ediyorlar. Halbuki onun məhzun gözləri səni gözləyir, sənin həsrətini çəkir".

Həmin mövzuda "Yaşıl qələm" ədəbi birliyi ən yaxşı bədii əsər üçün müsabiqə elan etmiş, birliyin rəhbəri olan Seyid Hüseyn "Həzin bir xatirə İsmailiyyə"dən sonra yazdığı "İsmailiyyə" hekayəsi ilə öz mövqeyini bir daha sərgiləmişdir. Hər iki hekayədə S.Hüseyn Cümhuriyyət dövrü ədəbiyyatında qabaran ən başlıca problemə toxunmaqla milli dövlətçiliyin, milli hökumətin amallarını sənətkarlıqla bədii nəsrə gətirir, onları vətəndaşlıq ləyaqəti və can yanğısı ilə ifadə edirdi.

Seyid Hüseyn dövrünün problemlərinə nüfuz edirdi, realist bir sənətkar olaraq zəmanəsi üçün səciyyəvi olan məsələləri ümumiləşdirərək bədii nəsrin obyektivinə fokuslayır, onları anlaşıqlı şəkildə, sadə və təbii bir dil ilə təsvirə çəkməyi bacarırdı. Bu hər şeydən öncə, yazıçının milli həyata dərindən bələdliyi, milli koloritə bağlılığı və həssaslığı ilə əlaqədar idi. Hətta sovet dövründə mövcud olan vulqar sosiologizmin, marksizm-leninizm prinsiplərinin, sinfilik nəzəriyyəsinin, proletkultçuluğun bütün ədəbi mətnlərə tətbiqinin ümumən ədəbiyyata vurduğu ziyanlar, həmin ziyanların Seyid Hüseynin bir çox hekayələrində təcəssümü belə, bu hekayələrin dəyərini və əhəmiyyətini azaltmır.

Qadın olmağın faciəsi - "Sən xilas olmaq üçün bu üsul və qanun ilə mübarizə etməlisən!"

Seyid Hüseyn nəsri üçün səciyyəvi olan əsas cəhətlər psixoloji təfərrüatın, xarakterlərin bədii təcəssümündə realist koloritin, sosial təhlilin güclülüyüdür. Yazıçının hekayələrində qabaran başlıca ideya maariflənmə olmuş, ona mane olan əsas səbəb kimi dini fanatizm tənqid predmetinə çevrilmişdir. O, dini baxışları dəyişmək üçün incə mətləblərə toxunur, xalqın şüuruna təsir edə biləcək detallara müraciət edirdi. Ədibə görə, nə qədər ki, din qanunları insanların şüuruna hakim kəsilib və onları öz diqtəsi ilə hərəkət etməyə, yaşamağa vadar edir, heç bir inkişafdan söhbət gedə bilməz. Bu mənada, maarifçilik, şüur inqilabı əsas tələb kimi əsərlərinin prioritet xəttini təşkil edirdi. Təsadüfi deyil, yazıçının demək olar ki, bütün hekayələrində həmin maarifçi funksiyanı təmsil edən və həyata keçirən tiplər yer almışdır.

Seyid Hüseyn ziyalı, maarifpərvər bir şəxs kimi cəmiyyəti inkişafdan saxlayan, onun gerizəkalılığına yol açan, mənəvi məhvə sürükləyən amillər sırasını görürdü və əsərlərindəki tənqidi pafosu həmin neqativlər əleyhinə yönəldirdi. Bu xüsusda Seyid Hüseynin toxunduğu, əsərlərinin başlıca leytmotivinə çevirdiyi başlıca mövzulardan biri qadın azadlığı məsələsidir. Bildiyimiz kimi, bu mövzu XX əsrin əvvəllərində yaşayıb-yaradan bütün aydınlarımızı məşğul etmiş, əsərlərində qadın köləliyinə, qadın əsarətinə qarşı vuruşmağı əməl borcu saymışlar. C.Cabbarlı, B.Talıblı, Qantəmir, Y.V.Çəmənzəminli, C.Məmmədquluzadənin yazdığı hekayə, povest və pyeslərdə qadın azadlığının təbliği inadlı bir ehtirasla aktuallanırdı. Seyid Hüseyn də "Bir gənclik macəraları", "Gələcək həyat yollarında", "Şirinnaz", "İki həyat arasında", "Yatmış kəndin qış gecələrində", "Gilan qızı" və başqa hekayələrində qadın dünyasının, qadın yaşamının ekzistensiyasını yaradır, onun mənəvi sarsıntı və yaşamını ictimai-psixoloji müstəviyə çıxardırdı. Bu hekayələrdə qadın milli mentalitet standartlarından imtina edır, köhnə dəyərlərin məqbul saydığı, ənənəvi əxlaqla motivləşən cəmiyyət qanunlarına üsyana qalxışırdı. Kişilərin cəmiyyətdəki patriarxal roluna, kişi və qadın kombinasiyasının pozulmasına rəvac verən qütbləşməyə qarşı Seyid Hüseyn hüquq bərabərliyi mövqeyini qabardır, əsərlərində bu tendensiyanın funksional olmasına çalışırdı. Professor Bədirxan Əhmədov yazır ki, "...istər "İki həyat arasında", istərsə də "Sarıköynək", "Həzin bir xatirə", "Gənclik macəraları" və s. hekayələrində S.Hüseyn heç də birmənalı şəkildə sovet hakimiyyətinin Azərbaycan qadınlarını azadlığa çıxarması ideyasını təbliğ etməmişdir. Burada ümumiyyətlə, Şərq həyatında orta əsr feodal-partiorxal adət-ənənələrinin törətdiyi faciələr göz önünə gətirilir".

"Yatmış kəndin qış gecələrində" hekayəsi Telli adlı gənc bir qızın taleyi üzərində qurulub. Telli İslam adlı biri ilə ailə həyatı qurmuş, lakin evliliyinin üçüncü ilində əri başqası ilə evlənərək üstünə günü gətirmişdir. Belə təhqirə dözməyən Telli qaynı Rizvanın evində sığınacaq tapmış, eyni zamanda İslamın zövcəsi olmaqda da davam etmişdir. Qarlı bir qış gecəsində evdə tək qalan Telli ilə qonşu otaqda qalan Müəllim arasında xoş münasibət yaranır, getdikcə bu xoş ünsiyyət sevgiyə çevrilir. Müəllim Tellinin acı həyat hekayətini dinlədikdən sonra özünü ona simsar sanır, qıza öz hüquqlarını bilməyi və onun uğrunda mübarizə etməyi təlqin edir. Müəllimin və Tellinin mübarizəsi öz səmərəsini verir. Çətin də olsa, onlar İslam kimi əyyaşlara, Molla Xəlil kimi riyakarlara qalib gəlirlər. Hekayə nikbin bir sonluqla başa varsa da, düşündürür: Telli düşdüyü acınacaqlı taleyi daşımağa məcbur edilən XX əsrin birinci yarısında yaşamış qadınların tipikləşdirilmiş obrazıdır. Ərləri tərəfindən əzilən, təhqir edilən, hüquqları əlindən alınan, lakin heç bir halda boşanma səlahiyyəti olmayan Azərbaycan qadınlarının obrazı.

"Yatmış kəndin qış gecələrində" hekayəsində təsvir olunan vaqeə nikbin sonluqla bitirsə, "Gilan qızı"nda belə bir işıq nəzərə çarpmır. Hekayədə öz taleyini səhifələyən Qonça adlı qızın acınacaqlı aqibəti təsvirə çəkilir. Əsər mövhumatın fəci qanunları içində boğulan, cəmiyyətin basqısı altında ömrü puça gedən bir qızın taleyini qapsayır. On üç yaşlı Qonçanın atası öldükdən sonra mülkünə və arvadına sahiblənən əmisi onu özündən çox yaşlı və qorxunc bir adama - Nizamüddövləyə vermək qərarına gəlir. Qonçanın bütün çabaları, fəryad və iniltiləri nəticəsiz qalır. Onu aldadaraq zorən həmən adamın zövcəsi edirlər. "O, söylədikcə, həyatının səhifələrini çevirdikcə, İranın, o təfəssüx etmiş Şərq həyatının, o içərisindən çürümüş orta əsr mədəniyyətinin bütün mənfi cəhətləri, dərəbəylik üsul-idarəsinin rəzalət çirkinlikləri1 bir kino faciəsi kimi mənim nəzərimdə açılır, təcəlli edirdi". Qəhrəmanın onu qorumaq, qaçırmaq istəyi amansız rejim, mənfur irtica və qanunlar səbəbindən baş tutmur. Müəllif bu faciənin, nadanlığın nədən rişələndiyini doğru göstərir: "Səni qurtarmaq mümkün deyildi; çünki səni əzən, səni təhqir edən, sənin varlığını xırpalayıb gəmirən Nizamüddövlə deyil, nizamüddövlələrə elə səlahiyyət verən məmləkətimizin nizamı, üsulu və qanunudur. Bu üsul və qanun yaşadıqca, sən düşdüyün fəlakətdən qurtara bilməyəcəksən! Sən xilas olmaq üçün bu üsul və qanun ilə mübarizə etməlisən!"

Eyni faciə və bu faciənin ölümlə nəticələnən sonluğu Seyid Hüseynin "Gənclik macəraları" hekayəsində də əks etdirilir. Hekayə məhəbbət motivi üzərində qurulsa da, bir çox məqamlara həssaslığı, həqiqətlərin çılpaq inikası baxımından diqqət çəkir. Belə ki, qadın köləliyi, qadın hüquqsuzluğu fonunda yazıçı şəriət qanunlarının yarıtmazlıqlarını, İran üsul-idarəsinin riyakarlığını uğurla sərgiləyir. Gənc yaşlarından sevmədiyi, özündən xeyli böyük, imkanlı adama ərə verilən Şirinnaz onu bu məngənəyə salan cəmiyyətin qurbanı olur. Seyidi sevməsinə rəgmən onu Çopura verirlər. İllər sonra tale onları - Mir Damad və Şirinnazı görüşdürür. Ziyarətdə olan bir çox hadisələr - din pərdəsi altında ziyarətçilərin başına oyun açan yalançı şəriət xadimlərinin riyakarlığı bu insanların gözünü açır. Onlar artıq digərlərindən daha fərqli, daha cəsarətli düşünə bilirlər. Şirinnaz gecəni ərinə dua eləmək üçün məsciddə deyil, sevdiyi insanla bir yerdə keçirir. Xəstə olan əri Çopurun ölümündən sonra evlənməyə qərar verən gənclərin istəyi bu dəfə də baş tutmur. Bu dəfə qaynının zövcəsi olmağa təhrik edilən Şirinnaz olacaqlar qarşısında yeganə çıxış yolunu intihar etməkdə - özünü yandırmaqda görür.

Qadın hüquqsuzluğundan, şəriət qanunlarının tənqidindən, cəmiyyətin qüsur və naqisliklərindən yazmaq, onları qabartmaq Seyid Hüseynə, eləcə də onun nəsildaşlarına nə üçün lazım idi? İlk növbədə insanların gözünün açılması, onların maariflənməsi, həmçinin yeni təfəkkür quruculuğu proseslərinin tərkib hissəsi olma səbəbindən. Müəllifin hətta saf məhəbbətin təlqin olunduğu hekayələrində belə məhəbbət adı altında həm də yeni həyatın təsvirini görməmək mümkün olmur. Maraqlıdır ki, qadınların, xüsusən, ailəli qadınların aşiq olduqları insanlar həm də yeni təfəkkür tipli insanlardır. Bu insanların qadınlara etdikləri təsir birinci növbədə, onların beynindən, şüurlarından başlayır. Qadınların içlərinə, qəlblərinin dərinliklərinə gömdükləri sevgi hissini oyandırmaqla bahəm, həm də onları bir insan olaraq özünü dərk etməyə, haqlarını tanımağa və qorumağa səslədikləri üçün oxucuda rəğbət oyada bilirlər. Həm bu sırada oxucu həmin qadınları ittiham belə edə bilmir, xəyanətini əsaslandırmağa çalışır. "Yatmış kəndin qış gecələrində" halal zövcəsi Tellinin üzərinə günü gətirən əri İslam, "Mehriban"da rus qızına aludə olub bütün məvacib və diqqətini ona sərf edən Zeynal, "Gənclik macəraları"nda özündən yaşda xeyli kiçik qızla evlənib, onun arzularına zəncir vuran Çopur, "Gələcək həyat yollarında" hekayəsində avam kənd qadını saydığı arvadını "oxumuş, savadlı, şəhər tərbiyəsi görmüş" müəlliməyə dəyişən və ailəsini atıb gedən Eldar - hər biri oxucuda köhnə dünyanın adamları olduqlarına görə deyil, keçirdikləri meşşan həyat tərzinə, qadınlarına qarşı rəftarlarına görə ikrah doğururlar.

"İki həyat arasında" - yaşamaq, ölmək...

XX əsrin birinci yarısı Avropa dəyərlərinin dünya mədəniyyəti və ədəbiyyatını qapsadığı dövr idi. Bütün düşüncə sferalarının, eləcə də humanitar sahənin dünya ilə təması, ünsiyyəti başlanırdı. Özülü XIX əsrin sonlarında M.F.Axundzadə ilə başlanan bu dalğa XX əsrin əvvəllərində fəaliyyət göstərən aydınlarımızın qələmində daha geniş əməl cizgisi kəsb edirdi. S.Hüseynin də qələmi bu sırada öz funksionallığı ilə ön sıralarda idi. "Yeni həyatın mahiyyətini oxucunun şüuruna çatdırmaq, onu mənhus keçmişindən, inkişafına mane olan köhnə adət-ənənələrdən qoparıb, yeni həyat, yeni cəmiyyət qurucularının cəbhəsinə atmaq - Seyid Hüseynin nəsrinin başlıca ideya xüsusiyyətidir" (Abbas Zamanov). Lakin burada çox incə bir məqam var. "... inkişafa mane olan köhnə adət-ənənələrdən qoparılmaq" bəzi hallarda xalqın öz kökünə, milli-mənəvi dəyərlərinə daş atmaqla nəticələnirdi və təəssüf ki, S.Hüseyn də bu prosesdən kənar deyildi. S.Hüseyn və onun kimi dövrün digər yazarlarının qüsuru bunda idi ki, üsyankar ovqatı, inqilabi düşüncəni sıçrayışlı formada yeritməyə cəhd edir, bu işdə daxili təkamül prinsipinə əsaslanmırdılar. Nəticədə əsərlərin bir qismi bədiilik məziyyətlərini itirir, daha çox ideoloji təbliğatın ruporu səciyyəsi daşıyırdı.

1920-ci illərdəki sovet istilasının ədəbiyyata öz maraq və qanunlarını diqtə eləməyə çalışması, dövrün ziyalılarının basqı və təzyiqlə üzləşməsi onların yaradıcılıqlarında da dönüş yaradır, hakim rejimin qanunları çərçivəsində fəaliyyət göstərmələrinə məcbur edirdi. Seyid Hüseyn də inqilabın maşınına əyləşən, rejimin yüksəlişini, inqilabi coşqunu vəsf edən hekayələr yazmışdır. Yeni cəmiyyət quruculuğu, insanları xoşbəxt sabahlara aparan sistemin işıqlı gələcəyinə inam, köhnə təfəkkürlü insanların tənqidi bu hekayələrdə qabardılan xüsusiyyətlər idi. İki həyat tərzinin - köhnə və yeni dünyanın müqayisəli təsviri, bu xüsusda yeniliyin təbliği Seyid Hüseynin hekayələrində başlıca ideya idi. Müəllifin "Bir küçənin tarixi", "Gələcək həyat yollarında", "Onun oğlu", "Uzundərə" və bir çox başqa hekayələri daha çox ictimailəşmiş insanların dünyagörüşünü, həyata baxışını, yeni cəmiyyət quruculuğu proseslərində onların iştirakını sərgiləməyə yönəlib. "İki həyat arasında" hekayəsində Ənisə deyir: "Bizim zamanımızın xüsusiyyəti odur ki, əski həyat uçulur. Onun adət-ənənələri də əsasından yıxılıb dağılır; yerində yeni bir həyat qurulur. Biz elə bir cəmiyyətin üzvüyük ki, o öz içərisinə ancaq yeni adamları qəbul edir. Yeni adam o deyildir ki, yalnız zahiri şəklini və qiyafəsini dəyişmiş olsun. Yeni adamın həyatı da, görüşü də, düşüncəsi də, əxlaqı da, hətta damarlarında axan qanı da yeni olmalıdır".

S.Hüseynin əksər hekayələrində "iki həyat arasında" qalmış qəhrəmanların yeniliyə asan keçidi və bu zəmində onların köhnələrlə mübarizəsi təsvir olunur. Bəzən bu eyniliyə aludə olan qəhrəmanlar köhnəlik adı altında bütün milli-mənəvi dəyərlərə qarşı çıxır, onlara əskinin qalığı deyə istehza ilə yanaşırlar. Məsələn, "Uzundərə" hekayəsində yenilik adı altında ifrata varan Cəmilə mənəvi zövqü klubda, dərnəkdə iştirak etməkdə, istədiyi oğlanın çaldırdığı "Uzundərə" rəqsinə "köhnə hava" deyə tənə edib Qərbin müsiqi sədaları altında vals oynamaqda, kütlə ilə birgə yaşamaqda görür. Cəmilə sovet qurucuğu proseslərində bütünlükdə özünü ictimai həyata həsr edən, bu yolda hətta şəxsi həyatını, mənəvi hisslərini belə donduran, arxa plana keçirən ümumiləşmiş obrazdır. Hekayədəki bir epizoda, Cəmilənin ailə qurmaq üzrə olduğu Mirzağa arasındakı aşağıdakı dialoqa diqqət edək:

"Mirzağa deyirdi:

- Sən bilmirsən, Cəmilə! Xəlvət guşəyə çəkilib ikili yaşamağın başqa bir zövqü vardır. Belə gurultulu klub həyatından nə çıxar.

- Hər nə çıxarsa buradan çıxar. Burada ictimai bir həyat vardır. Kütlə ilə bərabər yaşamalı, onun tənəffüs etdiyi havayə tənəffüs etməlidir. Buradakı zövq evdə yalqızca keçirilən həyatın zövqündən daha faydalıdır.

Mirzağa Cəmilənin fikrinə şərik olmaq istəmirdi.

- Bəlkə, - deyirdi, - bəzi cəhətlərdə klubdan maddi hava almaq olar. Mən maddi şeylərdən bəhs etmirəm. Mən deyirəm ki, insana mənəvi həyat lazımdır. Bu mənəvi həyatı da evdə keçirəcəyimiz yalqızca həyatdan alacağız.

- Təmamilə əksini söyləyirsiniz. Mənəvi həyatı biz ancaq klub vasitəsilə əldə edəcəyiz".

Yaxud "Çarxların hücumu" hekayəsində müəllif mühafizəkarlığa qarşı çıxarkən yeniləşməni bütün fərdi-intim məsələlərə belə daxil edir, müqəddəs sayılan dəyərlərin sərhədləri pozulur, hər bir hərəkət, hər bir düşüncə yenilik adına tabe tutulur.

Əlbəttə, Seyid Hüseynin yanlış qənaətləri, dövrdən, ictimai-siyasi mühitdən və ideoloji təbliğatın təsirindən qaynaqlanan qarışıq təsəvvürlərlə bağlı idi. Bu illərdə yeni ədəbiyyat tipinin, yeni təfəkkürün formalaşması az qala siyasi tələb səviyyəsində qoyulurdusa, ədəbiyyatdan mövzu baxımından "müasir insan", "sovet vətəndaşının həyatı", qurulan "yeni cəmiyyət"lə bağlı əsərlər tələb olunurdusa, bu tələbin reallaşması müəyyən qədər Şərq dəyərlərinin iflasından, onlara qarşı mübarizə zəminindən hasilə gəlməli idi. Bu mənada, Seyid Hüseynin dirəniş gücü zamanın reallıq və tələbləri qarşısında yetərli deyildi. Çünki onun özü də "iki od arasında" qalmışdı. Yaşamaqmı, ölməkmi?! Zaman amansız, Stalin terroru və repressiyaları önündə insanların qorxu və təlaşları, mənəvi-psixoloji sarsıntıları kəlmələrə sığmayacaq qədər ağır və ağrılı idi. Heç kimə rəhm edilmirdi. Seyid Hüseynə də edilmədi, fəci sonluq yetişdi, ölüm qaçılmaz oldu.

# 1419 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

14:38 25 noyabr 2024
Lermontova həsr edilmiş tədbir olacaq

Lermontova həsr edilmiş tədbir olacaq

13:23 25 noyabr 2024
Məşhur bəstəkar vəfat etdi

Məşhur bəstəkar vəfat etdi

10:58 25 noyabr 2024
"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

10:34 25 noyabr 2024
Hacı Xanməmmədova həsr olunmuş konsert keçirildi

Hacı Xanməmmədova həsr olunmuş konsert keçirildi

09:38 25 noyabr 2024
Diddi həbsdən çıxmaq üçün bu vədləri verib

Diddi həbsdən çıxmaq üçün bu vədləri verib

09:34 25 noyabr 2024
# # #