Dünya Yeni ili necə qarşılayır? Kulis.az bununla bağlı araşdırmanı təqdim edir.
Avstraliyada Yeni il şənlikləri kifayət qədər ekzotik keçirilir. Qar, şam ağacı, maral və bayramın digər ənənəvi atributlarının olmamağı səbəbindən Şaxta Baba Sidney çimərliyində parlaq rənglərlə bəzədilmiş sörfün üzərində üzgüçülük kostyumunda peyda olur. Bununla belə Köhnə Dünyanın ənənələrinə riayət edən Şaxta Babanın mütləq ağ saqqalı və qırmızı papağı olur. Yeni il axşamı açıq səma altında atəşfəşanlıqların keçirildiyi müxtəlif ictimai məkanlara baş çəkmək ənənəyə çevrilib. Avstraliyadakı Yeni il şənliklərinin özəlliyi ondan ibarətdir ki, gecə yarısından sonra bu cür atəşfəşanlıqlar müşahidə olunmur. İstirahət günü və ya bayram olmasına baxmayaraq avstraliyalılar adətən səhər saat 5-6-da yuxudan oyanır, axşam saat 10-dan gec olmayaraq isə yatağa girirlər. Təbii ki Yeni il gecəsi istisnadır. Amma bu bayram günündə də saat 00:10-da hamı yataqda olur.
Ruslar, ukraynalılar və belaruslarda ənənəvi Yeni il yeməyi kişmişli şirin sıyıq və fəsəli idi. Sıyığı yetişmiş taxılın müxtəlif növlərindən hazırlayırdılar. Hesab edirdilər ki, Yeni il süfrəsi nə qədər zəngindirsə, bütün il ərzində evdə də belə bolluq olacaq. Rusiyada ötən əsrin əvvəlində Yeni ildə xəmirdən ev heyvanları – at, inək və öküzün fiqurlarını düzəldib bişirər və sonradan bayramlaşmağa gələn qonaqları həm bu fiqurlar, həm də müxtəlif şirniyyatlar və çərəzlərə qonaq edərdilər. Həmçinin belə düşünürdülər ki, Yeni ili yeni paltar, yeni ayaqqabıda qarşılamaq lazımdır, onda bütün il yeniliklər içərisində keçəcək. Adətən Yeni il qabağı bütün borcları verər, bütün inciklikləri bağışlayardılar. Küsülülər bir-birindən üzr istəməli, barışmalı idilər.
Vyanada Müqəddəs Stefan kilsəsində quraşdırılmış “Sülh Zəngi”nin təntənəli sədalarını dinləmək Avstriyada Yeni ilin yazılmamış qanunlarından biri hesab olunur. Dekabrın 31-də Kilsə meydanına minlərlə insan toplaşır. Keçmişdə bu ölkədə Yeni İl günü bacatəmizləyənlə qarşılaşmaq, ona toxunmaq və paltarına ləkə salmaq yaxşı əlamət sayılırdı. Hesab olunurdu ki, bu böyük xoşbəxtlik və uğur gətirir.
Argentinada müxtəlif müəssisələrdə çalışan qulluqçular ötən ilin sonuncu iş günü köhnə təqvim, gərəksiz cədvəl və blankları pəncərədən küçəyə atırlar. Bu, qədim ənənədir. Buenos-Ayresin əsasən biznes mərkəzlərinin yerləşdiyi səmtində günorta səkilər qalın kağız örtüklə döşənmiş olur. Bu adətin nə vaxt və necə meydana gəldiyini bilən yoxdur. Bir dəfə qəzetlərdən birinin əməkdaşları bu “maraqlı əyləncəyə” necə aludə olublarsa, bütün arxivi pəncərədən atıblar.
Əfqanıstanda Yeni il Böyük gecə-gündüz bərabərliyi günü kimi qeyd olunur. Həmin gün kəndin böyüyü tarlaya gedərək ilk şırımı açır. Onun ardınca kəndin digər nüfuzlu şəxsləri gəlirlər. Əfqanıstanda spirtli içkilərin qəbulu qanunla qadağan edilib. Buna görə də çaxır şirniyyatla əvəz olunur. Ənənəvi olaraq qadınlar kişilərdən ayrı toplanır. Toplaşdıqları məkanın qarşısında adətən bir qız keşik çəkir.
Fil Dişi Sahilində sakinləri hər il ənənəvi obis bayramını qeyd edirlər. Onlar Yeni ildə əcdadlarının ruhları ilə “görüşürlər”. Təntənələr çərçivəsində il ərzində yol verilmiş nalayiq hərəkətlər və uğursuzluqlardan “təmizlənmə” ayini keçirilir. Bütün həftə ərzində həm ahıllar, həm də gənclər böyük müqəddəs tomtonun (barabana bənzər çalğı aləti-R.R) sədaları altında həvəslə rəqs edirlər. Mərasim mahnılarında əcdadların ruhlarına yardım çağırışları səslənir. Xeyirxah ənənəni pozanlar şallaqlanır.
Birmada Yeni ilin gəlişi ilin ən qızmar mövsümünə təsadüf etdiyindən Su Festivalı ilə qeyd olunur. Burada çox əyləncəli mənzərələr ortaya çıxır: üz-üzə gələn insanlar bir-birilərinə müxtəlif qablardan su atırlar. Amma bu cür islanmaq heç kəsin acığına getmir. Axı bu bir ayin-Yeni İldə özünəməxsus xoşbəxtlik arzusudur.
Yeni il ərəfəsində Bolqarıstanda zoğal çubuqları əldə edirlər. Bu çubuqlar Yeni il bayramının dəyişməz atributu hesab olunur. Yanvarın birində qohumlarına yaxınlaşan balacalar çubuqla yüngülcə vuraraq onları bayram münasibətilə təbrik edirlər. Ötən ilin son zəngi çalınanda bütün evlərdə işıqlar 3 dəqiqəliyə söndürülür: bu, tostları əvəzləyən yeni il öpüşləri dəqiqələridir. Əgər stol arxasında kimsə asqırırsa, insanlar sevinir. İnanclara görə, bu, uğur gətirir.
Yeni il ərəfəsində Braziliyada okean çimərliyində qumların üzərində minlərlə şam yandırılır. Uzun paltar geyinmiş qadınlar suya girir və okean dalğalarının üzərinə gül ləçəkləri səpirlər.
Böyük Britaniyada Yeni ildə evi iynəyarpaqlı və ağ bağamburc budaqları ilə bəzəyirlər. Adətə görə, Milad ərəfəsində kişilərin bu bitkilərdən hazırlanmış bəzəklərin altında dayanmış istənilən qızı öpməyə hüququ çatır. Bu ölkədəki qədim ənənələrdən biri də milad oduncağıdır. Deyilənlərə görə bu adəti İngiltərəyə vikinqlər gətirib. Onlar Miladda böyük ağac kəsirlər. O ilboyu qalır və büsbütün quruyur. Yalnız növbəti Miladda onu evə gətirirlər və bu odun uzun müddət yanır. Əgər odun kül olana qədər yanmasa, ev sahiblərini hansısa bədbəxtlik gözlədiyinə inanırlar.
Vyetnamda Yeni ili gecə qarşılayırlar. Alatoranlığın başlanmasıyla vyetnamlılar parklar, bağlar və küçələrdə ocaqlar yandırırlar. Ocağın başına bir neçə ailə toplaşır, kömürün üzərində düyüdən xüsusi şirniyyat hazırlayırlar. Bu gecə bütün mübahisələri unudur, inciklikləri bağışlayırlar. Axı Yeni il dostluq bayramıdır! Növbəti gün vyetnamlılar bütün günü ailələri ilə keçirirlər. Onlar inanırlar ki, Yeni ildə evlərinə ilk ayaq basan şəxs onlara uğur və ya kədər, bədbəxtlik gətirəcək. Vyetnamda Yeni il gecəsi çay və gölməçələrə diri karp balığı buraxmaq ənənəsi də mövcuddur. Rəvayətə görə Tanrı karpın kürəyində üzür və Yeni ildə insanların Yerdə necə yaşadıqlarını söyləmək üçün göyə qalxır.
Yunanıstanda geniş yayılmış adətə görə Yeni il gecəsi ailə həyətə çıxır və bir narı divara çırpırlar. Əgər narın dənələri həyətə səpələnərsə, bu ailənin yeni ildə xoşbəxt yaşayacağına işarədir. Yunanlar qonaq gedərkən özləri ilə mamır bağlamış daş da aparırlar və onu ev sahiblərinin otağına qoyurlar və deyirlər: “Qoy ev sahiblərinin pulları da bu daş kimi ağır olsun”.
İndoneziyada Yeni ili qeyri-adi şəkildə qeyd edirlər. Bali adasında o 10 gün davam edir. Bu günlər rənglənmiş düyüdən iki metrlik sütun düzəldilir. Onun allahlar üçün nəzərdə tutulduğu deyilir. Bayramın sonunda sütundakı düyü evlərə paylanır. İnsanlar düyünü yeyir və göndərdiyi sərvətlərə görə allahlara dua edirlər.
Yeni ildə Hindistanda çox gözəl ayinlər icra olunur. Şimali Hindistanın sakinləri özlərini ağ, çəhrayı, qırmızı və bənövşəyi rənglərə boyayırlar. Mərkəzi Hindistanda isə binaları rəngbərəng, xüsusilə də narıncı bayraqlarla bəzəyirlər. Qərbi Hindistanda evlərin damında kiçik ocaqlar qalayırlar. Hindistanlıların özünəməxsus hədiyyə vermə ənənələri var. Məsələn, uşaqlar üçün hədiyyələr xüsusi siniyə qoyulur. Səhər uşaqların gözlərini bağlayır və bu sininin yanına gətirirlər.
İrlandiyada Yeni il ərəfəsində axşam evlərin qapılarını taybatay açırlar. Bu vaxt istəyən şəxs evə girə və bu evin hörmətli qonağı ola bilər. Onu yuxarı başda oturdurur, çaxıra qonaq edirlər və deyirlər: “Bu evdə və bütün dünyada sülhün sağlığına!”. Saat 12-nin yarısında irlandiyalılar mərkəzi meydana çıxır, oxuyur, oynayır və şənlənirlər.
Milad İspaniyada əsas bayramlardan biri hesab olunur. İspanlar da bayram axşamını ailələri ilə yaxşı döşənmiş süfrə ətrafında qeyd edirlər. Yaşdan asılı olmayaraq uşaqdan böyüyə əksəriyyət şirniyyata üstünlük verir. Axşama yaxın balacalar əvvəlcədən hazırlanmış corabı pəncərədən asırlar. Burada heç kəs dini mərasimlərə bağlı deyil. Hər kəs ürəyi istədiyi kimi əylənir.
Keniyada Yeni ili suda qeyd edirlər. Onlar çayda, göldə, okeanda çimir, qayıqla gəzməyə çıxırlar. Bir sözlə əylənirlər.
Çində Yeni ili həmişə yanvarın sonu-fevralın əvvəlində, ay bədirlənəndə qeyd edirlər. Bayram yürüşləri zamanı Çinin küçələrindən keçən insanlar əllərində fənər tuturlar. Bu, Yeni ildə öz yolunu işıqlandırmaq anlamına gəlir. İnanclarına görə yeni il pis ruhlar və qüvvələr tərəfindən əhatə olunub. Buna görə də onları şax-şax və fişənglər vasitəsilə qorxudurlar.
Kolumbiyada hesab edirlər ki, gülləsiz, fişəngsiz və partlayışsız bayramdan söhbət belə gedə bilməz. Onlar köhnə ili ifadə edən kukla hazırlayırlar. Onu dəyənəklərin üzərində gətirərək gülməli vəsiyyətnamələr oxuyurlar. Sonra kuklanı bir tərəfə atırlar. Onun içərisinə yerləşdirilmiş barıt və güllələr gecənin yarısı partlamağa başlayır. Köhnə il alışıb yanaraq yerini Yeni ilə verir.
Kubada Yeni il öncəsi qədəhləri su ilə doldururlar. Saatlar 12-ni vuranda isə su pəncərələrdən küçəyə səpilir. Bu isə o deməkdir ki, köhnə il uğurla başa çatdı: kubalılar bir – birilərinə Yeni ilin də su kimi şəffaf və aydın olmasını arzulayırlar. Saatlar 11 dəfə vurur. 12-ci zəngdə isə saata istirahət verirlər ki, Yeni ili hamı sakit qarşılasın.
Meksikada saatın 12-ni vurmasıyla fişənglər püskürür, karnaval yürüşləri başlanır. Burada meyvə, su, Yeni il hədiyyələri ilə doldurulmuş gil qabların sındırılması adəti mövcuddur.
Monqolustanda Yeni il maldarlıq bayramı ilə üst-üstə düşür. Buna görə də bu bayram üçün idman yarışları, cəsarət, cəldlik və fərasət müsabiqələri xarakterikdir. Avropa xalqları kimi monqollar da Yeni ili yolka ətrafında qeyd edirlər. Onların şənliklərində də Şaxta Baba iştirak edir, amma maldar paltarında.
Norveçdə uşaqlar hədiyyəni keçidən gözləyirlər. Bu ölkədə keçinin müəyyən üstünlükləri var. İş burasındadır ki, rəvayətə görə Norveç kralı İkinci Olaf bir dəfə yaralı keçini qayaların üzərindən düşürərək xilas edir. Heyvanı saraya gətirir və burada sağaldaraq gəldiyi yerə qaytarır. Keçi isə minnətdarlıq əlaməti olaraq hər axşam xilaskarına şəfalı otlar gətirirmiş.
Peruda hesab edirlər ki, Yeni İl gecəsi kimsə əlində çemodanla yaşadığı kvartalın ətrafında dövrə vurarsa, o çoxdan planlaşdırdığı səyahəti reallaşdıra bilər. Kvartalın ətrafında əlində söyüd çubuğu tutmuş qız dolaşarsa və o hansısa gəncə bu çubuğun digər tərəfindən tutmağı təklif edərsə, bu gənc o qızın nişanlısı olacaq.
Panamada Yeni il axşamı həddən artıq səs-küylü olur: sirenalar çalır və insanlar qışqırır. Qədim inanclara görə səs-küy zalım ruhları qovur.
Rumıniyada da Yeni il qəribə mərasim mahnıları və adətlərlə qeyd olunur. Bayram ərəfəsində Buxarest küçələrində milli paltar geyinmiş, əllərində uzun qamçı, başlarına qoyun dərisindən papaq qoymuş gənclər gözə dəyir. Onlar həyətlərə girir, müəyyən ritmdə qamışları yerə vuraraq Yeni İl arzularını səsləndirirlər.
Sudanda yaşıl, kal qoz Yeni ilin talismanı hesab olunur. İnsana ən gözəl arzu da yetişməmiş qoz tapmaqdır. Sudanlılar onun bütün il ərzində uğur və xoşbəxtlik gətirəcəyinə inanırlar.
Finlandiyada Yeni İl hədiyyələrini stola düzür və üstünü kasa ilə örtürlər. Subay qızlar başmaqlarını çiyinlərinin üzərindən qapıya tərəf atırlar. Başmaq üzü qapıya tərəf düşsə, bu o deməkdir k, Yeni ildə toy gözlənilir.
Çexiya və Slovakiyada hamı bir-birinə hədiyyə verir. Xoşa gəlməyən hədiyyəni bayramın ilk günləri mağazaya qaytarmaq və ya dəyişdirmək olur.
Şotlandiyada Yeni İl ərəfəsində çəlləkdə qətran yandırır və onu küçələrlə sürtürlər. Şotlandlar bunu Köhnə ilin yandırılmasının simvolu hesab edirlər. Bundan sonra Yeni ilin yolu açılır. Saatın əqrəbləri saat 12-ə yaxınlaşdıqda evin sahibi səssizcə qapını açır və zəngin son zərbəsi vurulana qədər qapını açıq saxlayır. Son zəng çalınandan sonra isə köhnə ili yola salaraq Yeni ili evə buraxır. Qonaqlara isə özləri ilə kömür parçası gətirmək, onu ocağa atmaq və bu ocağın uzun zaman yanmasını arzulamaq xahiş olunur.
İsveçdə Yeni İl ərəfəsində qonşunun qapısında qabları sındırmaq adəti var.
Ekvadorda Yeni il ərəfəsində köhnə paltarlardan hazırlanmış müqəvvanı küləşə bürüyürlər. Bu ötən ilin simvoludur. Onu evin qarşısında stula oturdururlar. Gecənin yarısı köhnə ilin vəsiyyətləri sadalanır, burada ailənin bütün xoşagəlməzlikləri səsləndirilir. Sonra kağız müqəvvanın qoltuğunun altına qoyularaq yandırırlar. Beləliklə ailənin ötən ilki uğursuzluqları da “kül olur”.
Yaponiyada Yeni il ən böyük bayram hesab olunur. O bir neçə gün davam edir. Yeni il ərəfəsi “qızıl həftə” adlanır. Bu vaxt bir çox müəssisələr, firmalar, hökumət təşkilatları, böyük univermaqlar işlərini dayandırır. Yeni ilin başlanması anında yaponlar gülməyə başlayırlar. Onlar inanırlar ki, gülüş Yeni ildə onlara uğur gətirəcək. Yeni ilin birinci gecəsi məbədə gedirlər. Burada məbəd zənginə 108 zərbə vururlar. İnanırlar ki, hər zərbəylə bütün pisliklər gedir. Divarların qarşısına çəkilmiş küləş kəndirinin də pis ruhları qovduğuna inanırlar. Evlərdə gözəgəlimli yerdə düyü kökələri, xoşbəxtlik, sağlamlıq və uzunömürlülüyün simvolu olan narıngi, evlərin yanına isə sədaqət və uzunömürlülük rəmzi olan bambuk və şam ağacı qoyurlar. Yeni İldə hər bir yaponun evində 3 ağacın budağını görmək mümkündür: bambuk – qoy uşaqlar da tez böyüsün, gavalı – ev sahiblərinin işgüzar köməkçiləri olsun, şam – qoy bu ailənin üzvləri şam kimi uzun yaşasın. Bayramda xoşagəlməz məna verən sözlərin işlədilməsi qadağan olunur. Ölüm, iblis, heyvanlar haqqında da danışmaq olmaz. Uşaqlar bilməyərəkdən bu qadağanı pozurlarsa, onların ağzı xüsusi parça ilə silinir. Yeni il gecə yarısı yox, səhər günəşin çıxması ilə qarşılanır. Günəşin ilk şəfəqləri Yeri isitməyə başlayanda yaponlar yeni il münasibətilə bir – birilərini təbrik edir, hədiyyələr verirlər.