Dumanın anası, sirli mağara, hindu qəbiləsi, dondurma üzərində yeriyən ilk insanlar – Lerikdən reportaj

Lerik

Lerik

6 yanvar 2022
# 12:30

Kulis.az Ulucay Akifin Lerikdən yazdığı reportajı təqdim edir.

- Bax, sənə deyirəm. Bir dəfə də işə geciksə, onu işdən qov. Mən sənə icazə verirəm!

- Yox e, lap 15 dəfə də geciksə qova bilmərəm. Özü də gecikəndə çox gecikmir. Uzağı 5-10 dəqiqə gecikir də.

- Sənə deyirəm lap 5 dəqiqə də geciksə, qov! Qoy qayıtsın Lerikə. Mən ona burda iş taparam.

- Axı o Lerikdə nə işləyəcək də?

- Əşi, sənin nə borcuna qalıb? Mən onu düzəldəcəm muzeydə, ya məktəbdə işə. Belə o Bakıda, mən Lerikdə, narahat oluram. Nə yeyir, nə içir, nə geyinir. Gəlsin Lerikə, evləndirəcəm onu...

- Deyirəm dəə! Sizin dərdiniz elə onu evləndirməkdi! Yoxsa nə yeyib, nə içdiyi sizi narahat eləmir.

- Yaxşı eləyirəm, evləndirmək istəyirəm. İstəyirəm nəvə görüm də! Gör neçə yaşım var. Evləndirim, sabah mənə nəsə olsa içim rahat olsun.

- Ay xalaa... 21 yaşı var e onun. Nə evlənmək? Özü də Lerikdə e... Məktəbdə nə işləyəcək o? Cəbiş müəllim olacaq?

- Hə, lap Cəbiş müəllim olacaq, sabun bişirəcək! Sənə deyirəm ki, onu qov işdən! Sən qovmasan, mən özüm gəlib ərizəsini yazacam, çıxsın!

- Qovmayacam! Bakıda qalacaq, işləyəcək!

Otağın qapısı açılır. Vüqar içəri girir:

- Sabahınız xeyir! Azan səsinə oyanmaq nə gözəldi e. Bakıda azan eşitmirdim çoxdandı. – Vüqar gərnəşərək deyir.

- Gördüün? – Vüqarın anası mənə baxıb deyir.

- Əşi, elə danışırsan, elə bil sübh azanına oyanmısan. Günorta namazının azanına oyanmısan da – buranı çox tərifləməsin deyə Vüqara əsəbiləşirəm.

- Gəl otur, mənim balam. Otur birinci südünü iç, indi çay da gətirirəm.

Sevil xala bunları deyib tez mətbəxə yüyürür.

- Vüqaaar... Bal da qat südünə, təzə baldı. Şordan, pendirdən də ye. Qaymaq da var. – Sevil xalanın səsi bir az yavaş da olsa bizə çatır.

- Ə, bir az tez oyan da! Bu vaxta kimi adam yatar?! Niyə bizi biabır eləyirsən?

- Neyləyim e, qaqa! Yorulmuşam da... – təndir çörəyindən qoparıb qaymağa və bala batırır, iri loxmanı bütöv ağzına salır. - Əla hava var haaa... Yeyək çıxaq dağlara!

- Hə, elə bil yazdı. Mehdi oyanmayıb?

- Oyanmışaaam! Sabahınız xeyir. – Mehdi də otağa girir.

Sevil xala çaylarımızı və təzəcə qaynatdığı kənd yumurtalarını gətirir.

Sevil xalanın 65 yaşı var. Bizim Vüqarın anasıdı. Lerik Rayonu Tarix-Diyarşünaslıq Muzeyinin direktorudu. Çox savadlı və mədəni xanımdı, di gəl ki, bütün Azərbaycan anaları kimi ən böyük arzusu oğlunun toyunu görmək, nəvəsini qucağına almaqdı.

Bir azdan Vüqarın dostu Mübariz də gəlir və biz Leriki gəzməyə çıxırıq.

Lerik şəhərinin mərkəzi çox balacadı. Hətta deyərdim ki, şəhərdən daha çox kəndə bənzəyir. Dəniz səviyyəsindən 1165 metr yüksəkdə olan şəhər dağların ətəyində yerləşir.

Təkəmseyrək adamların sayı yavaş-yavaş artır. Onlar yanımızdan keçir, hansısa döngədə burulub gözdən itirlər. Yanımızdan keçən adamların hamısı bizimlə, daha doğrusu Vüqar və Mübarizlə salamlaşır. Şəhərdə hamı bir-birini tanıyır.

Mehdi ilə mən burada ilk dəfə olduğumuzdan ətrafı daha diqqətlə seyr edirik, elə bil gözümüzdən nəsə yayınar deyə qorxuruq.

- Bura Şuşaya oxşayır e... – Mehdi siqaretindən bir qullab alıb deyir. Bunu deyəndə eynəyinin altındakı balaca, qara gözləri inci dənəsi kimi parıldayır. Hiss edirəm ki, bənzətməsindən özü də yetərincə məmnun qalır.

- Həə, oxşayırrr... – deyib ətrafa daha diqqətlə baxıram.

Şuşanı yalnız televizorda görən biz ilk dəfə olduğumuz bu şəhəri Şuşaya bənzədirik və sanki elə bu cümlədən sonra şəhərin sehrinə qapılırıq.

Birdən mənə elə gəlir ki, artıq bütün şəhərlərimiz, rayonlarımız, kəndlərimiz Şuşaya bənzəyir. Bəlkə də həmişə bənzəyiblər, sadəcə bizim dilimiz gəlmirmiş bu bənzərliyi deməyə, amma indi bunu rahatca deyə bilirik.

Mübarizin maşınına minib dağlara yola çıxırıq.

Dağların başına dolanan yollarla zirvəyə qalxarkən maşınımız gah kölgəyə, gah günəşə düşür. Elə bil dayanmadan gecədən gündüzə, gündüzdən gecəyə keçid edirik.

Heç nə danışmırıq. Hamı maşının özünə yaxın pəncərəsindən çölə boylanır. Maşınımız dağların başına dolana-dolana yoluna davam edir.

Yarpaqlarını tökmüş çılpaq ağaclar belə bizi ovsunlayır. Hərdən çönüb geridə qalan mənzərələrə tamaşa edirəm.

- Haradı bura? – ehtiyatla maşını sürən Mübarizdən soruşuram.

- Zuvand.

Zuvand. Lerik rayonunun 1938-ci ilə kimi adı Zuvand olubmuş. Görünür, buranın adamları hələ də bu dağlara, dolambac yollara qədim adı ilə müraciət edirlər.

Zuvand!

Savaşa hazırlaşan qəbilə döyüşçülərinin qəzəblə səsləndirdiyi şüara bənzəyir: Zuvand! Zuvand! Zuvand!

Nəhəng qayalı dağlar, sıldırım dərələr, özü ilə vəhdətdə olan ana təbiət çox əzəmətli və sakit görünür.

- Bu qayalar niyə sarı rəngdədi? – yenə Mübarizdən soruşuram.

- O sarı daşlardan xına hazırlayırlar.

Bilmirəm niyə, bu cavab da yetərincə xoşuma gəlir.

Zirvəyə qalxmağa davam edirik. Gecə-gündüz, gündüz-gecə... Kölgədən gün işığına çıxırıq, sonra yenə kölgəyə qayıdırıq, sonra yenə Günəş...

- Mehdi, qar “marojna”ya oxşayır e, fikir verirsən? – arxaya çevrilib deyirəm.

- Hə, sən öl, mən də onu fikirləşirdim. – Mehdi deyir.

Vüqar orta barmağı ilə eynəyini bir az yuxarı qaldırır, pəncərədən çölə baxıb qarı seyr edir və üzündə təbəssüm yaranır.

Birdən Mübariz maşını sıldırım qayaların yanına verib saxlayır.

- Çatdıq, düşün... – Vüqar deyir.

- Hara çatdıq? – Mehdi soruşur.

- Buzeyirə. – Mübariz maşını söndürüb deyir.

Maşından düşəndə xınalı qayaların altındakı mağaranı görürəm. Talış dağlarının zirvəsində, Zuvand çayının sol sahilində yerləşən mağara çox əzəmətli və təmkinli görünür.

Sehrli qayalıqlara, dağlara, Zuvand çayına baxdıqca burada yaşayan ilk insanlar gözümün önündə canlanır. Əllərində nizə dağ keçisi, ceyran, maral ovuna çıxan ilk insanları, Buzeyir mağarasında qalanan ocaqları düşünürəm. Əlimə bir nizə alıb mən də bu qayalara dırmaşmaq istəyirəm.

- Burda neandertal insanlar yaşayıb – Vüqar fəxrlə deyir.

- Deyəsən, hələ də yaşayır – deyib mağaranın divarlarına boya ilə yazılmış adam adlarını, maşınların seriya nömrələrini göstərib gülürəm.

Gülürük.

Mağaranın içinə girib, hər künc-bucağına diqqətlə baxırıq.

- Yarasalar olsa, lap əla olardı e... – Mehdi mağaranın qaranlıq bir küncündən çıxıb deyir.

- Bəlkə orda var... – Vüqar dağın lap zirvəsində, qayalıqların içində olan daha sirli bir mağaranı göstərib deyir.

Vüqar göstərəndən sonra həmin mağaranın fərqinə varırıq.

- Görəsən, ora necə çıxırmışlar? – heyrətlə deyirəm.

Bayaqdan əlimə nizə alıb qayalıqlara çıxmaq istəyən mən o qədər də cəsarətli olmadığımın fərqinə varıram.

Zuvand çayı dağlara öz nəğməsini oxuyaraq axmağa davam edir.

- Gec olmamış gedək... – Mübariz deyir.

Yenidən maşına minib geri qayıdırıq.

Yenə gecədən gündüzə, gündüzdən gecəyə keçərək dağların başına dolanırıq. Günəş şüaları dondurmaya bənzəyən qar üzərində bərq vurur, gözlərim qamaşır.

Yavaş-yavaş kəndləri görməyə başlayıram. Kəndlərin girişində Vətən müharibəsində şəhid düşmüş hərbçilərimizin şəkilləri olan lövhələr diqqətimi cəlb edir. Bir zaman kəndi ilə fəxr edən bu oğullar artıq özləri kəndin fəxrinə, hətta deyərdim ki, pasportuna çevriliblər.

Bəzi kəndlərin önündə bir, o birilərinin iki-üç, digərinin dörd, beş şəhid rəsmi görürəm. Hamısı bir-birinə bənzəyir, hamısının üzündə nur, xoşbəxtlik, məmnunluq...

Şəhid lövhələrindən gözümü çəkib yavaş-yavaş uzaqlaşdığımız Talış dağlarının zirvəsinə baxıram. Şiş uclu qayalar bu torpaqları bəladan qoruyan nizələrə, yastı dağlar isə qalxana bənzəyir.

Vətən müharibəsi zamanı avtobuslara doluşub cəbhəyə, müharibəyə yollanan oğulları, onların oxuduqları nəğmələri xatırlayıram. Ölümə necə gülərək, mahnı oxuyaraq gedirdilər. Bu dağların ətəyində neçə Xudayarlar, neçə Mübarizlərin olduğunu düşünüb qürurlanıram.

Gözümü qamaşdıran Günəşə baxıb bu yerlərdə yaşayan talışlar üçün Allaha təşəkkür edirəm.

Hamımız susuruq. Əminəm ki, dostlarım da mənim ağlımdan keçənləri düşünür.

Fəxr, qürur hissi kədərimizi azı yüz qat üstələyir.

Zuvand çayı şəhidlərimiz üçün öz nəğməsini oxuyur.

Kənd adları yenə diqqətimi çəkir:

- Hıramo kəndi – lövhədə yazılanı oxuyuram.

- Hıramo. “Dumanın anası” deməkdi... – bələdçimiz Mübariz deyir.

- Dumanın anası... – Mehdi təkrarlayır.

Bizdən xeyli aralıda bir kənd də görürəm.

- O kəndin adı nədi?

- Barzavu! – bu dəfə Vüqar deyir.

- Barzavu! Əsl hindu qəbiləsi adına oxşayır e! – arxaya çevrilib gülərək deyirəm.

Mehdi əlində tutduğu xəyali nizəni yerə vurub qaldırırmış kimi edir:

- Barzavu! Barzavu! Hu! Hu!

Gülüşürük.

- Vüqar da Barzavu qəbiləsinin başçısıdı. Ləqəbi də Böyük Ayı! – deyib yenə gülürəm.

Vüqar çiyinlərini qaldırır, sinəsini qabağa verib qəbilə başçısı görkəmi almağa çalışır.

Zuvand çayı Dumanın Anası Hıramoya, Barzavuya öz nəğməsini oxuyur.

Uzaqda qalan çılpaq ağaclar dondurma üzərində yeriyən ilk insanlara bənzəyir.

Günəş xınalı qayalıqların arxasında qürub edir.

# 3687 dəfə oxunub

Oxşar xəbərlər

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
#
#
# # #