Hər iki valideynini eyni gündə itirən uşaqlar...

Hər iki valideynini eyni gündə itirən uşaqlar...
13 oktyabr 2020
# 13:32

Bir də gördün uşaqdı adam,
Bir də gördün babadı.
Bir də gördün oğuldu adam
Bir də gördün atadı.
Bir də gördün yox oldu adam
Bir də gördün fotodu.

Düşmənin amansız zərbələrindən sonra Gəncədə bir ailənin atası, anası həlak oldu. Geridə üç uşaq qaldı: iki qardaş, bir bacı. Həmin ailənin fotosu yayıldı. Fotonu yaxınlaşdırıb diqqətlə baxıram. Böyük oğul çiyinlərində balaca qardaşını daşıyır, yanında bacısı - ata, anasının fotosunu saxlayır, donuq baxışları ilə... Ən kiçiyi göz yaşlarını yanaqlarında aparır, böyük isə soyuqqanlılığını bir əsgər misalı qoruyur.

Bu uşaqlar heç vaxt müharibə görməmişdilər. İndi güllə səsi, faciə gördülər. Gözlərinin qarşısında ataları, anaları dünyadan köçdülər. Nədənsə Çanaqqala döyüşündəki bir hadisə yadıma düşür:

Bir gün döyüşə tələbələri gətirirlər və onlar müharibədə iştirak etmək istədiklərini deyirlər.

Komandir uşaqlardan soruşur:

- Siz heç müharibədə olmusunuz?

Uşaqlardan biri cavab verir:

- Yox… Amma filmlərdən, romanlardan necə bir şey olduğunu təxmin edirik.

Komandir gülümsünür və əsgərlərin birinin qulağına pıçıldayır ki, getsin bir-iki top atsın. Əsgər əmri yerinə yetirəndə uşaqlar hay-küylə ora-bura səpələnir, qorxudan titrəməyə başlayırlar. Komandir deyir ki, uşaqlar, müharibənin içində olmaq çölündə olmağa bənzəməz. Sizin gördüyünüz, oxuduğunuz müharibə səhnələri yalnız aysberqin bir üzüdür.

İndi o uşaqlar aysberqin digər üzünü də gördülər.

İndi o uşaqlar müharibə uşaqlarına çevrildilər.

O üç uşaq mənə həm də soyuq fevral ayını xatırladır. Payız günəşində üstümə qar yağır. Atamı, anamı itirdiyim soyuq günlər... O uşaqların nələr hiss elədiyini çox yaxşı hiss edirəm, lap dərindən duyuram. İnsanları ağrı-acılar birləşdirir. Heç unutmuram, atamın dəfnində dostlarından biri dedi ki, sizin artıq 40 yaşınız var. Biz onda o sözün ağırlığını duya bilməmişdik, acımız təzə idi. Aradan heç bir ay keçmədi. Mən o yaşın ağırlığını çiyinlərimdə hiss eləməyə başladım.

Valideynlərini itirən müharibə uşaqları da çox tez böyüyəcəklər. Artıq onlar üçün uşaqlıq illəri geridə qalacaq. Ən balaca oğul bəlkə də içində cəbhədə döyüşmək üçün alışıb, yanacaq.

Təki o uşaq böyüyənə kimi Qarabağı tam azad edək.

Müharibə də dayansın.

Daha uşaqlar, analar ağlamasın.

Göz yaşları qurusun, yerinə ağaclar pöhrələsin, çiçəklər açsın...

# 5581 dəfə oxunub

Oxşar xəbərlər

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
“Balaca səyyah”  premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır

16:20 3 noyabr 2026
"Sən böyük adamdan yalnız bir cəhətlə fərqlənirsən..." - Vilhelm Reyxin "Kiçik adam" əsərindən bir hissə

"Sən böyük adamdan yalnız bir cəhətlə fərqlənirsən..." - Vilhelm Reyxin "Kiçik adam" əsərindən bir hissə

16:00 3 noyabr 2026
Türkiyəli repçi xəstəxanaya yerləşdirildi

Türkiyəli repçi xəstəxanaya yerləşdirildi

15:30 3 noyabr 2026
ABŞ-dən Türkiyəyə  qaytarılan nadir mədəniyyət nümunələri təqdim olundu

ABŞ-dən Türkiyəyə qaytarılan nadir mədəniyyət nümunələri təqdim olundu

15:00 3 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şair

15:00 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər