“Qızım orduya yazılıb” - Qubadlı yazarları qələbə sevincini bölüşür

“Qızım orduya yazılıb” - Qubadlı yazarları qələbə sevincini bölüşür
26 oktyabr 2020
# 13:50

Kulis.az Qubadlının azad olunması münasibəti ilə bu rayondan olan qələm adamlarının təəssüratını təqdim edir.

Afaq Məsud

- Bölgələrə görə sevinci yaşamaq məsələsi düzgün yanaşma deyil. Mən hər bölgəmiz alındıqca çox böyük iftixar və sevinc hissi yaşayıram. Qubadlı olsun, Cəbrayıl olsun, Füzuli olsun fərq etmir. Hər alınan bölgə bizimdi, ayırmaq lazım deyil. Mənim üçün fərqi yoxdur. Qubadlını nə Cəbrayıldan, nə də Füzulidən ayırıram. Ümumi Azərbaycan torpaqlarıdır və bütün bu qələbələrə çox sevinirəm.

Nəriman Qasımoğlu

- İndiki mərhələdə adam qarışıq hisslər keçirir. Hələ tam ürəkdən sevinə bilmirsən. Onu mən saxlayıram Şuşa azad olunan günə. İnşallah, o son akkord vurulanda tam ürəkdən sevinək hamılıqla bir yerdə. Qarış-qarış torpaqların azad olunması xəbərləri hamıya sevinc gətirir. Əhvalımız əlbəttə ki, yüksəkdir. Qarışıq hisslərimiz itkilərlə bağlıdır. Hər qarış torpaqda şəhidlərin qanı var. Hisslərimi cilovlamışam, saxlayıram son günə.

Xanəmir Telmanoğlu

- Bir neçə ay əvvəl səfərbərlik söz-söhbəti gəzəndə, mən də çoxları kimi döyüşə getmək üçün qeydiyyatdan keçdim. Orduya yazıldım. Düzdü, iki dəfə zəng etdilər, danışdılar, sorğularını cavablandırdım. Ancaq gözlədiyim xəbər çıxmayınca, mən zəhlə tökməyə başladım. Sonuc bu ki, gözləyin. Bu yaxınlarda bilmişəm ki, həmən günlərdə qızım Gülturan da orduya getmək üçün qeydiyyatdan keçibmiş.

Nəinki Qubadlı, Qarabağda savaş başlayandan havalı kimiyəm. Hərdən elə bilirəm, sevinməyimin dozası həddindən artıqdır. Yəqin, bu sevinc mənim axırıma çıxacaq. Ümumiyyətlə, ilk böyük sevincimi sınaqdan uğurla çıxardığımı deyə bilərəm.

“Azad olundu” xəbərini alanda evdə var gücümlə uşaqların üstə qışqırdım ki, baxın, Qubadlıya diqqətlə baxın. Çünki televizorda Qubadlının bəzi yerlərini göstərirdilər. Uşaqlarım o yerlər haqqında yalnız məndən eşidiblər. Elə təzəcə sevinmək istəyirdim, çox yaxın qohumlarından birinin şəhid xəbərini aldım.

Qaldı ki, ora qayıtmaq məsələsinə. Hələ bilmirəm, bu sevinci Bakıdan Qubadlının Fərcan kəndinə olduğu kimi çəkib apara biləcəyəm, ya yox. Ora gedəndə ilkin nə edəcəyim barədə düşünəndə, elə bilirəm, kəndin olan-qalan bütövlüyünü pozub onu hissələrə ayırıram. Erməninin əclaflığının üzərindən mən də hər kəs kimi var olan səmimiyyətimi günaha batırmaq istəmirəm. Konkret heç nə deyə bilmirəm.

Səadət Şıxıyeva

- Sözlə ifadə olunmayacaq bir sevinc hissidir. Sanki gerçəkləşməsi mümkün olmayacaq bir arzunu, əlçatmaz bir xülyanı sehrli bir əl gerçəkləşdirdi. Sanki insan gözünü yeni bir dünya açmış kimi çəkisizləşir. Bu gözəl duyğuları yaşadan ali baş komandana, şanlı-rəşadətli ordumuza nə qədər təşəkkür etsək, azdır. Bu sevinc hissi həm də şəhidlərimizə görə kədər pərdəsiylə halələnib. Çünki bu zəfərin tam astanasında Milli Qəhrəmanımız Şükür Həmidov şəhid oldu. Neçə-neçə igidlərimiz bu torpaqların azadlığı yolunda canından keçdi... Allah hər birinə, eləcə də Milli Qəhrəmanımız Əlyar Əliyevə rəhmət eləsin. Onların hər birinə ömür boyu borcluyuq. Onlar öz şəhadətləri ilə bu övliyalar diyarının müqəddəslik statusunu daha da atırdılar. Hər birinin ruhu dünən şad oldu. Qubadlı sovet dövründə gözdən kənarda qalan ucqar əyalət statusunda idi, bildiyimiz kimi... Əslən Qubadlıdan olan biri kimi çox ümidliyəm ki, bu çətinliklə azad olunan torpaqlarımız, prezidentimizin də dediyi kimi, abadlaşacaq və cənnətin bir guşəsinə çevriləcək. Mən də bir qələm əhli kimi bu diyarın öyrənilməsi sahəsində əlimdən gələni etməyə hər zaman hazıram. Bu sevinci bizlərə yaşadan ali baş komandan və müzəffər ordumuza minnətdarlığımız sonsuzdur! Sənə zəfər yaraşır, Azərbaycan!

Namiq Məna

- Bu elə bir hiss, elə bir duyğudur ki, sözlərlə ifadə eləmək çox çətindir. Dünəndən bəri bu şad xəbərin təsirindəyik. Var olsun Ali baş komandanımız, yaşasın Azərbaycanın rəşadətli ordusu! Eyni zamanda, torpaqlarımız uğrunda canlarını fəda etmiş şəhidlərimiz Tanrı dərgahında ən ali məqama ucalmışlardır. Mən onların ruhu qarşısında baş əyirəm. Valideynlərinin əlindən öpürəm. Bakıda doğulmuşam, amma yay aylarında Qubadlıda, Bərgüşad çayının sahillərində çox olmuşam. Buz bulaqlardan içir, füsunkar dağlarında, təbiətinin qoynunda keçirirdik gözəl günlərimizi. Sevincimin həddi-hüdudu yoxdur. Xəbəri eşidəndə haldan-hala düşdüm. Azərbaycan yeni tarix yazdı. Bizim bu haqda romanlarımız, şeirlərimiz, musiqilərimiz olacaq, dərsliklər təzələnəcək.

Qubadlıya qayıdan kimi ilk olaraq torpağından öpəcəm. Arzulayıram ki, Şuşada, Kəlbəcərdə bayrağımız dalğalansın.

Xan Rəsuloğlu

- Xəbəri eşitməmişdən qabaq övladlarım gəlib atıldılar üstümə. Gözlərim doldu. Qubadlı Qarabağın bir parçasıdır. Bizim ürəyimiz o vaxt güləcək ki, Şuşa, Xankəndi, Laçın alınsın.

Əslən Qubadlıdan olsam da Sumqayıt doğumluyam. Qubadlını o qədər çox istəyirəm ki... Yuxularımda ən çox oraları görürəm. Ordumuz azad eləməsəydi də düşünürdüm ki, qatara minib tək gedirəm Qubadlıya. Ordan aşıram Zəngəzura, Qafana. Hər gecə yuxularımda Qubadlını görmüşəm.

Hər yay Qubadlıya gedirdik. Uşaqlığım, gəncliyim orda keçib. Sumqayıt doğumlu olmağıma baxmayaraq ordakı evlər mənim adımadır. Sözsüz ki, gedəcəm ora. Evimizi bərpa eləməliyəm.

Çinarə Ömray

- Mən hisslərimi dolu-dolu açıq yaşaya bilən adam deyiləm. Onsuz da günlərdir gecə-gündüz prosesləri izləyirdim, artıq az da olsa hazırlıqlı idim bu xəbərə.

Əvvəl tam başqa cür düşünürdüm. Elə bilirdim, qəfil kimsə desə Qubadlı alındı, babam qəbirdən diksinib oyanacaq. Nənəm də deyəcək ki, ə, elə “ireski” oyanma təzyiqin qalxacaq. Mən nəfəs alacam həyəcandan, nəfəs vermək yadımdan çıxacaq. Tam bu cür anlaşılmaz, əlçatmaz təsəvvür edirdim.

İçimdəki sevginin də, sevincin də yaşı böyükdür. O böyüklüyü çətin sözə sığdıra biləm.

Qubadlıya bayraq sancılan görüntüləri bizə gələndə evdə hamı ağlayırdı. Mamam hönkürürdü, uşaqlar nə baş verdiyini dərk etmədən mamama qoşulmuşdu. Mən hiss edirdim ki, elə bil nəfəs yolumda kimsə uzanıb. Boğazımda adam qalıb elə bil. Yəqin, xəbərdən bir saat öncə həyətimizə gətirilən şəhid nəşi idi...

# 6160 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #