Kulis.az Nəcəf Əsgərzadənin Ömər Faiq Nemanzadənin doğum gününə həsr etdiyi "Sönməyən işığımız" adlı yazısını təqdim edir.
Üzeyir Hacıbəylinin "Biz nə tövr iş görürük?" adlı məqaləsi var. Qısa məzmunu belədir. Bizim insanımız daim birdən-birə böyük işə əl qoyur. On pilləni birdən qalxmaq istəyir. Sonda bir pillə belə yuxarı qalxa bilmir. Fil boyda iş görmək istəyir. Amma siçan boyda iş görməyə gəlincə yaxasını kənara çəkir. Tənbəllik edir. Elə bu dəmdə küncdən bir PİŞİK şığıyıb siçanı ağzına alıb qaçır. İnsanımız yenə də yerində saymağa başlayır.
Ömər Faiq Nemanzadənin də "PİŞİK" adlı felyetonu var. Yazıdan bu nəticə çıxır ki, sən demə, hər şeyin günahkarı PİŞİK imiş. Həmin PİŞİK həm bizim cəmiyyətimizin zorla yaratmağa çalışdığı siçanı oğurlayır, həm də bununla kifayətlənməyib bizim yıxılmağımıza səbəb olur. Bir çoxunuz düşünə bilərsiniz ki, Üzeyir bəy də, Ömər Faiq bəy də PİŞİK metaforu ilə cəmiyyətin inkişafına maneçilik törədən müzürr bəndələri nəzərdə tutur. Düzgün mühakimədir, əslində. Amma bizim düşündüyümüzün əksinə bu müzürr bəndələr xalqdan, cəmiyyətin içindən biri deyil. Bunun arxasında daha böyük güc durur. Hər iki felyetonda yazıçılar PİŞİK metaforu ilə Çar Rusiyasına işarə edir. Sadəcə bunu birbaşa bəyan etmək ölüm fərmanına imza atmaq olardı.
Üzeyir bəy "Nəyimizin vaxtıdır?" məqaləsində nədənsə bədbin notlara köklənir. Ömər Faiq Nemanzadə həmin məqaləni oxuyandan sonra qərara gəlir ki, bir məqalə yazsın. Məqalənin adını "İşığımız sönməyəcəkdir" qoyur. Belə bir adın seçilməsində Üzeyir bəyin yazdığı sözlər böyük ölçüdə rol oynayır. Üzeyir bəy belə yazır: "İşıq dairəsi ildən-ilə sönməyə maildir və bu sayaq ilə qalarsa, bu gün dəxi sönməyi aşkardır". Belə anlaşılır ki, bu sözlər Ömər Faiq bəyə çox pis təsir edib. Üzeyir bəyin belə ümidsizcəsinə yazdığı fikirlər onu daxilən silkələyib.
"İşığımız sönməyəcək" məqaləsində Ömər Faiq bəy xalqın inkişafını, təkamül etməsini iki səbəbə bağlayır. Mənəvi və siyasi səbəbə. Xalqı öncə mənəvi cəhətdən müəyyən kökə salmalı, onu məişət qayğılarından nisbətən uzaqlaşdırmalı, təhsil verməli və onun beynində siyasi bir düşüncə yaratmalı. Millət və dövlət anlayışını xalqın beyninə salmalı. Əgər biz bunları bacarsaq, közərən işığımız gücünü artırıb gurlaşacaq. 1905-1906-ci illərdə kiçik tərpənişlər hiss olundu. Təbəddülatlar gerçəkləşdi. Belə dəyişiklərin davamiyyətinin aşağı enməsinin bir səbəbi başqa birilərini yamsılamaq, digər səbəbi isə xalqın düşüncəsində mütləq qalibiyyətə inamın zəif olması idi.
Ömər Faiq bəy nümunələr göstərir. Məhəmməd Füzulinin, Mirzə Fətəli Axundovun, Mirzə Ələkbər Sabirin adlarını çəkir. Axundov rus çarı Romanovun qəbulunda Qori Seminariyasında müsəlman şöbəsinin açılmasına nail olmuşdu. Mirzə Ələkbər Sabir öz sabun dükanını satıb "Ümid" adlı məktəb açmışdı. Ömər Faiq bəy əminliklə bildirir ki, bizim işığımız azalsa da, gurluğu çox zəifləsə belə, heç vaxt sönə bilməz. Çünki bu xalq ən çətin dönəmində belə ayaqda durmağı bacarıb. Həsən bəy Zərdabi rayon-rayon gəzir. İanə yığmağa çalışır. Hər rayonda yaşayan hörmətli bəylərin evinə baş çəkir. Onlarla söhbətləşir. Xalqımızın gələcəyi üçün ianə yığmağın vacibliyini vurğulayır. Bəylərin hər biri bir bəhanə gətirir. Pul verməkdən boyun qaçırır. Həsən bəy ümidsiz vəziyyətdə geriyə dönür. Bir gün onun başına qəribə bir hadisə gəlir. Həsən bəy evindən çıxıb harasa gedirmiş. Kimsə arxadan ona toxunur. Həsən bəy geriyə dönür. Görür ki, kasıb bir şəxs eşşəyi ilə dayanıb. Bu şəxs bir neçə addım irəli gəlir. Ovcunda tutduğu pulları Həsən bəyə uzadır. Deyir ki, olanım budur. Kaş daha çox işləyərdim, çalışardım. Balalarımızın oxuması üçün daha çox ianə verərdim. Həsən bəyin gözləri dolur. İndi siz deyin, belə xalqın işığı sönə bilərmi? Əslində bu iki dahi arasında kiçik fikir ayrılığı bizim inkişafımıza təkan verib. Üzeyir bəy musiqidə böyük işlər həyata keçirib. Üzeyir bəy İNSAN yaradıb. Qara Qarayevi, Fikrət Əmirovu yaradıb. Düşünürəm ki, Ömər Faiq bəyin yazdığı fikirlər Üzeyir bəyi də düşündürüb. Onun daha çox çalışmasına təkan verib.
Eynən bu vəziyyəti biz Mirzə Fətəli Axundov ilə Həsən bəy Zərdabi arasında da görə bilərik. Axundov gələcək dövr üçün müəyyən qədər pessimist fikirlərə qapılır. Həsən bəyə məktubunda düşündüklərini açıqca yazır. Axundov meydana üç sual qoyur: Bizim uşaqlarımız HARADA?, NECƏ? və NƏ? oxuyacaqlar? Yəni, məktəb yoxdu, öz müəllimlərimiz yoxdu, oxumağa vəsaitimiz yoxdu. Həsən bəy isə cavabında yazır ki, gərək daşın altına əlimizi özümüz salaq.
Ömər Faiq bəy də Həsən bəy kimi düşünür. Cəmiyyətdə kiçik bir qığılcım yaranan kimi onu gözdən qoymur. Məsələn, "Diləklərimiz" məqaləsində Tiflisdə açılan "Ömər və Əli" məktəbinin böyüdülməsini sevinclə qarşılayır. Üç diləyini yazır. Birincisi, məktəbdə təhsil türk dilində olmalıdır. Rus dili əlavə dil kimi öyrədilməlidir. Ərəb dili yuxarı siniflərdə keçirilə bilər. Ərəb dili əsla təhsil dili olmamalıdır. Bu bizi çox geriyə ata bilər. İkincisi, canlı, diri elmlər dərs siyahısına salınmalıdır. Bu məktəb ilə ruhani məktəblər arasında fərq açıq şəkildə bilinməlidir. Üçüncüsü isə, türk dilini bilməyənlərə türkcə öyrədilməlidir. Bunlara mane olanlar, ərəb dilini önə çəkmək istəyənlər, "ölmüş" elmləri öyrətməyə can atanlar bizi diri-diri qəbrə qoymaq istəyənlərdir. Bunu unutmamaq lazımdır! Çünki mane olanlar həmişə var. Yazıçı "Dəryadan qətrə" yazısında bu məsələyə toxunur. O, bildirir ki, Tiflisdə "realnı" məktəbində müsəlman dərsi müəllimi işdən çıxarılıb. Şəkidə məscid məktəbi xalqdan qəsb edilib. Bunların əvəzinə isə Tiflisdə birinci gimnaziyanın müsəlman şagirdlərinə kiçik ibadətgah olmaq üçün balaca bir hücrə ayrılıb. Və yenə də qadağalar var. Türk dili təhsil dili ola bilməz!!! Ömər Faiq bəy heyrətlənir. Belə yazır: Nə yaman adət, nə dəhşətli uçurum! Belə hal isə insanlarımızı dilə yadlaşdırır. Necəmi?
“Eşq və məhəbbət” məqaləsindən bir hissə:
“Ömər Faiq bəy bir dəfə yolda gedərkən qəribə bir hal ilə rastlaşır. Görür ki, bir erməni ilə bir rum öz aralarında türk dilində danışırlar. Ömər Faiq bəy dözmür, onlara yaxınlaşır. Soruşur ki, siz nəyə görə bir-birinizlə türkcə danışırsınız? Onlar cavab verir ki, türk dili bizim üçün çox rahatdır. Asandır. Ömər Faiq bəy düşüncəyə dalır. Öz-özünə deyir ki, bizim insanlarımız türk dilində danışmağı özünə ar bilir. Amma bu iki yad millət bizim dilimizi vasitə kimi görür. Tiflisdə beş ziyalı bir araya gələndə öz dillərində danışmağa utanırlar. O, xanımlar bizim dilə düşməndilər. Onların yad adətləri, yad dilləri, yad tərbiyələri var. Bilmirəm bu gedişlə hara gedirik?”
Ömər Faiq Nemanzadə "Milliləşmək" məqaləsinə diqqət edək:
"... fransız dili Qərbdə nə isə, Yaxın Şərqdə də türk dili odur.
Qərbdə fransız dili nə cür ümumi dil xidmətini görürsə, Yaxın Şərqdə, yəni Qafqaziyada, İranın yarısında, Türkistanda, Rusiyanın cənubi qərbində, Krımda, Anadoluda, Rum elində, Suriyada, İraqda türk dili öyləcə ümumi dil vəzifəsini görür.
Başqa sözə nə hacət?”
Rus sektorlarının, rus məktəblərinin fəaliyyətinin qabardılması, əslində, keçmişdəki problemə işarədir. Ona görə Ömər Faiq bəy təhsilin türk dilində olmasının üstündə israrla dururdu. Məsələn, Çinlilər ABŞ-a gedir. Amma onlar orada bizim kimi dəyişikliyə uğramırlar. Çinli olaraq qalırlar. Çinli Amerikaya gedir və orda özü üçün "Çin məhəlləsi" qurur. Burada Çin dilində danışır, Çin dilində qəzet nəşr etdirir, jurnal buraxır. Çin dilində təhsil alır. Çin Amerikada bunu öz vətəndaşları üçün edir. Rusiya isə bunu bizim ölkəmizdə təkcə öz vətəndaşları üçün deyil, bizim vətəndaşlarımız üçün həyata keçirir. Verdiyi təhsil bizimkiləri öz təsir dairəsi altına alır. Fərqi hiss edirsiniz? Nə dediyimi anlayırsınız? Harda boşluq varsa, o boşluq başqası tərəfindən tutulur. Gülüstan müqaviləsini, Türkmənçay müqaviləsini yada salaq. Bu müqavilələr təkcə Azərbaycanı xəritədə iki yerə parçalamadı. Bu müqavilələr bizi BEYİN, DİL cəhətdən də iki hissəyə böldü. BEYİN VƏ DİL İNSANIN KİMLİYİNİ MÜƏYYƏN edir. Ömər Faiq bəy doğru olaraq soruşurdu: MƏN KİMƏM?
Bu proses uzun illərdir ki, davam edir. Axundovun yuxarıda yazdığı üç sual yenidən ön plana çıxır. Üç sual, üç problem zahirdə həll olunmuş kimi görünür. Daxilən isə hələ də problem çözülməz olaraq qalıb. Həllini gözləyir. Bunun bir səbəbi də bütləşdirməklə bağlıdır. Bu yerdə Fərabinin sözü yada düşür: "Yaxşı bir insan ölərkən ona ağlamayın. Əksinə onu itirən kütləyə ağlayın".
Ömər Faiq bəy Haşım bəy haqqında yazdığı yazıda bu məsələyə toxunur. O, Haşım bəyin vəfatından kədərləndiyini bildirir. Amma o, deyir ki, biz kədərimizi bu şəxsə uzun illər yas tutmaqla deyil, onun tamamlaya bilmədiyi işləri həyata keçirməklə ovuda bilərik. Bu zaman həm Haşım bəyin ruhu şad olar, həm də xalqımız yerində durub saymaz.
Vaxtilə Ömər Faiq Nemanzadə "Müəllimlərimiz nə üçün Bakıya qaçırlar?" məqaləsində bölgələrdəki acınacaqlı durumu aydın şəkildə göstərirdi. Problemi göstərməklə, deməklə qalmayıb özü qollarını çirmələyib işə qoyulurdu. Məsələn, Ömər Faiq bəy bir müddət Şəkidə, Gəncədə, Şamaxıda müəllim kimi çalışıb. Uşaqların təhsilə cəlb edilməsi üçün əlindən gələni edib. Uşaqlarda dərsə maraq yaratmaqdan ötrü maraqlı üsullardan yararlanmağa çalışıb. Ömər Faiq bəy düşünürdü ki, yazıçı həm də müəllim olmalıdır. Xalqını bataqlıqdan çəkib çıxarmalıdır. Snelman "Bataqlıq ölkəsi" olan Finlandiyanı "Bəyaz zanbaqlar ölkəsinə" çevirə bildi. Ömər Faiq bəy də Snelman kimi düşünürdü. Snelman rayon-rayon, kənd-kənd gəzib xalqı təşkil edən hər bir fərd ilə ayrıca söhbət edir, onun problemlərinə öz problemləri kimi yanaşırdı. Qarsda olan faciələrdən sonra Ömər Faiq bəy özünə gələ bilmir. Bütün gücü ilə oradan gələn yetim çoçuqlara əl tutmağa çalışır. Onlara öz balaları kimi yanaşır. Evinin qapılarını onlar üçün açır. Yetimlər evinin açılmasından ötrü ianə kampaniyası başladır. İlk ianəni özü edir. Çünki Ömər Faiq bəy bu uşaqlara xalqın gələcəyi kimi baxır. Əgər onların təməlləri düzgün qoyulsa, bünövrəsi sağlam olsa, İŞIĞIMIZ SÖNMƏYƏCƏK. İNSAN YARATMAQ - BUDUR İNSANIN QAYƏSİ. İNSAN YARATMAQ - BUDUR DÖVLƏTİN ƏSAS MƏQSƏDİ. Ömər Faiq bəy məsələyə DÖVLƏT kimi yanaşırdı.