Burada söyüş söymək sərbəstdir – Sevgilisindən ayrılanların üz tutduğu məkandan reportaj

Burada söyüş söymək sərbəstdir – Sevgilisindən ayrılanların üz tutduğu məkandan reportaj
20 aprel 2022
# 09:00

Kulis.az Ayxan Ayvazın “Kalimba” stress otağından yazdığı “Sınan əşyaların səsi” adlı reportajını təqdim edir.

- Bu televizoru neçəyə qırmaq olar?

- 45 manat.

- Aşağı yeri yoxdur?

- Yox e... – stress otağının rəhbəri Rəşadət gülümsəyərək deyir.

Qapqara, köhnə, bapbalaca televizor qarşımda boynubükük durub. Üstümdə qırmızı tulum və başımda kaska var. Əlimdəki zopa çox ağırdır, daşıya bilmirəm.

- Vur da, abi, vur. – deyir mənimlə gələn Vüqar.

Zopanı qaldırıram, televizora hədəf tuturam və...

Gəlin, hər şeyi sizə başdan danışım.

“Kalimba” stress otağında sakitlikdir, gələn-gedən yoxdur. Salonun sahibi Rəşadət bizi gülərüzlə qarşılayır. Onun arxasında cürbəcür aktyorların, dünyanın tanınmış müğənnilərinin şəkilləri var – şəkillərdə xaos, anarxiya hökm sürür. Ən çox gözəçarpan, o birilərindən daha iri posterdə təsvir olunan Jokerdi.

- Salonun temasına görə, daha çox anarxistləri divarda düzmüşük. - deyir Rəşadət bəy. – Bircə Bob Marli xaric. Onu çox sevdiyimdən ordan asmışam.

Stress otağı sağ tərəfdədir, içərisi müxtəlif məişət cihazı əşyaları ilə dolub. Qıraq-bucaqda torbalar var. Bu torbalar sınan əşyalardır.

- Dekor kimi qoymuşuq. – salon sahibi deyir.

Televizorlar, DVD-lər, musiqi pleylerlər, qab-qacaqlar, boşqablar, mikrodalğalı sobalar, mikserlər, təkərlər. Ortada çəllək, çəlləyin üstündə balaca, qara, köhnə Sovet televizoru, onun arxasında iri sarı və ağ rənglərlə bəzədilmiş hədəf divarı – hədəfdən yayınan bütün əşyalar qaranlığa qarışır. Hədəfin solunda isə balaca çəkic təsvir olunub – çəkic nəyisə vurmaq pozisiyasındadır. Sapsarı divarda SOS, “Danger” (“Təhlükə”) işarəsi, müxtəlif anarxist işarələr və onun aşağısında sınan əşyalardan geriyə qalanlar.

Gəzəndə ehtiyatla addımlayıram – birdən hansısa sınan əşyadan qalan qırıntı ayağıma batar deyə yavaş-yavaş hərəkət edirəm.

- Bu otaqda sındırmaq sərbəstdir. Sınan əşyaların öz qiyməti var. 1 manatdan başlayır və 2000 manata qədər var. Hər büdcəyə uyğundur. – salonun sahibi deyir.

Sınmaq üçün növbə gözləyən əşyalara baxıram – Rəşadət bəy deyir ki, burdakı əşyaların hamısı sınmaq üçün deyil. Əşyalar iki yerə bölünür: sınmaq üçün olanlar, əzilmək üçün olanlar.

- Məsələn, qab-qacaq, boşqablar, şüşə qablar və s. onları adətən çırpırlar divara və yaxud yerə. Bir də var döymək üçün əşyalar. Məsələn, mikrodalğalı sobadır, televizordur, printerlər...

- Bəs təkərlər?

- Təkərlər döymək üçündür. Təkərlər ödənişsizdir. Nə qədər istəyirsən vura bilərsən.

- Neçə saata qırmaq, döymək olur?

- Limit yoxdur. Pulunu verirsən, istədiyin vaxta qədər içəridə ola bilərsən.

- Ən ucuz əşyalar hansılardı?

- Qab-qacaqlar, boşqablar, balonlar. Onlar 1 manatdır.

Rəşadət bəy ailə həkimidir, deyir ki, insanların stressini azaltmaq, əsəblərini qaydaya salmaq ona zövq verir.

- Bura xidmət sahəsidir. Biz işimizi sevirik. Məsələn, bir dəfə psixoloq öz pasiyentinə sındırmağı məsləhət görübmüş. Meşədə butulkaları sındır deyib. Həmin adam da Bakıda elə bir yer tapmadığını və bura gəldiyini demişdi. Belə şeylər bizi sevindirir.

- Necə yaranıb bura?

- Bir xanım dostumuzun ideyasıdır. Pandemiya vaxtı insanlar çox əsəbi və gərgin oldular. Xanım dostumuz da belə bir yer açmağı təklif elədi.

- İndi o xanım işləmir burda?

- Yox, ailə qurdu. – deyir Rəşadət bəy.

- Evlilik də stressi azaldır, hə? – gülə-gülə soruşuram.

- Elədi. – salon sahibi də gülüşümə qoşulur.

Stress otağına keçmədən əvvəl təhlükəsizlik kağızını imzalayıram.

- Bu kağızı müştərilərə ona görə imzaladırıq ki, özümüzü sığortalayaq. Çünki içəridə hər şey baş verə bilər və biz buna cavabdeh deyilik.

Kaska və qırmızı tulumu geyinib içəri keçirəm. Əlimə zopa götürüb televizorun qabağında dururam.

- Vur, vur da, abi. – mənimlə stress otağına gələn Vüqar deyir.

Əlimdə zopa televizora baxıb xatırlayıram. İllər əvvəl bizim də bu cür televizorumuz var idi. O televizoru atam ucuz qiymətə almışdı. Televizorun evimizə gəldiyi günlər atam işsiz idi və əsəbini yalnız televizora baxmaqla soyudurdu. Bir gün televizorun qabağında bacımla oyun oynayırdıq və mən bacımı itələyəndə o gedib televizora dəydi, atamın tək əyləncəsi yırğalana-yırğalana üzü üstə yerə dəydi.

- Vur da... Noldu?

- Vurmaq istəmirsiniz? – salon sahibi tutulduğumu görüb yaxınlaşır.

- Yox. Vura bilməyəcəm.

Salon sahibi deyir ki, bura daha çox gənclər gəlir. Ən çox da 12-13 yaşındakı uşaqlar.

- Biz onlara tək gəlməyə icazə vermirik. Yalnız valideynin icazəsi ilə, valideynlə birgə gəlirlər. Qəribədir ki, ən çox o yaşdan olanlar gəlirlər. Onlar çox stressli olurlar. Böyük insan kompleksli olur, çox da rahat ola bilmir içəridə, yəni əşyaları qırarkən. Uşaqlarda o kompleks olmur. Hətta elə valideyn olub ki, uşağı əşyaları qırarkən kənardan durub ona heyrətlə, təəccüblə baxıb.

Sevgilisindən ayrılan gənclərin də ən çox üz tutduğu məkan buradır. Onlar stress otağına girir, ayrıldıqları qızların, yaxud oğlanların adlarını çəkə-çəkə qarşılarındakı əşyaları var gücləri ilə sındırırlar. Sınan əşyaların səsi onların səslərini batırdıqca daha da coşur, coşduqca da söyüş söyməyə başlayırlar.

- Bizdə söyüş sərbəstdir. – deyir salon sahibi.

İki xanım stress otağına gəlib və deyiblər ki, bizə boşqablar verin. Boşqabları səliqə ilə düzüblər, markerlə üstlərinə oğlan adları yazıblar – onları tərk edən, onları zülüm-zülüm ağladan oğlanların adlarını. Sonra sındırmaq əməliyyatı başlayıb – hədəfə və yerə atılan boşqablar çilik-çilik olub və yazılan adlar da hərf-hərf yoxa çıxıb. Otağı yığışdıranda boşqablardakı qırılmış, sınmış adlar torbalara doldurulub və stress otağının bəzəyinə çevrilib.

- 45 yaşa qədər gələnlər olur. Elə müştərimiz olub ki, 60 yaşı olub. Ən çox gələnlər 25-45 yaş arasıdır. Hansı ki gündəlik işləyən şəxslər. Biz də buna uyğun əşyalar seçirik. Mətbəx əşyaları, ofis əşyaları bir olur. Kompüter, klaviatura, telefon. İş stressi olanlar, adətən, onları sındırırlar. – deyir salon sahibi.

Ofisdə işləyən orta yaşlı bir kişi stress otağında kompüter və klaviatura qırarkən özünü tamam-kamal itirib. Tər tökə-tökə kompüterin qabırğasına döşəyən kişinin qəflətən gözündəki eynəyi yerə düşüb. Və kişi zopanı götürüb yerdəki eynəyi də sındırıb.

- Sizcə, Azərbaycan xalq əsəbidir? – bunu Vüqar soruşur.

- Bəli. Azərbaycan xalqı əsəbi və komplekslidir. – Rəşad bəy rahatlıqla deyir.

- Çox əsəbi adam gəlsə və desə ki, mən bütün əşyaları qırmaq istəyirəm. Onun xərci nə qədər olar?

Rəşadət bəy bir azca düşünüb deyir:

- 1000 manatdan çox xərci çıxar.

Üstünə 2000 manat yazılan kondisioneri görüb deyirəm:

- Bununla bir yerdə 3000 manatdan çox eləyər.

- Yox, onu sırf diqqət çəksin deyə elə yazmışıq. Çünki bir neçə adam onu sındırmağa cəhd eləmişdi.

- Ən çox nə qədər pul verib əşya sındırıblar?

- Bir adam 300 manatlıq əşya sındırmışdı. Hələ ki ondan daha yüksək məbləğ verən olmayıb.

- Gündəlik nə qədər adam gəlir, ümumiyyətlə?

- İndi Ramazandı deyə müştərimiz azdır.

- Oruc stressi aradan qaldırır yəqin.

- Yox, oruc tuturlar, halsız olduqları üçün gəlmirlər. 5-9 arası olur. 8-dən sonra gələnlər daha çox olur.

- Dindarlar gəlir bura?

- Gəlir, əlbəttə.

- Transseksuallar, fahişələr, homoseksuallar. Ən çox onlar stress keçirirlər. Onlar gəlmirlər?

- Biz gələnlərin cinsiyyətinə baxmırıq. Cinsiyyət və orientasiya soruşmuruq, mühakimə də etmirik. Ancaq, düzü, hələ elə biri gəlməyib.

- İçkili olanlar bəs? Gəlirlər?

- Biz çalışırıq içkili olanları qəbul etməyək. Çünki içəndə yıxıla və özünə xəsarət yetirə bilərlər.

- Bəs məşhurlardan gələn olub?

- Adını çəkməyim. Amma məşhur KVN aktyorlarından gələn olub. Həmin KVN-çinin adından gələnlərə 10 faiz endirim də edirdik. Mən çox istəyərdim ki, Bəhram Bağırzadə də gəlsin.

- Niyə? Düşünürsünüz ki, ehtiyacı var?

- Yox, - gülümsünür – mən Bəhram Bağırzadənin fanatıyam.

Rəşadət bəy deyir ki, ikinci bir stress otağını hazırlayırıq, gələcəkdə orda da əşyaları sındırmaq mümkün olacaq.

- Bəy, niyə məkanın adını Kalimba qoymusunuz? Afrika musiqi alətinin stress otağı ilə nə əlaqəsi?

- Yəqin ki, bilirsiniz, bu alətin qəribə bir görünüşü var. Və üstəlik səsli-küylü effekti var. Ona görə də düşündük ki, bu ad stress otağına daha çox uyğundur.

İçəri iki yeniyetmə girir. Arıq oğlan salon sahibindən soruşur:

- Əşya götürürsünüz?

- Yox, qardaş. Təəssüf ki...

Mən içəridə sınmaq üçün növbə gözləyən əşyalara göz gəzdirib araya girirəm:

- Əşyaları hardan tapırsınız bəs?

Yeniyetmələr pilləkəndə ayaq saxlayıb başlarını geriyə çevirirlər.

- Kənardan gələn əşyaları götürməməyə çalışırıq. Təhlükəsizliyə görə. Bizə əşyalar gətirirlər, biz yoxlayıb götürürük. İçində nə olduğunu bilmirik deyə risklidir onları götürmək. – deyir salon sahibi.

Evimizdəki o köhnə, bacımla mənim sındırdığım və işləməyən televizor yadıma düşdü. Mən o televizoru atmağa risk eləməmişdim. Hələ heç ustaya da vermədim. Stress otağında, çəlləyin üstündəki televizora oxşayan televizorumuzun içində efirə getməyən xatirələr yatırdı.

Stress otağına həbs olunmuş bu əşyaların da kimdəsə yatmış dinozavr sayaq hansısa xatirələri oyadacağını və o əşyaları qırmağa əllərinin qalxmayacağını ağlımdan keçirtdim. Bu yerdə sınmış əşyaların olduğu torbalardan səs gəldi – sınan əşyaların səsi...

# 3547 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #