Bu gün görkəmli Azərbaycan şairləri İsa İsmayılzadə və Ələkbər Salahzadənin doğum günüdür.
Bu münasibətlə Nəriman Əbdülrəhmanlının "Ələkbər Salahzadə və İsa İsmayılzadə: Qoşa portret" yazısını təqdim edir.
Birinci nöqtə: Bütövlük
...Qəribə duyğudu: həmişə, hər yerdə İsa İsmayılzadənin adı çəkiləndə nədənsə ilk yadıma düşən Ələkbər Salahzadə olur. Ələkbər Salahzadəylə hər dəfə üz-üzə gələndə az qalırdım ki, İsa İsmayılzadəni soruşum: necədi, niyə görünmür, işi-gücü nə vəziyyətdədi, təzə bir şey yazır, ya yox? Sonralar bu qənaətimi qələm dostlarımla da bölüşdüm, demək olar, hamısı eyni duyğunu yaşadığını söylədilər. Yadıma görkəmli tənqidçi, professor Yaşar Qarayevin, yaddaşım məni aldatmırsa, 70-ci illərdə yazdığı məqalədəki fikirləri düşdü:
“60-cı ilin narahat üslub axtarışlarında formalaşan və artıq poetik fərdiyyətlər kimi sabitləşməkdə olan imzalardan ikisi, adətən, yanaşı çəkilir: Ələkbər Salahzadə və İsa İsmayılzadə. Bugünkü poeziyada maraqlı bir poetik üslubu (həm qüvvətli, həm də zəif cəhətləri ilə birgə) bu iki imzanın poetik vəhdəti daha qabarıq ifadə edir...”
İlk dəfə “Azərbaycan gəncləri” qəzetinin 1961-ci il 19 iyul tarixli sayında birgə çap olunublar: İsa İsmayılzadənin “Poçt qutusu”, Ələkbər Salahzadənin “Qapılar” şeirləri işıq üzü görüb:
“...Şeirlərimiz uzun müddət həmişə yanaşı – qəzetlərin eyni səhifələrində, jurnalların eyni nömrələrində - çap olunub, tənqidçilərin məqalələrində həmişə adımız yanaşı çəkilib: təriflənəndə də, tənqid olunanda da...”
Bu da İsa İsmayılzadənin öz etirafıdı, belə aydın həqiqətə Ələkbər Salahzadədən də heç vaxt etiraz eşitmədim...
Hər halda, qəzetin Bakıdan qələm dostu Abbas Abdullanın həmin yay Qaraxaç yaylağında dincələn İsa İsmayılzadəyə göndərdiyi o sayı söz sənətində ilk addımlarını atan oğlanın taleyini dəyişdi. Yəqin, yayı doğma Qonaqkəndin (Qubanın) Cimi kəndində keçirən Ələkbər Salahzadə də şair olacağına elə o vaxt qəti inanıbmış...
İkinci nöqtə: Bir köynəkdən keçənlər
Güman ki, ilk tanışlıqlarını yaxşı xatırlayırdılar: Biri Qarayazıdan, o biri Qonaqkənddən Bakıya, universitetin filologiya fakültəsində oxumağa gələn iki yeniyetməni nəydi birləşdirən – xarakter yaxınlığı, xasiyyət uyğunluğu, Sözə sevgi, yoxsa, sadəcə, tale eyniliyi?
Hər nəydisə, bu yaxınlıq qardaşlığa çevrildi; hətta deyilənə inansaq, İsa İsmayılzadə doğum gününü martın 15-nə - dostunun anadan oduğu günə - keçirmək üçün sənədlərini dəyişdirib: “Pasporta “inansaq”, 1941-ci il martın 15-də anadaqn olmuşam; ona görə “inansaq” deyirəm ki, rəhmətlik anam yazda yox, “qorabişirən ayda”, yəni iyulda dünyaya göz açdığımı söyləyirdi. İndi hər dəfə doğum günüm gələndə uşaqlarım, ömür-gün yoldaşım əl-ayağa düşür, ad günümü qeyd eləmək istəyirlər, mənsə saymazyana-saymazyana gülümsünürəm: “Görəsən, bunlar kimin ad gününü bayram eləmək istəyirlər?”
İsa İsmayılzadənin vəfatından sonra hər dəfə martın 15-i gələndə fikir verirdim: Ələkbər Salahzadə özünü narahat, naqolay hiss eləyirdi, xudmani məclisdə, üç-dörd nəfər dostunun yanında olmağı hər cür ziyafətdən, böyük salonlarda düzənlənən təntənələrdən üstün tuturdu...
Mənə həmişə belə gəlir ki, onlar bir ananın köynəyindən keçmişdilər: taleləri, iç dünyaları, yaradıcılıqlarıyla bir-birinə doğmalıqlarını başqa cür izah eləmək mümkünsüzdü...
Üçüncü nöqtə: 60-cı illərin havası
İsa İsmayılzadənin arxivində ötən əsrin 60-cı illərinin əvvəllərində yazılmış məktublar qalıb: Anarın, Əkrəm Əylislinin, Abbas Abdullanın, Camal Yusifzadənin..., bir də Rəsul Rza və Ələkbər Salarzadənin...
Rəsul Rzanın məktubu gənc İsanın taleyini həll eləyib (bu haqda özü vaxtilə ətraflı yazıb), Ələkbər Salahzadənin məktublarısa tale yaxınlığının nişanələridi. Cəmi-cümlətanı iki-üç aylıq tətil zamanı belə məktublaşan, bir-biriylə yay təəssüratlarını bölüşən, universiteti bitirəndən sonra işlə bağlı narahatlıqlarını dilə gətirən, böyük ədəbiyyata canatımlarını ifadə eləyən iki gəncin yazışmalarında 60-cı illərin təkrarolunmaz yaradıcılıq havası duyulur...
İlk kitabları – İsa İsmayılzadənin “Ulduzların ad günü”, Ələkbər Salahzadənin “Beş yarpaq” adlandırdığı - da eyni vaxtda işıq üzü görüb. Hər iki kitab da unudulmaz və uğurlu olub: “Kitabın nəşrə hazırlanmasının bütün mərhələləri indi də gözlərimin qabağındadı, - İsa İsmayılzadə sonralar xatırlayırdı. – O da yadımda qalıb ki, hər mərhələni döstlarımdan Ələkbərlə, Çingizlə (Qaracaəmirli), Camalla (Yusifzadə) bir də aramızdan vaxtsız getmiş unudulmaz qardaşlarımız Vidadi Məmmədovla, Vidadi Paşayevlə yüngülcə “yuyurduq”...”
O vaxt özünü şair kimi təsdiqləmək çətin, çap olunmaq zülümüydü. Rəsul Rzanın himayə elədiyi “başqa cür düşünən” o cavanları “xunveybinçilər” adlandırırdılar. İyirmi bir yaşlı İsa İsmayılzadənin “Yağış gölməçəsi” adlı bənzərsiz şeirini Xalq şairi Süleyman Rüstəm “Kirpi” jurnalında nəzmlə “ifşa” eləmişdi: “Bu sərçə şairləri, gölməçə şairləri...” Ələkbər Salahzadəyə də haq-nahaq belə daşlar atılırdı. Amma onların bəxtlərinə Allah vergisi kimi düşən poetik nəfəs hər şeyi yerbəyer elədi...
Sonra ikinci kitabları nəşr edildi, “Ulduz” jurnalında o kitablar (bir də Səyavuş Sərxanlının kitabı) geniş müzakirəyə səbəb oldu...
Sonra İsa İsmayılzadə redaktəylə yanaşı, publisistikayla məşğul oldu, tərcümələr elədi, uşaqlar üçün şeirlər yazdı, radioda veriliş apardı, Ələkbər Salahzadəsə redaktə işindən o tərəfə keçmədi, amma o da uşaqlar üçün şeirlər qələmə aldı, xəyalında qurduğu poetik aləmin cazibəsindənsə çıxa bilmədi, bəlkə də heç çıxmaq istəmədi...
Dördüncü nöqtə: İddiasızlıq
Mən tanıyandan İsa İsmayılzadə “Azərbaycan” jurnalının baş redaktor müavini, Ələkbər Salahzadə “Ulduz” jurnalının şöbə müdiri olublar. Deyə bilmərəm ki, heç birinin könlündən redaktor olmaq arzusui keçməyib, amma öz məqsədlərinə çatmaq üçün (sonralar Ələkbər Salahzadə “Ulduz”un baş redaktoru, “Qobustan” sənət toplusunun redaktoru oldu) əxlaqazidd yollara əl atmayıblar – buna həmişə qeydsiz-şərtsiz inanmışam. Həmişə də qələm adamlarının “zərbəsi” altında oub, hücumlara tab gətiriblər: “İsa naşir kimi tələbkar olanda, elə bilir ki, ədəbiyyat üçün nəsə böyük bir iş görür. Əlli bir yaşında iki otaq bir, bir otaq bir evlə təmin olunub, mükafatlandırılıb, əlli bir yaşında hələ də baş redaktor müavini olaraq qalıb. Jurnalın bütün məsuliyyəti onun boynundadı. Bu məsuliyyətlə də, bu ilə də İsa olur “pis kişi”, “pis adam”...Haqlı-haqsız İsa həmişə “zərbə” altındadı, yamanlara çəpərdi. “Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdı”, - belə deyirdi İsa. Yoxsa o, Azərbaycan ədəbiyyatını şəxsi münasibətlərdən qorumaq üçün doğulmuşdu?”
Bu sətirlərim müəllifi, tay-tuşları Tofiq Abdin, əminəm ki, eyni fikirləri Ələkbər Salahzadə haqqında söyləyərdi. Əlli üç yaşında redaktor olan Ələkbır Salahzadənin qayğıları uzun müddət “Ulduz” jurnalını yaşatmaqla bağlı oldu, keçid dövrünün çətin vaxtlarında redaktor olmağın ağırlığını çiyinlərində daşıdı...
İsa İsmayılzadəni tanıyanların hamısı etiraf eləyir ki, o savadla, işgüzarlıqla, qətiyyətlə, prinsipiallıqla daha məsul vəzifələrə layiqiydi. Belə düşünməkdə, şübhəsiz, haqlıdılar, amma Söz qarşısında məsuliyyət ondan ötrü ən yüksək vəzifəydi – bunu da etiraf eləməmək olmaz...
Beşinci nöqtə: İtkin sözlərin ardınca
“Ələkbər Salahzadə şeiri qurur, İsa İsmayılzadə rəsm edir, - bu, yazıçı Anarın qənaətidi. – Ələkbərin yaradıcılığında... sükutu eşitmək qabiliyyəti, hamının gördüyünü yeni gözlə görməkvə bizə yeni baxışla göstərmək bacarığı, üzdə olan şeylərin dərinliklərinə, mahiyyətinə varıb yeni mənalarını açmaq, duymaq və duydurmaq məharəti güclüdür”.
Ələkbər Salahzadə Sözlə məhrəmliyini, ünsiyyətini hələm-hələm dilə gətirən, mətbuata çıxaran deyildi, daha çox başqalarının yaradıcılığı haqqında danışırdı. Bəlkə, buna görə onu çox vaxt “qapalı adam” sayırdılar. Amma qənaətimcə, Söz adamı yalnız yazı masası üstündəki ağ kağızla üzbəüz qalanda sonracan açıq və səmimi olmağa cəhd göstərməlidi, amma bu da həmişə mümkün olmur...
Amma İsa İsmayılzadə bir sıra müsahibələrində, publisistik düşüncələrində Sözə münasibətini lazım bildiyi qədər açıqlayıb: “Hərdən şeirin – sözün sıxıntısından, “qələmə gəlməyən sözün, əlimə gəlməyən sözün” ağrısından ürəyim sızıldayır; dünyada məndən ötrü hər şeyin bitdiyi belə anlarda baş götürüb harasa qaçmaq, uzaqlarda, əl çatmayan, ün yetməyən bir yerdə yolumu gözləyən itkin sözlərin dalınca düşmək, doğma əziz adam kimi sözə sığınmaq, o sözün boyunu oxşamaq istəyirəm; “Hər şeir uzadır ömrümü bir gün, // amma... ikicə gün alır ömürdən”, - deyirəm, “sözlərim özümü isitmir daha, // havamı soyudu, mənmi soyudu?” – deyirəm, “ümid ilğımları çıxar qarşıma, // gözlərim nə qədər aqldanıb – yetər, // küsmək də yaraşmır mənim yaşıma, // susmaq da... nə bilim, ölümdən betər”, - deyirəm...”
İsa İsmayılzadə Haqqa qovuşandan sonra arxivini araşdıranda “Mənim qəribə dünyam” povestinə, yarımçıq şeir və poemalarına rast gəldim, o “itkin sözləri” tapmağa can atan Söz Adamının narahatlığının səbəbini duydum...
Ola bilməz ki, neçə illərin susqunluğunda “sükutu eşidən adam” – Ələkbər Salahzadə iç dünyasını ağ kağıza açmasın, özündən sonra işıq üzü görməmiş yazılar qoymasın...
Altıncı nöqtə: “...Bir ev qalıb Qarayazıda...”
...İsa İsmayılzadə həyatda olduğu kimi, ömür möhlətində də hövsələsizlik elədi, Tanrının verdiyi ömür möhlətini axıracan yaşamağa səbri çatmadı, 1997-ci il iyulun 12-də 57 yaşının içində dünyadan köçdü...
İş elə gətirmişdi ki, şair Abbas Abdulla da, mən də İsa İsmayılzadəni son mənzilə yola sala bilməmişdik – o, həmin vaxt hələ İstanbuldaydı, mən də Müdafiə Nazirliyində işləyirdim, hərbçinin ölkədən çıxması üçün nazirin xüsusi izni lazımıydı. Amma 1998-ci ilin iylunda belə bir fürsət düşdü, Qarayazıya il mərasiminə getdik. Yol boyu Abbas bəy beş il bir qrupda oxuduğu, yaxından dostluq elədiyi, son tikəsini bölüşdüyü, yaradıcılıq yoluna birgə qədəm qoyduğu İsadan və Ələkbərdən danışdı. Elə tələbəlik illərindən İsanın çalışqanlığından, səliqə-sahmanından, istiqanlılığından söz açdı. Dostunun Qarayazı qəbirstanlığındakı məzarı qarşısında baş əyəndə heç ağladığını gizlətmək də istəmədi. Həmin məqamda Rafiq Hümmətin İsa İsmayılzadəyə, daha doğrusu, onun ölümünə yazdığı şeirdən bir bəndi xatırladım:
Gördüyüm, kaş, yuxu ola,
Qar yağa, qar ayazıda.
Nə dar mənzil aldın, Ustad,
Bu boyda Qarayazıda?!.
Hər halda, həmin məqamda doğulduğu torpaqda, “yastı balabana oxşayan” (Allahverdi Təhləli) qonşuluğunda, anasının ayaqları altında uyuyan İsa İsmayılzadənin xoşbəxtliyinə yaxşı mənada həsəd aparırdım: belə gözəl bir məkanda hüzur tapmaq heç də hər kəsə qismət olmur. Üstəlik, balalarının gələcəyi sarıdan nigaran olan ruhunun gec-tez rahatlıq tapacağına da inanırdım...
Ələkbər Salahzadənin də ot çaldığı, moruq-qulançar dərdiyi, söz axtarışına çıxdığı yerlərə möhkəm bağlı olduğuna inanıram. Amma ona “İsayla sonacan birgə getmək” qismət olmadı, bəlkə də, gündaşının “günahını” yumaq üçün özündə dözüm tapdı (üstəlik, “Əməkdar incənət xadimi” fəxri adına layiq görüldü), 16 il İsasız yaşadı, 73 yaşının içində dünyadan köçdü, həm də onun kimi doğma kəndində, anasının ayaqları altında yox, Bakıda, “Dədə Qorqud” qəbirstanlığında torpağa tapşırıldı...
Sağlığında deyirdilər ki, Ələkbər İsadan sonra ailəsinin qapısını açmır. Necə açaydı o qapını? Nə deyəydi? O qapını açanda İsanı görməyəcəkdi, onunla üzbəüz oturmayacaqdı, yenicə yazdıqları şeirləri bir-birinə oxumayacaqdılar – az qala, 30 ilin dostluğundan sonra bütün bunlardan məhrum olmaq elə asan şeydi?
Yeddinci nöqtə: Hər ikisinin cismani yoxluğundan sonra
Omrünün təxminən son on ilində İsa İsmayılzadəylə sıx, həm də səmimi ünsiyyətimiz yarandı. Vəfatından sonra haqqında portret yazı qələmə aldım, oğlu Arazın yardımıyla şeirlərindən, haqqında qələmə alınmış yazılardan və xatriələrdən ibarət “Gözləyin, dünyaya qayıtmağım var...”, seçmə “Güllələlər demədi...” poetik toplusunu nəşr, “Mənim qəribə dünyam” povestini, ovaxtacan işıq üzü görməmiş şeirlərini, gündəliklərindən parçaları çap etdirdim, ailəsinin doğma adamına çevrildim...
Təxminən, iyirmi il də Ələkbər Salahzadəylə ünsiyyətdə oldum, haqqında yazı qələmə aldım. Sonralar qısa müddət başçılıq elədiyi redaksiyada işlədim. Yazı-pozumdan razıydı, az qala, hər həftə birgə məclislərdə olurduq, amma oturmağa stol-stulumun yoxluğu, üstəlik, iki il ərzində bir neçə dəfə yer boşalsa da, yarımştat kimi qalmağım səbrimin ömrünü gödəltdi, günlərin birində ərizəmi yazıb səssiz-səmirsiz getdim...
Haqqa qovuşandan sonra isə Ələkbər Salahzadəni də unutmadım, seçmə şeirlərindən ibarət “Mənsiz gecə” adlı toplusunu nəşr etdirdim...
Neçə illər əvvəlin duyğusu hələ də içimdə qalır: həmişə İsa İsmayılzadəni xatırlayanda Ələkbər Salahzadə yadıma düşür, Ələkbər Salahzadə haqqında söz düşəndə yaddaşımdan İsa İsmayılzadə boy verir...
2025, mart