Biz xilas olmağa çalışmalıyıq! - Sevinc Elsevər

Biz xilas olmağa çalışmalıyıq! - Sevinc Elsevər
15 yanvar 2024
# 14:30

Kulis.az Sevinc Elsevərin uşaqlar üçün yazdığı hekayəni təqdim edir.

Anasının Yula adını verdiyi körpə parabüzən Sara adlı balaca, gözəl-göyçək qızın nənəsinin dalınca uçurdu.

Hava ilıq və xoş idi. Yula özünü çox xoşbəxt hiss edirdi. Xəfif meh belə əsmirdi, Yulanın sürətlə uça bilməyinə heç bir əngəl qalmırdı. Yula fikirləşirdi ki, mənzil başına tez çatacaq. Ona verilən tapşırığı yerinə yetirəndən sonra arxayınlıqla yaşadığı bağa uçub gedəcək.

Ancaq sən saydığını say, gör fələk nə sayır?!

Yula yolboyu bir-birindən gözəl bağlara, ağaclara, çiçəklərə baxırdı. Gördüyü hər bir gözəllik onu valeh edirdi. Ancaq Yula çox ağıllı idi. O, bilirdi ki, yolda vaxt itirmək olmaz! Tezliklə axşam düşə bilər.

Ürəyi rəngbərəng çiçəklərin yanında qalsa da, var qüvvəsiylə uçurdu.

Yula uçdu, uçdu, uçdu. Başı uçmağa və ətrafdakı yaşıllığa, çiçəklərə necə qarışdısa, birdən ayıldı ki, daha heç yeri görmür; nə irəlini, nə gerini; nə sağı, nə solu. Yula içini çəkdi:

- Ay aman, mən bura necə gəlib çıxmışam?! Axı niyə heç yanı görə bilmirəm?!

Üstəlik, Yula hiss elədi ki, yavaş-yavaş nəfəsi də tıncıxır. Az qalır, boğula. Ancaq təşvişlə ora-bura vurnuxurdu, ümid edirdi ki, çıxış yolu tapacaq.

Yula bu vəziyyətdə, nəinki Sara adlı qızın nənəsini axtarıb tapa bilərdi, öz yolunu da itirmişdi.

O, heç nə görə bilmirdi. Ancaq yaxşı ki, səsləri eşidirdi. Quşlar ciyiltiylə uçur, arılar təşvişlə vızıldaşır, çəyirtkələr ora-bura hoppanırdılar.

Bir kəpənək də kömək çağırırdı. Yula səsə doğru uçdu. Kəpənəyi gözləriylə görə bilməsə də, əllərindən birini ona uzatdı. Xoşbəxtlikdən kəpənək tez onun əlini taparaq tutdu.

- Bu nədir, sizin bağa tez-tez belə qatı duman çökür? -Yula soruşdu.

- Nə duman? Bağda yanğın var! Bağ sahibi qışdan qalan xəzəlləri, quru budaqları yandırırdı. Sonra ocağı başlı-başına qoyub harasa getdi. Birdən-birə alov güclənib. Yazıq ağaclar!

- Yazıq quşlar, böcəklər, arılar! - parabüzən başını buladı, - Biz xilas olmağa çalışmalıyıq! Yoxsa, boğulub öləcəyik!

- Bayaqdan hara uçuramsa, yenə eyni yerə gəlib çıxıram! - kəpənək təəssüflə dedi.

- Ağlıma bir fikir gəlib! Sən bu bağda çoxdan yaşayırsan?

- Lap anadan olandan! Necə məgər?

- Sən mənə de, görüm, bağın harasında, hansı güllərin bitdiyini bilirsən? Onların qoxusuyla istiqaməti tapa bilərsən? - Yula xəbər aldı.

- Hə, ancaq mən indi tüstünün qoxusundan başqa qoxu ala bilmirəm! - kəpənək təngnəfəs halda dedi.

- Görəsən, bağ sahibləri hardadırlar? Yanğından heç birinin xəbəri yoxdur? - Yula ah çəkdi.

- Xəbərləri olsaydı, gəlib çıxardılar. Yanğını söndürməyə çalışardılar.

Qəfildən yaxınlıqdakı ağaclardan birinin budağı şaqqıltıyla qırılıb düşdü. Səs kəpənəklə parabüzəni elə qorxutdu ki, onlar diksinib bir-birlərindən ayrı düşdülər. Bu vaxt hər ikisi çox qorxdular. Heç olmasa, bir-birlərinin əlindən tutanda bu qədər qorxmurdular.

- Parabüzən, hardasan? - kəpənək qışqırdı.

- Burdayam, əzizim, qorxma! Səsimə doğru uç!- parabüzən yerindən tərpənmədən səslədi.

Yaxşı ki, kəpənək onu tez tapdı. Onlar vurnuxur, tez-tez yerlərini dəyişirdilər. Ancaq bağdan çıxa bilmirdilər. Get-gedə qanadları da gücdən düşürdü.

- Bağ sahiblərinin evi çox uzaqdadır? - Yula gücünü toplayıb soruşdu.

- Bağ böyük bağdır. Bir xeyli yol var.

- Bu çox pisdir! Yəqin ki, qonşuların da xəbəri yoxdur. Yoxsa, indiyə bağ sahiblərinə xəbər vermişdilər.

Parabüzənlə kəpənək əl-ələ uçurdular. Birdən Yula su səsi eşitdi.

- Bu, su səsi deyil? - o, qanad saxlayıb soruşdu.

- Su səsidir, - kəpənək dedi.

- Bu nədir belə? Arxdır, ya çaydır? Su hara axır?

- Bu dayaz bir arxdır! Bağ sahibi evinin həyətindən çəkib o arxı! Heç yadıma düşmürdü! Biz suyun səsini izləsək, gedib bağ sahibinin evinə çıxarıq! Sən çox ağıllı parabüzənsən! - kəpənək sevinclə dedi.

Yula kəpənək dostunun əlindən tutub suyun səsi gələn səmtə uçdu. Çox keçmədi ki, tüstü-duman azalmağa başladı. Artıq Yulanın da, kəpənəyin də gözləri görürdü. Daha əvvəlki kimi boğulmurdular da.

Yula kəpənəyə baxıb onun necə qəşəng, zərli qanadları olduğunu düşündü. Kəpənək də Yulanın qırmızı xallarını heyranlıqla süzürdü.

Təhlükə artıq arxada qalmışdı. Yulayla kəpənək canlarını qurtarmışdılar.

İstərdilər ki, bir kənara çəkilib təmiz havanı doyunca içlərinə çəksinlər. Kürəklərini bir yarpağa, bir meyvəyə söykəyib dinclərini alsınlar. Təzədən güc-qüvvə toplasınlar. Ancaq zamanları az idi.

- İstəyirsən, uç get, yolundan qalma! Bu bağda başına gəlməyən qalmadı! Qaç, qurtul! - kəpənək təklif elədi.

- Yox, nə danışırsan? Yanğının söndürüldüyünü öz gözlərimlə görməsəm, gedə bilmərəm! - Yula etiraz elədi.

- Evə girməyimiz təhlükəlidir! Dəcəl uşaqların əlinə düşə bilərik. Onlar ehtiyatsızlıqdan bizi incidə, hətta öldürə bilərlər! - kəpənək ah çəkdi, - Həm də insanlara bağın yandığını necə başa salacağıq?!

- Mən bir neçə saat bundan qabaq o təhlükəli uşaqlardan birinin əlindən çıxıb gəlmişəm, - Yula gülümsəyərək dedi, - Doğrudur, əvvəlcə o, məni qorxutdu, qaranlıq, balaca bir qutuya saldı. Ancaq tezliklə azad elədi və nənəsinin dalınca göndərdi.

- Nənəsinin dalınca göndərdi? - kəpənək heyrətləndi. İndi bu zəmanədə parabüzənlərə inanan uşaqlar var?

- Görünür, varmış! - parabüzən sevinclə dedi.

Sonra təzə dostlar oturub plan fikirləşməyə başladılar. Necə eləsinlər ki, bağ sahiblərini xəbərdar eləsinlər?!

Yulanın ağlına olduqca təhlükəli, ancaq işə yarayacaq bir üsul gəldi. Onlar birlikdə bağ sahiblərinin evinə yol tapmalı, qabaqlarına çıxan ilk adama hücum çəkməli, onu narahat etməliydilər. Ta ki, adam əsəbiləşib onları qovmağa çalışanadək! Sonra adam onları izləyib arxalarınca gəlməliydi.

- Belə getsə, qolumuzu-qanadımızı qıracaqlar! - kəpənək şikayətləndi.

- Dostum, əgər mənimlə getmək istəmirsənsə, mən özüm tək gedərəm! - parabüzən qəti qərarını verdi.

Sonra heç arxasına baxmadan, kəpənəyin dalınca gəlməyini gözləmədən bağ sahibinin evinə sarı qanadlandı.

Bir az getmişdi ki, təngnəfəs halda ona yetişməyə çalışan kəpənəyin nəfəsini boynunun arxasında hiss elədi. Yula qanad saxladı, dostunun nəfəs dərməyini gözlədi.

Dostlar bağ sahibinin evinin ətrafına dolanıb açıq pəncərə tapmağa çalışdılar. Bütün pəncərələrə tor vurulmuşdu. Evə girmək çətinləşmişdi. Neynəsinlər, necə eləsinlər, - düşünüb çarə axtarmağa başladılar.

Parabüzənlə kəpənək evin ətrafına dolanır, bir pəncərədən digərinə qonub evə girməyə yol axtarırdılar.

Birdən kəpənək sevinclə pəncərələrdən birinin torundakı bapbalaca dəliyi göstərdi. Əvvəlcə özü həmin dəlikdən içəri keçməyə çalışdı. Ancaq kəpənək üçün bu dəlik çox balacaydı. Neynədisə, dəlikdən keçə bilmədi. Sonra Yula bəxtini sınadı. Xoşbəxtlikdən Yulanın bədəni yığcam idi, qanadları da xırdaydı. Yula içəri keçdi. Kəpənək isə bayırda onu təşviş və həyəcanla gözləməyə başladı.

Yula əvvəlcə qaranlıq bir otağa düşdü. Onun gözləri qaranlığa bir xeyli gec öyrəşdi. Qaranlığı heç sevmirdi. Sonra Yula otağı aydın görməyə başladı. Bu, olduqca səliqəli bir uşaq otağıydı. Çəhrayı bir çarpayıda Sara boyda balaca qızcığaz yatırdı.

Yula yatan qıza yaxınlaşdı. Onun başı üzərində bir o tərəfə, bir bu tərəfə uçdu. Qanadlarını yelləyib onu oyatmağa çalışdı. Ancaq bunun bir faydası olmadı. Sonra Yula qızın burnunun üstünə qondu. Qızın balaca, yumru burnu vardı. Yula qızcığazı qorxutmaq da istəmirdi. Ancaq ayrı əlac da yox idi. O qızın burnunun üstündə bacardıqca möhkəmdən hərəkət eləməyə başladı. Bu vaxt onun üstünə böyük bir qaraltı gəldi. Yula bərk qorxdu. Həyəcanı keçəndən sonra başa düşdü ki, onu qorxudan şey qızın əliymiş. Qız yuxuda olsa da, burnunun üstündə nəsə gəzdiyinin fərqinə vararaq, istər-istəməz əlini burnuna aparıbmış.

Yula təsadüfən qaçıb canını qurtara bilmişdi. Yoxsa, çoxdan xəşil olub qızcığazın burnuna yapışmışdı.

Təhlükəli oyun olsa da, Yula fikrindən dönmədi. O, bu dəfə qızcığazın alnında gəzməyə başladı. Qız, sadəcə, bir böyrü üstündən o biri böyrü üstünə çevrilib, təzədən yatdı.

- Nə qədər bərk yatan uşaqdır?! - Yula lap hirslənirdi.

O, yavaş-yavaş sürüşüb qızın boynuna sarı düşdü və ayaqlarını basa-basa gəzməyə başladı.

Qız bədənində nəsə gəzdiyini hiss edib, nəinki yuxudan dik atıldı, qışqırıb bağırmağa başladı. Qızcığazın səsinə anası qaçıb gəldi.

Rəngi ağappaq olmuş anası qızını qucaqlayıb sakitləşdirməyə çalışdı.

- Boynumda nəsə gəzirdi! Burdaydı, düz burda! - qız parabüzənin gəzdiyi yeri göstərdi.

- Yəqin yuxu görmüsən! - anası onu sakitləşdirməyə çalışdı.

Yula vəziyyəti belə görüb ortaya çıxdı. Onu görən kimi ana-bala sakitləşdilər.

- Bu ki sadəcə, balaca parabüzənmiş! - ana gülümsədi.

Yula ananın üstünə hücum çəkdi.

- Ana, bu nəsə qəribə parabüzəndir! Çox əsəbidir! - qızcığaz təzədən qorxmağa başladı. Qadın özünü qorumağa çalışaraq, əllərini yellədi. Ancaq Yula gah qıza, gah da anasına durmadan hücum çəkirdi. Axırda qızın anası ayağa qalxdı, evin bütün qapılarını açdı, əlinə böyük bir dəsmal alıb, Yulanı evdən qovmağa çalışdı. Yula da elə bunu istəyirdi. Yula qaçdı, qaçdı, qaçdı, evin çıxış qapısına yaxınlaşdı. Uşaqla anası da onu düz artırmaya qədər təqib elədilər.

Evdən çölə çıxanda bağ tərəfdən qalxan tüstü-dumanı görcək, Yulanı o dəqiqə unutdular. Kəpənək də qapıda Yulanı tapdı. Onlar indi arxayın idilər. Öhdələrinə düşəni eləmişdilər. Yanğın tezliklə söndürüləcəkdi. Daha sonra Yula da yeni dostu kəpənəkdən ayrılıb yoluna davam edəcəkdi.

Yulanın ürəyi rahatlıqla dolmuşdu. Yaxşı ki, o, kəpənəyə qulaq asıb, uçub getmədi. Yoxsa, bağ sahibləri kim bilir, nə vaxt yanğından xəbər tutacaqdılar.

# 1130 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #