Biz heç kimik - Vüsal Bağırlı yazır...

Vüsal Bağırlı

Vüsal Bağırlı

25 yanvar 2022
# 10:00

Kulis.az Vüsal Bağırlının "Naşa Tanya qromko plaçet…" adlı yazısını təqdim edir.

Saat işlədikcə hərəkəti gələcəyə doğrudur.

Çık-çık-çık. Yaxud. Tık-tık-tık.

Saatın səs ritmi, işləmə tempi onun növündən, mexaniki yaxud kvars olmağndan asılıdır. Zamanı usanmadan, yorulmadan daim ölçən bu cihaz neynəsə də, nə etsə də, saat əqrəbinin hərəkət istiqaməti, onun sferblatda əsas mexaniki məqsədi bir an sonrakı vaxtı, zamanı təsbit etməkdir.
Əslində, biz də saat kimi işləyirik. Amma fərqli formada, əks formatda. Bütün hərəkətlərimiz, etdiklərimiz, hər şey bir an sonra qaçılmaz keçmişə, geri qaytarılmayacaq vaxt kəsiminə çevrilir. Qaçılmaz və labüd zaman axarı qurduğumuz bütün planları ən nəhayətdə pozur, alt-üst edir.
İnsan nə qədər ört-basdır etsə, etirafdan yayınsa da, gələcəklə deyil, daha çox keçmişlə yaşayır, nostalji duyğularla təskinlik tapır. Ən qəribəsi odur ki, insan bir neçə il əvvəl baş verənlərlə müqasiyədə, uzaq keçmişdə, uşaqlıq dönəmlərindəki hadisələri, başına gələnləri daha yaxşı yadda saxlayır, daha dolğun xatırlayır.

Aydındır ki, gələcəkdə mövcud deyilik. Heç keçmişdə də yoxuq. Bəs onda əsl həqiqət hardadır, keçmişdə yoxsa gələcəkdə?
Biz indiyik. Şübhəsiz belədir. Amma indiki mövcudluğumuz da sual altındadır, nisbidir axı. Çünki bir an sonra, o da keçmişə çevrilir.

Aha, tapdım. Evrika!

Deməli, biz fasiləsiz şəkildə keçmişə çevrilən hərəkət formasıyıq. Gerçək reallıq insanın duyğu orqanlarında əks olunana qədər müəyyən vaxt keçir. Bu səbəbdən insan mövcud anı heç cür dərk etmir, yalnız ötən müddət keçimşi anlayır.

Anton Çexov deyirdi, “biz harda yoxuqsa, ora yaxşıdır: keçmişdə artıq biz yoxuq, ona görə də ora bizə daha əsrarəngiz görünür”.
“Yazıçı öləndə, onun kimliyini yaradıcılığı ilə qiymətləndirirlər. Elə insan öləndə də, hamımız onun aramızdakı rolunu qiymətləndirməyə cəhd edirik.

Deməli, keçmiş bütünlüklə ölümlə assosiasiya edilən illüziyalar toplusudur”.

Yuxarıdakı sözləri isə yazıçı Albert Kamyuya aiddir. Keçmiş bizim hiss və duyğularımızı oyadan, xatirələrimizi canlandıran mənbədir. Keçmiş yaddaşla nəfəs alır, gələcək isə arzularla.

Fikir vermisinizsə, bəzən yaşadığımız həyat, yaxud hər hansı zaman kəsiyində vaxt çox gec gedir, sanki ayağına daş bağlayıb tısbağa sürəti ilə qıdı-qıdı irəliləyir. Bəzən zaman inanılmaz sürət yığır, öz tısbağa qınından çıxır və çiyninə qanad bağlayıb quştək uçur, raket kimi şığıyır.

Bəzən dünən baş vermiş hadisəni üstündən min il keçmiş kimi xatırlayırıq, bəzən isə iyirmi, otuz il əvvəlki olaylar bizə o qədər təzə, təravətli, rəngarəng görünür, sanki üzərindən dəqiqələr ötmüşdür.

Həqiqətən, bu cür hisslər qarşısında çox tez-tez dolaşıq düşürük. Çaşıb qalırıq. Zaman duyğusu arasındakı təzad hərdən qəribə, anlaşılmaz və absurd hisslər yaradır.

Beyinin boz neyronlarına güc verib, azacıq zehni səy göstərərək keçmişə, uşaqlıq dövrünə aid bəzi şeyləri xatırlayarkən hadisələri o qədər canlı və real çalarlarla gözlərim qarşısında canlandırıram ki, bəzən özümdən asılı olmadan diksinir və heyrət edirəm.

İmişlidəki beş nömrəli məktəbin hazırlıq sinfinə getməyim, müəllimim Valentina İvanovnanın qısa vurulmuş qızılı sarışın saçları, bəyaz dişlərini səxavətlə nümayiş etdirən geniş təbəssümü, tənəffüslərdə sevinc və coşquyla dəhliz boyu yüyürməyimiz, küknar qozası ilə futbol oynamağımız, yıxılmağım, təzə məktəbli pencəyimin cırılması, sıyrılmış qançirmə dizlərim, zar-zar ağlamağım, bufetdən aldığım kömbə bulkanın ətri, uşaqlarla məktəb həyətində qara-qışqırıqla bir-bir üstündən tullandığımız yerə basdırılmış təkər maneələr, “Azbuka” kitabındakı rəngli şəkillər və həmin şeir.

Наша Таня громко плачет:
Уронила в речку мячик.
— Тише, Танечка, не плачь:
Не утонет в речке мяч.

Sonra bir müddət xəstə oldum, məktəbə, dərsə gedə bilmədim və valideynlərim məni rus bölməsindən çıxarıb, başqa məktəbə, azərbaycan bölməsinə yazdırdılar.

Qəribəsi odur ki, dünən, srağagün baş verənləri, etdiklərimi xatırlaya bilmirəm, lakin, uzun illər əvvəlki hadisələr ən xırda detallarına, incə nüanslarına qədər yadımdadır.

Hər şey capcanlı, dəqiq və real.

Sanki həmin lövhələr, eskizlər bir xəyal kimi buxarlansa, unudulsa belə radio dalğaları kimi daim fəzada fırlanırlar və biz bəzən beynimizlə lazımi siqnala köklənib, həmin öləzimiş dalğaları yenidən canlandırmağı bacarırıq.

Bunları xatırlamağım mənə çox təəccüblü və qəribə gəlir, qeyri-adi hisslər doğurur. Kədərləndirir və düşündürür.

Əslində biz kimik?

Dərinə varanda, heç kim. Sadəcə, dərin xatirələr qatında gizlənmiş obraz, fotoşəkillərdən, videoçəkilişlərdən boylanan sima.

# 1863 dəfə oxunub

Oxşar xəbərlər

Qulu Məhərrəmli:  "Əleyhimə kampaniya gedəndə bu nüansı qabardırlar" - Müsahibə

Qulu Məhərrəmli: "Əleyhimə kampaniya gedəndə bu nüansı qabardırlar" - Müsahibə

21:00 4 dekabr 2024
Elnarə Akimovanın yeni kitabı çap olundu

Elnarə Akimovanın yeni kitabı çap olundu

18:47 4 dekabr 2024
Füzuli ilə bağlı yeni kitab nəşr edildi

Füzuli ilə bağlı yeni kitab nəşr edildi

18:40 4 dekabr 2024
Akademik Milli Dram Teatrının dekabr repertuarı

Akademik Milli Dram Teatrının dekabr repertuarı

16:56 4 dekabr 2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi

Azərbaycanlı gənc yazıçı vəfat etdi

15:40 4 dekabr 2024
"Səriyyə" filmi təqdim edildi

"Səriyyə" filmi təqdim edildi

14:25 4 dekabr 2024
# # #