Bazarda bədənini satanlar

Bazarda bədənini satanlar
22 noyabr 2021
# 12:20

Kulis.az Fəridənin “Şərq bazarında bədənsatanlar” yazısını təqdim edir.

Bir neçə gün əvvəl könlümə balıq düşmüşdü. Yol boyu düzülmüş qırmızı gözlərini mənasızca bərəldən, ağzıayrıq balıqlara xeyli baxsam da, heç iştahım çəkmədi. Köhnəyə oxşayırdılar.


Düzü, balıq yeməsəm illərlə yadıma düşməz, amma belə üç-dörd ildən bir hardansa ağlıma düşür və mütləq tapıb qızartmalıyam (bu arada, qeyd edim, balıq yeməkləri bozbaşdan daha faydalıdır).


Axşamüstü çörək almaq üçün girdiyim balaca məhəllə dükanında “hərşeyşünas” xalalar təsadüfən elə balıqdan danışırdılar. Mən də aşağıda düzülmüş balıqların köhnə olmasından şikayətləndim. Bu dəm bir pamperslə bir uşağı dörd gün dolandırmağıyla ad-san çıxardıb, qürrələnən bir xala qayıtdı ki, “neynirsənee yola düzülmüş o iy verən balıqları, get gir Tiktoka, dan üzü açılan kimi qışqırıq düşür, eləsi var elə yerindəcə, gölməçədən çəkib qoyur balıqları”.


Gecəyarı rəfiqəmlə söhbətləşirdik, mənə Tiktokda paylaşdığı videolara yazılan dəhşətli şərhlərdən söhbət açdı. Balıq söhbətinin üstünə bu gəlincə, kim tutar səni Fəridə.


Telefonumun cəngəlliyi andıran yaddaş deposundan bi-iki “kid games” silib, Tiktoku yüklədim.

Vay dədəəəə.

Təsəvvür edin ki, orta əsrlərdən bəhs edən bir macəra filminin ortasına düşmüsünüz. Qəhrəman hansısa itkin, möcüzəli bir daşı ya da Tutanhamonun qılıncını axtarmaq üçün soraq-soraq gəlib çıxıb şərq bazarına.


Bir yanda qəfəsdəki canavarı daşlayan uşaqlar, bir yanda başında ləyən, nəsə daşıyan örpəkli qadınlar, bir tərəfdə iri, gün yandırmış, əzələli bədənli, ovurdlarına doldurduqları yanıcı mayeni əllərindəki alova püskürdən sehrbazlar, bir tərəfdə qul bazarı, o bir yanda uzun əbalı xalça tacirləri. Bu yanda çarx üstündə mayallaq vuran təlxəklər.


İlahi, bu nədir?


Hərdən-bir Tiktok videoları ilə rastlaşmışdım amma bunlar, adətən, gülməli məzmunlu videolar idi: Gədəbəydə bir nənəyə səhvən suşi sifarişi verirlər, operator zəng edir, aralarında gülməli bir dialoq keçir – təxmini bu cür şeylər. Mənim nəzərimdə Tiktok bu idi.


Bura isə tamam fərqli bir aləmdi. Qısa videoları yuxarı-aşağı gəzişdikcə yanbızını oynadan balaca uşaqlar, evi yandırıb atasının reaksiyasını ölçən “ərgənlər”, “nooldu paşinyan” meyxanasını əzbər deyən cıqqılı qızcığazlar qaynaşır.

Bir qadın gürcü xəngəli bişirdiyi videonu paylaşmışdı. On beş saniyəlik videoda qadının üzü görünmür, arxası ekrana tərəfdir. Üzr istəyirəm, qadının bədən quruluşu bir qədər (bilmirəm necə yazım pis çıxmasın) qeyri-standartdır. Yəni qalçası biraz enli və iridir – belə deyim.
Şərhlərdə daha nə yoxdu? Gürcü xəngəli qalıb kənarda ey. Bərələn gözlər, sulanan ağızlar, vulqar müraciətlər, ortalıqda dolanan cinsi orqanlar.
Bu şərhlərə göz yümmaq, dözə bilmək, fikir verməmək üçün “dəmir leydi” olmaq lazımdır yəgin ki.
Müştəri ilə sövdələşən “bədənsatanlar” da var, vallah...

Dəlixana.


Demək, bu tiktok ilk dəfə çində yaradılıbmış və dünyanın 150 ölkəsində bir milyard yüklənmə sayı var. İstifadəçilərin altmış altı faizi otuz yaşdan aşağı insanlardır.


Ümumiyyətlə, istifadəçilərin əksəriyyətinin 11-20 yaş aralığında olduğu müəyyən edilib.
Uşaqların Tiktoka girməsi üçün demək olar, heç bir xüsusi yoxlanış-qadağa funksiyası təyin edilməyib. Azyaşlı uşaqlar bu informasiya bataqlığı, sosial media tələsində təhlükə altındadırlar.


Narkotik maddələrin təbliği, cinsi istismar, terrora çağırış, pedofiliya – hansı məzmunu axtarsan bu zibillikdə taparsan.
Bəzi ölkələr Tiktoku qadağan ediblər deyə yazıya rast gəldim, amma ha axtardım, İndoneziyadan başqa heç birinin adını tapmadım. Bir də Hindistanda vəziyyət nəzarətə götürülübmüş. Türkiyə istifadəçilər arasında ilk üçlükdədir. Ən maraqlısı odur ki, bu “virus”u yaradıb dünyaya yayan çinlilər istifadəçi sayına görə ən sonlarda gəlir. (Nənəm o vaxt nə fəlakət baş versə, “bu işdə urusun barmağı var deyəndə yanılırmış, deyəsən, dünyada saman altdan yeriyən bütün sular Çinin ovuclarından axır”).


“Tiktok nədir?” - iIri şirkətlər üçün ən yaxşı reklam bazarıdır - bir bunu anladım. Bir də uşaqların, gənclərin necə asta-asta zəhərləndiyini, manipulyasiya edildiyini başa düşdüm.


Məsələn, bu proqram istifadəyə verildiyi müddətdən sonra dünya üzərində plastik-estetik cərrahiyyəyə meyl yaşı kəskin şəkildə aşağı düşüb. Yəni, yetkinlik yaşına çatmamış qızlar da artıq videolarda təqdim olunan “gözəllik etalonları”na bənzəməyə çalışırlar.


Mənə elə gəlir ki, Tiktok insanların, xüsusilə, yetişməkdə olan gənc nəslin psixi inkişafına ciddi zərbələr vurmaqdadır. Bürünüb özünü təqdim etdiyin, maraq, izlənmə yaratmaq istədiyin obrazın içində yavaş-yavaş itib yadlaşma duyğusunun içinə düşürsən. Tiktok qısa, bir neçə saniyəlik videolarla sənə özünü tanıtmaq, sərgiləmək, göstərmək şansı verir, amma səndən kimliyini alır.


Heç nə tapmasan sınıq bir vedrənin içinə girib gic-gic əlini qolunu yellədərək özünü tanıtmaq çabası – bilmirsən, gülməlidir ya ağlamalı?


Nə isə.

“Könlü balıq istəyənin quyruğu suda olar” deyiblər, mən gecə səhərə qədər tiktokda gəzişməli oldum, amma qorxuram ki, bütün bəşəriyyətin və gələcəyin quyruğu elə sudadır. Səhər məhəllə dükanımızda bu haqda geniş bir məruzə etməyə hazırlaşıram. Tiktokun uşaqların, gənclərin psixi sağlamlığına ziyanlı təsirlərindən danışacam.

Ümid edirəm, “hərşeyşünas” Çəməngül xala məni Tiktokdakı hansısa psixoloqun ünvanına yönləndirmək fikrinə düşməyəcək.

# 16004 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #