Dekabrın 10-u Azərbaycan Milli Kitabxanasında Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirilib.
Kulis.az xəbər verir ki, iclasda 7-dən artıq ölkədən nümayəndələr, TÜRKSOY təşkilatı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Şimali Kipr Türk Respublikası və başqa ölkələrin milli kitabxana direktorları iştirak ediblər.
İclasda Milli Kitabxananın direktoru professor Kərim Tahirov çıxış edərək Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Təşkilatının 1993-cü ildə yaradıldığını, bu təşkilatın Türkiyədə, Azərbaycanda, Qazaxıstanda, Qırğızıstanda dəfələrlə iclaslarının keçirildiyini, lakin təşkilatın rəsmi şəkildə qeydə alınmadığını bildirib. O, iclasın əsas məqsədinin təşkilatın gələcək taleyini müəyyən etmək, rəsmi qeydiyyata alınmasına aydınlıq gətirməkdən ibarət olduğunu deyib. Təşkilatın əsas vəzifəsinin Türk dünyasının, türkdilli xalqların milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında çox böyük rol oynayan milli kitabxanalarının fəaliyyətinin əlaqələndirilməsi, onların birgə müxtəlif layihələr həyata keçirməsi və türk mədəniyyətinin, irsinin dünya miqyasında daha geniş təbliğ olunmasından ibarət olduğunu vurğulayıb.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli çıxışında bu gün bütün Türk dünyasının tarixi yaddaşını özündə əks etdirən, onun mühafizi kimi çıxış edən milli kitabxanaların birliyinin təməlinin qoyulduğunu, kitabxana sahəsindəki fəaliyyətin yeni bir dönəmə keçdiyini qeyd edib. Nazir türk dövlətlərini təmsil edən milli kitabxanalar arasında məzmuna köklənmiş, türk ortaq dəyərlərimizin dünya müstəvisində təbliğinə yönəlmiş ciddi və sıx əlaqələrin olduğunu, layihəyönümlü köklü işlər həyata keçirildiyini və Azərbaycan Milli Kitabxanasının bu işdə böyük rolu olduğunu vurğulayıb, Türk dünyasını birləşdirən türkdilli dövlətlərin milli kitabxanalarının birliyinin bütün dünya ölkələri üçün nümunə olacağını söyləyib.
Adil Kərimli təşkilatın Türk Dünyası Milli Kitabxanalar Birliyi adlandırılmasını, tərkibində isə ali orqan kimi Direktorlar Şurasının yaradılmasını təklif edib, təşkilatın gələcək işinə uğurlar arzulayıb.
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Xalq artisti Polad Bülbüloğlu hazırda Türk dünyasını birləşdirən müxtəlif fondların olduğunu qeyd edərək bu gün kitabxanaların çox böyük işlər gördüyünü söyləyib, kitabxana işçilərinə böyük sevgisini və onların təşkilatlanmasına çox sevindiyini bildirib.
Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva Azərbaycanda bu cür mühüm təşkilatın yaranmasına çox sevindiyini söyləyib. Qeyd edib ki, türkdilli xalqlar arasında inteqrasiyanı saxlamaq və daha da möhkəmləndirmək lazımdır.
TÜRKSOY-un Baş katibi Sultan Raev təşkilatın yaradılmasını türk mədəniyyətinin zəngin tərəflərini üzə çıxarmaqda böyük addım hesab edərək mədəniyyətin davamlılığını təmin edən kitabxanaların qısa tarixinə toxunub, mövcud təşkilatın Türk dünyasının ortaq dəyərlərini yaşatmaq məqsədi daşıdığını və bu dəyərləri qoruyaraq daha geniş perspektiv təqdim edəcəyini bildirib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türk dünyası ailəsinin qurulması və onun tərkibində isə türk kitabxana və kitabxanaçılarının ailəsinin yaradılması münasibətilə hər kəsi təbrik edib.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov bu qurumun təsdiq olunmasını təklif edib və öz müstəqilliyini qorumasını arzulayıb. O, həmçinin təşkilatın adının dəqiq və funksionallığı əks etdirən olmasının mütləqliyini bildirib.
Tədbirdə Türkiyə Milli Kitabxanasının direktoru Taner Beyoğlu, Qazaxıstan Milli Kitabxanasının direktoru Bakitjamal Ospanova, Qazaxıstan Akademik Milli Kitabxanasının direktoru Qaziza Nurqaliyeva, Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva, Qırğızıstan Milli Kitabxanasının direktoru Aynura Askarova, Şimali Kipr Türk Cümhuriyyəti Mədəniyyət Mərkəzinin direktoru Ceyhan Özyıldız və başqaları təşkilatın yaradılmasının zəruriliyini vurğulayıblar.
Müşayiətçi qismində iclasda iştirak edən Macarıstan Milli Kitabxanasının baş direktoru David Rozsa Azərbaycan Milli Kitabxanası ilə olan qarşılıqlı əlaqələrdən danışıb.
Professor Kərim Tahirov iclasın iştirakçılarına təşəkkür edib, tezliklə təşkilatın əsasnaməsinin razılaşdırılacağını, növbəti iclasın Ankarada keçiriləcəyini diqqətə çatdırıb və gələcək işlərdə hər kəsə uğurlar arzulayıb.
İclasın davamında təşkilatın bu günə qədər mövcud olduğu, lakin rəsmi olaraq fəaliyyət göstərmədiyi, bu gündən etibarən aktiv şəkildə iştirakın vacibliyi qeyd edilib. 2025-ci ildə Özbəkistan Milli Kitabxanasının yaranmasının 155 illik, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik, qazax şair Abay Kunanbayevin 180 illik yubileylərinin və digər görkəmli şəxsiyyətlərin yubileylərinin qeyd olunacağı, beynəlxalq kitab sərgilərinin, kitab təqdimatlarının təşkil ediləcəyi və təşkilatın üzvlərinin belə tədbirlərdə bir araya gələrək fəaliyyətlərini daha da genişləndirəcəkləri vurğulanıb.
Bundan başqa, qarşılıqlı mədəniyyət tədbirlərinin, oxu mədəniyyəti günlərinin, elmi seminarların, kitabxanalar arasında təcrübə mübadiləsinin, kitabxana fondlarının tədqiqi və virtual oxu zallarının açılması təklifləri müzakirə olunub.