Bakıda loxlanma kursları

Bakıda loxlanma kursları
29 noyabr 2021
# 11:39

Kulis.az Nihat Pirin "20 manatlıq “chek-up” və ya Bakıda “loxlanma” kursları" yazısını təqdim edir.

Telefona gələn mesaj neçə illik xatirəni təzədən yadıma saldı. Düzü, danışmağa adamın üzü də gəlmir, amma necə deyərlər, olan olub, torba da dolub.

Mesajda “Salam, sizi bu ayın sonuna kimi olan və yalnız mərkəzimizdə həyata keçirilən kampaniyaya dəvət edirik. Sizin nömrəniz seçilmiş nömrə olduğu üçün yalnız sizə özəl “chek-up” müayinə cəmi 20 manat!” yazılmışdı. Düşündüm, daşındım, ha istədim ki, yola verim getsin, olmadı, ürəyim tab gətirmədi.

Yazdım ki, siz xanımsız, ya bəy? Dedi, xanım. Dedim, xanım, sizi and verirəm ən əziz adamlarınızın gül camalına, elə bu dəqiqə, bax bu saniyə oradan uzaqlaşın. Mesajı oxumasına rəğmən cavab yazmayan dialoq ortağım, çox yəqin ki, söhbəti tuta bilməmişdi. Ona görə də elə onu gözləmədən təfərrüata vardım.

Ötən yayların birində dostumuzun biri iş axtarmağımı fürsət bilibən məni yanına dəvət elədi. Ki yaxşı bir iş var, dedim, tək getməyim, səni də düz-qoş edim (Hekayətin sonunda siz sonuncu cümləni “cəhənnəmə gedən özünə yoldaş axtarar” kimi də oxuya biləcəksiniz). Dedim, nə pakizə! Bir babat qonaqlıq da məndən sənə.

Razılaşdıq.

Bəs, qadam, “Bu işin məğzi nədir” söhbətinə gələndə adamın cavabı mövcud situasiyanı ifadə edəcək ən yaxşı hal idi, əslində: heç nə.

“Necə yəni heç nə?” deyib dostumuzu sorğu-sual atəşinə tuturdum ki, dedi, səbir elə, sabah öyrənəcəksən.

Sabah açıldı, nə açıldı.

Çin qızı söyləmiş, iki növ cavan

Təzə iş yerinə oldular rəvan.

Ofisimizdə bizi göyçək bir xanım qarşıladı ki, dostumuzu içəri girən kimi tutub öpdü. Bu öpüşün bizim “iş menyu”suna daxil olub-olmadığını dostumdan soruşanda “köhnə tanışımdır” deyib söhbəti biryolluq qapamışdı.

Olsun!

Xanımın “Maaş kartı üçün 20 manat ödəməlisiz” deməsi ilə dalağım birinci dəfə sancmışdı. Necə yəni, “Məgər maaş kartını gedib hansısa marketdən, dükan-bazardan alırsız ki?” sualım eləcə havada qala-qala xanım söhbəti elə fırlatdı ki, mən hətta sevincək şəkildə 25 manat verəsi oldum. Yeri gəlmişkən, 20 manat cəhənnəm, o 5 manat məni hələ də yandırır.

Dostum yalnız bundan sonra mənə izah elədi ki, gündəlik cəmisi 4 saat işdə olmaq, bu 4 saat ərzində əlimizə-ağzımıza gələn istənilən nömrəni yığmaq və onlara 20 manatlıq “chek-up” kampaniyasından bəhs etmək – sözügedən üçlük bizim işin məğzi idi.

Maaş 400 manat, üstəgəl, gətirdiyimiz hər müştəriyə görə 5 AZN bonus. “Bonus” sözünü eşidər-eşitməz dalağım ikinci dəfə sancdı ki, orada “dur dedim, qardaş!”. Bir işdə ki faiz, bonus-monus oldu, o işi apar tulla. Dostum qayıtdı ki, sən mənə inanmırsan? Dedim, inanıram. Dedi, onda sal başını aşağı, işini gör, qalanı mənlikdi.

Xülasə, bu dörd saatlıq işdən əlavə özümə bir dənə əlavə iş yeri də elədim, “çak-çuku” ilə birgə maaşım aylıq 900 manatı keçirdi ki, şəhərin göbəyində bir ev də kirayələdim.

Pulumuz cibimizdə, ağlımız başımızda, day bizə başqa nə lazımdır ki?

Amma nə oldusa, sonra oldu...

İlk iş gününün gecəsi evdə sözügedən “chek-up” qurumunun adını axtarışa verdim ki, bütün xəbər saytları fırıldaqdan, aldadılmaqdan dəm vururdu. İş bu dəfə dalaqlıq deyildi. Birbaş ürəkdən gələn səs (potensial infarkt işartıları) “fırıldaqçıların əlinə düşmüşük” deyirdi.

Dostuma aldadıldığımızın müjdəsini vermişdim ki, təzədən o sehirli ifadəni işlətdi: mənə inanmırsan? Mən də öz payıma yenə də sehrin ağuşuna düşdüm: inanıram.

Amma şübhə toxumlarını ürəyinə elə səpmişdim ki, gözünə yuxu getməyən dostum mənim bu “detektivlik”im üzərinə bir də özü saytlarda araşdırma edib səhər mütləq şəkildə müdriyyətlə danışacağının sözünü verdi. Üstəlik, polisdə tanışlarının da olduğunu deyən dostum üzərimdən az da olsa, yük götürmüşdü.

Yatdıq.

Səhər işdəki çək-çevirdən sonra dostuma öpüş bəxş edən xanım şəxsən özü bizi otağına dəvət elədi. Ki işçilər arasında nahaq yerə nifaq salmağa çalışırsız. Bizim qurum adından söz etdirən qurumdu. Ağlınızı başınıza toplayın və sair. Dünəndən bəri saytlardan topladığım xəbərləri 26 illik məhkəmə prosesini yekunlaşdıracaq bir dəlili təqdim edərmiş şəkildə xanıma göstərəndən sonra isə xanım gülümsəyib (Canıyanmış elə qəşəng gülürdü ki...) ikicə dənə cümlə işlətdi, vəssalam:

– Əzizim, bu boyda Bakıda bizə inanan iki lox var, o da sizsiz, aldanmayaydız. Xüdahafiz! – cəmi üç dəqiqə sonra iki yekəpər qüvvənin qollarında atıldıq bayıra.

Dostum, “Əşi, zərər yoxdur, işdən çox iş var” deyib məni təsəlli eləməyin yollarını axtarırdı ki, “Bəs hanı sənin polisdəki tanışın?” deyib həyatdakı ən saf adam olduğumu növbəti dəfə nümayiş elətdirdim.

Kəsəsi, it də getmişdi, ip də.

Sonradan öyrəndim ki, Bakıda sırf bu prinsip üzərindən işləyən onlarla bu cür ofislər (qurumkimilər) var. Hansı ki müştərilərə yalançı vədlər verməklə, əslində, özlərinin də harada istehsal olunduğundan xəbərsiz olduqları aparatı bilək nayihənizə bir-iki dəfə toxundurmaqla sizi “chek-up” müayinə edirmiş.

Bu boyda əhvalatı səsli mesaj şəklində dialoq ortağıma izah edəndən sonra qayıdıb nə desə yaxşıdır:

– Adınızı sabah nahar fasiləsindən sonraya qeyd edim, müəllim?

# 3123 dəfə oxunub

Oxşar xəbərlər

Alfred Şnitkeyə həsr olunmuş gecə keçiriləcək

Alfred Şnitkeyə həsr olunmuş gecə keçiriləcək

18:40 21 noyabr 2024
Azərbaycan Dövlət Tərcümə Mərkəzi ləğv olundu

Azərbaycan Dövlət Tərcümə Mərkəzi ləğv olundu

17:14 21 noyabr 2024
“Solo gənclik”  layihəsinə başlanılır

“Solo gənclik” layihəsinə başlanılır

16:39 21 noyabr 2024
Azərbaycanlı aktrisalar məşhur mükafata namizəd oldular

Azərbaycanlı aktrisalar məşhur mükafata namizəd oldular

15:59 21 noyabr 2024
Pyer Palmad 5 ilə qədər həbs oluna bilər

Pyer Palmad 5 ilə qədər həbs oluna bilər

15:25 21 noyabr 2024
Birotaqlı ev qadın üçün fəlakətdir! - Eminquey

Birotaqlı ev qadın üçün fəlakətdir! - Eminquey

15:00 21 noyabr 2024
#
#
# # #