Kulis.az Aydan Hacının yeni yazısını təqdim edir.
Yenə də sosial şəbəkələrdə adamın qanını qaraldan video yayılıb...
Lənkəranda yerləşən “Kaspi Kids” uşaq bağçasında uşaqlara qarşı tətbiq edilən şiddətə dair videolar sosial şəbəkələri silkələyir.
Artıq uzun illərdir ki, belə hallarla bağlı xəbərdarlıqlar, araşdırmalar, məlumatlandırma kampaniyaları aparılır. Amma görünür, hələ də dəyişən nəsə yoxdur. Vəziyyət eyni cür qalıb, bəlkə də, daha da pisləşib.
İlk növbədə onu vurğulamaq lazımdır ki, heç bir valideyn uşağını öz xoşbəxtliyi üçün bağçaya göndərmir.
Hamının öz səbəbi var: kimisi işlədiyi üçün, kimisi uşağın sosiallaşması və təhsil alması üçün, kimisi isə sadəcə məcburiyyət qarşısında qalaraq uşağını bağçaya göndərir.
Mən də övladlarımı bir yaşları tamam olmadan bağçaya yazdırmışam. Mənim bağçaya göndərmək səbəbim isə məcburiyyət idi. İşimlə əlaqədar olaraq göndərməli idim.
İlk vaxtlar özəl bağçaya göndərirdim, orada anam işləyirdi, kamera nəzarəti var idi, ona görə də elə ciddi problemlərlə qarşılaşmırdım. Amma sonradan böyük oğlumda davranış pozuntuları müşahidə etdim. Buna səbəb də bağçanın müəllim adı qoyduğu, amma pedaqoq olmayan şəxslərin uşaqlara düzgün yanaşmaması idi.
Müəllim olmaq uşağı qışqıraraq, bağıraraq sakitləşdirmək deyil, uşağı o həddə çatdıracaq şəraiti yaratmamaqdır. Uşaq müəllimdən qorxmamalıdır, amma bir baxışı ilə onun nə demək istədiyini anlamalıdır. Onsuz da uşaq dediyimiz günün 6-7 saatını dörd divar arasında sakit şəkildə keçirə bilməz axı. Ona görə də bağçalarda, elə ibtidai siniflərdə də uşaqlara uşaqlığını yaşaya biləcəyi mühiti yaratmaq lazımdır.
Bu cür narazılıqları gördüyüm üçün, ilk olaraq böyük oğlumu dövlət bağçasına – Nizami rayonundakı 129 saylı körpələr evi və uşaq bağçasına qoydum. Orada vəziyyət fərqli oldu. Uşaq həvəslə gedirdi. Biz də öz növbəmizdə yeməklərindən də, baxımdan da razı qalmağa başladıq. Tədbirlər, bayramlar yüksək səviyyədə keçirilirdi. İndi balaca oğlumu da həmin bağçaya göndərirəm. Yol uzaq olsa da başqa yerə keçmək fikrim yoxdur. Məktəbəqədər hazırlığı belə orada davam etmişdik və birinci sinifə tam hazır formada getmişdik.
Tək narazılığım təmir məsələsidir. Bir az zəifdir, amma ümumilikdə dövlət bağçasını özəl bağçalardan üstün tuturam.
Bağçalarla yanaşı uşaq evlərində də vəziyyət çox pisdir. Tez-tez ordan da belə şikayətlərlə qarşılaşırıq. İnsan nə qədər vicdansız ola bilər ki, körpə uşağın yeməyinə, içməyinə göz diksin. Bu şeyləri gördükdən sonra yardım belə etməyə adamın əli gəlmir ki, onsuz da öz ciblərinə gedəcək...
Bizim sinifdə uşaq evindən bir oğlan var idi. Valideynlər olaraq, hər dəfə onun üçün yemək və su göndərirdik. Sonra uşaq evinin rəhbərliyi qəti şəkildə əmr verdi ki, o uşağa heç bir halda, heç nə vermək olmaz. Hər səhər dərsə gəlirdi, günorta gedənə qədər su belə içmirdi. Hansı səbəblə? Nə üçün? Niyə? Bu suallara kim cavab verəcək? Deyək ki, zəhərlənmə hallarından qorxursunuz. Su da zəhərləyəcək uşağı? Ya da özünüz niyə yeməyə heç nə qoymursunuz. Bunun adı tərbiyə deyil...
Son illər sosial şəbəkələrdə yayılan zorakılıq videoları isə ürəkağrıdan hallardan biridir. Ən çox da pedaqoqlara diqqət edirəm. Hörmətli müəllimlər, əgər əsəb probleminiz varsa, özünüzü idarə edə bilmirsinizsə, uşaqları sınaq obyektinə çevirməyin. Uşaqlar sizin "eksperiment siçanları"nız deyil. Bəli, valideynlər də bəzən övladları ilə sərt davranır, amma unutmayın ki, valideyn övladına göstərdiyi əzab-əziyyəti siz heç vaxt hiss etmirsiniz. Siz bu işi seçmisiniz, maaş alırsınız və uşaqlara qarşı münasibətiniz məsuliyyət tələb edir. Heç kim uşağını sizin üzərinizə atıb getmir.
Uşaqlarımızın ilk sosial mühiti olan bağçalar onların inkişafında böyük rol oynayır. Amma təəssüf ki, bəzi hallarda bağçalar zorakılığın məkanına çevrilir. Fiziki və psixoloji zorakılıq uşağın gələcək həyatına ağır zərbə vurur, onların inam və təhlükəsizlik hissini sarsıdır. Bu, cəmiyyətimiz üçün böyük təhlükədir.
Bağçalarda zorakılığa qarşı mübarizə yalnız valideynlərin yox, dövlətin, təhsil sisteminin və bütövlükdə cəmiyyətin məsuliyyətidir. Şəffaf nəzarət mexanizmləri gücləndirilməli, müəllimlərin peşəkarlığı artırılmalı, zorakılıq hallarına dərhal reaksiya verilməlidir. Uşaqların hüquqları heç bir halda pozulmamalıdır. Hər kəs oradakı uşaqlara öz övladı kimi yanaşmağı bacarsa, bu cür hallarla əsla qarşılaşmarıq.
Ancaq təəssüf ki, vəziyyət başqa cürdür. Müəllimlərin və baxıcıların zorakılığı gizlədilir, ört-basdır olunur. Valideynlərin etirazları laqeydliklə qarşılanır, məsuliyyət daşıyan qurumlar isə formal yoxlamalarla işin üstünü örtürlər. Dövlət qurumlarının bu mövzuda göstərdiyi yanaşma sanki problemi gizlətməkdən başqa bir şey deyil.
İctimai nəzarət çox zəifdir, qanunlar isə lazımi səviyyədə tətbiq edilmir.
Bu, artıq təkcə uşaqların deyil, bütün cəmiyyətin problemi olmalıdır. Uşaqlarımızın sağlamlığı və təhlükəsizliyi üçün hamımızın – valideynlərin, müəllimlərin, dövlət orqanlarının – birlikdə səylər göstərməsi vacibdir.
Sonda məni maraqlandıran əsas məsələni də qeyd edim. Bu müəllimlər tam olaraq nəyə güvənərək uşaqlarla bu cür rəftar edirlər? Bu qədər ifşa videoları yayılır, buna baxmayaraq, yenə də kamera önündə bu qədər rahat hərəkət edirlər. Deməli, cəzası yoxdur ki, belə rahat davrana bilirlər. Bizə də gözdən pərdə asmaq üçün deyilir ki, həmin müəllim işdən "qovulub". Lap guya qovulsa nə olacaq? Bir müddət sonra uşağımızı qolumuza taxıb düşəcəyik psixoloq yollarına...
Unutmayın, biganə qaldığımız hər şey bizim olmasa da, övladlarımızın qarşısına mütləq çıxacaq.