Azərbaycanda ədəbi mühit şou-biznesdəki kimidir

Səttar Themuçin, gənc yazar

Səttar Themuçin, gənc yazar

11 yanvar 2022
# 13:20

Kulis.az Səttar Themuçinin "Ədəbsiz ədəbi tənqid" adlı yazısını təqdim edir.

Doğrudan da, ədəbiyyat qıraqdan göründüyü kimi deyil. Əslində, ədəbiyyat görünən bir şey də deyil. Ədəbiyyatı görmək istəyən insan ədəbiyyat adamını, yazıçısını, şairini görməyə, araşdırmağa, oxumağa çalışır.

Azərbaycanda ədəbi mühit, ədəbiyyat insanı necədir? Oxucu axtarıb-axtarıb kimi tapacaq? Ədəbiyyat adı altında nə görəcək?

Azərbaycanda ədəbi mühit, şou-biznesdəki kimidir. Ona görə yox ki, yazılan yazıların əksəriyyəti bayağıdır. Azərbaycanda, doğrudan da, yaxşı yazıçılar, şairlər var. Amma yazıçı, şair obrazı yoxdur. Bu imic məsələsi deyil, xarakter, yaşayış tərzi məsələsidir. Bir sözlə, yazıçı, şair yazdığı kimi insan deyil, səmimi deyil və tez eqoistləşir. O ki qaldı şou-biznes bənzətməsinə, ona görə bənzəyir ki, burada da mənasız xaos var. Burada da mənasız qalmaqallar var. Burada da gündəm var. Hansı ki, bu gündəm yazıçının yazısı ilə gəlinən gündəm deyil ha, kiməsə atmaca atması ilə gəlinən gündəmdir. Şou-biznesdə bu maqazin verlişlərində olursa, ədəbiyyatda bu mexanizmin adı "ədəbi tənqid" dir.

Ölkə ədəbiyyatdında elə ən böyük problem də ədəbi tənqid məsələsidir. Daha doğrusu fikrimcə bu prosesə yanlış yanaşma var. Elə ədəbiyyatımızı şou-biznesə oxşadan cəhət də bu yanlış yanaşmadan yaranır.Ədəbi tənqidin işi əsəri dövrünə, üslubuna, obrazlarına, məzmun, fikirinə görə analiz etməkdir. Ədəbi tənqidi vurub-yıxmaq, əzmək, sürümək hətta az qala söyüb buraxmaq hesab edən bu sərt, kobud, özünübəyənmiş insanlardan yaxşı yazı çıxmaz.Uzağı özlərini qane edər. Ədəbiyyat "ədəb" sözündən yaranıbsa, demək ki, məsələyə ədəbilikdən daha çox ədəbli, mədəni yanaşmaq lazımdır. Düşünürəm ki, bacarıq, istedad yalnız üstün xarakter ilə yoğrulanda yaxşı yazı yaradır.

Ədəbi tənqidin vəzifəsi əsəri ölçməkdir. Yəni onu araşdırmaq, fikirləri izah etmək, zərərsiz şəkildə tənqid etmək, nəfs və nifrət hissindən uzaq yanaşmaq və s. Amma əsəri öz zövqünə görə təhlil etmək deyil. Əsərə şəxsi yanaşma tənqid deyil. Altı doldurulmamış yazılardır. Qorxuludur ki, bir gün kimsə çıxıb "sən məndən yaxşı yazmırsan" deyə, sonra bu ədəbi tənqid hesab olunub yayıla, çap oluna. İndi elə belədir. Yazıçı əsərində ümumi məsələlərdən danışanda, vicdandan, dürüstlükdən, səmimilikdən danışanda özündə bunları tapmır. Heç pislikdən danışanda da tapmır. Görünür özünübəyənmişliyi buna izin vermir. Bir obraz yaradır. O obraza da özü girir. İmkanı olsa özündən, öz mənasız həyatından kitab yazar və deyim ki, yaxşı da yazar. Çünki məsələ istedadsızlıq deyil axı, xaraktersizlikdir. Vallah-billah bu ədəbiyyatda tənqid olunası ən başlıca adamlar elə bəzi tənqidçilərdir. Özü də sərt tənqid. Necə deyərlər onlarla elə onların öz dilləri ilə danışasan.Tənqidi yazılarda mən "əsər axıcıdır amma filan hadisələr bir az zəif ifadə olunub" filan kimi cümlələr artıq tapmaqda çətinlik çəkirəm. Birbaşa daha az qala yazalar ki, "zibil kimi yazıdır". Özləri nəsə romandan, hekayədən zaddan yazanda dostlarına yaxşı tənqidi yazı yazdıran xətakarlar...

İlahiləşdirilmiş yazıçılar, onlar kimi davranan gənc qələm insanları, gündəmdə olmaq üçün edilən alçaldıcı tənqidlər, atmacalar, altdan-altdan iynələmələr və s. Əksər yazıçıların işi gücü budur. Mən deyərdim ki, çörəkləri bundan çıxır. Yazmaq isə həmişə çörək deyil. Pul bitəndə bir şeir yazmaq, bir kitab çıxarmaq, bir məqalə, köşə yazısı yazmaq və tələsik fikirləri töküb qonararını alıb yeyib-içməyə gedən yazıçı öz istedadını məhv edir və bu onun elə son nöqtəsidir.

Bir məsələ də var ki, yaxşı xarakteri yaxşı mühit yaradır.Burada "yaxşı" sözü "yaxşı insan" mənasını vermir. Yazıçının yaxşı insan olmaq məcburiyyəti, belə bir qəlibi yoxdur. Məsələ həqiqi xarakterdən gedir. Sən yaxşı insan olmaya bilərsən, insani keyfiyyətlərin aşağı da ola bilər. Bu nisbi məsələdir. Kimə görə yaxşı kimə görə isə pis. Ancaq hansısa əsərin təhlili və onun ədəbi tənqidi zamanı prosesi qalmaqal yaradacaq, iynəli, eqoistcə, aşağılayıcı şəkildə yazmaq ədəbi tənqidin özünə ziddir. Mühit söhbətinə qayıtsaq əgər bax, bu önəmlidir. Ona görə ki, mühitdə, ətrafda nəyə təlabat varsa ondan yazılır. Bu öndə, göz qabağında olmağın formuludur. Göz qabağında olmaq isə puldur, pul isə qayğıların bir qədər azalmasıdır, qayğıların azalması xoşbəxtlikdir və ya illüziyadır. "Ağa deyir, sür dərəyə, sür dərəyə" təfəkkürü ilə ədəbiyyat da, ədəbi tənqid də elə bu günlərə qalır. Oxucu xaos istəyir, dava-dalaş görmək istəyir, tənqiddən daha çox sərt, iynələyici sözlər görmək istəyir. Bu reytinqdir. Bəs ədəbiyyat? Ədəbiyyat belə-belə yox olur.

Ədəbiyyat isə yox olmağa məhkumdur çünki bəziləri özləri-özlərini əzir, alçaldır, tapdalayır. Bununla guya ədəbiyyatı pis yazanlardan xilas etdiyini iddia edir, sonra sifarişli bir yazı yazır, böyük hesab etdiyi o adamlar onu "layk" layır və axşam başını qoyub vicdanı rahat yatır.

Uzun sözün qısası, ədəbi tənqid yazıçının inkişafına, onun gələcəkdə zəif hesab olunan hissələrin gücləndirməsinə xidmət üçün var. Bu bir yazıçının inkişafıdır, sonra ölkə ədəbiyyatının və kim bilir sonra da dünya ədəbiyyatının. Gör, bir ədəbi tənqidçi və ya elə tənqidi yazılar da yazan yazıçı, şair özünü şou-biznesdəki toy müğənnisi, manıs kimi aparmasa ədəbiyyatda nələr ola bilər. Bax yaxşı xarakter deyəndə bunu nəzərdə tuturam. Bununla kiməsə kömək etmiş olmursunuz əgər yaxşı insan etiketindən xoşunuz gəlmədisə. Ancaq ədəbiyyata doğru xidmət etmiş olarsız.Qulluq yox ha xidmət. Qulluq ayrı şeydir və bu özü də ayrı yazının mövzusudur.

# 2475 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
#
#
# # #