Bu gün müğənni, Əməkdar artist Mətanət İsgəndərlinin doğum günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.
Mətanət Məhəmmədəli qızı İsgəndərli 14 iyun, 1963-cü ildə anadan olub. Orta məktəbi bitirdikdən sonra Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" xorunda oxuyub.
***
- Elçinin yeni çoxcildliyinin II və III cildləri çapdan çıxıb
- Nikol Kidmanın ən böyük qorxusu
- Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirildi
1993-cü ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının tərkibində Türkiyədə qastrol səfərində olub.
1994-cü ildə "Sən ol mənim həmdəmim" adlı ilk albomu işıq üzü görüb. Bu günə qədər 11 kompakt diski buraxılıb. Xarici ölkələrdə solo-konsertlərlə çıxış edib. 1998-ci ildə Heydər Əliyev adına Sarayda ikigünlük konsert verib. Bir çox dövlət tədbirlərində çıxış edib.
***
“Gecədən sübhədək”, “Solma gülüm”, “Mənim adım eşq”, “Toxunmayın”, “Gecələr” kimi məşhur mahnıları ifa edib.
***
Mətanət İsgəndərli 80-ci illərin sonunda, 18 yaşında ikən polis işçisi olan Oruc Həmidov adlı bəylə ailə həyatı qurub. Bir-birlərini sevən cütlüyün bu evlilikdən Ülkər və Kərim adlı övladları dünyaya gəlib. Lakin onların evliliyi uzun sürməyib. Sənətçi ailə qurandan on il sonra ailəsində yaranan söz-söhbətlərdən, məişət problemlərindən bezib həyat yoldaşından ayrılaraq müğənnilik fəaliyyəti ilə məşğul olmağa başlayıb. Müsahibələrinin birində müğənni evliliyi haqqında danışarkən deyir:
“Əlbəttə, onu sevmişəm, balalarımın atası idi, göz açıb onu görmüşdüm. Uzaq qohum idik. Evlənəndə bir-birimizi heç görməmişdik. Nişandan dörd ay sonra görüşdük. Sonradan onu çox sevdim. Qısqanırdım, dəli kimi olurdum. Amma kənardan onu çox doldururdular. Gəlirdi, bütün hirsini mənim üstümə tökürdü, məni döyürdü. Bacım hər dəfə bizə gələndə görürdü, üzüm, gözüm göyərib, ağzım partlayıb. Amma mən yoldaşıma hər şeyi halal etmişəm. Çünki o məni balası kimi çox istəyirdi, heç kimə gücü çatmırdı, hirsini mənim üstümə gəlib tökürdü, gücü mənə çatırdı. O vaxt yağ tapılmırdı. Atam evinə gedəndə, mənə deyirdilər ki, götür uşaqlarını da get, evinə. Çünki o vaxt bizə elə tərbiyə vermişdilər ki, ər evindəki problemləri valideynlərimizə deyə bilməzdik. Onlara deyə bilmirdim ki, mən dərddən, uşaqlarımın aclığından onların yanına gəlmişəm. Mənim uşaqlarım ac idi, ona görə gedirdim atamgilə. Elə olurdu ki, atamdan, anamdan gizlin onların soyuducusundan balalarım üçün ət oğurlayıb aparırdım. Utanırdım onlara deyim ki, mənim uşaqlarım acdır. Mən uşaqlarımı supla böyütmüşəm. Əlimə bir damcı ət düşəndə, ona dəymirdim, balaca küftələr edib atırdım supun içinə ki, supun dadı olsun, uşaqlar heç olmasa, ət yesin. Uşaqlarım xəstələnəndə, qorxurdum, elə bilirdim ki, onlar xəstələnən kimi öləcəklər. Hətta kənara essensiya da qoymuşdum ki, uşaqlarıma nəsə olsa, özümü öldürüm”.
2014-cü ildə müğənninin keçmiş həyat yoldaşı şəkər xəstəliyindən vəfat edir. Mətanət xanım onun barəsində danışarkən deyir:
"Mən çox dözdüm, axırda bir gün yenə məni ərim döydü, uşaqların beşiyinin ucu oğlum Kərimin gözünə girdi. Ondan sonra dedim, bəsdir. Uşaqlarımı götürüb yağışlı, palçıqlı bir gündə ayaqyalın evdən qaçdım. Ayrılmaq qərarına gəldim. İndi bir şeyə heyfsilənirəm ki, gərək o vaxtı onun əl-ayağına düşüb yalvarardım ki, o da mənimlə birgə atasının evini tərk etsin. Biz ayrılandan üç il sonra o evləndi. Bir dəfə bizə gəlmək istəyirdi, qapıda idi. Kərim qoymadı evə girsin, onu evə qoymadığıma görə indiyə qədər çox peşmanam. Uşaqdır, yəqin, düşünüb ki, valideynlərim ayrılıb. Bəlkə də, qismət belə olmalıydı.
30 ilə yaxın idi ayrılmışdıq. O, rəhmətə gedəndə mən nə qədər ağladım. Elə bilirdim ki, heç vaxt sakitləşə bilməyəcəyəm. Dayana bilmirdim. O qədər onun üçün yandım ki… İndi də yadıma düşəndə yanıram. Yoldaşımın ikinci həyat yoldaşı Gülsüm xanımla da münasibətim yaxşıdır. Niyə düşmən olaq? Mənə pislik etməyib ki... Ailəmi dağıtmayıb, evimi yıxmayıb. İndi onun həyat yoldaşı ilə bacı kimiyik. Rəhmətlik yoldaşımın qəbri üstünə onunla birgə gedirik”.
Müğənninin qızı Ülkər Türkiyə vətəndaşı ilə ailə qurub və orada yaşayır. Oğlu Kərim isə Canana adlı xanımla ailə qurandan sonra onların üç övladı dünyaya gəlib. Lakin bir müddət keçəndən sonra cütlük arasında narazılıqlar başlayır, iş məhkəməyə qədər çatır və Kərimlə Canana boşanır. Canana Mətanət İsgəndərlini “özü üçün yaşayan insanların saflığından istifadə edən, yaşadığı pis həyatı gəlininə arzulayan saxtakar qadın” adlandırır. Uşaqları atalarında qalan Canana efirlərə çıxır, məhkəməyə müraciət edərək, uşaqlarının ona verilməsini tələb edir. Apelyasiya məhkəməsində uşaqlar anaya verilir. Qanun hələ qüvvəyə minmədiyi üçün uşaqlar atasıyla qalır. Uzun zaman gəlini ilə arasında olan qalmaqala görə medianın gündəmində qalan müğənni bir müddət əvvəl oğlu Kərimlə rəqqasə Fatimənin ad gününə gedir. Həmin ad gününə gedən Canananın sözlərinə görə müğənni onu ordan qovdurub:
“Məclisə dəvət edilməmişdim, jurnalist dostlarla konsertə gedirdik. Dedilər, ad günündə çəkiliş edək sonra. Mənim də Fatimə Fətəliyevaya hörmətim var. İstədim onu təbrik edim. Mətanət xanım məni dəhlizdə görüb dedi, çıxarın onu buradan. Elə bil düşmənəm, cangüdən də çağırdılar”.
Bir neçə il əvvəl isə müğənni haqqında şayiələr yayılır, onun narkotik vasitələrdən istifadə etməsi barədə söz-söhbətlər gündəmi zəbt edir. Mətanət İsgəndərli haqqında yayılan narkoman iddiasıyla bağlı xəbərə münasibət bildirərkən deyir:
"Nəyə əsasən bu sözləri danışırlar?! Onlara kim ixtiyar verib bu sözləri deməyə? Mən həmin şəxsi tapsam, saçlarından tutub sürüyəcəm. Bu, bağışlanılmaz yalandır. Məni xalq tanıyır, bilir ki, mən necə biriyəm. Kim görüb məni narkotik istifadə edərkən? Ayıb olsun sadəcə".
***
Ancaq, deyilənlərə görə, müğənninin keçmiş həyat yoldaşı vəfat etməzdən bir müddət əvvəl mətbuata açıqlamasında müğənninin zərərli vərdişlərdən əziyyət çəkdiyinə eyham vurub:
"Mən Mətanəti evdən onun hərəkətlərinə dözə bilmədiyim üçün qovmuşam. O zaman Mətanət müğənni deyildi, amma hər evə gələndə gözləri parıldayır və ağzından konyak iyi gəlirdi".
***
Sənətçinin bacısı, eyni zamanda köməkçisi olan Təranə İsgəndərli bu məsələyə belə münasibət bildirib:
"Azərbaycan xalqı uzun illərdir ki, Mətanət İsgəndərlini tanıyır. O, xalqın gözü qarşısındadır. Narkoman olsa, bunu hamı bilər. Xəbər yalan olduğu üçün, bizi o qədər də qıcıqlandırmır".
Ötən il müğənni koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilir. Möcüzə şəklində sağ qalan müğənni xəstəxanadan çıxandan sonra mətbuata açıqlamasında deyir:
"Sağ qalmağım bir möcüzə idi. Ciyərlərim 75 faiz şüşə olmuşdu. Yaxşı ki o anda güzgüyə baxmamışam. Tamam gömgöy idim, ayaq üstə dura bilmirdim. Başına gələn bilir ki, nədir. Oğlum Kərim deyir ki, bilirsən nə gündə idin? Süni nəfəsi qəbul edə bilmirdim, hər dəqiqə çıxardıb atırdım. O vəziyyətdə razı idim ki, əlimi, ayağımı kəssinlər, təki nəfəs ala bilim. Bu xəstəlik məni büsbütün haldan salıb. Xəstəxanada olanda dəyərli şəxsiyyət Polad Bülbüloğlu zəng vurub məni tapşırtdırmışdı. Xalq artistimiz Zeynəb Xanlarova mənə zəng vurdu, səhhətimlə yaxından maraqlandı. 19 gün reanimasiyada qaldım. Neçə gün yatmışam, heç nədən xəbərim olmayıb. Oyandım ki, əllərim, qollarım bağlı, dişim sınıb. Narkoz altında məni yatızdırırdılar. Yanımda gündə bir xəstə ölürdü”.
***
Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətində solist-vokalçı kimi çalışır. 16 sentyabr, 2006-cı ildə Azərbaycanın Əməkdar artisti adına layiq görülmüşdür.