Kulis.az Ələmdar Cabbarlının “Aptekçi” hekayəsini təqdim edir.
Gecə yarıdan keçmişdi. Axşamdan aralarında başlayan mübahisə isə hələ də davam edirdi. Cahangir nə əncam eləyirdisə şəhərli qaynını onların rayonunda aptek açmaq fikrindən daşındıra bilmirdi:
- A kişi, gedib oralarda bankrot olacaqsan, borca düşəcəksən, orda xəstələnən olur ki, dərman da alalar. O camaat hamısı sağlam, buz baltası kimidi. Sən öl bizim kənddə bir Qara Bəkir var – Qərə Bəkir – 3 kilo əti çiy yeyir, heç uf da demir, mədəsi də elə həll eləyir ki, gəl görəsən. Bir dəfə ot biçinində günortaya otuz yumurta götürmüşdü, yanımda iyirmisinin qabığını soyub yedi, sonra dedi ki, ə qa, hövsələm çatmır bunnarı da qabıxlı yeyəjəm. Sən öl dediyi kimi də elədi. İndi sən gedib Bəkirə dərman satacaqsan?
- Yox eyy, gedəcəyəm, başıma girib, eləməliyəm!
- Ə, orda xəstələnib eləyən olmur eyy, ildə bir-iki adam naxoşduyar, onu da təbii otnan, beçə balıynan, əvəliknən, qantəpərnən, canım sənə desin, kortumnan, yarpıznan, kəkotuynan, nə bilim nə zibilnən – Cahangir əsəbləşdi – sağaldırlar. Ya da atdan-eşşəkdən yıxılıb qolu-qıçı qırılan olur, qız qaçırmaqda, ot bölgüsündə, qoruğa mal girəndə baş-gözü əzilən olur – onnarı da Nağdalı kişi, Mehralı yumurtaynan-zadnan zamaq qoyub sarıyır.
Cahangir nə qədər əlləşdisə qaynını başa sala bilmədi.
- Sən elə bilirsən mən gedib sənin qohum-qardaşına başağrısı olacam. Qardaşından 2 metr yer almağın dərdindən neçə aydır mənə nağıl danışırsan, bəhanə gətirirsən.
Əlacsız qalan Cahangir rayonda İcra Hakiminin müavini işləyən qardaşına zəng vurub qaynının rayon mərkəzində balaca bir aptek açmasına köməklik eləməsini xahiş etdi.
***
Zakir 3 ay idi ki, hər səhər saat 9-da gəlib apteki açır, günorta gedib İstisuyun üstündəki pavliyonda yaxşı yeyir, üstündən də bulaq suyu içir, axşam 9-da isə apteki bağlayıb gedib yıxılıb yatırdı. Amma nə yediyi quzu kababı, nə sarımsaqlı əmlik çəpiş əti, nə də ki, Ceyran bulağının suyu onun canına yatmırdı. Kişi 3 ay idi ki, mayadan yeyirdi. 3 ay idi ki, onun aptekinə bir adam da girməmişdi. İndi yavaş-yavaş inanırdı ki, sən öləsən yeznəsi düz deyirmiş.
- Kişi bilirmiş də, bu cammat xəstələnib eləmirmiş.
***
Qardaş, 3 ay oldu 6 ay, 6 ay oldu 9 ay – yenə elə köhnə hamam, köhnə tas. Bir adam yön çevirib baxmırdı ki, bura maqazindi, idarədi, nə zibildi. Zakir xaraktercə təkəbbürlü olduğundan özünü sındırmırdı. Şəhərdən zəng eləyən qohum-əqrabasına, ən əsası isə yeznəsinə işlərinin yaxşı getdiyini deyirdi. Amma di gəl ki, borc dizə çıxmışdı. Arenda pulu bir yandan, Bakıdakı depolara borcu bir yandan…
Yaxşı ki, Müşü son vaxtlar yeməyinin pulunu verir, siqaretini alırdı. Xasiyyətcə qaraqabaq olduğundan şəhərdə də əməlli-başlı dostu yox idi. Müşü isə onun burada ünsiyyət qurduğu yeganə adam idi. Müşü də ki, nə Müşü… Əsgərlikdən gələndən sonra 1 il quzu nobatına getdi ki, pul yığıb instituta girəcəyəm, sonra camaatın quzusunu qurda-quşa yem eləyəndən sonra gördü ki, yox eyy, institut onluq deyil. Bu il 3 il olacaqdı ki, rayon mərkəzində montyorluq edirdi. Montyor atasından sənətin sirrlərini öyrənməsə də, məftili məftilə calaya bilirdi. Düzdür, 1-2 dəfə yolda qalan tok əlini dalamışdı, amma hər halda çulunu sudan çıxarırdı.
Günorta İstisu pavliyonunda Müşünün “şotuna” yaxşıca yeyib aptekə təzəcə qayıtmışdı ki, 2 yekəpər kişi içəri girdi. Nisbətən balacası:
- Bajoğlu, ordan bizə bir az spirt, bir qom da cuna ver.
Zakir bir flakon spirt, bir az da bint götürüb vermək istəyəndə kişi qayıtdı:
- Ə, o nədi, ə, cunadan bir-iki metr ver, spirti də ala bura doldur – əlindəki butulkanı ona uzatdı.
Yekəpər kişilər gedəndən sonra Zakiri maraq götürdü:
- Bunlar bu boyda binti neyləyir, spirti niyə butulkaynan alırlar?
Durub dallarınca tərpəndi. Şəhərin kənarında yerləşən stadion istiqamətindəki səki ilə bir az getmişdi ki, gördüyü mənzərə onu dəhşətə gətirdi:
- Bunlar dəlidi, nədi?
Yekəpər kişilər ağaclıqda oturub kababdan yeyir, arabir də butulkadakı spirtdən süzüb sağlıq deyirdilər. Sonra isə bayaq Zakirdən aldıqları binti şırımlayaraq əllərini, ağızlarını silirdilər. Başqası belə bir əhvalat danışsaydı Zakir ömür boyu inanmazdı, elə bilərdi gopdu. Bəs gözüylə gördüyünə nə deyəydi?!
- Bu cammat məni çərrədəcəy, gör bir dərmanı, binti nə üçün alırlar.
Qaldığı ev istiqamətində götürüldü. Hansı köpəyoğlu bundan sonra aptekə qayıdardı?!
- Əşşi, yox eyy, şələ-şüləmi yığıb burdan gedəcəm – bu dəfə yerli camatın ləhcəsi ilə danışdı – zalım uşağı spirtə bir qram su da qatmır…
Axşam evdə hirsi soyuyandan sonra bir az güldü və yeznəsi Cahangir, bir də Qara Bəkir yadına düşdü. Şəhərə qayıtmaq niyyətindən isə hələlik daşındı:
- Heç olmasa, qoy, bir ilim tamam olsun, onda qayıdım, yoxsa, biabır olaram, dost var, düşmən var, deyəcəklər getdi, əli boş, üzü qara qayıtdı.
Rayona gəlməyinin 1 ilinin tamamına isə hələ 2 ay qalırdı. Zakir arxada qoyduğu 10 ayı hər şey düzələcək ümidi ilə yaşamışdısa, qalan 2 ayı türmə çəkən adam kimi günlərini sayacaqdı.
Səhəri gün özü demişkən “lomkada” aptekdə oturub gözləyirdi. “Obed” vaxtını gözləyirdi. Müştəri gözləyəsi deyildi ha!
Qəfildən at kişnərtisinə diksindi. Aptekin qabağında bir kəhər at, atın üstündə isə Koroğluya oxşayan, ən azı 120 kiloluq bir yekəpər dayanmışdı. Koroğluya oxşayan kişi atdan quş kimi düşüb atın yüyənini qapıdakı ağaca keçirdi, özü isə aptekin qapısına tərəf addımladı. Kişi yaxınlaşdıqca onun zəhmi Zakiri daha çox basırdı. Kişi nə kişi! Dünənki spirt içənlər bunun yanında cücə idilər. Kişi içəri girən kimi:
- Ə, ordan mənə bir tapxır ver – dedi.
Elə bil ki, göy guruldadı. Zakir bir az duruxan kimi oldu.
- Ə, nə at kimi gözünü döyürsən, demirəm, mənə bir tapxır ver.
Zakir ürəyində: tapxır nədi, ay başına dönüm, bəlkə təzə dərman çıxıb, mən bilmirəm.
- Tapxır nədir, dayı?
- Ə, bilmirsən tapxır nədi, bə bu maqazində nəyə oturmusan? Tapxırı taxacam bax, o çöldəki kəhərin yəhərinə.
- Dayı, bura aptekdi eyy, burda ancaq dərman olur.
- Dərman nədi, ə?
Koroğluya oxşayan kişi hələ üzəngiyə ayağını basmamış Zakir qərarını verdi: sabah Bakıya qayıdacam, özü də biryolluq. Cəhənnəm olsun hər şey! Bunlar hələ bilmir dərman nədir.
***
Şəhərdə bir –iki ay elə-belə gəzib dolaşdı. Soruşan olanda deyirdi istirahət eləyirəm, yaman yorulmuşam. Qayıtmağının səbəbi ilə maraqlananlara isə deyirdi yaman qəliz camaat idi, mənimki onlarla tutmazdı.
Amma aptek işlətmək fikrindən daşınmamışdı. İllərlə əziyyət çəkib “Medinstitut” oxuyub əczaçı olmuşdu. Başında da elə aptek işlətmək idi. Ora-bura baş vurub, onun-bunun bığının altından keçəndən sonra “Nəsimi bazarı”nın yanında balaca bir yer götürüb aptek açdı. Rayondan qayıtmağının əsl səbəbini bilən yeganə adam – yeznəsi Cahangir işlərinin necə getdiyini soruşanda deyirdi:
- Alə, necə olacaq, ətraf hamı tələbə yataqxanasıdı, hamısı sağlam, cavan adamlardır. Bəlkə gözləyəsən kimsə sevgilisinə atval verə, gəlib bir validol alalar. Amma sənin yerlilərinə baxanda min şükür, əməlli başlı dolanmaq olur.
***
Həmin il yaz hələ əməlli-başlı dağlara gəlib çıxmamış erməni camaatı dağlardan çıxardı. Pərən-pərən düşən rayon camaatının bir qismini Zakirin aptekinin həndəvərində yerləşən tələbə yataqxanalarına yerləşdirdilər.
Axşam yeznəsigilə gələn Zakirin qədəmləri qırılmışdı:
- Bunlar məndən əl çəkmirlər də, yenə gəlib çörəyimi kəsdilər.
Cahangir heç olmasa bu dəfə onu başa salmağa çalışırdı:
- Sənin işin innən belə xod gedəcək.
- Necə xod gedəcək, həmin camaat deyil?
- Yox, həmin camaat deyil!
- Necə yəni həmin camaat deyil, erməni camaatı dəyişib göndərib bura?
- Ə, sən öl, həmin camaat deyil.
Aradan 2-3 ay keçməmiş yurd xiffətindən, havasızlıqdan, kanalizasiya suyu içməkdən, vaxtı keçmiş yardım yeməkləri yeməkdən camaatın qırğını başlayanda Zakirin aptekində adam əlindən tərpənmək olmurdu. Hərə bir uzun siyahı ilə gəlir, qondarma firmaların saxta dərmanlarını kulok-kulok daşıyırdı. Depodan mal gətirib çatdırmaq olmurdu. Yaxşı ki, Müşü Zakirə kömək eləyirdi. Yaxınlıqdakı yataqxanada məskunlaşan, özü demiş “çürüyən” Müşü 2 ay idi ki, Zakirin yanında günü 1 “şirvan”a işləyirdi. Zirək, qoldan qüvvətli kənd uşağı olan Müşü depodan gələn karopkaları boşaldırdı. Arabir də aptekin xarab olan işıqlarını düzəldirdi.
***
İçəri zorla yeriyən, beli əyilmiş, 55-60 kiloqram çəkisi olan, “vid-fasonundan” Məşədi İbadın hambalına bənzəyən bir kişi daxil oldu, özü də güclə. Uzun dərman siyahısını Zakirə uzatdı. Dərmanları hazır eləyib kuloka yığan Zakiri kişinin sifəti içəri girən kimi cəlb eləmişdi: Bu kişini hardasa görmüşəm, özüynən danışmışam da. Harda ola bilər? Kim ola bilər? Fikirləşə-fikirləşə kuloku kişiyə uzatdı. Kişi sağ ol, bala – deyib zorla bayıra çıxdı.
Zakiri fikir götürmüşdü. Bu kimdi axı… Yaddaşın qurdaladı… Xəyala getdi…
Tanıdı…! O, idi! Kəlbəcərdə ondan tapxır istəyən kişi…