Kulis.az Aynur Cavidin yazısını təqdim edir.
Dağdağan (işğala qədər)
Ağdamda bağçanın lap başında dağdağan ağacımız var idi. Böyük, qollu-budaqlı, elə adı kimi gövdəsi də dağ-dağ, düyüm-düyüm bir ağac idi. O qədər əzəmətli idi ki, onun nə vaxtsa, fidan olduğuna, bu fidanı torpağa babamın babalarının babası bir insan oğlu insanın basdırdığına inanmırdım. Heç bir tanıdığım insan da Dağdağan ağacı əkdiyini xatırlamırdı. Möcüzəli bir yaranışı, doğuluşu var idi. Amma onun canlı-qanlı, diri olduğuna, ağac olmadığına, ya da ağacların anası olduğuna çox inanırdım. Qorxduğum anlarda qaçıb onu qucaqlayırdım, elə bilirdim nəfəs alır.
Gövdəsinə qolum dolanmazdı, qulağımı gövdəsinə söykəyib dayanardım və elə bilərdim ürəyi döyünür. Dağdağan ocaq idi, ötüb-keçən dibinə qənd, konfet qoyub budağından kəsib aparardı. Dağdağan ana idi, budaq balalarını pay verərdi insanlara ki, onların da balasını qorusun. Böyük budaqlarından beşik asıb uşağını ağac anasına etibar edərdi analar. Dağdağanın yarpaqlarının söylədiyi laylayla böyüyərdi körpələr. Dağdağan bərəkətli idi. Ha kəsib aparırdılar, düzəldirdilər qol-budağı, əzəməti kiçilmirdi.
“Dağdağan gözmuncuğu” Ağdamda doğulan körpənin ilk hədiyyəsi idi, ilk bələk payıydı. Gənc oğlanların ilk sevdasıydı. Dağdağanın budağını kiçik hissələrə bölür, qabığını tərtəmiz soyur və odda qızdırılmış millə deşik açırdılar. Sonra müxtəlif böyüklükdə ucluqları qızdırıb, öz bacarıqlarına uyğun bəzəkləri, xalları dağlama üsulu ilə kiçik muncuq parçalarının üstünü çəkərdilər. Sevdiklərinin adının baş hərifini yazıb, ciblərində gəzdirərdi gənc oğlanlar.
Dağdağan (işğal zamanı)
Ağdamın göydən yağış əvəzi qrad yağan günlərində tanıdıqlarımın çoxu budağından kəsib, döyüşçü oğlunun cibinə qoyurdu. Analar inanırdı ki, müqəddəs ağac oğlunu murdar ermənidən qoruyacaq. İnsanlar inandığı hər şeyə əl açıb sülh istəyirdi, amma erməni kimi qonşun varsa, bu müşkül bir arzu idi. Sevdiyi qızın adının baş hərfini yazdıqları gözmuncuqlarını ciblərində gizlədib, şəhid oldu cavanlar. Bəliyi gözmuncuğulu balalarını bağrına basıb qaçqın düşdü bu şəhərin nurlu anaları. Ağdam işğal olundu...
Dağ-dağ oldu, dağım-dağım oldu, Müqəddəs dağdağanlarımız, içindən oyuldu, bağrı yandı kül oldu. Xəyalımda Ağdamla, yasəmənlə, akasiyayla bərabər əzəmətli bir Dağdağan da gətirdim. Qızıl mücrümüzdə və çamadanın cibində iki gözmuncuğu tapdıq. 28 ildə tutiyə kimi hər doğulan uşağın papağını bəzədi. Başqa yerlərdən Dağdağan ağacı tapıb, gözmuncuqları düzəltmək istədik, amma Ağdamdan gəlmiş gözmuncuğuna güvəndik yenə.
Sanki şüuraltı olaraq Ağdamın çipini yazmışdıq gözmuncuğuna və papağına taxaraq o uşaqların yaddaşına, ruhuna görmədikləri Ağdamı köçürürdük . 44 günlük savaş sübut etdi ki, Ağdamı görmədən böyüyən uşaqların ruhuna, qeyrətinə o vətənin əzəmətin yükləyə bilmişdik , missiyamızı yerinə yetirə bilmişdik.
Torpaq, hava ,od və su...Ağdam azad olunduqdan sonra,çox düşünürəm ,sağımı dağdağanlar, əsirlikdə özlərini murdarlanmaqdan, sehirlərinin pozulmasından necə qorudular. İnanıram ki ,özləri olmasa da torpağın altı ilə uzanan kökləri Kötələ qədər çatıb. Ağdamın dörd tərəfindəki
Dağdağanlar birləşərək sağ qalmağa çalışıblar, həsrətlə balalarını gözləyiblər ki, yenə baş -başa verib ağac –insan mistikasını dünyanın yaranışından sonuna daşısınlar. Yenə o köklərdən körpə fidanlar qalxacaq, Günəş isidəcək, Kötəl, Qarqar sulayacaq və çox tez boy atacaq. Nağıllardakı kimi 7gün 7gecəyə nağıl şəhərimdə Dağdağandan yürüklər sallanacaq, körpə qığıltısı, ana laylası və Dağdağan yarpaqlarının xışıltısı ruhumuzu oxşayacaq.