Alim bu qorxu ilə nə edəcək?

Əsəd Qaraqaplan

Əsəd Qaraqaplan

26 noyabr 2021
# 13:10

Kulis.az Əsəd Qaraqaplanın "Tənbəl, yoxsa işgüzar adamlar" yazısını təqdim edir.


Bir gün sevgilim rəfiqəsi ilə telefonla danışmaq üçün yanaşı otağa keçdi. Mənsə tum çırtlaya-çırtlaya kompüterdə açdığım filmi izləməyə başladım. Başım qarışıb yarım saata yaxın vaxt keçdikdən sonra sanki birdən ayıldım ki, sevgilim hələ də telefonla danışır. Səbrimi basıb bunun nə vaxta qədər davam edəcəyini yoxlamaq istədim. Daha bir yarım saatdan sonra o gəldi. Ondan bu bir saatda nə danışdığını soruşdum. Ancaq konkret bir cavab verə bilməyib üzr istədi. Sonrakı dediklərindən isə məlum oldu ki, görüntülü bağlantıda rəfiqəsi bu gün aldığı paltarları geyinib ona göstərib, sonra isə pandemiya ilə bağlı dünyadakı vəziyyəti müzakirə ediblər və s.

Sevgilim heç də tənbəl deyil, hətta kifayət qədər işgüzar biridir. Bizim aramızdakı ən böyük fərq də elə budur: mən tənbəl, o isə işgüzardır. Elə hər işə saatlarla vaxt ayırmağı da işgüzarlıqdan doğur. Bu hadisə tənbəllik və işgüzarlıq arasında bir müqayisə aparmağıma səbəb oldu.

Bil Qeytsə bir gün sual verirlər: “Uğurlarınızın sirri nədədir?” O, cavab verir: “Mən işimi qurarkən işə tənbəl adamları götürdüm”. Onun bu sözləri qəribə görünə bilər, amma Bil Qeyts nə etdiyini yaxşı bilirdi.

Redaksiyada təzə işə başlamışdım. Müdirim olan Salam Sarvan mənə belə bir tapşırıq verdi: 50 səhifəlik materialı bir günə redaktə etmək. Bunu deyəndə elə bil başıma bir qazan qaynar su tökdülər. Günün sonuna qədər necə işləmək olar? Halbuki mənim bu gün üçün necə planlarım var idi. Salam abidən soruşdum: “Bəs bu işi günortaya qədər görüb qurtarsam, necə?” O dedi: “Gedə bilərsən, amma bir şərtlə: gərək baxdığın materialda bir səhv belə olmasın”. Asudə keçirəcəyim saatların həvəsi ilə həmin 50 səhifəni o qədər diqqətlə və sürətlə redaktə etmişdim ki, Salam abi bir səhv belə tapmamışdı. Sonralar da bizim işimiz sanki gizli anlaşmamız varmış kimi belə davam etdi.
Əlbəttə, həyatın ağırlığı çox vaxt işgüzar adamların çiyinlərinə düşür və bu işgüzar adamlar ofis və idarələrin, şirkətlərin əsas çarxını fırladır. Bu adamlar gündəlik iş planını doldurur, səhər işə vaxtında gəlir, axşam işdən getməklərinə vaxtında imza atırlar. Nahar fasiləsinin bir dəqiqəsini də boşuna israf etmirlər.

Ancaq qəti söyləyə bilərəm ki, insan həyatını dəyişən hər şey tənbəl adamların sayəsində olub. Məsələn, tənbəl adam qozu daşla sındırmaqdan bezib və daha asan üsul – qozqıran kəşf edib. Ya da torpağı asan və tezbazar şumlamaq üçün xışı yaradıb.

Əgər dünya işgüzar adamların ümidinə qalsa idi, indi torpaq hələ də toxa ilə şumlanırdı. Çünki işgüzar adam günün sonunda gördüyü işin səliqəsi ilə rahatlıq tapıb, sanki nirvanaya çatmış olur. Buna görə də onu dəyişim maraqlandırmır.

Elə ibtidai insan da incəsənəti belə kəşf edib. Məsələn, işgüzar adam bizon ovuna gedəndə tənbəl adam bir bəhanə ilə evdə ¬– mağarda qalıb və mağarın divarlarına bizonun şəklini çəkməyə başlayıb. Və məlum olub ki, təkcə bizon ovlamaq işi yoxdur, həm də bizonun şəklini çəkmək sənəti var. İndi biz də həmin tənbəl adam sayəsində qədim bizon ovu səhnəsinin şahidi ola bilirik.

Əminəm ki, indi dünyanı qarışdıran pandemiyanın sonunu da tənbəl adamlar gətirəcək. Səhərdən-axşama çalışan işgüzar həkimlər günün sonunda öz gərgin əməklərinin gətirdiyi rahatlıq hissində istədiklərini tapacaqlar. Tənbəl həkimlər isə bu vəziyyətdən bezib oturduqları yerdən qalxacaq, qısa bir zaman ərzində bir vaksin kəşf edib yenidən oturduqları kürsüyə qayıdacaq, tum çırtlaya-çırtlaya film seyr edəcəklər.

Dünyadakı bütün gözəl fikirləri hər kəsin öz adından başqasına demək haqqı var. Çünki gözəl fikir hər kəsin fikridir və hər kəsin haqqıdır. Başqa tərəfdən, bütün gözəl fikirlər hər kəsin inandığı, doğru bildiyi fikir ola bilər. Elə buna görə də bəzən bir fikri müxtəlif filosofların dilindən azacıq fərqlə eşidirik. Bu, birinin digərini təkrarlaması demək deyil. Sadəcə bir həyat hadisəsi haqqında müxtəlif fikir adamlarının gəldiyi eyni nəticədir.

Yazı ilə bağlı vasvasılığı, səliqə-sahmanı heç vaxt sevməmişəm. Mənə görə, yazı insanın içindən fırtına kimi çıxmalıdır və tam olaraq özünü ifadə etməlidir. Yazı heç bir dərginin, mətbuat orqanının tələblərinə əyilməməlidir.

Redaksiyada çalışdığım zamanlarda bəzən bir professorun və ya alimin hər hansı mətbuat orqanı üçün yazdığı məqalənin üstündə əsdiyini, o tərəf-bu tərəfinə keçib tələblərə uyğunlaşdırdığını gördükcə çox üzülürdüm. Düşünürdüm ki, bu qorxaqlıqla bir alimin bəşərə verdiyi nə ola bilər?

Buna görə də yazı cəsarət işidir. Yazı heç bir şəkildə çap olunmaq üçün yazılmamalıdır.

P.S. Həə... burda incə bir nöqtəyə gəlib çıxdıq həm də: kimdi tənbəl? “İşgüzar adamlarmı”, yoxsa, “tənbəl” adamlar?!..

# 2477 dəfə oxunub

Oxşar xəbərlər

"Babalarımız bizə türk deməyə tərəddüd edər, dilimizə türk dili deyə bilməz..." - Ərəbistanda əkilən, Azərbaycanda toxunan dil

"Babalarımız bizə türk deməyə tərəddüd edər, dilimizə türk dili deyə bilməz..." - Ərəbistanda əkilən, Azərbaycanda toxunan dil

12:00 8 dekabr 2024
Beynəlxalq Muğam Mərkəzində xeyriyyə gecəsi keçirildi

Beynəlxalq Muğam Mərkəzində xeyriyyə gecəsi keçirildi

21:57 7 dekabr 2024
Ulucay Akifin yeni kitabının təqdimatı olub - Foto

Ulucay Akifin yeni kitabının təqdimatı olub - Foto

21:49 7 dekabr 2024
Qasım bəy Zakirdən üzü bu yana - Cavanşir Yusifli

Qasım bəy Zakirdən üzü bu yana - Cavanşir Yusifli

15:00 7 dekabr 2024
Rusiya-Amerika münasibətləri ilə bağlı Stiven Siqaldan proqnoz

Rusiya-Amerika münasibətləri ilə bağlı Stiven Siqaldan proqnoz

12:30 7 dekabr 2024
"Tehrana elə bir izahat göndərmişəm ki..." - Axundzadənin Mirzə Yusif xanla yazışmaları

"Tehrana elə bir izahat göndərmişəm ki..." - Axundzadənin Mirzə Yusif xanla yazışmaları

12:00 7 dekabr 2024
# # #