Kulis.az APA-ya istinadən "Ailə psixoloqlarına müraciət niyə azdır? - “Ayıb” və “qınaq” qorxusu" mövzusunda araşdırmanı təqdim edir.
Azərbaycanda ailə psixoloqlarına müraciət səviyyəsi hələ də aşağı olaraq qalır. Ailədaxili münaqişələrin artmasına baxmayaraq, cütlüklər və valideynlər problemlərini peşəkar dəstək almadan həll etməyə çalışırlar. Cəmiyyətdə psixoloqa müraciətlə bağlı formalaşmış stereotiplər, “ayıb” və “qınaq” qorxusu, eləcə də psixoloji xidmətlərin əhəmiyyəti barədə məlumatlılığın zəif olması bu sahədə əsas maneələr kimi göstərilir.
Digər tərəfdən, bölgələrdə ailə psixoloqlarının sayının az olması, xidmətlərin ödənişli və bəzən baha olması da müraciətlərin aşağı olmasına təsir edir. Bir çox ailə problemin dərinləşməsini gözləyir, yalnız ciddi böhran vəziyyətində mütəxəssisə üz tutur. Nəticədə isə vaxtında göstərilməyən psixoloji dəstək boşanma hallarının artmasına, uşaqların psixoloji travmalar almasına və ailə institutunun zəifləməsinə səbəb olur
Ailə terapiyasına maraq artır, amma müraciət səviyyəsi hələ də aşağıdır

Bakı Psixologiya Mərkəzinin psixoloqu Aygül Abbasova APA-ya bildirib ki, ailə terapiyasına maraq nisbətən artıb:
“Ailələrin psixoloqa müraciət səviyyəsini orta-aşağı olaraq qiymətləndirmək mümkündür. Amma öncəki illərlə müqayisədə ailə terapiyasına müraciət xeyli artıb. Bu müraciətlər ailədaxili problemlərin həlli və boşanma prosesinin psixoloji baxımdan düzgün olmasına, eləcə də valideynlik psixologiyasına təsir edir. Beynəlxalq təcrübədə cütlüklər öz aralarında və uşaqlarının arasında problem yaşayanda onların ailə terapevtinə müraciəti əlçatandır. Ailə həkimləri kimi, ailə psixoloqlarına müraciət də normal qarşılanır. Bu, onların xəstə olması və ya şəxsiyyətlərində problem olması anlamına gəlmədiyi üçün ailə terapiyasına mütəmadi şəkildə müraciət edilir.
Psixoloqa müraciətə mane olan əsas səbəblər
Azərbaycanda bəzi cütlüklərin ailə psixoloquna müraciəti “lazımsız” hesab etməsinin əsas səbəbləri bu sahə ilə bağlı məlumatlılığın az olması, ictimai qınaq, yaxın qohumların ailədaxili məsələlərə müdaxiləsi, şəxslərin mövcud problemi qəbul etməməsi, eləcə də düzgün ixtisaslaşmış mütəxəssisə müraciət edilməməsidir. Digər əsas səbəb isə son zamanlar Azərbaycanda elmi əsası olmayan, ruhani inanclara əsaslanan terapiya üsullarının məşhurlaşmasıdır. Hətta bəzi müraciətlər zamanı bu tip əsassız yanaşmaların psixoloji müdaxilə kimi qəbul edilərək peşəkar psixoloqlardan tələb edildiyi hallar da müşahidə olunur”.
Ailə problemləri: görünən münaqişələr, görünməyən psixoloji yük

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova bildirib ki, insanlar çətin vəziyyətdə ilk növbədə yaxın qohumlara və dostlara üz tutur: “Azərbaycanda ailədaxili problemlər cəmiyyətin görünən və görünməyən qatlarında eyni anda baş verir: münaqişələr, anlaşılmazlıqlar, psixoloji gərginlik, bəzən də zorakılıq. Lakin bu problemlərin həlli üçün peşəkar ailə psixoloqlarına müraciət səviyyəsi hələ də aşağıdır. Müşahidələr və müxtəlif sosial sorğular göstərir ki, insanlar çətin vəziyyətdə ilk növbədə yaxın qohumlara və dostlara üz tutur, peşəkar psixoloji dəstək isə son variant kimi nəzərdən keçirilir. Bu reallıq təkcə fərdi seçim deyil, həm də uzun illər formalaşmış sosial düşüncə tərzinin nəticəsidir. Cəmiyyətin mühüm hissəsi ailə probleminin ev daxilində həll olunmasını düşünür və kənar müdaxiləni nüfuzlarına təhlükə kimi qəbul edir.
Hüquqi baza formalaşır: psixoloji yardımın rəsmi çərçivəsi
Bu sahənin hüquqi tənzimlənməsi istiqamətində son illərdə mühüm addımlar atılıb. Azərbaycan Respublikasının Milli Məclisi 2018-ci ildə psixoloji xidmətlərin hüquqi əsaslarını möhkəmləndirmək üçün “Psixoloji yardım haqqında” Qanunu qəbul edib. Bu qanun psixoloqların fəaliyyətinin peşəkar standartlara uyğun qurulmasına, xidmət keyfiyyətinin artırılmasına və vətəndaşların bu sahəyə etimadının güclənməsinə xidmət edir. Hüquqi çərçivənin formalaşması ailə psixoloqu anlayışının cəmiyyət üçün daha aydın və legitim peşə kimi qəbul olunması baxımından həlledici amildir”.
Beynəlxalq təcrübə: erkən müdaxilə və sağlam münasibət modeli
Deputat qeyd edib ki, inkişaf etmiş ölkələrdə ailə terapiyası yalnız böhran vəziyyətində deyil, münasibətlərin sağlam saxlanılması üçün də istifadə olunur:
“Beynəlxalq təcrübə isə fərqli mənzərə təqdim edir. Bir çox inkişaf etmiş ölkələrdə ailə psixoloquna müraciət adi sosial davranış hesab olunur. Ailə terapiyası yalnız böhran vəziyyətində deyil, münasibətlərin sağlam saxlanılması üçün də istifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatı mental sağlamlığı ümumi sağlamlığın ayrılmaz hissəsi kimi qiymətləndirir və ailə əsaslı psixoloji müdaxilələrin sosial sabitliyə müsbət təsir göstərdiyini vurğulayır. Birləşmiş Millətlər Təşkilatı da ailə institutunun qorunmasında psixoloji dəstək xidmətlərinin rolunu xüsusi qeyd edir. Qərb ölkələrində ailə psixoloqları səhiyyə sisteminin və sosial xidmətlərin ayrılmaz hissəsidir; cütlüklər evliliyə hazırlıq mərhələsində belə psixoloji məsləhət alır, valideynlər uşaqların emosional inkişafı üçün mütəmadi konsultasiyalara müraciət edir. Bu yanaşma problemin gizlədilməsi yox, erkən mərhələdə həlli prinsipinə əsaslanır”.
Sosial stereotiplərdən emosional yetkinliyə doğru
Elnarə Akimova Azərbaycanda ailə psixoloqlarının geniş yayılmamasının səbəblərini açıqlayıb:
“Azərbaycanda ailə psixoloquna müraciətin hələ də geniş yayılmamasının əsas səbəbləri sosial stereotiplər, maarifləndirmə səviyyəsinin aşağı olması və peşəkar psixoloji xidmətlərin rolunun tam anlaşılmamasıdır. Psixoloqa getmək bəzi hallarda hələ də "problemin böyüklüyünün" etirafı kimi qavranılır. Halbuki müasir psixologiya ailəni bir sistem kimi qiymətləndirir və burda məqsəd problemi böyütmək yox, münasibətləri sağlamlaşdırmaqdır. Digər mühüm səbəb isə psixoloji xidmətlərin əlçatanlığı və keyfiyyəti ilə bağlı narahatlıqlardır. Uzun müddət bu sahədə vahid peşə standartlarının olmaması cəmiyyətin inamını zəiflədib və qeyri-peşəkar xidmətlərə qarşı ehtiyatlı münasibət formalaşdırıb.
Bununla yanaşı, son illərdə Azərbaycan cəmiyyətində mental sağlamlıq mövzusuna marağın artdığı müşahidə olunur. Sosial şəbəkələrdə maarifləndirici məzmunun çoxalması, gənc nəsildə psixoloji savadlılığın yüksəlməsi və ailə münasibətlərinə daha rasional yanaşma bu sahənin gələcək inkişafı üçün real zəmin yaradır. Ailə psixologiyasının inkişafı yalnız fərdi rifah məsələsi deyil, sosial sabitlik və demoqrafik sağlamlıq məsələsidir. Sağlam ailə modeli sosial mühitin keyfiyyətini müəyyən edən əsas faktorlardan biridir.
Gələcək üçün əsas istiqamət sistemli yanaşmadır: psixoloji xidmətlərin səhiyyə və sosial müdafiə sisteminə inteqrasiyası, məktəblərdə emosional savadlılıq proqramlarının genişləndirilməsi, ailə məsləhət xidmətlərinin regionlarda əlçatan edilməsi və psixoloqların peşə hazırlığının gücləndirilməsi. İctimai maarifləndirmə isə bu prosesin mərkəzində dayanmalıdır. Cəmiyyət psixoloqa müraciəti zəiflik yox, məsuliyyətli davranış kimi qəbul etdikcə ailə institutunun dayanıqlığı artacaq.
Ailə psixoloquna müraciətin artması yalnız fərdlərin problemlərinin həlli demək deyil, bu, cəmiyyətin emosional yetkinliyinin göstəricisidir. Dünyada artıq qəbul olunmuş həqiqət budur ki, sağlam münasibətlər təsadüfən deyil, şüurlu qayğı və peşəkar dəstək nəticəsində formalaşır. Azərbaycanın sosial inkişafının növbəti mərhələsi də məhz bu anlayışın geniş yayılması ilə bağlıdır”.
Rəsmi dəstək və maarifləndirmə əsas şərtdir
Deputat bildirib ki, sosial şəbəkələrdə bu mövzularla bağlı müzakirə və paylaşımların artması buna müraciət sayını yüksəldib: “Bu sahənin inkişafı üçün ilk növbədə rəsmi səviyyədə dəstəyin göstərilməsini vacib hesab edirəm. Xüsusilə, evlilikdən öncə, yeni evlənən cütlüklər və valideyn olan şəxslər üçün ailə psixoloquna müraciətin təşviq edilməsi cəmiyyətdə müraciət düşüncəsinin formalaşmasına müsbət təsir göstərə bilər. Digər əsas addım isə ailə psixologiyası mövzusu ətrafında maarifləndirmə işlərinin genişləndirilməsidir”.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 48 546 nikaha daxilolma və 20 675 boşanma halları qeydə alınıb.

Qeyd olunub ki, 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.
“Son 5 ilin statistik göstəricilərinə əsasən, 2020-ci ildə ölkədə 35 348 nikah, 14 628 boşanma, 2021-ci ildə 56 314 nikah, 17 191 boşanma, 2022-ci ildə 61 939 nikah, 15 983 boşanma, 2023-cü ildə 54 200, 21 688 boşanma, 2024-cü ildə 49 508 nikah, 21 384 boşanma qeydə alınıb”, - Komitədən bildirilib.
Ailə psixoloji xidmətlərinin genişləndirilməsi prioritetdir
_1775726027.jpeg)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən sorğumuza cavab olaraq bildirib ki, ailə psixoloji xidmətlərinin əlçatanlığının artırılması vacibdir:
“Ailə psixoloqlarının fəaliyyəti ailə institutunun möhkəmləndirilməsi, sağlam münasibətlərin formalaşdırılması, münaqişələrin qarşısının alınması və uşaqların təhlükəsiz inkişaf mühitinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq ailə psixoloji xidmətlərinin əlçatanlığının artırılmasını, regionlarda da bu sahənin daha da genişləndirilməsini və peşəkar kadr potensialının gücləndirilməsini vacib istiqamətlərdən biri hesab edirik.
Komitə tərəfindən ailələrin psixoloji dəstəyə çıxış imkanlarının artırılması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi və aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində bu sahənin institusional inkişafının təşviqi istiqamətində işlər davam etdirilir.
Eyni zamanda, ailə psixoloqlarının fəaliyyətinin keyfiyyət standartlarının formalaşdırılması və xidmətlərin daha sistemli əsasda təşkili məsələləri də diqqət mərkəzində saxlanılır”.
Nəticə etibarilə, ailə psixoloji xidmətlərinə maraq artsa da, bu sahənin cəmiyyət həyatında tam formalaşmış və əlçatan mexanizmə çevrildiyini demək hələ tezdir. Sosial stereotiplər, maarifləndirmə çatışmazlığı və regionlarda xidmətlərin məhdudluğu ailə psixoloquna müraciətin geniş yayılmasına mane olur.
Ailə institutunun dayanıqlığı isə təkcə hüquqi və sosial mexanizmlərlə deyil, həm də emosional sağlamlıqla bağlıdır. Peşəkar psixoloji dəstəyin zəiflik deyil, məsuliyyətli seçim kimi qəbul edilməsi və bu sahədə sistemli addımların atılması cəmiyyətin uzunmüddətli sosial sabitliyi üçün mühüm şərt olaraq qalır.