Xəbər verdiyimiz kimi, şair Salam Sarvanın Ukrayna dilinə tərcümə edilmiş “Boğulmaq da olmur, dayazdı dünya” kitabı Ukraynada nəşr olunub. Bu kitab haqqında Ukraynanın tanınmış şairi, Ümumdünya poeziya festivalının qalibi Lesya Mudrakın “Mədəni tənhalığın poeziyası” adlı yazısını ixtisarla təqdim edirik.
Mədəni tənhalığın poeziyası
(Salam Sarvanın kitabı haqqında)
Bu kitabdakı şeirlərin müəllifini tanımaya-tanımaya onu misralarının əhatəsində təsəvvür etməyə, bir anlıq şairə yaxınlaşmağa çalışdım. Bu an isə bütöv bir metaforik möcüzəyə çevrilən minlərlə oxşar və fərqli anların yaranmasına səbəb oldu.
Şairin özü bir müsahibəsində demişdi ki, dünya poeziyasının ümumi cəhətləri var və bütün şairlər eyni şüuraltı axının, eyni kədərin adamlarıdır – hamısı tənhalığın poeziyasını yazırlar. Bu poeziya, əvvəla, kosmik tənhalıqdan – insanın kainata xüsusi missiya ilə gəlişinə inanmasından və bu missiyanı yerinə yetirə bilmədiyinə görə yaşadığı komplekslərdən doğulur. Yəni bu, dünya ilə, yaradılışla daimi konfliktdə təklənmək hissinin poeziyasıdı. Tənhalığın poeziyası həm də şairin sosial tənhalığından – yaşadığı dövrün sosial-ictimai reallıqları ilə konfliktindən qaynaqlanır. Bir də mədəni tənhalıq var: sən daşıyıcısı olmadığın dəyərlər sisteminin içindəsən, təfəkkür qürbətində yaşayırsan.
Salam Sarvanın “Boğulmaq da olmur, dayazdı dünya” kitabı mənə belə bir “mədəni tənhalıq” hissi yaşatdı. Özümü müəllifin poetikasından boy verən bəşəri faciədən uzaqlaşdırmağa çalışsam da, alınmadı... İnsanlara xilasını öz “Mən”inin ən dərin qatlarında axtarmağı məsləhət görən psixoloq Ceymsonu xatırladım. Mənə elə gəldi ki, ölüm-həyat-inkişaf xətti ilə yenidən ölümün sarsılmaz vəhdəti sevgidə, sözdə, qadında, “Boğulmaq da olmur, dayazdı dünya” kitabında gerçəkləşir.
Pəncərədən baxıram payızın son ayında
vərəqləri saralmış səmavi kitablara.
Göydən yağışlar yağır, göydən yağışlar yağır,
dolur yer altındakı qədim saxsı qablara.
Mənaların hamısı cəfəng imiş, rəng imiş,
nə yarpaq qoxlar daha, nə ağaca sarıllam.
İndi mən bir qadının qaşına-gözünə yox,
indi mən bir qadının taleyinə vurullam.
Hələ də vurnuxuram zaman şəcərəsində:
bu epoxa, bu əsr, bu il, bu gün, bu saat.
İllərlə məşq edərsən finişə tez çatmağa,
finişdən o yandasa elə əvvəlki həyat.
Ürəyimdən nə keçir, deyim sən də biləsən:
hər yerdən çıxıb getmək və hər kəsi unutmaq.
Cəmisi bircə dəfə, cəmisi bircə dəfə
Günəşlə birgə çıxıb Günəşlə birgə batmaq.
Salam Sarvanın şeirlərində əksliklər arasında sərhədlər bir-birinə qarışır: eşqlə ölümün, müqəddəsliklə günahın, “doğma” məkanla “yad” məkanın, dostla düşmənin, vətənlə Yer kürəsinin arasındakı fərqlər az qala itir.
Ukrayna tədqiqatçısı M.Novikova oxucuları inandırmağa çalışırdı ki, Ölüm obrazında dərin qatlar var: çünki qədim insanın təsəvvüründə ölü diridən, heyvan insandan, qadın kişidən qüdrətli idi. Bəzi xalqların mifologiyasında isə ölüm mayalanma kimi təsəvvür olunur. Avrasiya, xüsusən də Ari (Vedi) miflərində mərhumun embrion şəklində basdırıldığı məzar ruhun inkişaf edəcəyi və yenidən doğulacağı ana bətni anlamına gəlirdi.
Salam Sarvanın şeirlərində isə Ölüm – təkcə bir həyat dövrəsinin başa çatması və başqa bir ömrün başlanğıcı deyil, həm də qadın başlanğıcı ilə kişi başlanğıcı arasInda vəhdətin konkret dövri prosesidir.
Bu quyunun divarının
çöl üzü hanı, camaat?
Dar ağacında azmışam,
yer üzü hanı, camaat?
Al-əlvan geyib gəzərdi,
gəzərdi burda bir pəri:
yanıb, qara külü qalıb,
bəs hanı başqa rəngləri.
Yaxşı, mən özüm hardayam,
o Salam hanı, ay ana…
Gəl axtar bətnindən düşüb
itən balanı, ay ana.
Salam Sarvanın şeirləri mənə bir növ Yer kürəsinin atlası kimi göründü. Müəllifin məcazlarından isə ayrıca danışmaq lazım gəlir. Söhbət, əlbəttə ki, gizlətmək-faşetmək, soyunmaq-geyinmək kimi proseslərlə onların dildə inikası iarasındakı qəribə əlaqələrdən gedir. Qeyri-ordinar obrazlılığa söykənən məhrəm münasibətlər poetikası. Lirikanın metafizik ruhu və estetizmi ilə şərtlənən əsrarəngiz mənzərəni göz önünə gətirən şeirlər:
Miz üstə şair başı,
başda şeir havası...
Siqaret kötüyüylə
dolmuş sərçə yuvası.
Saatın əqrəbləri
biri-birinin üstə:
qıfılnan bağlanıblar
üçü də “bir”in üstə.
O körpənin alnında
iki kəlməlik yazı:
bax, elə beləcə də
yazılıb ki: “nə yazım?”
Nə mən bildim, nə Allah
saxlamadı yönümü:
bir də gördüm yaş ötüb,
keçmişəm son günümü.
Salam Sarvanın yazdıqları, ümumiyyətlə, həmişəyaşar duyğuların və yaşantıların şeirləridir. Aydındır ki, lirik qəhrəmanın yer aldığı poetik gerçəklik semantik yenilənməyə məruz qalır. Amma onun yaradıcılığı ətrafımızda hər gün gördüyümüz reallıqla bağlı olsa da, tamamilə fərqli bir gerçəkliyi üzə çıxarır.
Onun şeirlərində qəribə bir süjet xətti var. Mən o şeirləri oxuyarkən həm də lirikada az rast gəlinən, özünəməxsus qısametrajlı həyat filmini izlədim.
Ukrayna oxucusu bu kitabda ənənəvi semantikanın sərhədlərini xeyli genişləndirən, ən adi təzahürlərdə də bir peşəkar, bir USTA gözü ilə heyrətamiz çalarlar axtaran bir şairlə tanış olacaq. Tanış poetizmləri gözlənilməz məna bucağından təqdim eləyən bir şairlə.