Mənə sevgi məktubu yazan geylər

Mənə sevgi məktubu yazan geylər
31 may 2020
# 10:28

“Mənim gey dostum” adlı yazım xeyli reaksiya doğurdu. Deyəsən, cəmiyyətimizin ən yaralı yerinə toxunmuşdum.

Kimi məni yağlı söyüşlərə qonaq elədi, kimi də dedi, guya mən onları təbliğ etməklə məşğulam.

Elə bir dövrdə yaşayırıq ki, gərək yazdığımız yazı üçün ayrıca izah yazısı da yazaq. Olsun.

Mən sadəcə bir insanın həyatından yazdım. Cəmiyyətin qəbul etmədiyi, aşağıladığı birindən. Hər kəs öz fikrində qala bilər. Kimisə fikrindən döndərmək cəhdim yoxdur. Homofob da ola bilərsiniz, onlardan xoşunuz gəlməyə də bilər. Amma qəzəb niyə? Niyə biz fərqlənənləri öldürmək, məhv etmək istəyirik? Axı insan dinindən, irqindən, cinsindən, rəngindən asılı olmayaraq, insandır. Tamam, qəbul etmə, uzaq gəz, ancaq qəzəb püskürmə, hamıdan da o cür qəzəb gözləmə. Mən mərhəmətə də çağırmıram. Mərhəmət əslində, ən böyük cəzadır. Biz homoları istəsək də, istəməsək də onlar yenə aramızda olacaq. Çoxusu bunu gizlətsə də. Heyvanlarda belə homoseksuallıq var. Əliniz üzünüzdə qalmasın. Zooloq Konrad Lorenz 1500 heyvan növü üzərində tədqiqat aparmışdı. Bu heyvanların 450 növündə homoseksual davranışlar müşahidə etmişdi.

Dahi hesab etdiyim şəxslərdən Ziqmund Freyd hesab edirdi ki, insanlara doğuluşdan biseksuallıq verilib, homoseksuallıq isə erkən uşaq inkişafının bir variantıdır. Homoseksuallıq, əlbəttə ki, bir üstünlük deyil, lakin utanılası bir şey də deyil. O, qüsur və deqradasiya deyil, xəstəlik kimi də təsnif edilə bilməz. O, inkişafda ləngimə nəticəsində yaranan seksual funksiya variasiyasıdır.

Təbiətin bu cür ağır imtahanları olur. Əslində, imtahan deyirəm, bir az düz olmadı bu. Yəni homolar da öz istəkləri ilə bu vəziyyətə düşmürlər. Mən sadəcə o yazımla oreantasiyanı bir kənara qoyub insana fokuslanmağı təklif etmişəm.

İnsanın əzabları, ağrıları, sevgiləri, həzləri, sevincləri, xoşbəxtlik anlayışı eyni deyil, fərqlidir. Hamımız kimi onların da öz dünyası var. Siz o dünyadan uzaq ola bilərsiniz, onları qəbul etməyə bilərsiniz, ancaq bu həqiqəti dəyişə bilməzsiniz. Neyləyək? Nə təklif edirsiniz? Hərə əlinə bir balta götürüb homoseksual öldürsün? Bu, necə qeyri-insani hərəkətdir? Hər insan hekayəsi ilə gözəldir. Onu öz hekayəsi ilə tanıyırıq. Bizim kimisə ittiham etməyə, onu yarğılamağa haqqımız yoxdur. Hamımız əslində eyniyik. İttiham etmə, ittiham olunarsan. Bu qədər sadədir məsələ.

Mən nə özümü müasir göstərmək, nə də ağıllı söhbət etmək fikrindəyəm. Sadəcə hiss etdiklərimi yazıram. Yaşadığım ölkənin də reallıqlarını bilirəm. Və bu reallığın ağır əlləri mənim çiyinlərimdən bir yük kimi asılıb. Yazaraq o yükdən xilas olmağa çalışıram.

Bu yazımı yazmaqda məqsədim cəmiyyəti tənqid etmək deyil, bu söhbət uzandıqca uzanan söhbətdir, ilin-günün korona vaxtında başınızı ağrıtmaq istəmirəm.

Məsələ tamam başqadır. Başqa deyəndə ki, o səs-küylü yazımdan sonra geylər mənə eşq təklifləri etməyə başlayıblar. Yanlış oxumadınız. Yuxarıda bəhs etdiyim yazıdan sonra homoların sevgi hücumlarına məruz qaldım. Hücum dedim, ağlınız ayrı yerə getməsin. Mesaj bölməmə, türkün məsəli, döşəyirdilər. Özü də gecə radələrində. Təəssüf ki, onlar da yazımı başa düşməyiblər. Elə biliblər, mən də geyəm, öz hüququmuzu müdafiə edirəm. Bu necə təfəkkürdür, necə beyindir? Çətin baş açasan bunlardan. Yazdıqları mesajdan hiss etdim ki, geylərin də seks problemi var. Onlar da özlərinə partnyor tapa bilmirlər. Düzü, bir yandan da anlayıram onları. Belə qapalı mühitdə, hamının onları daşladığı və dışladığı vaxtda tənha qalmaları gözləniləndir. O yazıdan sonra da özlərinə yaxın biri kimi məni görüblər və yazıblar. Yəqin bayaqdan nə cavab verdiyimi oxumaq istəyirsiniz. Bu da cavabım: mən heteroseksualam. Bilməyənlər üçün deyim ki, bu əks cinsdən xoşlananlara deyilir.

XX əsrin əvvəllərinə qədər homoseksualların hüquq və öhdəlikləri cəmiyyətə məlum deyildi. Qədim zamanlardan, xüsusən Şərq ölkələrində homoseksuallıq günah və cinayət hesab olunurdu. Bütün səmavi dinlər, bu cür cinsi münasibəti qadağan edirdi. Bu səbəbdən homoseksualların məskunlaşdığı ərazilərdə, xüsusi nəzarət təşkil olunur və onların cəmiyyətə qarışmasının qarşısı alınırdı. Avropada homoseksuallara qarşı nisbətən mülayim münasibət göstərilsə də, Afrika və Asiya ərazilərində qeyri-təbii davranışların cəzası çox zaman ölüm hökmü olurdu. İndi də öldürülmürmü? Toplumlar onların qatili olmaqda davam etmirmi?

Düzü, onlar üçün çətindir. Elə cəmiyyətin onları qəbul etməyi də. Yaşadığın coğrafiyanın həqiqətlərini bilmək və buna görə davranmaq məcburiyyətindəsən.

Bu, yəqin ki, yazıçılarımız üçün maraqlı mövzu olar. Amma ədəbiyyat nəyisə həll etmək üsulu deyil, o, sadəcə dərdlərin rəngini göstərir.

Bağışlayın, başınızı ağrıtdım. Açığı, heç özüm də bilmirəm, yazını necə bitirim?

# 10039 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #