Kulis.az "Yeni imza" layihəsindən gənc şair Rauf Qədimin şeirlərini təqdim edir.
Anam hər gün deyinərdi
atamın siqaret tüstüsünə,
bacım da deyinərdi,
küsərdi atamdan,
heç baxmazdı üzünə,
mənsə dikərdim gözümü atama,
üzülərdim giliz boyu üzüntüsünə...
O vaxt barmaq hesabı sayırdı fələk,
hələ öyrənməmişdi,
toplamağı,
çıxmağı,
vurmağı,
bölməyi.
yandırardı əlimizi anam bişirən çörək,
hələ buz bağlamamışdı,
təndir qırağı...
Bütün gələcəklər
bir tikə boyat keçmişdən yanaydı.
Uzaq düşməmişdi doğmalar,
uzaq düşməmişdi əvvəlindən sonralar...
Külək sığal çəkərdi,
çinar başı qarğa yerinə.
Onda ağaclar da xoşbəxt idi,
quşlar çəkilməmişdi göyün dibinə...
Səadət vardı bəndə payı,
yoxa çıxmamışdı körpə sevgilər,
yoxa çıxmamışdı köhnə təbəssümlər.
Gözü yumulu bir ömür sonrası
gizlənməmişdilər gizlənpaç tək.
Hələ boylanmamışdı dodaq arasından
islanmış ağrılar, təəsüflər.
O vaxt vardı,
islanmışın göz yaşından qorxusu...
Daha ağrılı deyildi,
alovundan ocaq külü,
tütünündən siqaret kötüyü...
Bütün gələcəklər
bir tikə boyat keçmişdən yanaydı.
Uzaq düşməmişdi doğmalar,
uzaq düşməmişdi əvvəlindən sonralar...
***
Gözümü qırpmadan baxıram qapıya
yadırğayıb qapı da
onun əllərin,
döyür öz başına darıxdığından.
Daha çox getmək üçünmüş qapılar...
Gözüm dəyir saata,
sonsuzluq necə də gözəl çəkir divara,
onsuzluğun rəsmini.
Zaman qəddar rəssam imiş...
Baxıram stolun üstə,
Suya qoyduğu güllər də solub,
gülqabılar boşalan evlərdə,
kül qusar külqabılar.
Dodaqdan başlayır üşümək...
***
Hərdən tənhalıq bayrağına çevrilər əllər,
yüksələr gedənlərin arxasıyca.
"Əlvida" yeri boşluq qalar ovcunda.
Bir əclaf darıxmaq məskunlaşar evinə,
qalarsan bomboş,
tənha evində kirənişin kimi.
Ən əvvəl sağ qaldığın yerlərdən başlayır unudulmaq,
unuduram ki, sən də yaşaya biləsən.
Yaşayıb biləsən ki,
insan darıxmaqdan ötrü aparılmış sınaqdı.
Müharibələr olmasaydı,
tarix də darıxardı.
Ölüm - yaşamamaq yox,
biryolluq darıxmamaqdı.
Uzaqlar ayrılığa aparan ən kəsə yoldur.
Ayaq izi olmayan yol varsa,
demək, yoxdur o yolun uzağı.
Bu gecə də yoxdur kimsə
birgə darıxmağa.
Təkcə it hürüşmələri gəlir küçədən,
onlar da hürür öz azadlıqlarına.
Nə isə...
Belə gecələrdə,
div də darıxar tənhalığından.
Deyər, cırtdan olar bu vaxtı oyaq,
Gəlib görər,
Cırtdan da darıxdığından
yatıb hamıdan qabaq.
(Məlik Cahana...)
Kəfən tapmaq asandır, şair,
Nəsimiyə dərisi olmuşdu,
sənə də dəniz oldu.
O gün balıqlar da sudan batdı günaha,
Heç bilmədik,
sən boğulan sularda neçə balıq boğuldu...
Bu qara şəhərdə dəyişmədi heçnə,
yaşamağı göydə gəzənlər
yerdə tapdı ölümü.
Bilirəm, şair,
bilirəm,
gəlməyimiz əlimizdən uzaq,
getməyimiz ovucumuzda,
ömür yorğandan uzun,
ölüm öz boyumuzda kəsilib.
Sevirəm deyənlər,
sonda gedirəm belə demir,
hər şey xəbərsiz olur...
hər şey xəbərsiz olur...
hər şey xəbərsiz olur...
Niyə ölüm xəbəri tez yayılır, şair,
bir dəfə də "yaşayır" deyib bağırsalar,
bəlkə də diksinər yaşayanlar,
yaşamaq istər.
Yenə səni yuxumda görmüşəm, şair,
narahat olma,
təkcə suya danışmışam...
təkcə suya...
təkcə...
Gecikməyin ellegiyası
Gecikməkdən ötrüymüş
doğmalaşan uzaqlar.
Gör, bu uşaq dünyanın
canındakı uzağı.
Bir mesaj azar yolun gecənin sükutunda,
qayıdar, qucaq açar barmaqların izinə
Bir pərdə çəkilər pəncərənin önünə,
yəni, yumar gözlərini pəncərələr anidən.
Bir avtobus gözləyər, ayrılığın tinində,
verər sənin yerinə əllərin gediş haqqın
Düşər qayıdar geri.
Pozar dilsiz gecənin bütün səssizliyini,
uzaqlardan yüksələn bir qatar səsi.
Heç özüm də bilmədim,
axı,
mən sənə gecikməyə,
harda,
necə tələsdim?
***
Biz qışın xatirinə sevmişdik soyuğu, İzel
Gör uzağa necə bürünmüsən ki,
sənə xatir soyuqluğu sevmək qalıb.
İndi mən sənin sağlığına yox,
uzaqlığına içirəm bu qış gecəsi.
Saçlarını oxşayan,
əllərini isidən barmaqlar,
isitmir soyuq şüşəni.
Heç pencək də geyinmirəm,
daha sən üşümürsən yanımda.
Bütün sevgilər bətnində
bir ayrılıq böyüdür, İzel.
Eşidirsən,
bir ayrılıq böyüyür sevgi bətnində.
Xatirələri doğuşdan,
Dodaqları öpüşdən
Yanaqları gülüşdən yetim...
Eşidirsən, İzel?
Bir ayrılıq böyüyür sevgi bətnində,
Nə isə...
Qayıt, gəl,
xatirələrə doğuşdan,
dodaqlara öpüşdən
yanaqlara gülüşdən ana ol.
***
Anamın arzularıdır,
Dar ağacındaki uşaq yelləncəyi,
hələ də yellənmək istəyir bir neçə xatirə,
o qırıq yelləncəkdə.
Babamın çatlamış baş daşıdır,
nənəmin tutulmuş gözləri.
Naqasakidəki partlayışın xatirə qalığıdır,
atamın satdığı pəncəyin
pulu ilə alınan uşaq əlcəyi.
Geriyə qalan əzilmiş kötükdür,
tütünün dodaqla sevişməsi.
Sovurulmuş tüstüdür,
içimizi ən yaxşı tanıyan.
Onu da çəkir öz ciyərinə
xəstə göyün cazibə qüvvəsi.
Xatirələr də uşaq kimidir,
toxunur üstü açıq səs tellərinə,
hər gün can alır yüksək cərəyan.
İnsanı geri qayıtmaq arzusu öldürür.
Uşaqlığa sıxılmış güllə
böyüdükdə dəlir sinəmizi.
İndi mən hər bir uşağın
yelləndiyi yelləncəkdən
ayaqlarının yerə çatmamasını istəyirəm.