İlk dərs günü məktəbdə necə biabır oldum?

İlk dərs günü məktəbdə necə biabır oldum?
22 sentyabr 2021
# 16:36

Kulis.az Vüsal Bağırlının "Mənim zebr zolaqlı şalvarım" adlı yazısını təqdim edir.

Sentyabrın 15-i “Bilik günü” idi.

İçi özüm qarışıq hamı, əlamətdar bir intizarla məktəblərin, dərslərin başlamasını, həyat ritminin normal axara düşməsini gözləyirik.

Məktəblər açılan ərəfələrdə uşaqlar adətən fərqli hisslər yaşayır, bəziləri səbirsizliklə dərsə, sinifə, fərqli həyata can atır, bəziləri isə əksinə, tətilin, asudəliyin bir az da davam etməsini istəyirlər.

Hər belə, məktəb ərəfəsi günlərdə, uşaq vaxtı başıma gəlmiş bir hadisəni xatırlayıram.

Deməli, hardasa dördüncü ya beşinci sinifdə oxuyurdum.

Həmin zamanlar ağ şalvarlar dəbə minmişdi. Mən də dərziyə gedib o vaxtlar “ranjers” adlanan bəm-bəyaz parçadan özümə şalvar sifariş verdim.

Məktəblər açılmaq üzrə idi. Şalvar dərsə bir gün qalmış hazır oldu. Usta Nurəddin yaraşıqlı, əynimə tam oturan, gözəl bir şalvar, həqiqi sənət əsəri ərsəyə gətirmişdi. Şalvarın görünüşü, manjeti, ütüsü, çəpinə xətli cibləri, hər şeyi göz oxşayırdı.

Elə sevinirdim...

Evdə şalvarı soyunur, bir də geyinir, saatlarla güzgünün qarşısında var-gəl edirdim. Öz əksimə baxmaqdan doymurdum.

Qaranlıq düşdü. Şalvarı stulun baş tərəfinə asıb, çarpayıya uzandım. Gecə bir neçə dəfə yuxudan oyanıb səhər geyəcəyim libaslarıma, ağ köynəyimə, bəyaz şalvarıma, ilgəkli, qara dərili çəkmələrimə baxdım. Öz-özümlə qürur duyur, hüdudsuz sevinc hissi keçirirdim.

Nəhayət, sentyabrın ilk səhəri açıldı. Gözəl, günəşli bir səhər.

Bilik səhəri, bilik günü!

Məhləmizdəki uşaqlara qoşulub məktəbə getdim. Yol boyu hamı şalvarımı tərifləyirdi. Qibtə dolu nəzərləri daim üzərimdə hiss edirdim.

Məktəbdə üç aydır görmədiyim sinif yoldaşlarımla görüşdük. Birlikdə gedib dərs cədvəlinə baxdıq.

İlk dərsimiz keçiriləcək mərtəbəyə qalxıb, kimya otağına keçdik və müəllimi gözləməyə başladıq.

Uşaqların bəziləri oturulu, bəziləri ayaqüstü söhbətləşir, basıb-bağlayır, hamı, hər kəs öz yay tətili macəralarından dəm vururdu.

Mən lap sonuncu partada oturmuşdum. Birdən, sinif rəhbərimiz başını otağa saldı, ağızucu salamlaşdı və dedi:

“Nəbadə, arxa partalarda oturasınız. Onlara çəkilən boya hələ qurumayıb”.

Dedi və çıxıb getdi.

Elə bil daxilimdə ildırım çaxdı. Şalvarımın arxasına baxdım.

Vay, bu nədir?

Dəhşət!

Parça, zebr dərisi kimi büsbütün ağ-yaşıl zolağa bürünmüşdü.

İlan vurmuş biçinçi kimi ayağa sıçradım. Sinif yoldaşlarımın sürəkli gülüşləri altında sinif otağından çıxdım və suyu süzülə-süzülə birbaş evə qayıtdım.

Bilik gününüz mübarək olsun!

# 10106 dəfə oxunub

Oxşar xəbərlər

İspaniyalı repçi Ginnesin Rekordlar Kitabına düşdü - Sərbəst üslublu deyişmə üzrə

İspaniyalı repçi Ginnesin Rekordlar Kitabına düşdü - Sərbəst üslublu deyişmə üzrə

14:04 12 noyabr 2026
Yeniyetmələr üçün ədəbiyyat bazarı kiçilir – Romantik romanlar üstünlük qazanır

Yeniyetmələr üçün ədəbiyyat bazarı kiçilir – Romantik romanlar üstünlük qazanır

13:04 12 noyabr 2026
Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

12:53 12 noyabr 2026
Məşhur komediyaçı azyaşlılara qarşı cinsi istismarda təqsirləndirildi

Məşhur komediyaçı azyaşlılara qarşı cinsi istismarda təqsirləndirildi

12:03 12 noyabr 2026
Azərbaycan kinosunun inkişafına 9 milyon manat ayrılacaq

Azərbaycan kinosunun inkişafına 9 milyon manat ayrılacaq

11:33 12 noyabr 2026
Pirat kitab saytına 19,5 milyon dollar cərimə –  Milyonlarla kitabın taleyi necə olacaq?

Pirat kitab saytına 19,5 milyon dollar cərimə – Milyonlarla kitabın taleyi necə olacaq?

11:12 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər