Ssenarilərim əsasında ekranlaşdırılan filmlər son bir ildə beynəlxalq festivallardan ümumilikdə 95 mükafat qazanıb. Azərbaycan mədəniyyətini, dəyərlərini dünyada tanıtmağımla qürur duyuram. Bu, təkcə mənim yox, bütövlükdə mədəniyyətimizin uğurudur. Düşünürəm ki, hər bir yaradıcı insan qismən də olsa ölkəmizin təbliği işinə töhfə verməlidir.
Bu sözləri “Şollerin arxivi” bədii filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov deyib.
Bu filmi Azərbaycan ilə Avropa arasındakı mədəni əlaqələrdə çox mühüm yeri olan bir sənət əsəri kimi dəyərləndirən rejissor deyib: “Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkdik və istəyimizə də nail oluruq. Çəkdiyim filmlər dünya film bazarında özünə layiqli yet tutdu. Dünya mediasında bu ekran əsəri barədə geniş məlumatlar yazıldı”,- deyə C.Qasımov vurğulayıb.
O, çəkdiyi filmlərin qazandığı uğurlardan da bəhs edib: “Şollerin arxivi” bədii filmi dünyada böyük marağa səbəb olub. Belə ki, bədii filmin Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox, deyərdim ki, saysız-hesabsız mükafat qazanıb, ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı ssenari”, “Ən yaxşı dram", “Yaradıcılıq axtarışlarına xüsusi diplom və qızıl priz” mükafatlarına layiq görülüb. Film son bir ildə 35 beynəlxalq festivalda uğur əldə edərək, Azərbaycan kino sahəsində ən çox mükafat qazanan ekran əsərlərindən olub.
Film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamın icrası çərçivəsində çəkilib.
Ekran əsəri Avropa mədəniyyətindən, Alman-Azərbaycan dostluğundan bəhs edir. Film Hollivudda “Global Nonviolent Film Festival”, Fransada isə “Mediterranean Film Festival Cannes” festivallarında “Ən yaxşı bədii film” adını qazanıb. İtaliyanın “Social Machinery Film Festival”, Hindistanın “Lakecity İnternational Film Festival”da qalib mükafatına layiq görülüb. ABŞ-ın “Green Mountain Christian Film Festival” və “Accolade Global Film Competition”da, Yaponiyanın “Genre Celebration Festival”ın da qalib olub. Bundan əlavə, film Belçika, Hollandiya, Meksika, Almaniya, Kanada, Fransa kimi ölkələrdə beynəlxalq festivallarda priz qazanıb.
Həmçinin bu ekran əsəri Hollivudda “Global Nonviolent Film Festival”ın jurnalına daxil edilib, Niderlandın "31mag" jurnalının saytında filmlə bağlı iki məqalə yerləşdirilib. Məqalədə qeyd edilib ki, film Niderlandın "European Cinematography Awards" festivalında "Ən yaxşı dram" kateqoriyası üzrə uğur qazanıb”.
Triller janrında çəkilmiş filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Gəncə Dövlət Dram Teatrının aktyorları Ramiz Vəliyev, Sevda Ələkbərova və başqaları rol alıblar.
Süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulmuş filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Filmdə alman ailəsinin timsalında insan dramı göstərilib, eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması diqqətə çatdırılıb. Film real hadisələrə əsaslanır.
“Şollerin arxivi” Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.
“Hər bir milləti dünyada idmanı və filmləri ilə geniş tanıyırlar. Filmlər də ölkənin mədəniyyətini, tarixini tanıtmaq üçün ən gözəl vasitədir”, -deyə rejissor bildirib.
Müəllifinə uğur gətirən ekran əsərlərindən biri də “Edam günü” bədii filmidir.
Cəlaləddin Qasımovun sözlərinə görə bu film 20 beynəlxalq festivalda uğur qazanıb. 2019-cu il istehsalı olan “Stalinin qaranlıq keçmişi” sənədli filmi isə 14 mükafata layiq görülüb. Hacı Zeynalabdin Tağıyev haqqında çəkilən “100 il şərəfli ömür” filmi 4 mükafat əldə edib.
Onun “Nobel qardaşlarının ilk uğuru” sənədli fili isə son iki ayda 22 beynəlxalq festivalda uğur qazanıb. Sənədli film dünyada böyük marağa səbəb olub.
Ən maraqlısı isə budur ki, filmləri festivalları dolaşsa o, 95 festivalın heç birində şəxsən iştirak etməyib. Bunu isə C.Qasımov belə izah edir: “Bu işləri öz imkanım daxilində etmişəm, gördüyüm işə görə heç kimdən dəstək almamışam. Hazırda bir sıra ssenarilər üzərində işləyirəm. Məqsədim Azərbaycan mədəniyyətini dünyada təbliğ etməkdir”./azertag.az/