Azərbaycanlının xeyir-şər rəzaləti

Azərbaycanlının xeyir-şər rəzaləti
29 aprel 2020
# 14:21

Karantin bizi çox şeyə öyrəşdirdi. Gündə 3 dəfə əl yumağa, sistemli su içməyə, küçədə-bayırda yemək yeməməyə, səbrli olmağa, ümid etməyə. Onu da anladıq ki, ölümüzü səssiz-küysüz də dəfn etmək olurmuş. Öyrəşdiyimiz dəfn mərasimləri olmadan əzizimizi son mənzilə yola salmaq daha rahatmış sən demə.

Dünyada əziz adamı öldü deyə çadır qurub toy süfrəsi açan nadir millətik. Bu vəziyyətə o qədər öyrəşmişik ki, karantin dövründə vəfat edən insanların səssiz-küysüz, iki -üç adamla aparılıb dəfn ediilməsini “urvatsız ölüm” adlandırırq. Bəzi ölü sahibləri əzizi qarşısında son vəzifəsini layiqincə yerinə yetirə bilmədiyi üçün dərin kədərə qərq olsa da, əslində nə qədər şanslı olduqlarını dərk etmirlər. Karantin dövründə o dünyaya köç edən insanların ailəsi niyə şanslıdır? Onlar 100-200 adamın qarnını doyuracam deyə əlində-ovucunda nə var xərcləmək məcburiyyətində qalmadılar. Ölüsünü rahat ağlaya bildilər. Ölü yiyəsi kimsə ayaq üstdə qaldı, kimsə ac getdi, kimsəsə yemək çatmadı, halvanın şirəsi, aşın yağı az oldu kimi həyəcanlara qapılıb tikan üstündə qalmadı.

Halbuki keçmişdə bu ənənə belə olmayıb. Ölü yiyəsinə dəstək məqsədiylə qohum-qonşu bişiridiyindən bir pay gətirərdi. Çünki cənazə sahibi həmin gün əzab çəkir. Dərdi var. Ölüm əlbəttə ki, gözlənilmədən baş verən bir hadisədir. Gözlənilən bir ölüm olsa belə, ölümün səbəb olduğu narahatlıq, əzab, ağrı, kədər və yorğunluq kifayət qədər əziyyət verir ölü sahibinə. Bu acı yüngülləşmədən ölü yiyəsinin boynuna süfrə açmaq, yemək bişirmək, qonaq qarşılamaq kimi məsuliyyətlər yükləmək qəddarlıqdır. Ehsan adı altında yas evində qurulan bu məclisin nə ölüyə, nə nə də onun yiyəsinə savabı var. Həttta deyərdim ki, bu ehsan şousunun əsasında kədər palaşmaq yox, sevinc paylaşmaq yatır. Yoxsa adam əzizi ölüb deyə niyə süfrə açıb qonaqlıq versin? Əgər ölü yiyəsi ölünün xeyrinə kimlərinsə qarnını doyurmaq, bununla rahatlıq tapmaq istəyirsə ətrafda o qədər ac, kimsəsiz, köməyə möhtac insanlar var. Dəfndən sonra bir ikisini tapıb əl tutsa onun savabı 100 dodağı sözlü qadınların yediyi halvanın savabından çox olar.

Bir də bizim məmləkətdə yas yerləri artıq mənəvi mahiyyətini itirib. Məsələn müşahidələrimdən gəldiyim nəticə budur ki, qadınlar yas yerlərinə xüsusi həvəslə gedirlər. Orda nə var? Orda qeybət var, orda bir-birindən zəhləsi gedən adamların bir-birinə göz dağı vermək üçün əlverişli şərait var. İllərlə bir-birini görməyən adamların görüş yerinə çevirilir yas mərasimləri. Hamı ayağını uzadıb meyitin ətrafında öz dərdindən-sərindən danışır. Ölü yiyəsi də qeybəti bol, dənçiyi söz dolu, çayı çay dalınca calayan qadınlara söz yeri olmamaq üçün ölüsünü unudub yasdan narazı getməsinlər təlaşı içində o baş, bu başa qaçır.

Görünən odur ki, bu mərəkəyə yas sahiblərinin də ehtiyacı var. Bir tanış var yasa getmişdi bəyənməmişdi yeməyi, mərasim zalını. Qeyri-ixtiyari ağzından bir söz çıxdı, həmin sözün şokunu illərdir atlada bilmirəm. Dedi, “O nə yas idi! İnşallah, dədəm öləndə görərsiniz, nətər məcilis verəcəm!”

Yas məcilisi toy arzusu kimi bir şeyə çevirilir yavaş-yavaş. “Qoy dədəm ölsün, gör nə baş daşı düzəltdirəcəm ona. Gör, oğlumun yasında nə süfrə açacam “. Düşüncəsi belə adamın beyin hüceyrələrini yandırır. İllərdir heç bir anlam verə bilmədiyim yas mərasimləri insan duyğularına qarşı törədilən ən dəhşətli terrorudur.

Yas yerindən gedib “o nə süfrə idi, o nə yemək idi. Halvanın rəngi ağ idi”, kimi yersiz söhbətlər edən adamlar tanıyıram. Siz də yəqin görmüsünüz onları. Bir də, hər yas evində ölü yiyəsinin bir dəllal qohumu olur - “Görüş” filmindəki Şıxəli kimi qazanların qırağından o yana çəkilməyən. Göstərişlər verən; 3 -də dolma bişsin, 7 -də səbzi qovurma, 40 -da aş verilsin.

Ağı deyən xalalar, molla əmilər bu yas mərasimlərinin olmazsa olmalarındadır. “Duanın, Quranın, Yasinin qiyməti olmaz” sterotipini qırıblar. 50 manatdan aşağı gəlib adamın ölüsünü ağlamırlar. Bu mollaların işi əslində gəlib ölüyə bir yasin oxuyub getməkdir. Amma müasir mollalar məcilisdə çəngəl, qaşıq səslərinin müşaiyəti ilə min il əvvəl baş verən döyüşlərdən danışırlar. Ölü yaddan çıxır. Molla qızışıb performans göstərir. Arada doluxsunur. Hərdən də əsəbiləşib “mənim mömin bacı qardaşlarım bir az sakit olaq” deyib bir qaşıq aşdan ağzına qoyub yenə davam edir.

Ölü yiyəsinin gözlərindəki parıltı... Hamıdan bir-bir razı qaldığını soruşmaq, məcilisin şux keçdiyi üçün özündən asılı olmayaraq dodağına qonan təbəssüm... Bütün bu mənzərələr sizcə də dəhşətli deyilmi?

Toy adətlərimiz də yas adətlərimiz kimi əndrəbadidi. İki gənc evlənəcək, bütün nəsil kök də xaric 300 adam xərcə düşür. Toy ailələrin biznes növünə çevirilib. “Arvad əlimiz aşağıdı, gəl balaca gədəni evləndirək”, yaxud da “Evi təmir etmək lazımdı, bəlkə uşağı kəsdirək?!”

Təsəvvür edin, adam var, 3 dəfə evlənib boşanıb 4-cü dəfə təzədən bəy kürsüsündə oturur ki, toy edib pul götürsün. Uşağın 40-ı cıxır, uşağın 1 yaşı olur, uşağın sünnəti, atamın 60 illiyi, oğlumun əsgərə getməsi, əsgərdən qayıtması... İmkanlar genişdir. Beyinlər o qədər pula köklənib ki, hər təbii hadisəni şadlığa, şadlığı da biznesə çevirmişik. Amma unuduruq ki, bu toylar artıq lotoreya oyununa dönüb. Bu gün mənədirsə, sabah mütləq ona qayıtmalıdır. Mənim toyumda qonşu gətirib 40 manat pul yazdırmışdı. Sonra elə oldu babamı qonşu iki il sonra oğlunun ikinci toyuna çağırdı. Babam da yaşlı adam, unudub dəvətnaməni. Bir həftə sonra kişi babamın qabağını kəsib ki, bəs amanatı vermirsən, qonşu? Babam çaşıb qalıb ki, nə amanat? Deyir bəs uşağın toyuna gəlmədin, nəvənin toyuna 40 manat yazdırmışdım. O amanatı ver... Əlinizin heyətdən üzünüzdə qaldığını hiss edirəm. Qınadımmı qonşunu? Yox. Çünki o adam toy etmək üçün o qədər yükün altına girmişdi ki, altından çıxmaq üçün qürurunu 40 manatın altında əzməyə məcbur qalmışdı.

Karantin bizə öyrətdi ki, yas olmadan da ölünü dəfn etmək, toy etmədən də gəlini evə gətirmək mümükündür. Yetər ki, ölünün ruhu şad, ailə quranın yuvası möhkəm olsun. Ümid edək ki, karantindən sonra ifrata bulaşmış adətlərimizdə dyişiklik olacaq.

# 7431 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
#
#
# # #