Vaqif Səmədoğlu mənə çıxışı göstərdi

Vaqif Səmədoğlu mənə çıxışı göstərdi
10 yanvar 2013
# 11:46

(essedən seçmələr)

Yazının vaxtı, anı, zamanı olmur. Zamansızdı, ansızdı. Adamı harda tutdu, necə gəldi yaxalayır: küçədə, bazarda, səhərə yaxın, gecəyarı...

Yazdınsa qalır, yazmadınsa uçub gedir. Bir də qayıda-qayıtmaya, onu bilən bilir.

Oturduğum yerdəcə Vaqif Səmədoğlu haqda nəsə yazmaq ehtiyacı hardan doldu canıma, bilmirəm. Neçə illərdi, millət vəkili olandan bəri, özündən də, sözündən də xəbərsizəm. Bəlkə də bu ehtiyac onu görmək, beş-altı kəlmə kəsmək və öz səsində şeirlərini eşitmək istəyindən yarandı. Necə, hardan, izah eləməyə çətinlik çəkirəm. Ancaq yox, deyəsən, tapdım. Bu yağış yağmasaydı və onun: “... yağışsa yağır, yağır, isladır gecəni. Öləndə isti geydirin məni...” misralarını xatırlamasaydım, bəlkə heç yadıma da düşməyəcəkdi. Bir gün də rahat, sakit yaşayacaqdım özüm üçün...

Bizdə tanınmışlar adətən, doğum günlərində, fəxri ad alanda, bir də dünyalarını dəyişəndə xatırlanırlar, kimliklərindən asılı olmayaraq. Sonu əvvəlindən bəlli yazılarda. Bu yazılarınsa, demək olar, hamısı eyni biçimdə, eyni ritmdə.. elə bil, bir əldən çıxıb, eyni düşüncədən qopub: “böyük, əvəzolunmaz, təkrarsız, bənzərsiz...” və s. epitetlərlə dolu... Ancaq sözü olan, sözünün yeri görünən bir yazı adamı ağıla gəlməyən saatda, vaxtda xatırlanırsa, zəhmət çəkib sən də onu bir kəlməylə, bir yazıyla olsa belə kimlərinsə yadına salmalısan. Fərqi yoxdu, şənbə ya bazar, təki bir gün olsun...

***

Ədəbiyyat dərslərində keçdiyim çağdaş şairləri və şeirləri bəyənmədiyim vaxtlarıydı - 80-ci illər. Bəyənmədiyim deyəndə, onları oxuya bilmirdim, ləzzət eləmirdi. Şeir haqda düz-əmməli təsəvvürüm də yoxuydu. İnternet-zad nə gəzirdi, əsl informasiya, bilgi aclığıydı. Oxumaq istədiklərimi özüm yazırdım, bacardığım qədər. Ancaq hiss eləyirdim ki, nəsə çatışmır, nəsə yerində deyil. Belə bir vaxtda V. Səmədoğlunun şeirləri çıxdı rastıma, məni möhkəm tutdu, tərpətdi. Fırlana-fırlana qaldığım boşluğa, təmiz bir hava doldu.

O çağacan oxuduqlarım gözümdən düşdü. Şeir deyilən şeyin dadını, tamını ilk kəs onda duydum, hiss elədim. Qəribə bir haldaydım. İndi bunu anlatmaq çətindi. Elə şeylər var, izaha-filana sığışmır. Anlatdıqca daha çox gizli qalır, müəmmaya bürünür, ağrıya dönür... Onun şeirləri başqaydı: rəngləri, təsvirləri, duruşuyla. Oxuduqlarıma bircə qram da bənzəmirdi. Sözlər də tamam ayrı cür görünürdü onun yazılarında. Pafosdan, ritorikadan, hay-həşirdən (bu, o vaxtlar dəb idi) uzaq söz düzümləri adamı çəkib aparırdı qəribə bir səssizliyə, sakitliyə...

Deməli, şeiri öyrəşmədiyimiz şəkildə də yazmaq olarmış. Hay-küysüz, gözə girmədən, sakitcə... Beləcə ədəbiyyat dərslərinə olan marağım büsbütün itdi. Və ədəbiyyat kitabını qatlayıb tulladım qırağa. Boz-bulanıq kitablardan, camaata sənət nümunəsi kimi sırınan palaz-palaz, qafiyəli, vəznli şüarlardan, yaxası orden, medallı, fəxri ad, kürsü üstündə boğuşan, dəbdə olan şair, yazıçılardan canım biryolluq qurtardı. V. Səmədoğlunun şeirlərinin köməyiylə. Ondan necə yazmağı yox, necə yazmamağı, bir yerdə qapanıb qalmamağı, öz suyunda qaynamamağı öyrəndim. Onun şeirləri mənim üçün O TƏRƏFLƏRƏ bir çıxış oldu... Sonda çıxışı tapdım deyəsən...

* * *

... V. Səmədoğlunun şeirlərindən bolluca misallar gətirib, onları şərh eləmək, uzun-uzadı nəsə yazmaq, ağıllı-ağıllı fikirlər söyləmək və hətta misraların alt qatında gəzişmək də olar. Ancaq məncə, əsl şeirin izahı, şərhi və yorumlanması yoxdu. Yazdıqlarının nə olduğunu, necə yarandığını, hardan gəldiyini və əsl dəyərini şairin (oxu: V. Səmədoğlunun) özündən başqa çətin kimsə bilə.

Hökm deyil, bilməyə də bilər. Bu artıq başqa mövzudu... Söz bu ki - şeir hər şeyə oxşadığı kimi, heç nəyə də bənzəmir. Niyə yazdığımızı həm izah eləyə bilirik, həm də yox. Çıxış yolu tapmayandasa az qala, təzə bir şey kəşf eləmiş kimi yazırıq, filankəsin yazıları onun özünə oxşayır, özü boydadı və s. və ilaxır. Bu, əslində, can qurtarmaqçün seçilmiş əla bir yoldu, ancaq işlənmə vaxtı ötmüş, köhnəlmiş...

Vaqif Səmədoğlunun da şeirləri (nədənsə, onun şeirləri mənə divar yazılarını xatırladır) haqda danışmaq olmur, sadəcə, onlar sözə gəlmir, mətnə yerləşmir, buna cəhd eləmək istəyəndə sürüşüb əldən çıxır. Onun şeirləri yalnız oxumaq üçündü. Pıçıltıyla, izahsız-filansız, oxuyub susmaq, susmaq... Və susmaqçün...

# 3146 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #