Düşmədiyim “Labirint” və beş-on söz...

Düşmədiyim “Labirint” və beş-on söz...
4 dekabr 2012
# 13:23

“Labirint”... Kamal Abdullanın təzə kitabının adıdı. Hələ düşməmişəm ora, oxumamışam, eşitməmişəm. Kamal bəy yəqin, oxuyanları yenə həmişəki kimi salıb əvvəli-sonu bilinməyən yollara, keçidlərə, qaranlıq tinlərə, dar dalanlara. Cızdığı çevrədən bir balaca yer də qoymayıb çıxmağa. Biçarələr qalıblar fırlana-fırlana, gedirlər, gedirlər, təzədən qayıdırlar gəldikləri yerə. Bütün əsərlərində olduğu kimi yəqin, burda da çıxışı tapmağı buraxıb onların öz öhdələrinə. Ona görə də onun bələdçiliyinə bel bağlamağa dəyməz. Bəlkə elə özü də çıxış tapmadığı üçün yazıb bu yazıları...

Bütün bunlar gümanlardı... Oxumadığım (oxumadığı yazılar haqda nəsə yazmaq hər oğulun işi deyil) kitab barədə bu qədər. İndi keçirəm oxuduqlarıma. Bir neçə ay qabaq onun haqqında yazdığım və özünə də göndərdiyim balaca esseyə və üç şeirdən birinə...

***

...Kamal Abdulla eksperimentlərdən doymur, yorulmur, onun oyunları bitmir, tükənmir, bir yerə yerləşmir, bir mətnə sığışmır. Esse şeirə, şeir hekayəyə, hekayə romana, roman romansızlığa calanır. Özünü çeşidli canlarda sınayır, sınaqdan çıxarır, imtahan edir, bərkə-boşa salır. Sözlərin başına oyun açır, sözü oynadır, sözlə oynayır...

Belə bir fikir formalaşıb ki, məsələn, tanınmış filan alimin filan əsər haqda yazdıqlarından bir addım da kənara çıxmaq olmaz. Damğa vurulub, bundan o yana yoxdu. Ancaq Kamal Abdulla qapıları rahatca, taybatay açır və o filan əsərdən çox sakit şəkildə min addım kənara çıxır, istədiyi qədər gəzişir, gəzir, dolaşır. Göstərir ki, kənara çıxmaq da, hətta o yandan o yana keçmək də, mətni ayrı cür oxumaq da, təzə ritmə salmaq da olar. Öz gəzişmələriylə indiyəcən daşlaşmış qadağanın, qanun halına salınmış boş bir fikrin əsassızlığını sübuta yetirir. Bircə anda hissdən ağıla, yuxudan gerçəyə, yoxdan vara, olmayandan olana (və ya tərsinə) keçir, uçur. Sonra gəldiyi yerə, günə, ana qayıdır. Oyunu təzədən, bu dəfə bir az ayrı cür, başqa şəkildə başlayır... Bir ideyanı şeirdə, essedə, hekayədə, dramda, romanda yoxlayır, yoxlayır, təsdiqləyir, damğalayır, yenə də bezmir, geri çəkilmir. Hələ heç kəsin bilmədiyi, kəşf olunmamış janrlarda yazmaq istəyir. Hər dəfə nəsə təzə bir şey ortaya çıxarır, əvvəli sona, sonu əvvələ bağlayır, qaynaqlayır, calayır...

Yazını, mətni, janrların hələ bir yerdə, bir canda, bütöv, tam olduğu yerə - ilkinliyinə qaytarmağa, qovuşdurmağa can atır...

Bacaracaqmı? Bunu özü cavablandıracaq...

***

Sənəcən yazılanlara bir kəlmə

əlavə eləməklə,

çatmayana bircə sözü

Qaldırıb yerinə qoymaqla

dəyişdin köhnənin şəklini, anlamını...

Ayrı cür açıldı səhər,

Axşam başqa şəkildə düşdü.

Dərd də təzələndi, sevinc də.

Günlərin ritmi, sırası, düzümü dəyişdi,

ləğv oldu köhnə yazılar,

əski kitablar...

Öyrəşmədiyimiz anlam verdin

öyrəşdiyimiz mətnə...

Özünü də qaldırdın bircə sözlə

qatdın cərgəyə.

İndi dəyişmək sırası səndə...

Bu gün yazıçı Kamal Abdullanın doğum günüdür

Kamal Abdulla bundan 62 il əvvəl Bakıda anadan olub.

O, ömrünün əhəmiyyətli bir hissəsini elmlə məşğul olub.

1973-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirən Kamal Abdulla 1977-ci ildə Moskvada "Sintaktik paralelizm" ("Kitabi-Dədə Qorqud" dastanının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə edib.

Elmlər namizədi olduqdan sonra Kamal Abdulla Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutunun türk dillərinin müqayisəli tədqiqi şöbəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb

1984-cü ildə Bakıda "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" adlı doktorluq dissertasiyası müdafiə edib.

Kamal Abdulla Azərbaycan Televiziyasında 1983-cü ildən başlayaraq "Azərbaycan dili", "Qoşma", "Dəfinə" kimi aylıq ədəbi-bədii, elmi-publisistik verilişlərin müəllifi və aparıcısı olub.

2000-ci ildən Bakı Slavyan Universitetinin rektorudur.

2007-ci il aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Kamal Abdulla 90-cı illərin sonlarından ədəbi yaradıcılıqla məşğul olmağa başlamışdır.

O bütün bədii janrlarda öz qələmini sınayan nadir qələm adamlarımızdandır.

Dramaturgiyadan, poeziyaya, hekayəçilikdən romançılığa, esseistikaya qədər bütün janrlarda əsərlər yaradan Kamal Abdullanın bədii əsərləri ilə geniş oxucu kütləsi toplamışdır.

Onun bu illər ərzində ədəbiyyatşünaslıq və tənqid sahəsində “Müəllif – əsər – oxucu”, “Əvvəl – axır yazılanlar”, “Yolun əvvəli və axırı”, “300 azərbaycanlı” əsərləri, qorqudşünaslıq elminə aid isə “Gizli Dədə Qorqud”, “Sirr içində dastan və yaxud Gizli Dədə Qorqud – 2”, “Mifdən Yazıya – Gizli Dədə Qorqud” adlı kitablar yazıb nəşr etdirmişdir.

“Gizli Dede Korkut” kitabı Bursada və İstanbulda, ayrı-ayrılıqda türk dilinə tərcümə edilib çap olunmuşdur.

Kamal Abdulla “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox...” romanlarının, şeirlər və hekayələr toplularının müəllifidir. Onun dram əsərlərindən ibarət Azərbaycan, rus, türk dillərində bir neçə kitabı nəşr olunmuşdur.

“Yarımçıq əlyazma” romanı Bakıda 2004-cü ildə çap edilib. Bundan sonra “Le Manuscrıt inachevé” adı ilə Fransada, “Eksik El Yazması” adı ilə Türkiyədə, Rusiyada “Неполная рукопись” adı ilə, Braziliyada “O Manuscrito İnacabado” adı ilə, Polşada “Zagadkowy Rykopis” adı ilə çap edilib.

Əsərləri rus, gürcü, ingilis, fransız, alman, ispan, polyak, portuqal və başqa dillərə tərcümə olunub, pyesləri Azərbaycan, Gürcüstan, Estoniya, Türkiyə teatrlarında səhnəyə qoyulub.

Kulis.az yazıçı Kamal Abdullanı doğum günü münasibəti ilə təbrik edir, ona can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayır.

# 2545 dəfə oxunub

Müəllifin son yazıları

# # #