Yoxa çıxmış şair Kulisdə TƏPTƏZƏ ŞEİRLƏRLƏ

Yoxa çıxmış şair Kulisdə TƏPTƏZƏ ŞEİRLƏRLƏ
17 noyabr 2012
# 14:05

Bir şair vardı. Gözəl şeirlər yazırdı. "Sənə sevişməyi mən öyrətmişəm; Bu dar çarpayıda, o ağın üstdə" misraları ilə çox məşhurlaşmışdı. "Azadlıq" qəzetində yazırdı, sonra "Ulduz"da redaktor oldu. Amma bir gün hər şeyi atıb getdi...

Uzun müddətdir ki, rayonlardan birində yaşayırdı. Kulis.az onu tapıb müsahibə almağa qərar verdi. Ancaq tapmaq asan olmadı. Yevlaxda yaşadığını eşitmişdik. Yevlaxı qatdıq bir-birinə. Axırda onu Yevlaxın Qaraçılar məhəlləsindəki daxmasında tapdıq. Mahir Mehdi ilə Müsahibəni önümüzdəki günlərdə oxuya biləcəksiniz. İndi isə Mahir Mehdinin yeni şeirlərini təqdim edirik.

Aqşinin cib dəftəri


Varağın küncündə edilən
Cızmaqaralar, qeydlər,
Yazıya bir girişdi
Hisslərin hərf –hərf
Söz-söz doğulmasıdı.
Baş məşqdi, hazırlıqdı
Sınaqdı, harasa keçiddi...

Ancaq bəzən yazı yazılmır,
unudulur qalır varağın küncündəcə
cızma-qara şəklində...
heç kəsin də xəbəri olmur,
ağlına gəlmir
şairin illərcə yazmaq
istədiyi buymuş demə...
Ən dahiyanə şeir imiş, bu qeydlər elə...
...özü bilmədən hiss eləmədən yazıbmış .

“V”-dən ”Y”-yəcən

Varsan... Oxuduğum yazılarda,
üzümü yuduğum suda,
bir az burda, bir az qıraqda,
azcana özündə, azcana da məndə,
söykəndiyim divarda,
durduğum tində...
Yeri görünən, xatırlanan, yaddan çıxmayan
bir düşmənsən həmişə.
Adamları təkcə sevgi deyil,
birləşdirir nifrət də, qəzəb də.

Nifrət elədiyin andan, dəqiqədən
Bağlanırsan kiməsə.
Bu birlik, bağlantı bəzən
Uzun sürür sevgidən də,
davam eləyir illərcə...
Doğmasan, o qədər də yadsan elə,
Yadlığın daha doğmadı,
doğmaların doğmalığından da.
Çoxsan... Yoxluğunda çox...
... O qədər yoxsan ki,
Yoxluğunun anlamı, bənzəri yox...

Fotolar

Yorulur, qocalır kirli albomlarda,
əldən düşür, saralır
kiril əlifbasıyla çap olunmuş
kitabların arasında...
... Qabaqca fotoçunun,
sonra doğmaların, sonra da fotoların
yaddaşından silinir izlər,adamlar,üzlər.
Atılır, cırılır, yandırılır,
Köhnə fotolardakı əski qiyafəli,
sifətı qırışmış əmilər, xalalar,
verilməyən suallar...
Bir düymənin basılması
dəyişir hər şeyi,
bəzən cavan düşür,
bəzən yaşlı görünür adam.
Elə olur, heç özünə oxşamır da...
Bircə düymə saxlayır,
Dondurur, durdurur vaxtı,
adam yapışıb qalır bir anda,
ən sevimli gecədə,
bir də olmayacaq gündə.
Fotolar görə bilmədiklərimizi
Yığır bir yerə,
gizləyir özündə-
o biri üzündə.

Bu şəhərdə

Hər şey bir boyda,
eyni rəngdə,bir soyda.
Ağacları adamlarından,
kişiləri qadınlarından,
işıqları seçilmir qaranlığından.
Sürgün yeridi,
Sürülmək yeridi,
Sürünmək yeridi bura...
Çıxmağa yoxdu çıxışı da,
yağış kimi yağmır yağışı da.
Özü də darıxır, sıxılır,
yerləşmir tinlərinə, dalanlarına,
küçələrinə olanlarına.

... Gecənin nə çəkdiyini işıq dirəkləri,
Növbədəki polislər, pəncərə qabağında
yol gözləyən təzə gəlinlər bilirlər bir də.
Bir- birlərini anlamırlar
Danışsalar da eyni dildə.

Elə bil zorla, döyə- döyə,
Ayrı-ayrı ölkələrdən gətirib
Yığıblar bu adamları bir yerə.
Burda dünən də, sabah da
bu gündü elə...

# 2047 dəfə oxunub

Müəllifin son yazıları

# # #