Kulis.az Loğmanın “Dan yeri kimi...” essesini təqdim edir.
Onu baxışlarımla yazdım suların üzünə – qoy su dilini bilənlər oxusunlar.
Qoy sular onu ağaclara pıçıldasın – nağıl kimi, sirr kimi.
Qoy budaqlar da küləklərə açsın bu sirri – tumurcuq dilində, puçur dilində.
Heç kim bilməz, küləklər onu haralara səpəcək...
Heç kim bilməz, yarpaqlar qopduğu budaqlardan nə aparar.
Axşamlar kimin ahı, səhərlər – kimin təbəssümüdür.
Aylı gecələr kimin yarasına sarıqdır.
Kim bilir, bir azmış quzunun mələrtisinə neçə elatın dərdi sığar.
Kim bilir, bir körpənin göz yaşı neçə karvanın yüküdür...
Kim bilir...
Yüz ildən sonra bircə dəfə çiçəkləyib quruyan ağac kimiyəm.
Yüz il sevəsən ki, yüz il yaşayasan. Yüz il sevəndə ölümdən də çiçək ətri gəlir. Çünki yüz il sevib ölmək ilk – son dəfə çiçəkləməkdi.
Ömür bir sevgi məktubu yazmaqdır – kimi, nəyi, nədən sevdiyindən xəbərsiz-xəbərsiz, utana-utana, günahkarcasına.
Ömür bir sevgi məktubu göndərməkdir – adsız, ünvansız.
Ömür bir sevgi məktubu almaqdır – ağappaq, yazısız, imzasız...
O sevgi məktubu bütün ürəklərin qapılarını döyəcək – kimsə onu bağrına basıncaya qədər.
O sevgi məktubu kəpənək qanadlarının zəri ilə dünyanın ağ üzünə yazılmış şeirdir.
Bir gün kəpənəklər hamıdan xəbərsiz o sevgi məktubunun üzünü köçürəcəklər çiçəklərin ləçəklərinə – söz-söz, sətir-sətir...
Bir gün arılar o sevgidən bal çəkəcəklər, bayılacaqlar, bənzərsiz sevgi şirəsi daşıyacaqlar pətəklərə – ürəklərə.
Yaşamaq – meşələrin sevgidən üzünü ay işığı ilə yumasına inanmaqdır...
Sevmək – uşaq kimi aldanmaq deyil, uşaq kimi inanmaqdır, su üstündə yeriməkdir.
Uşaq kimi ürəkdən ağlamaqdır, ağa çıxmaqdır, işığa kiriməkdir.
Röyada uçmaq kimi görünəndən ötə bir gerçəklikdir...
Axşam toranında uzaq bir yolçu gözləyən doqqaz kimiyəm.
Yüz ildir taybatay açığam o qəribliyə...
Quşların sübh nəğmələrinə bələyib dəfn edin yovşan ətirli xatirələri – qundaq kimi.
Ya da sinəmə basın – damğa kimi, dağ kimi.
Bir sübh nəsimi ilə yüz ildən sonra kimisə oyadacaq – yüz ildən sonra ətir saçırmış kimi.
Üzünü-gözünü güldürəcək – bir körpə uşaq üstünə qaçırmış kimi...
Yüz ildir yarpaq oldum, çiçək oldum, daş oldum...
Kəpənək qanadlı quş oldum.
İrmaqlara qoşuldum, sulara yoldaş oldum.
Axıb-axıb duruldum.
Yüz ilin təkliyindən yoruldum.
Yüz ilin təkliyinə yovuşdum.
Ağacda meşəyə, çiçəkdə bahara, damlada dənizə, bir göz yumunda əbədiyyətə qovuşdum.
Bircə bu yiyəsiz sevginin, qərib sevdanın əlindən adam kimi yaşamağa həsrətəm. Nə gümana sığına, nə umuda kiriyə bilirəm.
Yağışlı axşamlar, zülmət gecələr çağırır məni.
Mənsə dan yeriyəm.
Sökülürəm...
Sökülürəm...